Binəqədi Qəsəbə Bələdiyyəsi

Binəqədi Qəsəbə Bələdiyyəsi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Qəsəbə Bələdiyyəsi

03 sentyabr 2026-cı il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Binəqədi qəsəbə sakinl...
04/09/2026

03 sentyabr 2026-cı il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Binəqədi qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi

03 sentyabr 2026-cı il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Binəqədi qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi.

Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavini, Aparatın məsul şəxsləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.

Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.

Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin G.Ramazanov küçəsinin mərkəzi hissəsindən məscidə qədər olan yolun təmir edilməsi, 182 saylı tam orta məktəbin qarşısındakı piyada keçidinin yenilənməsi, Cəfər Cabbarlı, Günəş və Xan qızı küçələrində sahibsiz heyvanların ərazidən götürülməsi, Dirçəliş küçəsi döngə 1 ünvanında enerji təchizatının zəif olması və qaz xəttinin çəkilməsi, G.Ramazanov küçəsinin mərkəzi hissəsində dayanacaq quraşdırılmasına köməklik göstərilməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.

Azərbaycan–Özbəkistan münasibətləri yeni mərhələdəAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 23-24 avqus...
26/08/2026

Azərbaycan–Özbəkistan münasibətləri yeni mərhələdə

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 23-24 avqust 2026-cı il tarixlərində Özbəkistan Respublikasına dövlət səfəri iki qardaş ölkə arasında münasibətlərin inkişafında mühüm siyasi hadisə kimi yadda qaldı. Səfər Azərbaycan-Özbəkistan əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsində daha da möhkəmləndirilməsi, siyasi dialoqun dərinləşdirilməsi və iqtisadi-humanitar əməkdaşlığın genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Dövlət səfəri çərçivəsində Azərbaycan və Özbəkistan rəhbərlərinin keçirdiyi görüşlər iki ölkə arasında mövcud münasibətlərin yüksək səviyyəsini bir daha nümayiş etdirdi. Qarşılıqlı etimad, dostluq və qardaşlıq prinsiplərinə əsaslanan Azərbaycan-Özbəkistan münasibətləri son illərdə sürətlə inkişaf edərək çoxşaxəli əməkdaşlıq modelinə çevrilib.
Azərbaycanla Özbəkistan arasında mövcud əlaqələr ikitərəfli əməkdaşlıqla yanaşı, Mərkəzi Asiya ilə Cənubi Qafqaz və Avropanı birləşdirəcək geosiyasi və geoiqtisadi proses kimi qiymətləndirilir. Bununla da Azərbaycan coğrafi cəhətdən Cənubi Qafqazda yerləşməsinə baxmayaraq, Mərkəzi Asiya regionunun da bir hissəsi kimi qəbul edilir.
Xüsusilə qeyd etmək lazımdır ki, münasibətlərin qardaşlıq və strateji müttəfiqlik səviyyəsinə yüksəlməsində Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev arasındakı səmimi dostluq və etimad mühüm rol oynayır. İki dövlətin liderləri arasında olan bu münasibət dövlətlərimiz və xalqlarımız arasında əlaqələrin inkişafına da böyük təkan verir.
Səfər zamanı Prezident cənab İlham Əliyev mətbuata bəyanatla çıxışında iki dövlət arasında enerji, nəqliyyat, bank sektoru, avtomobil sənayesi, turizm və bir sıra digər sahələrdə əməkdaşlığın daha da genişləndiriləcəyini vurğuladı. Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin yaxın vaxtlarda 1 milyard dollara çatdırılması barədə qərar olduqca önəmli bir addımdır. SOCAR-ın Özbəkistanda yeni layihələrdə iştirakının artırılmasını da xüsusi qeyd etmək lazımdır, eyni zamanda enerji sahəsində əməkdaşlıq da olduqca əhəmiyyətli addımdır. Azərbaycanla Özbəkistan arasında neft-qaz kəşfiyyat layihələrinin son mərhələyə çatması olduqca strateji bir hadisədir və gələn il istismar quyularının qazılması haqqında qərar iki dövlət arasında enerji əməkdaşlığının mühüm göstəricisidir. Bu, həm də Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə enerji əlaqələrinin dərinləşməsinə böyük töhfə verəcəkdir.
Qarabağın bərpasında Azərbaycan-Özbəkistanın əməkdaşlığı da bu regional yanaşmanın mühüm nümunəsidir. Füzulidə Mirzə Uluqbəy adına məktəbin inşası və Xankəndidə həyata keçirilən investisiya layihələri iki ölkə arasındakı siyasi həmrəyliyin iqtisadi və sosial təşəbbüslərdə təcəssümüdür. Qarabağda reallaşdırılan bu layihələr Azərbaycan-Özbəkistan münasibətlərinin yalnız ikitərəfli xarakter daşımadığını, eyni zamanda, Türk dünyası ölkələrinin respublikamızın ərazi bütövlüyünün bərpasından sonra regionun inkişafında fəal iştirak etdiyini göstərir.
Bir sözlə, Azərbaycanla Özbəkistan arasında sıx siyasi-iqtisadi, eləcə də qardaşlıq əlaqələri iki dövlətlə yanaşı, Türk dünyasının inteqrasiyasına böyük təkan verir.


