16/11/2021
"Hümmət" təşkilatının yaradıcısı və Azərbaycan Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadəni hörmətlə anırıq.
Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olmuşdur. Din xadimi olan atası oğlunu pedaqoq Sultan Məcid Qənizadənin müdir olduğu ikinci "Rus-müsəlman" məktəbinə qoymuş, buranı bitirdikdən sonra Məhəmməd Əmin Rəsulzadə öz təhsilini Bakı Texniki Məktəbində, rus dilində davam etdirmişdir. Lakin təhsilini yarımçıq qoyaraq siyasi fəaliyyətə başlamışdır.
Aprel işğalından sonra Bakıda qalmağın təhlükəli olduğunu və daim axtarıldığını hiss edərək Məhəmməd Əmin Rəsulzadə Bakını tərk edərək Abbasqulu Kazımzadə ilə Lahıca getdi. Lakin Lahıcda vəziyyət getdikcə gərginləşirdi. Onun ciddi izlənilməsi haqqında məlumatlar da çatdırılırdı. Məhəmməd Əmin Rəsulzadə 1920-ci ilin avqustun 25-də Lahıcdan çıxıb Qaraməryəm istiqamətinə gedərkən həbs olundu.XI Ordunun Hərbi İnqilabi Şurasının Xüsusi şöbəsinin 1931 saylı həbs vərəqi əsasında Abbasqulu Kazımzadə ilə birgə həbs olunan Məhəmməd Əmin bəy özü haqqında 36 yaşı olduğunu, orta təhsilli və jurnalist olduğunu, hökumətdə olduğunu, Müsavat Partiyasının Mərkəzi Komitəsinin sədri olduğunu, öz hesabına yaşadığını və ailəli olduğunu açıqlamışdır. İosif Stalinlə şəxsi əlaqələri olduğu üçün Rəsulzadənin razılığını aldıqdan sonra Stalin belə məktubla müraciət etmişdi:
" R.S.F.S.R. Qafqaz Cəbhəsi Hərbi İnqilab Şurasının üzvü. 7/XI-1920. XI Ordunun Xüsusi şöbəsinin rəisinə. Xüsusi şöbədə həbsdə saxlanılan Məhəmməd Əmin Rəsulzadə, Məhəmməd Əli Rəsulzadə və Abbasqulu Kazımzadəni azad olunmuş hesab edib, qatara mənim sərəncamıma göndərin.
7/XI-1920-ci il. Respublika Hərbi İnqilab Şurasının üzvü, Xalq Komissarı Stalin "
Həbsdən azad edilən Məhəmməd Əmin Rəsulzadə ailəsi ilə görüşərək Moskvaya yola düşmüşdür. Moskvada bir müddət RSFSR Millətlər Komissarlığında çalışan Rəsulzadə, oradan Peterburqa, sonra Finlandiyaya, sonra isə Türkiyəyə mühacirət etdi.
1922-ci ilin sonlarından Məhəmməd Əmin Rəsulzadə İstanbulda fəaliyyətə başladı. O, xaricdəki dağınıq halda fəaliyyət göstərən mühacirlər haqqında belə yazmışdır:
" Bulunduğumuz mühacirət şərtləri daxilində Azərbaycan davası naminə birləşmək milli davanı yaşatmış və yaşadan fikir sistem və nümayəndələrinə hörmət etməklə olur. Bunun üçün hər türlü kiçik hesablardan və hisslərdən sıyrılaraq fikrə önəm vermək lazımdır"
8 noyabr 1934-cü ildə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri Əlimərdan bəy Topçubaşov Paris ətrafında, vəfat etmişdir.Onun dəfnində Məhəmməd Əmin Rəsulzadə və bütün respublikaların sürgündə olan hökumətlərinin nümayəndələri iştirak etmişdir. Onlar Topçubaşovun həyat və fəaliyyəti barədə çıxış etmişdir. Məzarı başında çıxış edən Məhəmməd Əmin Rəsulzadə demişdir:
" Xanımlar, bəylər! Millət yolunda çalışanlarımızdan bir böyüyü ilə halallaşırıq. Heyhat! Azərbaycan parlamentinin şanlı rəisini, Nümayəndə Heyətinin sayğılı başçısını müsafiri olduğumuz Fransa torpağına əmanət buraxırıq. Parlamento rəisi, Nümayəndə Heyətinin başçısı, Milli Mərkəz üzvü və sairə kimi mərhumun daşıdığı ünvanları zikr etməklə Əli Mərdan bəy adının mənasını tamamilə anlatmaq, mövzunu bütün şümülü ilə qavramaq qətiyyən mümkün deyildir. Yetmiş beşi haqlayan yaşının heç olmasa əllisini, mərhum durmadan, yorulmadan camaat işinə və millət yoluna vermişdir. Əlli il ömür; yarım əsrlik həyat! Qoca bir dövr!… Bəli, Əli Mərdan bəyin geçinməsi ilə biz, milli həyatımızda başlı-başına bir dövrü təmsil edən mühüm şəxsiyyətdən ayrılırıq; çünki, Topçubaşi Əlimərdan bəyin ismi müəyyən bir nəsli və müəyyən bir dövrü andırır. Rusiyada ali təhsil görmüş, Türk və müsəlman ziyalısını barmaqla saymaq qəbul olduğu bir zamanda idi ki, Əli Mərdan bəy meydana çıxmışdı.
