17/08/2026
11 avqust 2026-cı ildə Naxçıvanda verilən müsahibə: gələcəyə hesablanmış strateji inkişaf
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 avqust 2026-cı ildə Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına verdiyi müsahibə Naxçıvanın gələcək inkişaf istiqamətlərinin və regionun strateji əhəmiyyətinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Müsahibədə Naxçıvanın təhlükəsizliyi, enerji təminatı, sənaye potensialı, nəqliyyat infrastrukturu, kənd təsərrüfatı, turizm və sosial inkişaf məsələləri geniş şəkildə diqqət mərkəzində olub.
Cənab Prezident İlham Əliyev qeyd edib ki, Naxçıvanın müdafiə potensialının gücləndirilməsi daim prioritet məsələlərdən biri olub. Əlahiddə Ordunun yaradılması, müasir hərbi texnika ilə təchizat və yeni komando qüvvələrinin formalaşdırılması muxtar respublikanın təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirilən mühüm tədbirlər kimi qiymətləndirilib.
Müsahibədə Naxçıvanın enerji təhlükəsizliyi və gələcəkdə enerji ixrac edən bölgəyə çevrilməsi məsələsinə xüsusi diqqət ayrılıb. Naxçıvan Sənaye Parkının yaradılması ilə yanaşı, 300 meqavat gücündə istilik elektrik stansiyasının tikintisinə başlanılması, 50 meqavatlıq Günəş elektrik stansiyalarının inşası və gələcəkdə yüzlərlə meqavat gücündə günəş enerjisi layihələrinin həyata keçirilməsi nəzərdə tutulur. Bu addımlar Naxçıvanın enerji potensialının daha səmərəli istifadəsinə və iqtisadi imkanlarının genişlənməsinə xidmət edəcək.
Müsahibənin mühüm istiqamətlərindən biri də Zəngəzur dəhlizi ilə bağlı məsələlər olub. Cənab Prezident İlham Əliyev Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək nəqliyyat bağlantısının regional iqtisadi əlaqələrin genişlənməsi baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb. Eyni zamanda, dəhlizin yalnız nəqliyyat deyil, enerji və digər kommunikasiya layihələri baxımından da geniş imkanlar yaradacağı diqqətə çatdırılıb.
Cənab Prezident Naxçıvanın sosial-iqtisadi inkişafı üçün həyata keçiriləcək layihələrdən də danışıb. Müasir sənaye komplekslərinin yaradılması, yeni iş yerlərinin açılması, yol və nəqliyyat infrastrukturunun yenilənməsi, kənd yollarının çəkilməsi və təmiri, suvarma sistemlərinin genişləndirilməsi, sosial obyektlərin tikintisi və təmiri qarşıdakı əsas hədəflər sırasında göstərilib. Naxçıvan şəhərinin Baş planının hazırlanması və müasir şəhər infrastrukturunun formalaşdırılması da bu strategiyanın mühüm hissəsidir.
Müsahibədə Naxçıvanın zəngin tarixi-mədəni irsinin qorunması məsələsi də xüsusi yer tutub. Möminə xatun məqbərəsinin bərpası, tarixi abidələrin konservasiyası və Əcəmi Naxçıvaninin xatirəsinin əbədiləşdirilməsi milli-mədəni irsə göstərilən diqqətin nümunəsi kimi qeyd olunub. Cənab Prezident vurğulayıb ki, sosial-iqtisadi inkişafla yanaşı, milli kimlik, tarix, mədəniyyət, dil və ədəbiyyat da dövlət siyasətinin əsas dəyərlərindəndir.
Naxçıvanın Qarabağ və Şərqi Zəngəzurla vahid inkişaf konsepsiyası çərçivəsində inkişaf etdirilməsi də müsahibənin əsas mesajlarından biri olub. Yaşıl enerji zonalarının yaradılması, müasir idarəetmə mexanizmlərinin tətbiqi və regionların iqtisadi potensialının əlaqələndirilməsi Azərbaycanın qarşıdakı dövr üçün müəyyən etdiyi strateji inkişaf modelinin tərkib hissəsidir.
Beləliklə, cənab Prezident İlham Əliyevin Naxçıvanda Azərbaycan Televiziyasına verdiyi müsahibə göstərir ki, Naxçıvanın inkişafı ayrı-ayrı layihələrlə məhdudlaşmır, uzunmüddətli və kompleks strategiyaya əsaslanır. Təhlükəsizlikdən enerji müstəqilliyinə, nəqliyyatdan sənayeyə, kənd təsərrüfatından turizmə qədər bütün sahələr üzrə həyata keçirilən və planlaşdırılan tədbirlər Naxçıvanın Azərbaycanın iqtisadi və geostrateji imkanlarında daha mühüm rol oynamasına şərait yaradacaq.