Elxan Quliyev, əməkdar müəllim

26 Avqust - Laçın şəhəri günü Azərbaycanın dilbər guşələrindən olan Laçın şəhərinin işğaldan azad edilməsindən dörd il ö...
25/08/2026

26 Avqust - Laçın şəhəri günü

Azərbaycanın dilbər guşələrindən olan Laçın şəhərinin işğaldan azad edilməsindən dörd il ötür. 2022-ci il avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bütün Azərbaycan xalqını sevindirdi: “Bu gün, avqustun 26-da biz – azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm.
Yaşasın Laçın! Yaşasın Azərbaycan!”.
1930-cu il avqustun 8-də təşkil edilən Laçın rayonunun mərkəzi Laçın şəhəridir. 1923-cü ildə Abdallar kənd yaşayış məntəqəsi Laçın adlandırılıb və şəhər statusu alıb.
Xatırladaq ki, Laçın rayonu (1 şəhər, 1 qəsəbə və 125 kəndi) 1992-ci il mayın 18-də Ermənistan tərəfindən işğal edilmişdir. Həmin dövrdə respublikamızın daxilində ictimai-siyasi böhran, anarxiya hökm sürürdü. Müəyyən qüvvələr hakimiyyət uğrunda mübarizə aparırdı və bu prosesdə Azərbaycan Xalq Cəbhəsi əsas rol oynayırdı. Belə bir şəraitdə torpaqlarımızın düşməndən qorunması həmin qüvvələri düşündürmürdü. Onlar üçün əsas məqsəd hakimiyyətə gəlmək idi. Beləliklə, 1992-ci il mayında AXC-Müsavat cütlüyü qanunsuz hakimiyyətə gəldikdən sonra mayın 18-də Laçın rayonu Ermənistan tərəfindən işğal olundu. Bir sözlə, Laçın AXC-Müsavat cütlüyünün hakimiyyətə gəlmək üçün apardığı mübarizənin qurbanı oldu. Onu da qeyd etmək yerinə düşər ki, Laçının işğal edilməsi ilə ölkəmiz üçün yeni faciələrin, torpaq itkilərinin əsası qoyuldu. Çünki Laçın rayonu böyük strateji əhəmiyyət kəsb edirdi. Belə ki, Ermənistanı Dağlıq Qarabağla birləşdirən yol məhz buradan keçirdi. Laçının işğalından sonra Ermənistan üçün bu yol açılmışdır.
İşğal nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruz qalaraq, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. İşğal nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalmışdır.
Ermənistan işğalçı tərəf olaraq Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini də kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən, Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla, məqsədyönlü məskunlaşma siyasəti apararaq, demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərlə məşğul olub. Belə əməllər bütün beynəlxalq konvensiyalarda hərbi cinayət kimi təsbit edilir və bu cinayət dünya ictimaiyyətinin gözü qarşısında baş vermişdir.
