Ədəbiyyat İnstitutu-rəsmi səhifə

Ədəbiyyat İnstitutu-rəsmi səhifə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Klassik irsin nəşri sahəsində 1920-30-cu illərdə başlayan geniş miqyaslı iş ardıcıl olaraq davam etdirilmişdir.

NİZAMİ GƏNCƏVİ ADINA ƏDƏBİYYAT İNSTİTUTU

Nizami adına Ədəbiyyat İnstitutu ölkəmizdə ədəbiyyatşünaslıq elmi sahəsində əsas elmi tədqiqat mərkəzi kimi tanınır. İnsititut yarandığı gündən başlayaraq xalqımızın ədəbi-mədəni tarixinin araşdırılması ilə ardıcıl məşğul olmuş, onun təbliği işində böyük fəaliyyət göstərmişdir.

İnsititut 1932-ci ilin yanvar ayından Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitut

u tərkibində Ədəbiyyat sektoru kimi fəaliyyət göstərmiş, Azərbaycan MİK-in 10 iyul 1933-cü il tarixli qərarı ilə Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutundan ayrılaraq Azərbaycan Dil, Ədəbiyyat və Sənət İnsititutu tərkibində 1933-cü il sentyabrın 1-dən fəaliyyətə başlamışdır. Həmin İnsititutun əsas təşkilatçısı və ilk direktoru prof.V.M.Xuluflu (1894-1938) olmuşdur. İnsititutda ədəbiyyat problemləri ilə folklor şöbəsi (müdiri Hənəfi Zeynallı) və yazılı Azərbaycan ədəbiyyatı şöbəsi (müdiri Əli Nazim) məşğul olmuşdur. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası yarandıqda Dil və Ədəbiyyat İnstitutu kimi onun tərkibində olmuş, 1969-cu ildən isə müstəqil Ədəbiyyat İnstitutu olaraq fəaliyyət göstərmişdir. Beləliklə, 1932-ci ildə Ədəbiyyat sektoru kimi formalaşan İnsititut ötən 70 ildən artıq müddət ərzində Azərbaycanda filalogiya elminin mərkəzinə çevrilmiş, milli-mənəvi mədəniyyətin, xalqın folklorunun , klassik və müasir ədəbiyyatının öyrənilməsi ilə ardıcıl məşğul olmuş, onun tədqiqi, nəşri və təbliği sahəsində miqyaslı tarixi işlər görmüşdür. İnsititutda elmi və təşkilati işlərin yüksək səviyyədə qurulmasında və onun qarşısına qoyulan vəzifələrin həyata keçirilməsində Böyükağa Talibli, Bəkir Çobanzadə, Əli Nazim, Hənəfi Zeynallı, Salman Mümtaz, Səməd Vurğun, Məmməd Arif, Həmid Araslı, Məmməd Cəfər, Mirzə İbrahimov, Mirzağa Quluzadə, Feyzulla Qasımzadə, Məmmədhüseyn Təhmasib, Əli Sultanlı, Mir Cəlal və başqa görkəmli alimlər yaxından iştirak etmişlər.
İnstitut öz tarixinin müxtəlif dövrlərində zamanın tələblərinə uyğun yeni problemlərin, aktual məsələlərin tədqiqi ilə də məşğul olmuş və bütün hallarda bu qurumun strukturu həmin problemlərin həllinə imkan verən bir şəkildə müəyyənləşdirilmişdir.
Əvvələr İnstitutun əsas strukturu Azərbaycan ədəbiyyatının tarixinin, nəzəriyyəsinin, folklorun, ədəbi abidələrin tədqiqinə imkan verən «Ədəbiyyat tarixi», «Ədəbiyyat nəzəriyyəsi», «Folklor» və «Mətinşünaslıq» şöbələrini əhatə edən akademik qurumlardan ibarət olmuşdur. Bununla yanaşı, müxtəlif dövrlərdə zamanın tələbindən doğan şöbələr; məsələn, türk xalqlarının ümumi abidələrini, ədəbi-mədəni məsələlərini tədqiq edən «Ortaq türk ədəbiyyatı» və s. şöbələr fəaliiyyət göstərmişdir.

