15/07/2026
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda çıxışı edib. Çıxışı zamanı ölkə başçısı bir sıra məqamlara toxunub:
Forum artıq beynəlxalq xarakter daşıyır, iştirakçıların sayı ildən-ilə artır. Forumda 53 ölkədən 160 qonaq, o cümlədən 30 xəbər agentliyinin nümayəndələri, 60-dan artıq media qurumu, bu sahədə fəaliyyət göstərən 10 beynəlxalq təşkilat və təsisat iştirak edir. Son dörd il ərzində Forum 81 ölkənin 600-ə yaxın media nümayəndəsini bir araya gətirmişdir.
Azərbaycanda, Qarabağda, Şuşada bu cür mötəbər auditoriyanı qəbul etmək böyük şərəfdir.
Forumun ideyası maraq doğuran məsələləri, qarşılıqlı surətdə narahatlıq doğuran sualları müzakirə etmək, həmçinin Qarabağ və Şuşa ilə tanış olmaq məqsədilə dünyanın müxtəlif guşələrindən media nümayəndələri üçün mühit yaratmaqdan ibarətdir. Əminəm ki, vaxt keçdikcə dövri olaraq buraya gələn qonaqlarımızın bir çoxu Qarabağın inkişafını, yenidənqurmanı görürlər. Onlar ilk dəfə gəldikləri zaman, bəlkə də yalnız dağıntıları gördülər, lakin indi şəhərləri görürlər.
Bütün meyarlar Azərbaycanın əhəmiyyətini birmənalı şəkildə artırır. Bəli, hazırda Orta Şərqdəki vəziyyət bu dəhlizi daha cəlbedici edir və əgər siz mübarizənin qaynar dövründə təkcə uçuşların xəritəsinə nəzər salsanız, görərsiniz ki, Azərbaycandan çox dar dəhliz keçir. Eyni vəziyyəti Xəzər dənizi ilə və quru ərazi ilə daşımalara da aid etmək olar. Bir sözlə, bütün həmin meyarlar Azərbaycanın əhəmiyyətini birmənalı şəkildə artırır. Xoşbəxtlikdən, biz yüklərin artan həcminin daşınmasını təmin etməyə hazır idik. Hazırda biz öz imkanlarımızı artırırıq.
Türkiyə və Azərbaycan kimi iki ölkəyə veriləcək mesaj yalnız dostluq və qardaşlıqdır. Düşünürəm və əminəm ki, Türkiyə və Azərbaycanda da insanlar sizinlə həmfikirdir. Onlar dünyanın bütün ölkələrini götürsək belə, ən yaxın ölkələrdir. Əgər siz əməkdaşlıq, siyasi, iqtisadi, enerji, bağlantılar, insanlar arasında təmaslar səviyyəsinə baxsanız, bəlkə də dünyada bir-birinə yaxın olan, bir-birinə bu qədər dəstək verən və dost olan Türkiyə və Azərbaycandan başqa digər iki dövlət tapmazsınız. Bu, xalqlarımız, ölkələrimiz üçün böyük zənginlikdir. Biz bir yerdə olanda daha güclüyük. Bu, təhlükəsizliyin mühüm meyarıdır, çünki burada - Şuşada, beş il əvvəl Türkiyə Prezidenti ilə mən Şuşa Bəyannaməsini imzaladıq və beləliklə, münasibətlərimiz müttəfiqlik səviyyəsinə qalxdı.
Biz təkcə qardaş və dost deyilik, biz müttəfiqik. Əgər bizlərdən kiməsə xoşagəlməz və ya p*s hadisə üz verərsə, digəri bütün potensialı, o cümlədən hərbi gücü ilə qardaşımızın müdafiəsinə qalxacaq. Həqiqətən real haldır və biz görürük etnik köklər, ortaq mədəniyyət və ümumi tarix ölkələrimiz üçün siyasi baxımdan bu qədər yaxın olmağa bir platforma yaradır. Əminəm ki, bilirsiniz, çox sayda hallar var ki, oxşar, kifayət qədər oxşar köklər və eyni dil, necə deyim, söz ehtiyatı elə bir platforma yaratmır. Əksinə, demək olar ki, eyni dildə danışan insanlar bəzən bir-biri ilə vuruşurlar. Eyni regionda olan insanlar bir-birini məhv edirlər. Beləliklə, Türkiyə və Azərbaycan nümunəsi qonşular tərəfindən baxılmalı və tətbiq edilməli nümunədir. Qonşular dəqiqliklə Türkiyə və Azərbaycan kimi davranmalıdırlar.