2020-ci ilin sentyabrın 27-də başlayan və tarixə 44 günlük müharibə kimi düşən ikinci Qarabağ müharibəsində 30 illik işğala son qoyuldu. Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Ordumuzun şanlı Zəfəri Ermənistanı kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur etdi. 2020-ci il dekabrın 1-də Laçın rayonu Ermənistan ordusu tərəfindən boşaldıldı. Bundan əvvəl, noyabrın 9-u Laçın rayonunun Güləbird, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Laçının işğaldan azad edilməsini Azərbaycanın hərbi və diplomatik qələbəsidir.
Otuz ilə yaxın dövrdə erməni vandalizminə məruz qalan Laçın özünün yeni dövrünə qədəm qoyub. İşğaldan azad olunmuş ərazilərimizin inkişafını daim xüsusi diqqətdə saxlayan Prezident İlham Əliyev Laçın rayonuna bir neçə dəfə səfər edib.
Bəli, Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır. Laçın şəhərində istehsalat, xidmət və tədris müəssisələrinin yaradılması, əhalinin məşğulluğun təmin edilməsi də diqqət mərkəzində saxlanılır. Əhalinin məşğulluğunun təşkili rayonun tarixi ənənələrinə əsaslanır. Belə ki, yaxın gələcəkdə burada ekoloji və səmərəli kənd təsərrüfatı, tikinti, yüngül və qida sənayesi, balıqçılıq, tingçilik və digər sosial xidmət sahələrinin inkişafı nəzərdə tutulur. Laçın şəhərində yaradılan Aqro və Sənaye Parkında ümumilikdə 46 müəssisə fəaliyyət göstərəcək. Burada həm iri, həm də kiçik mebel fabrikləri, yüngül materiallardan ev və digər konstruksiyalar hazırlayan müəssisə, balıq təsərrüfatı, yeyinti sənayesi, yüngül sənaye, ekoloji cəhətdən təmiz emal müəssisələri, xırdabuynuzlu heyvanlar üzrə elmi-təcrübə mərkəzi yaradılacaq.
2023-cü ilin 28 may tarixindən başlayaraq laçınlıların doğma yurda qayıdışına start verilib. Laçınlılar 31 ildən sonra öz doğma kəndlərinə qayıdıblar və artıq burada yaşayırlar. Köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb. Böyük Qayıdışı təmin edəcək Dövlət Proqramına əsasən indiyədək Laçın şəhərinə 614 ailənin, yəni 2264 nəfərin, Zabux kəndinə 217 ailənin, yəni 823 nəfərin, Sus kəndinə 59 ailənin, yəni 215 nəfərin, Bəylik kəndinə 89 ailənin, yəni 363 nəfərin daimi məskunlaşması təmin edilib.
Bütün azad edilmiş ərazilərimiz kimi, ölkəmizin dilbər bölgələrindən biri olan, əsrarəngiz təbiət mənzərələri, gözəlliyi ilə seçilən, doğma sakinlərinə qovuşaraq azad günlərini yaşayan Laçın da genişmiqyaslı bərpa-quruculuq işlərinin məkanına çevrilib. Ardıcıl şəkildə aparılan bu işlər nəticəsində Laçın yeni inkişaf dövrünü yaşayır və gündən-günə daha da gözəlləşir.



