18/04/2024
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur.
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibəti ilə ölkə ərazisində yerləşən 29 tarix və mədəniyyət abidəsinə ziyarət təşkil edilib.
Dünya əhəmiyyətli memarlıq abidəsi olan Ramana qəsrində keçirilən tədbirə Mədəniyyət Nazirliyinin rəsmiləri, mədəniyyət nazirinin müavini Səadət Yusifova, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva, ictimaiyyət nümayəndələri və orta məktəb şagirdləri qatılıb.
Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova bildirib ki, ölkəmizdə də hər il bu tarixdə abidələrdə və tarixi məkanlarda mədəni irsin təbliği məqsədilə müxtəlif maarifləndirici aksiyalar keçirilir. Bu ilki tədbirlər BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 və “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunub. Qeyd edib ki, ictimaiyyətin diqqətini ətraf mühitin mühafizəsi, tarix və mədəniyyət abidələrinin qorunması, habelə təbliği işinə yönəltmək üçün ölkə ərazisində yerləşən 29 tarix və mədəniyyət abidəsində tədbirlər təşkil edilib.