İNSTİTUTUN SABİQ DİREKTORLARI:
Vəli Xuluflu, Mirzə İbrahimov, Məmməd Arif, Məmmədağa Şirəliyev, Mirzağa Quluzadə, Məmməd Cəfər Cəfərov, Əziz Mirəhmədov, Yaşar Qarayev, Bəkir Nəbiyev. DİREKTOR MÜAVİNLƏRİ:
Kamal Talıbzadə, Vilayət Quliyev, Məhərrəm Qasımlı, Teymur Kərimli
ELMİ KATİBLƏR:
Timurçin Əfəndiyev, İmamverdi Həmidov, Arif Səfiyev, Nikpur Cabbarlı

ŞÖBƏLƏR VƏ ŞÖBƏ MÜDİRLƏRİ:
Son illərdə Akademiyada keçirilən islahatlarla bağlı olaraq İnstitutun strukturu da təkmilləşdirilmişdir. Hazırda İnstitutda 11 şöbə fəaliyyət göstərir.

İNSTITUTUN ƏSAS NƏŞRLƏRI:
İnstitutda nəşr işləri iki istiqamətdə aparılmışdır:
1.Azərbaycan ədəbi abidələrinin və klassiklərin əsərlərinin nəşri;
2.Elmi tədqiqat əsərlərinin nəşri. Demək olar ki, Azərbaycan ədəbiyyatının əksər klassiklərinin (Nizami, Xəqani, Fizuli, Zakir, Seyid Əzim, M.F.Axundov, C.Məmmədquluzadə, C.Cabbarlı, S.Vurğun və b.) əsərlərin bircildliyi və çoxcildliyi nəşr olunmuşdur. Həmçinin «Əkinçi» qəzeti, «Molla Nəsrəddin», «Fuyuzat» jurnalı kimi ədəbi-tarixi abidələrin, iyirmi cildlik «Azərbaycan klassik ədəbiyyatı kitabxanası»nın, dördcildlik «Cənubi Azərbaycan antologiyası»nın, F.Köçərlinin «Azərbaycan ədəbiyyatı» ikicildliyinin nəşri də İnstitutun mühüm işlərindəndir.
İnstitut mövcud olduğu müddətdə ədəbiyyatşünaslıq elminin aparıcı problemləri ilə məşğul olmuş və mühüm nailiyyətlər qazanmışdır. Xüsusilə Azərbaycan ədəbiyyatı tarixinin araşdarılması sahəsində ciddi işlər görmüşdür. Bu məsələ iki istiqamətdə keçirilmişdir:
1.Ayrı-ayrı görkəmli klassiklərin həyat və yaradıcılığının, həmçinin ədəbi-bədii problemlərin öyrənilməsi,
2.Çoxcildli «Azərbaycan ədəbiyyatı tarixi»nin yaradılması.
İnstitutun mühüm elmi nəşrlər sahəsində gördüyü işlər sırasında görkəmli ədəbiyyatşünaslarımız Məmməd Arifin, Məmməd Cəfərin, Ə.Mirəhmədovun, M.Quluzadənin, M.Təhmasibin, M.Seyidovun, Y.Qarayevin və başqalarının öz elmi-nəzəri səviyyəsi ilə yalnız ölkəmizdə deyil, xaricdə də həmişə diqqət mərkəzində dayanır. Monoqrafik və problematik tədqiqatların əsas məziyyətlərindən biri də ədəbiyyat tarixçiliyinin yaranmasında mühüm əhəmiyyətə malik olmasıdır. Bunun nəticəsidir ki, İnstitutun kollektivi tərəfindən müxtəlif dövrlərdə çoxcildli «Ədəbiyyat tarixi» kitabları yazılmışdır. İkicildlik «Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi» (1943-1944), üçciildlik «Azərbaycan ədəbiyyatı tarixi» (1958-1960), ikicildlik «Azərbaycan sovet ədəbiyyatı tarixi»(1967) kimi fundamental əsərlərin yaradılması bu baxımdan böyük elmi əhəmiyyət kəsb edir. İnstitutun hazırladığı altıcildlik «Azərbaycan ədəbiyyatı tarixi»nin birinci cildi artıq çapdan çıxmış, ikinci və üçüncü cildləri isə nəşr prossesindədir. Xaricdə yaşayan azərbaycanlılar üçün yazılmış «Azərbaycan ədəbiyyatı (Müxtəsər oçerk)» kitabı da işıq üzü görmüşdür. Fəaliyyət göstərdiyi dövrdə İnstitutda mindən artıq monoqrafiya və kollektiv elmi-tədqiqat işi hazırlamış və nəşr edilmişdir ki, bunların bir çoxu ölkədə, habelə xaricdə elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir.