Aybəniz Əliyeva, Binəqədi RİH yanında İctimai Şuranın üzvü

Azərbaycan və Özbəkistan arasında münasibətlər dərin qarşılıqlı rəğbətə əsaslanır Dövlətimizin xarici siyasətində tarixi...
24/08/2026

Azərbaycan və Özbəkistan arasında münasibətlər dərin qarşılıqlı rəğbətə əsaslanır

Dövlətimizin xarici siyasətində tarixi, mədəni və strateji baxımdan yaxın olan regionlarla əlaqələrin yeni müstəviyə qaldırılması prioritet təşkil edir. Bu uğurlu xarici siyasət kursunda Mərkəzi Asiya ölkələri ilə münasibətlərin inkişafı mühüm yer tutur. Regionun sürətlə inkişaf edən dövlətlərindən olan Özbəkistan ilə əlaqələr də bu baxımdan böyük əhəmiyyətə malikdir.
Azərbaycanla Özbəkistanın tarixi dostluq, qardaşlıq münasibətləri ötən dövr ərzində davamlı olaraq inkişaf etdirilib və uzun illərin sınağından çıxaraq bugünkü səviyyəyə gəlib çatıb. Müstəqillik illərində iki qardaş ölkə arasında əlaqələrin inkişafında və dövlətlərarası münasibətlərin formalaşmasında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri olub.
“İki qardaş ölkə - Azərbaycan və Özbəkistan arasında münasibətlər ortaq tarixə, mədəniyyətə, dil və mənəvi dəyərlərə, həmçinin birliyə, həmrəyliyə və xalqlarımızın əsrlərlə davam etdirdiyi, nəsildən-nəslə ötürdüyü dərin qarşılıqlı rəğbətə əsaslanır”, bu sözləri Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində söyləyib. Dövlətimizin başçısı qeyd edib ki, bu möhkəm bünövrə üzərində qurulan dövlətlərarası münasibətlər son illər misli görünməmiş inkişaf mərhələsinə qədəm qoyub, ən yüksək pilləyə - müttəfiqlik səviyyəsinə yüksəlib və tamamilə yeni məzmun qazanıb.
Onu da qeyd edək ki, Liderlərin intensiv qarşılıqlı səfərləri münasibətlərin inkişafında mühüm rol oynayıb. Son illərdə imzalanan "Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə" və "Müttəfiqlik münasibətləri haqqında Müqavilə" ikitərəfli əlaqələrin hüquqi bazasını daha da möhkəmləndirib. Həmçinin təsis edilən Ali Dövlətlərarası Şura strateji tərəfdaşlığın dərinləşdirilməsi üçün mühüm institusional mexanizmə çevrilib.
Özbəkistan keçmiş Qarabağ münaqişəsində hər zaman Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib.
Yerigəlmişkən, qardaş ölkə tərəfindən Füzuli şəhərində inşa edilən Mirzə Uluqbəy adına tam orta məktəb və "Dostluq bağı" bu dəstəyin və sarsılmaz birliyin parlaq rəmzləridir.
Qarşılıqlı etimad eyni zamanda iqtisadi və ticari sahədə də əksini tapır, ikitərəfli ticarət dövriyyəsi sürətlə artır. 500 milyon dollar kapitalla yaradılan Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti fəal layihələr həyata keçirir. Avtomobil sənayesi, energetika, "yaşıl enerji" və nəqliyyat-logistika sahələrində sıx əməkdaşlıq mövcuddur. İki ölkənin coğrafi mövqeyi Şərqlə Qərbi birləşdirən Orta dəhliz çərçivəsində yükdaşımaların həcmini artırmağa imkan verir. Prezident İlham Əliyev müsahibəsində iqtisadi əlaqələrin inkişaf tempini belə ifadə edib: "İqtisadi-ticari əməkdaşlığımız son illərdə sürətli inkişaf dinamikası nümayiş etdirir. Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi 2025-ci ildə əvvəlki illə müqayisədə üç dəfədən çox artıb və 795 milyon dollar təşkil edib. Bu, əla göstəricidir. Bundan əlavə, 2026-cı ilin yanvar-may aylarında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 33 faiz artaraq 144 milyon dollara çatıb".
Çoxtərəfli diplomatiya müstəvisində, xüsusilə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində Azərbaycan və Özbəkistanın əməkdaşlığı müstəsna əhəmiyyət kəsb edir. Hər iki dövlət TDT-ni türk dünyasının siyasi, iqtisadi və mənəvi gücünü artıran mühüm birlik kimi qiymətləndirir. Eyni zamanda Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində tamhüquqlu iştirakı ilə "C5" formatının "C6" formatına çevrilməsi regionlararası inteqrasiyanı yeni səviyyəyə qaldırıb.
İkitərəfli münasibətlərin vacib elementlərindən biri də hərbi-texniki sahədə əməkdaşlığın genişlənməsidir. İki ölkənin müdafiə nazirlikləri arasında imzalanan fəaliyyət planlarına uyğun olaraq keçirilən birgə taktiki təlimlər, müdafiə sənayesi sahəsində təcrübə mübadiləsi və hərbçilərin peşəkarlığının artırılmasına yönəlmiş addımlar regional təhlükəsizliyin və sabitliyin təmin olunmasında müstəsna rol oynayır.
Dövlətlərarası inteqrasiyanı tamamlayan mühüm amillər arasında mədəni-humanitar sahələrdə əməkdaşlıq da önəmli rol oynayır. Daşkənddə fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, mütəmadi təşkil olunan Mədəniyyət Günləri, media forumları və ali təhsil müəssisələri arasındakı birbaşa əməkdaşlıq xalqlarımızın bir-birini daha yaxından tanımasına, gənc nəsillər arasında mənəvi körpülərin sarsılmaz olmasına xidmət edir.
Əminliklə deyə bilərik ki, ölkələrimiz arasındakı qarşılıqlı etimada söykənən və əsrlərdir davam edən dostluq və qardaşlıq əlaqələri bundan sonra da inkişaf edəcək, xalqlarımızın rifahının yaxşılaşmasına xidmət göstərəcək.