Bu ilin bir neçə ayı ərzində Brüsseldən bir sıra mühüm səfər oldu. Yeni Komissiya ilə münasibətlərimiz yaxşılaşmağa başladı. Bu, xüsusən də əlaqələrin yenidən baxılması üçün qarşılıqlı böyük marağı gördüyümüzdən sonra baş verdi və biz bunları dəstəklədik. Sizə sadəcə deyə bilərəm ki, bu ilin bir neçə ayı ərzində Brüsseldən bir sıra mühüm səfər oldu. Martda Avropa İttifaqı Şurasının Prezidenti cənab Koşta, mayda Avropa diplomatiyasının rəhbəri xanım Kallas və iyulda Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen Azərbaycana gəldilər.
Ermənistanın işğalçı qüvvələrindən 100 faiz azad edilənə qədər Azərbaycan AŞPA-da heç vaxt sanksiya altında olmamışdır. Bir sözlə, yaranmış vəziyyət mənim üçün xoşagələn deyil, lakin onun baş verməsinin səbəbi sualınıza cavab vermək üçün çox vacibdir. Dalandan çıxmaq üçün nə edilməlidir? 2023-cü ilin sentyabrında ərazimiz separatçı və Ermənistanın işğalçı qüvvələrindən 100 faiz azad edilənə qədər Azərbaycan AŞPA-da heç vaxt sanksiya altında olmamışdır. 2023-cü ilin sentyabrında özünümüdafiə üçün legitim hüququmuzdan istifadə edərək, ərazimizi separatçıların qalıqlarından təmizlədik.
AŞPA-nın Azərbaycana bir növ qərəzi var. Beş il ərzində onlar Azərbaycanı hədəfləyən 13 qətnamə qəbul ediblər və onlardan heç biri bizim üçün vacib deyil, onlardan heç biri burada hər hansı məsələyə təsir etmir. Beləliklə, əlbəttə, həmin təsisatlarla toqquşma deyil, normal münasibətlərin olması daha yaxşıdır. Amma bir daha deyirəm ki, bu, bizim seçimimiz olmayıb. Biz Avropa Şurasına 2001-ci ildə könüllü şəkildə qoşulmuşuq.
907-ci düzəliş 1992-ci ildə ABŞ Konqresinin Azərbaycana münasibətdə çox ədalətsiz addımı idi. O vaxt, Sovet İttifaqının süqutundan sonra yeni yaranan ölkələrə maliyyə yardımı formasında dəstəyin verilməsi üçün ABŞ Konqresi Azadlığa Dəstək Aktını qəbul etdi və 907-ci düzəliş ermənipərəst senatorlar tərəfindən irəli sürülmüşdür. Yeri gəlmişkən, Prezident Bayden onlardan biri idi. Həmin vaxt o, senator idi və ola bilsin, bu göstərir ki, nəyə görə bizim Bayden administrasiyası ilə bu qədər çox çətinliklərimiz oldu.
Buna səbəb təsvir edildiyi kimi, Azərbaycanın Ermənistana qarşı blokadası idi. İlk olaraq bu, düz deyil. Biz Ermənistanı blokadaya almamışıq. Ermənistan ərazimizi işğal edib və işğal olunmuş ərazilər məhz Ermənistan ilə Azərbaycan arasında yerləşir. Beləliklə, işğal olmasaydı, blokada, həmçinin olmazdı. Bunu həmin vaxt görmək bizim üçün, əlbəttə, ağrılı idi, çünki ölkə çox yoxsul idi.
Biz yeganə keçmiş sovet respublikası idik ki, ABŞ Konqresinin ayrı-seçkiliyinə məruz qaldıq. Bu gün həmin düzəliş tamamilə köhnəlib. Birincisi, Azərbaycan ilə Ermənistan arasında Prezident Trampın iştirakı ilə Ağ Evdə sülh sazişi paraflandı. İkincisi, Azərbaycan birtərəfli olaraq Ermənistana bütün tranzit məhdudiyyətlərini aradan qaldırdı və hazırda biz bunu etməklə 40 min tondan artıq müxtəlif yüklər Rusiya, Qazaxıstan və digər yerlərdən Ermənistana daşındı. Bundan əlavə, Azərbaycan özü Ermənistana neft məhsullarını təchiz etməyə başlayıb və bildiyimə görə artıq 10 min tondan çoxdur. Bu, xüsusən də indi - bir çox ölkələrin yanacağa çıxışdan əziyyət çəkdiyi dövrdə baş verir və Ermənistan Azərbaycanı etibarlı mənbə kimi görür. Əgər belə olmasaydı, ola bilsin, bu gün onlar bütün dünyada benzin və dizel yanacağı axtarmalı olacaqdılar.