…Çox çəkməz məmləkət qurtular; və o zaman mütəşəkkir millət ilk parlamentinin rəisini, istiqlal davasının vəkilini xatırlar, gələr, səni oğlunla bərabər buradan alar, arzu etdiyin vətən torpağına götürər və xatirəni əbədiləşdirər…
Budur sənə söyləyəcəyim son söz! … Sənə bizlərdən minlərlə rəhmət ! … Sənə bizlərdən minlərlə hörmət!! …
Ankara Universitetinin tibb fakültəsinin klinikasında şəkər xəstəliyindən yatan Məhəmməd Əmin 1955-ci il martın 6-da gecə saat on birə on dəqiqə qalmış üç dəfə "Azərbaycan, Azərbaycan, Azərbaycan!" deyərək əbədiyyətə qovuşdu. Ankara radiosu martın 7-sində saat 22:45-də sabiq Azərbaycan milli şürasının sədri Məhəmməd Əmin Rəsulzadənin vəfat etdiyi xəbərini təəssüflə bütün dünyaya yaydı.
Martın 8-də Ankaranın Hacı Bayram məscidində Məhəmməd Əmin Rəsulzadənin dostları onun tabutu başında fəxri qarovulda dayandılar. Ankara şəhər valisi Kamal Aygün də başsağlığı verməyə gəlmişdi. Bundan əlavə cənazənin önündə "Azərbaycan Kültür Dərnəyi", "Yardımlaşma Dərnəyi", "Milli Kitabxana", "Türk Kitabxanaçılar Dərnəyi", "Qarslı Yüksək Tələbələrə Yardım Dərnəyi", "Qəzetəçilər Cəmiyyəti" təmsilçiləri, İdil-Ural və Krım türklərinin, polşalıların nümayəndələri vardı. Cənazə zamanı Əbdülvahab Yurdsevər, Əhməd Cəfəroğlunun, Mirzə Bala Məmmədzadə, Həmdulla Sübhi Tanrıövərin, Sədri Məqsudi, Cəfər Seyidəhməd Krımər, Abdulla Battal Taymas, Zəki Vəlidi Toğan kimi görkəmli şəxslər də çıxış etdilər. Məhəmməd Əmin Rəsulzadə Ankarada, Əsri qəbirstanlığında dəfn edilmişdir.
Vəfatı ilə bağlı Türkiyədə, İranda və Qərbi Avropa ölkələrində xeyli nekroloq çap olunub. Bunlara misal olaraq Türkiyədə nəşr edilən "Dünya", "Birlik", İranda çap olunan "Aram", "İrani-Nov" qəzetləri, Almaniyada yayımlanan "Azadlıq" radiosunu göstərmək olar. Bunlardan ən maraqlısı S.H.Tağızadənin çap etdirdiyi nekroloqdur. Əsli Ordubaddan olan, özü Təbrizdə dünyaya gəlmiş, Məhəmməd Əmin Rəsulzadə ilə birlikdə İran məşrutə inqilabının əsas rəhbərlərindən biri hesab edilən, sonralar Pəhləvi üsul-idarəsinin tərəfdarına çevrilən və bununla da öz doğma xalqına yad bir adam olan, İranın ən görkəmli dövlət xadimi, diplomatı və alimi sayılan Seyid Həsən Tağızadə "Sühən" jurnalında yazırdı:
" Rəsulzadə, bütün ömrüm boyunca, Şərq dünyasında tayına rastlaşmadığım, mübaliğəsiz söyləyə biləcəyim fövqəladə nadir insanlardan biri idi. Məhəmməd Əmin bəy tərbiyəli, qüvvətli və sağlam məntiq sahibi, təmiz qəlbi, doğru sözlü, mətanətli, tam mənasıyla dürüst, fikir və yoluna dərin bir iman bəsləyən fədakar, mücahid və örnək bir insandı. Belələrinə zəmanəmizdə və hələ bizim tərəflərdə rast gəlmək mümkün deyildir."