Rafiq Məmmədov, Əməkdar müəllim

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfəTürk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi, q...
03/08/2026

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi, qarşılıqlı əməkdaşlıq Azərbaycan xarici siyasətinin əsas prioritetlərindəndir. Son illərdə Türk dövlətləri arasında əlaqələr bütün sahələrdə intensiv xarakter alıb və dövrün tələblərinə, baş verən proseslərə uyğun olaraq sürətlə inkişaf etdirilir. Qırğızıstanla Azərbaycan arasında da qarşılıqlı anlaşma mühiti mövcuddur. Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda həmişə bir-birinin mövqeyini dəstəkləyiblər.
Bu baxımdan, 30 iyulda Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri həm Azərbaycan-Qırğızıstan ikitərəfli münasibətlərinin dərinləşdirilməsi, həm də ümumilikdə Mərkəzi Asiya regionu ilə strateji əməkdaşlığın genişləndirilməsi məqsədinə xidmət edir.
Səfər çərçivəsində gələcək əməkdaşlıq məqsədi ilə bir çox sənədlər imzalanıb və hər iki dövlətin prezidentləri mətbuata birgə bəyanatla çıxış ediblər. Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarov ilə mətbuata bəyanatında dövlət başçımızın vurğuladığı kimi, “Bu gün biz Sizinlə dövlətlərarası münasibətləri ən yüksək səviyyəyə qaldırdıq, qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsinə birgə səyləri bir daha nümayiş etdirdik”- deyə bildirib.
Eyni zamanda ikitərəfli qarşılıqlı fəaliyyət üzrə bir çox məsələlər - investisiya və digər sahələrdə əməkdaşlığın perspektiv məsələləri müzakirə olunub. Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin artması tendensiyasının mövcud olduğunu bildirən Cənab Prezident vurğulayıb ki, biz iqtisadi-ticari sahədə fəal əməkdaşlıq edirik. Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 200 milyon dollaradək artıb. "Qırğızıstanda həyata keçirilən çoxlu layihə var və onlar birgə istehsal, yeni iş yerləri yaradır, qarşılıqlı fəaliyyətimizin iqtisadi potensialını möhkəmləndirir", - deyən dövlət başçısı əlavə edib ki, əminəm ki, 200 milyon da son hədd deyil.​
Azərbaycan tarixi Zəfərdən sonra azad olunan ərazilərimizdə abadlıq-quruculuq işlərini davam etdirir. Türk dövlətləri də Azərbaycanın Qarabağda və Şərqi Zəngəzurda apardığı bərpa-yenidənqurma işlərinə də öz töhfələrini verirlər. Qırğızıstan tərəfindən tikilib istifadəyə verilmiş orta məktəb məhz ölkələrimizin və xalqlarımızın dostluğunun, qardaşlığının sarsılmazlığının parlaq nümunələridir. Eyni zamanda türk dünyasının böyük yazıçısı, diplomat və ictimai xadim Qırğızıstanın Xalq yazıçısı Çingiz Aytmatovun Bakıdakı abidəsinin açılışı da bu birliyin, dostluğun və qardaşlığın rəmzidir.​
Əminlillə deyə bilərik ki, ortaq soy-kök, ortaq tarix və mədəniyyət, milli dəyərlər, eləcə də mövcud potensial və həyata keçiriləcək layihələr dövlətlərarası bağları daha da möhkəmləndirəcəkdir.


