08/09/2026
🔹Təhsil müəssisələrində bədən tərbiyəsi və idman necə tənzimlənir?
Bədən tərbiyəsi və idman haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
➡️Maddə 17. Təhsil müəssisələrində bədən tərbiyəsi və idman
17.1. Məktəbəqədər yaşlı uşaqların, şagirdlərin və tələbələrin sağlamlığını qorumaq və möhkəmləndirmək, onlarda fiziki kamilliyə və sağlam həyat tərzinə tələbatı formalaşdırmaq təhsil müəssisələrinin əsas vəzifələrindəndir.
17.2. Təhsil müəssisələri bədən tərbiyəsi ilə məşğul olma formalarını, bədən tərbiyəsi vasitələrini, idman və hərəkət fəallığı növlərini dövlət təhsil standartları və fiziki hazırlıq normativləri əsasında yerli şəraiti və təhsil alanların maraqlarını nəzərə almaqla müəyyən edirlər.
17.3. Təhsil müəssisələrində bədən tərbiyəsi dərsləri müasir tələblərə müvafiq surətdə, təhsil alan uşaq və gənclərin maraqları, yaşı və sağlamlıq səviyyələri nəzərə alınmaqla təşkil edilməlidir.
17.4. Təhsil müəssisələrində bədən tərbiyəsi dərslərinin metodoloji və maddi-texniki bazası müntəzəm olaraq inkişaf etdirilməli, təkmilləşdirilməli və möhkəmləndirilməlidir.
17.5. Təhsil müəssisələrində bədən tərbiyəsi və təhsilin təşkili aşağıdakıları əhatə edir:
17.5.1. əsas təhsil proqramları çərçivəsində dövlət təhsil standartları ilə müəyyən edilmiş həcmdə bədən tərbiyəsi üzrə məcburi dərslərin, həmçinin əlavə təhsil proqramları çərçivəsində əlavə (fakültativ) bədən tərbiyəsi və idman məşğələlərinin keçirilməsini;
17.5.2. təhsil alanlarla kompleks bədən tərbiyəsi-sağlamlıq və idman tədbirlərinin keçirilməsi üçün müvafiq şəraitin yaradılmasını, o cümlədən idman avadanlığı və alətləri ilə təchiz edilməsini;
17.5.3. fərdi xüsusiyyətləri və sağlamlığı nəzərə alınmaqla, təhsil alan şəxslərdə bədən tərbiyəsi vərdişlərinin formalaşdırılması, onların bədən tərbiyəsi və idmanla məşğul olmağa cəlb edilməsi üçün tədbirlərin həyata keçirilməsini;
17.5.4. sağlamlığında pozuntusu olan təhsil alanların bədən tərbiyəsini;[23]
17.5.5. gündəlik rejimdə bədən tərbiyəsi-sağlamlıq tədbirlərinin həyata keçirilməsini;
17.5.6. uşaqlarla məktəbdənkənar bədən tərbiyəsi və idman işinin aparılmasını, o cümlədən uşaq və gənclərin asudə vaxtlarında və tətil zamanı fəal bədən tərbiyəsi və idman məşğələlərinə cəlb edilməsini;
17.5.7. bədən tərbiyəsinin təşkilinə tibbi nəzarətin həyata keçirilməsini;
17.5.8. valideynlərdə uşaqların sağlamlığına və bədən tərbiyəsinə məsuliyyətli münasibətin formalaşdırılmasını;
17.5.9. şagirdlərin və tələbələrin fiziki hazırlığı və fiziki inkişafının illik monitorinqinin keçirilməsini.
17.6. Məktəbəqədər yaşlı uşaqların bədən tərbiyəsi məktəbəqədər təhsil proqramına həftədə on saatdan az olmamaqla əyləncəli oyun xarakterli bədən tərbiyəsi dərslərinin salınması və aparılması ilə həyata keçirilir.
17.7. Sağlamlığında və ya fiziki inkişafında pozuntusu olan (xüsusi tibbi qruplara aid edilmiş) təhsil alan şəxslərlə ümumtəhsil, xüsusi təmayüllü, eləcə də digər təhsil müəssisələrində məsləhət görülmüş fərdi reabilitasiya proqramı çərçivəsində məcburi məşğələlər keçirilir.
17.8. Müvafiq icra hakimiyyəti orqanı bədən tərbiyəsi dərslərinin və idman məşğələlərinin yüksək səviyyədə keçirilməsini, tədris planlarına və təhsil standartlarına uyğun olaraq çağırışaqədər yaşlı gənclərin və çağırışçıların hərbi xidmətə zəruri fiziki hazırlığını təmin edir, təhsil alanların üzməyi öyrənməsi, müəyyən edilmiş idman normativlərini yerinə yetirə bilməsi üçün şərait yaradır.
17.9. Dərsdənkənar bədən tərbiyəsi və idman işlərini planlı surətdə daimi həyata keçirmək, idman növləri üzrə bölmələrin fəaliyyətini təşkil etmək, perspektivli gənc idmançıların hazırlanmasına kömək göstərmək, şagird və tələbələrin bədən tərbiyəsi tədbirlərində və idman yarışlarında fəal iştirakını təmin etmək məqsədi ilə ümumi təhsil, peşə, orta ixtisas və ali təhsil müəssisələrinin (o cümlədən özəl təhsil müəssisələrinin) strukturunda idman klubları yaradılır.
17.10. Təhsil müəssisələri şagird və tələbələrin hərbi-fiziki hazırlığını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), gənclər təşkilatları, könüllü hərbi vətənpərvərlik və texniki-idman cəmiyyətləri və digər təşkilatlarla birlikdə həyata keçirirlər.[24]