Bir sözlə, bütün bunlar göstərir ki, həmin düzəliş tamamilə köhnəlib və tam ləğv edilməlidir. Prezident Trampın qəti mövqeyinə baxmayaraq, əfsuslar ki, vəziyyət olduğu kimi qalır. Yeri gəlmişkən, ötən ilin avqustunda Vaşinqtona səfərim zamanı Ağ Evdə Prezident Tramp mənim iştirakımla həmin düzəlişin qüvvəsinin növbəti bir il üçün dayandırılması ilə bağlı sənədi imzaladı və o, hazırda işləmir, lakin onun rəmzi mənası, siyasi mənası hələ də qalır.
Bu ildən etibarən Almaniya və Avstriyaya qaz ixracına başlamışıq. Bu, qlobal, xüsusilə də Avropa qaz bazarında mövqeyimizi genişləndirməyə yönəlmiş ümumi strategiyamızın tərkib hissəsidir. Avropa bazarı yüksək qiymətlərin formalaşdığı, bizim üçün premium hesab edilən bazardır. Buna görə də ixrac imkanlarımızı daha da genişləndirməkdə olduqca maraqlıyıq. Bəli, hazırda biz boru kəmərləri vasitəsilə 16 ölkəyə qaz tədarük edirik və boru kəməri ilə qaz ixracının coğrafi əhatəsinə görə dünyada birinci yerdəyik.
Əlbəttə, biz istərdik ki, cənubumuzda da, şimalımızda da mümkün qədər tez sülh bərqərar olsun. Lakin bu sülh ədalətli olmalı, beynəlxalq hüquqa əsaslanmalı, hər hansı bir tərəfin ambisiyaları və ya gündəliyi üzərində qurulmamalıdır. Beynəlxalq hüquq istənilən sülh üçün universal platformadır. Ermənistanla müharibəmizə nəzər salsaq, biz hər zaman beynəlxalq hüququn tərəfində olmuşuq. Biz özümüzü müdafiə edirdik.1990-cı illərin əvvəllərində torpaqlarımız işğal olundu və bundan sonra biz münaqişəni sülh yolu ilə həll etməyə çalışdıq. Lakin bu, mümkün olmadı.
Biz suverenliyimizi bərpa etmək üçün gücdən istifadə etdik. Biz buna nail olduq və daha irəli getmədik. Biz dayandıq və bu, çox vacib idi. Düşünürəm ki, silahlı qarşıdurmanın ən qızğın mərhələsi başa çatdıqdan sonra ən vacib məqamlardan biri məhz vaxtında dayanmağı bacarmaqdır. Bu, asan deyil və biz bunu yaxşı anlayırıq. Biz 30 il qəlbimizdə bu yara ilə yaşamışıq. Lakin dayanmalı olduğumuz anda dayandıq.
Biz müharibəni sonsuz etməmək üçün dayandıq. Başqa seçimlərimiz də ola bilərdi. Lakin məsuliyyət və müdriklik tələb edirdi ki, biz dayanaq. Çünki dayanmasaydıq, Ermənistanla müharibə davam edəcəkdi. Bəlkə də, aşağı intensivliklə davam edən bir müharibəyə çevriləcəkdi. Müəyyən vaxtdan sonra yenidən alovlanacaq, sonra yenidən səngiyəcəkdi və insanlar həlak olacaqdılar. Ona görə də Yaxın Şərqdə də silahlı qarşıdurmanın ən qızğın mərhələsi başa çatdıqdan sonra Körfəz Əməkdaşlıq Şurasına üzv dövlətlər və İran dayanmalıdırlar.
Bu gün də Fransada mövcud olmayan qondarma “Dağlıq Qarabağ”ın qondarma səfirliyi fəaliyyət göstərir. Fransa ilə münasibətlərimizə gəlincə, bəli, Fransanın ölkəmizin suverenliyinə münasibəti və qondarma “Dağlıq Qarabağ respublikası”nın tanınması ilə bağlı Fransada qəbul edilmiş qərarlar münasibətlərimizə müəyyən dərəcədə mənfi təsir göstərib. Hətta bu gün də Fransada mövcud olmayan qondarma “Dağlıq Qarabağ”ın qondarma səfirliyi fəaliyyət göstərir. Lakin bunlar nisbətən kiçik məsələlərdir. Söhbət Fransa ilə münasibətlərimizdən getmir. Söhbət beynəlxalq davranışın fundamental prinsiplərindən gedir.
Minsk qrupu ədalət prinsiplərindən uzaq idi və tərəfsiz deyildi. ABŞ, Fransa və Rusiyanın rəhbərlik etdiyi bu Minsk qrupu yalnız Qarabağı, yəni təkcə Qarabağı deyil, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati sərhədlərini deyil, həm də Laçın və Kəlbəcər rayonlarının bütün ərazisini əlimizdən alıb Ermənistana vermək istəyirdi ki, biz buna razı olaq.