İmran Qasımov, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair

1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günüdürDil millətin mənəvi simasını səciyyələndirən amillərdən biri, o...
01/08/2026

1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günüdür
Dil millətin mənəvi simasını səciyyələndirən amillərdən biri, onun milli sərvətidir. Azərbaycan dilinin dövlət dili statusuna yüksəlməsi də millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və onu qorumaq qüdrətinin, eyni zamanda, ədəbi dilinin zənginliyinin təsdiqidir. Bütün bunlarla yanaşı, Azərbaycan dili, həm də xalqımızın varlığının əsas təminatçısı, milli varlığını müəyyənləşdirən mühüm amillərdən biridir. Bir sözlə, ana dilimiz dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir.
Bu önəmli məsələdən danışarkən, bir məqamı xatırlatmaq istərdim. Belə ki, ötən əsrin 70-ci illərinin ortalarından başlayaraq, keçmiş SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. Vəziyyətin dəhşətli şəkil alması özünü onda göstərirdi ki, hələ ötən əsrin 30-ci illərində dil məsələsini qabardanlar Sibirə sürgün olunurdu. Hətta milli respublikaların rəhbərləri tərəfindən də ana dili məsələsinin gündəmə gətirilməsi son dərəcə müşkül bir iş idi.
Bütün bunlara baxmayaraq, məhz elə 70-ci illərdə Azərbaycan Respublikasının rəhbəri olan ümummilli liderimiz Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirdi. Ulu öndərimizin təşəbbüsü ilə 1978-ci il aprel ayının 27-də Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsi əlavə olundu.
Yeri gəlmişkən, dahi şəxsiyyət Azərbaycana rəhbərliyinin bütün dönəmlərində dilçi alimlərə xüsusi qayğı ilə yanaşırdı. Ümummilli lider Heydər Əliyev Azərbaycan dilinin inkişafı və zənginləşməsi istiqamətində müxtəlif vasitələrdən istifadə edirdi, milli dildə nəşr edilən kitabların tirajlarının artırılması və digər tədbirlər dilimizin daha da inkişaf etdirilməsi məqsədi daşıyırdı.
Onu da qeyd edim ki, 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunan Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapıb. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirilib.
Ulu öndər Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalayıb. İlk növbədə, müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan bu tarixi sənəd dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edib.
Yeni əlifbanın tətbiqi də müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında baş vermiş mühüm hadisələrdən biridir. Müstəqilliymizin qazanılmasından sonra yaranmış tarixi şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açdı və latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etdi. Bu mənada “Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” ulu öndərimizin 9 avqust 2001-ci il tarixli fərmanı tarixi hadisədir.
Bundan başqa, 2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Qanuna əsasən Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayılıb, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradılıb.
Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyevin ana dilimizin qorunması üzrə siyasi xəttinə daim sadiqlik nümayiş etdirib. Dövlətimizin başçısı tərəfindən 2004-cü il yanvarın 12-də imzalanan “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncam ilə hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanırb. Həmin il yanvarın 14-də “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il dekabrın 30-da “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamlarla ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqi gerçəkləşib.
Müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan Azərbaycan Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü il 9 aprel tarixli sərəncamı ilə təsdiq etməsi də milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının, zənginliyinin qorunması baxımından böyük tarixi hadisədir. Dövlət proqramının məqsədi Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, dilimizin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik araşdırmalarının yaxşılaşdırılmasıdır.

Xatirə RƏHİMBƏYLİ,
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Prezident təqaüdçüsü

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı ​Azərbaycan Avropa Birliyi ilə münasibətlərində daim beynəlxalq hüququn norma və ...
23/07/2026

