14/06/2026
Vətəndaş həmrəyliyinin simvolu- Qurtuluşdan başlanan güclü və müstəqil dövlət quruculuğu
Azərbaycanın müasir dövlətçilik tarixində 15 İyun – Milli Qurtuluş Günü sadəcə bir təqvim günü deyil, xalqımızın siyasi yetkinliyinin, dövlətə olan bağlılığının və ən əsası, vətəndaş həmrəyliyinin təntənəsidir. 1993-cü ilin ortalarında Azərbaycan özünün varlığı, müstəqilliyi və ərazi bütövlüyü üçün ən kritik sınaqla üz-üzə qalmışdı. Daxili çəkişmələr, separatizm, dövlət idarəçiliyinin iflası və hərbi uğursuzluqlar ölkəni məhvə sürükləyirdi. Məhz belə bir zəiflik dövründə xalqın öz lideri Ulu Öndər Heydər Əliyev ətrafında sıx birləşməsi, müstəqil dövlət quruculuğunun təməl daşı olan "vətəndaş həmrəyliyi" prinsipini ön plana çıxardı.
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan üçün həm xilaskar, həm də strateji bir dönüş nöqtəsi oldu. Ulu Öndər yaxşı bilirdi ki, xalqın birliyi olmadan heç bir ciddi sosial-iqtisadi və siyasi islahatı həyata keçirmək mümkün deyil. O, öz çıxışlarının birində vurğulayırdı: "Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır". Bu yanaşma, cəmiyyətin bütün təbəqələrini, müxtəlif siyasi baxışlara malik vətəndaşları vahid dövlət ideologiyası azərbaycançılıq məfkurəsi ətrafında birləşdirdi. Həmin dövrdə vətəndaş həmrəyliyi həm də dövlət quruculuğunun müdafiəsi demək idi. Qeyri-qanuni silahlı dəstələrin ləğvi, ictimai-siyasi sabitliyin təmin olunması və dövlət idarəçiliyində nizam-intizamın yaradılması xalqın öz liderinə olan etimadını daha da gücləndirdi. Bu, müstəqil dövlətin ayaq üstə durması üçün zəruri olan ən böyük mənəvi güc idi.
Vətəndaş həmrəyliyinin möhkəmlənməsi ölkədə fundamental iqtisadi islahatların aparılmasına şərait yaratdı. 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" təkcə neft-qaz sənayesinin dirçəlişi deyil, həm də Azərbaycanın beynəlxalq aləmdə nüfuzlu bir tərəfdaş kimi tanınması idi. Bu iqtisadi sıçrayış, xalqın gələcəyə olan inamını artırdı. Heydər Əliyevin müəyyənləşdirdiyi bu yol, dövləti xarici asılılıqdan çıxararaq, müstəqil siyasi iradə göstərməyə qadir olan qüdrətli bir ölkəyə çevirdi.
Ulu Öndərin əsasını qoyduğu vətəndaş həmrəyliyi və güclü dövlətçilik ənənələri bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında daha da zənginləşdirilir. 44 günlük Vətən müharibəsi Azərbaycan cəmiyyətinin həmrəyliyinin zirvə nöqtəsi oldu. Xalqın öz Lideri – Müzəffər Ali Baş Komandan ətrafında "Dəmir yumruq" kimi birləşməsi, tarixi Zəfərimizin, Şuşanın və Qarabağın işğaldan azad edilməsinin əsasını təşkil etdi. Prezident İlham Əliyevin "Mən xoşbəxt insanam ki, ata vəsiyyətini yerinə yetirdim" bəyanatı, əslində, qurtuluşdan başlayan və Zəfərlə nəticələnən o uzun, lakin şərəfli yolun ən ali yekunudur.
Bu gün azad edilmiş torpaqlarda aparılan nəhəng infrastruktur layihələri, Böyük Qayıdış proqramının uğurla icrası, Şuşada, Xankəndidə dalğalanan üçrəngli bayrağımız 15 İyun Qurtuluş Gününün məntiqi davamıdır. Vətəndaş həmrəyliyinin simvoluna çevrilən bu gün, Azərbaycanın müstəqilliyinin nə qədər sarsılmaz olduğunu dünyaya nümayiş etdirir. Heydər Əliyevin qoyduğu "güclü və müstəqil Azərbaycan" kursu, bu gün regional güc mərkəzi olan və qlobal problemlərin həllində söz sahibi olan ölkəmizin tərəqqi simvoludur. Bu yol xalqımızın birliyindən, dövlətçiliyə olan sədaqətindən və liderinə olan sarsılmaz etimadından keçir.
Məmmədova Səadət
Suraxanı rayonu 282 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru