29/06/2026
Manqistauda yaşayan Qorqud Ata əfsanəsi.
Şopan Ata ( Çoban Baba) yeraltı məscid və mağaraları.
Manqistau təkcə Qazaxıstanın deyil, bütün türk dünyasının ən sirli və müqəddəs bölgələrindən biridir. Təsadüfi deyil ki, onu 362 övliya yurdu adlandırırlar.
Bu qədim diyar hər addımda insanı yeni bir tarix, yeni bir rəvayət və yeni bir sirrlə qarşılayır.
Ötən il Manqistauda böyük sufi Beket Atanın anadan olmasının 275 illiyi münasibətilə beynəlxalq elmi konfrans keçirildi. Konfrans iştirakçıları kimi biz də yarımadanın ən müqəddəs ziyarətgahlarını ziyarət etmək imkanı əldə etdik.
Səfərimizin ən yaddaqalan məkanlarından biri isə Beket Atanın mürşidi hesab olunan Şopan Atanın yeraltı məscidi idi. Məhz burada, qayalara oyulmuş qədim mağaraların səssizliyi içində Manqistaunun ən maraqlı əfsanələrindən birini eşitdim.
Bu rəvayəti mənimlə Manqistau Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru, bölgənin tarixini dərindən bilən Nurlan Kulbay bölüşdü.
Əfsanəyə görə, nekropoldakı kiçik qaya mağaralarından birində böyük türk müdriki, ozanı və qobuzun yaradıcısı sayılan Dədə Qorqudun ( Qorqut Ata) oğlu dəfn olunub.
Rəvayətə əsasən, o, atasından müdrikliyi və musiqi istedadını miras alsa da, ozanlıq yolunu deyil, zahidliyi seçmişdir. Şopan Atanın müqəddəsliyi haqqında eşidərək Manqıstau yarımadasına gəlmiş, dərviş həyatı yaşamış və ömrünün sonuna qədər həmin mağarada ibadətlə məşğul olmuşdur.
Rəvayətin ən maraqlı məqamlarından biri, deyilənə görə mağarada eşidilən səsdir. Yerli zəvvarlar inanırlar ki, tam sükut içində qulağını mağaranın divarına söykədikdə uzaqdan gələn qobuz səsinə bənzər qəribə bir uğultu eşitmək mümkündür.
Maraqlıdır ki, "Kitabi-Dədə Qorqud" dastanında Qorqud Atanın oğlundan bəhs edilmir. Buna görə də bəzi tədqiqatçılar hesab edirlər ki, rəvayətdəki "oğul" ifadəsi bioloji deyil, mənəvi məna daşıyır. Yəni söhbət onun müridlərindən, davamçılarından və ya "baxşı" ənənəsini yaşadan ozanlardan birindən gedə bilər. Onun adı isə zamanla unudulmuşdur.
Bu gün də yerli türbə mühafizləri həmin məzarı göstərərkən sadəcə belə deyirlər: “Bul — Qorqıt atanın balası” ( Bu, Qorqıt atanın balasıdır).
Əlbəttə, bu rəvayətin tarixi və ya arxeoloji təsdiqi yoxdur. Lakin o, Manqistauda sufi irsi ilə qədim türk mifoloji düşüncəsinin necə qovuşduğunu göstərən ən maraqlı xalq rəvayətlərindən biridir. Bəlkə də buna görə bu müqəddəs diyarın qayaları hələ də qobuzun səsini öz yaddaşında yaşadır...