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

​Azərbaycan Avropa Birliyi ilə münasibətlərində daim beynəlxalq hüququn norma və prinsiplərinə, qarşılıqlı hörmət və bərabərhüquqluluq əsasında qurulan əməkdaşlığa üstünlük verir. Bu mövqe imzalanan sənədlərdə və diplomatik danışıqlarda ardıcıl şəkildə əksini tapıb. Ölkəmizlə Avropa Birliyi arasında mövcud olan tərəfdaşlıq münasibətləri bütövlükdə Cənubi Qafqazın geosiyasi gələcəyi üçün çox əhəmiyyətlidir.
​O cümlədən, 2026-cı il martın 11-də Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfəri də ölkəmizlə Avropa İttifaqı arasında əməkdaşlığın inkişafı baxımından mühüm hadisə kimi yadda qaldı. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə keçirilən görüş və verilən bəyanatlar tərəflər arasında siyasi dialoqun daha da möhkəmləndiyini və qarşılıqlı əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərdi. Dövlət başçımız bəyanatında Azərbaycanın regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunmasına daim töhfə verdiyini xüsusi vurğulayaraq qeyd etdi ki, ölkəmiz beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq regional əməkdaşlığın genişlənməsinə və qarşılıqlı etimad mühitinin möhkəmləndirilməsinə böyük önəm verir. Bu baxımdan Avropa İttifaqı ilə münasibətlərin inkişafı Azərbaycanın xarici siyasətinin vacib istiqamətlərindən biri hesab olunur.
​Görüş zamanı enerji təhlükəsizliyi məsələsi də xüsusi diqqət mərkəzində olub. Prezident İlham Əliyev Azərbaycanın Avropanın etibarlı enerji tərəfdaşı olduğunu da vurğulayaraq bildirib ki, ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Xüsusilə təbii qazın Avropa bazarlarına çatdırılması və enerji layihələrinin genişləndirilməsi sahəsində əldə olunan uğurlar Azərbaycan–Avropa İttifaqı əməkdaşlığının strateji əhəmiyyətini daha da artırır.
​Bəyanatda həmçinin regional sülh gündəliyi də geniş şəkildə müzakirə olunub. Azərbaycan rəhbərliyi Cənubi Qafqazda davamlı sülhün bərqərar olması üçün konstruktiv mövqeyini bir daha nümayiş etdirib. Prezident İlham Əliyev ölkəmizin sülh təşəbbüslərinə sadiq olduğunu və regionda uzunmüddətli sabitliyin təmin olunması istiqamətində səylərini davam etdirəcəyini bildirib. Səfər çərçivəsində aparılan müzakirələr göstərib ki, Azərbaycan ilə Avropa İttifaqı arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üçün geniş perspektivlər mövcuddur. Tərəflər həmçinin qarşılıqlı maraqlara əsaslanan münasibətlərin inkişaf etdirilməsi, yeni layihələrin həyata keçirilməsi və tərəfdaşlığın daha da dərinləşdirilməsi istiqamətində birgə fəaliyyətin vacibliyini də vurğulayıblar. Bu baxımdan Antonio Koştanın Azərbaycana səfəri və aparılan müzakirələr iki tərəf arasında strateji tərəfdaşlığın gələcək inkişafı üçün mühüm mərhələ kimi qiymətləndirilə bilər.
​Beləliklə, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfəri və Prezident İlham Əliyevin verdiyi bəyanat ölkəmizin beynəlxalq mövqeyinin daha da möhkəmləndiyini, Azərbaycanın regionda sülhün və əməkdaşlığın təşviqində mühüm rol oynadığını bir daha nümayiş etdirdi. Bu səfər həm də Azərbaycan ilə Avropa İttifaqı arasında qarşılıqlı etimada əsaslanan münasibətlərin gələcək inkişafı üçün mühüm siyasi platforma yaratdı.

İman ABDUYEV, politoloq

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür. “Əkinç...
22/07/2026

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür. “Əkinçi” qəzetinin ilk nömrəsinin çap olunduğu gün – iyulun 22-si ölkəmizdə Milli Mətbuat Günü kimi qeyd edilir.
XIX əsrin sonlarında yalnız Azərbaycanda deyil, bütün Qafqazda böyük əks-səda doğuran “Əkinçi” qəzetinin nəşri milli maarifçilik hərəkatının təməl daşlarından biri oldu. Bu qəzetin həm naşiri, həm redaktoru, həm də korrektoru Azərbaycan tarixində silinməz iz qoymuş təbiətşünas-alim Həsən bəy Zərdabi idi.
1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı nəşr olunan “Əkinçi” qəzetinin ömrü qısa olsa da, milli mətbuatımızın tarixində dərin və silinməz iz buraxdı. Bu qəzet maarifçilik ideyalarını əsas missiya seçərək xalqı elmə, savada və düşüncəyə səsləyirdi. Hər səhifəsi bir çağırış, hər yazısı bir oyanış olan “Əkinçi” qısa müddətdə həm ziyalılar arasında, həm də sadə oxucuların qəlbində özünə yer qazandı. Təəssüf ki, bu fəaliyyət uzun sürmədi. Çar Rusiyası qəzetin insanları maarifləndirməsindən, ictimai-siyasi proseslərə nüfuz etməsindən ehtiyatlanaraq maneələr yaratdı və sonda onun nəşri dayandırıldı. Buna baxmayaraq, o dövrün görkəmli maarifçiləri “Əkinçi” qəzetinin səhifələrində öz mütərəqqi və demokratik ideyalarını təbliğ edərək ictimai-siyasi və bədii fikrin inkişafına böyük təsir göstərə bildilər.
Bildiyimiz kimi, Azərbaycan milli mətbuatı uzun və şərəfli yol keçərək müxtəlif tarixi dövrlərin sınaqlarından çıxıb, zamanla güclənərək bugünkü inkişaf səviyyəsinə çatıb. Bu inkişafın müasir mərhələsi isə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər mətbuatın cəmiyyətdəki rolunu hər zaman yüksək qiymətləndirir, onu, sadəcə, informasiya vasitəsi deyil, ictimai düşüncənin formalaşmasında mühüm bir platforma kimi dəyərləndirirdi. Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra mətbuatın azad və müstəqil inkişafına geniş imkanlar yaradıldı. Bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin hüquqlarının qorunması və peşəkar medianın formalaşması istiqamətində sistemli tədbirlər görüldü.
Ulu Öndər Heydər Əliyevin mətbuata və jurnalistlərə göstərdiyi diqqət və qayğı bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığı tam şəkildə təmin olunub, çoxsaylı qəzet və jurnallar nəşr edilir, televiziya kanalları fəaliyyət göstərir, onlayn media şəbəkəsi isə ildən-ilə daha da genişlənir. Müasir texnologiyaların tətbiqi nəticəsində milli mətbuatımız qlobal informasiya məkanına inamla daxil olur, dünya ilə ayaqlaşan müasir medianın bir parçasına çevrilir.
Onu da qeyd edək ki, Vətən müharibəsi zamanı Azərbaycan mətbuatı kütləvi dezinformasiya hücumlarının qarşısının alınmasında, cəmiyyətin operativ və düzgün məlumatlandırılmasında mühüm rol oynayıb. Həmkarlarım Qarabağla bağlı tarixi həqiqətlərin, o cümlədən işğal dövründə ermənilərin torpaqlarımızda törətdikləri vəhşiliklərin və vandallığın beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində bu gün də yorulmadan fəaliyyətlərini davam etdirirlər.

Prezident İlham Əliyevin 2021-ci il 12 yanvar tarixli Fərmanı ilə yaradılmış Medianın İnkişafı Agentliyinin xətti ilə KİV-ə maliyyə yardımı ayırmaqla dövət bir növ öz milli mətbuatını qoruyub. Agentlik ölkəmizdə çap və onlayn medianın inkişafı, media orqanlarının maliyyə müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, mütərəqqi layihələrin davamlı dəstəklənməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirir. Mediaya bu cür yardımlar edilməsi çox uğurlu dəstək mexanizmidir. Bütün bunlar isə, eyni zamanda medianın azadlığının təmin olunmasına və jurnalistlərin peşəkar bacarıq və vərdişlərinin artırılmasına xidmət edir.
Göründüyü kimi, Azərbaycan Respublikasında söz və məlumat azadlığının, KİV-lərin maddi-texniki bazasının, iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin rifah halının yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər ardıcıl şəkildə davam etdirilir. Bütün bunlar isə bir daha Azərbaycanda fikir və söz azadlığının yüksək səviyyədə təzahürü və davamlı olması barədə nikbin düşünməyə əsaslı zəmin yaradır.
Milli Mətbuat Günü münasibətilə bütün jurnalist həmkarlarımı və media sahəsində çalışan hər kəsi ürəkdən təbrik edirəm.

Binəqədi RİH yanında İctimai Şuranın üzvü, jurnalist Fuad Hüseynzadə

Address

Binəqədi Rayonu, Binəqədi Qəsəbəsi, Gülməmməd Ramazanov 1
Baku
AZ1053

Alerts

Be the first to know and let us send you an email when Binəqədi Qəsəbə Bələdiyyəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Binəqədi Qəsəbə Bələdiyyəsi:

Shortcuts

Share