İNSTITUTUN BEYNƏLXALQ ƏLAQƏLƏRI:
İnstitut alimlərinin əsərləri tez-tez xarici ölkələrdə (İran, Türkiyə və s.) çap olunur, həmçinin xarici alimlərin əsərləri nəşr üçün İnstituta göndərilir. Eyni zamanda İnstitutun əməkdaşları xaricdə keçirilən beynəlxalq simpoziumların, regional elmi konfransların təşkilində və işində fəal iştirak edirlər. Xarici alimlər də İnstitutda keçirilən elmi simpozium və konfranslarda («Fizuli-500», «Kitabi-Dədə Qorqud-1300», «Azərbaycan mühacirət ədəbiyyatı» və s.) iştirak etmişlər. MDB ölkələri, Polşa, Almaniya, Yuqoslaviya, Bolqarıstan, Fransa, ABŞ, İngiltərə,Türkiyə, İran, İraq alimləri ilə elmi yaradıcılıq əlaqələri indi də müxtəlif istiqamətlərdə davam etdirilir. İnstitut ölkəmizdə ədəbiyyatşünaslıq sahəsində kompleks elmi-tədqiqat problemlərinin əlaqələndirilməsi üzrə də əsas mərkəzdir. Respublikamızın digər elmi-tədqiqat idarələrində və ali təhsil müəssisələrində bu sahədə aparılan tədqiqatların və dissertasiya mövzularının koordinasiyası, müəyyənləşdirilməsi və qeydə alınması İnstitutun nəzdindəki ədəbiyyatşünaslıq üzrə problem şurası tərəfindən həyata keçirilir.
Ümumiyyətlə, İnstitut fəaliyyət göstərdiyi 70 ildən artıq müddətdə ölkəmizdə ədəbiyyatşünaslıq elminin inkişafında, elmi-nəzəri fikrin müasir tələblər səviyyəsinə qaldırılmasında mühüm xidmətlər göstərmişdir. 1982-ci ildə Nizami adına Ədəbiyyat İnstitutu elmin inkişafındakı xidmətlərinə görə 50 illik yubileyi ilə əlaqədar olaraq «Xalqlar Dostluğu ordeni» ilə təltif edilmişdir. İnstitutun əməkdaşlarından 16 nəfəri keçmiş SSRİ-nin və müstəqil respublikamızın orden və medalları ilə təltif edilmiş, 12 nəfər Əməkdar elm xadimi fəxri adı almış, 6 nəfər Azərbaycan Respublikasının Dövlət Mükafatına layiq görülmüşdür.

Vüqar Əhmədin Mir Cəlalın publisistikası haqqında monoqrafiyası çap olunub​AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu...
08/09/2026

Vüqar Əhmədin Mir Cəlalın publisistikası haqqında monoqrafiyası çap olunub

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Vüqar Əhmədin “Mir Cəlal Paşayevin bədii publisistikası və mətbu fəaliyyəti” adlı monoqrafiyası işıq üzü görüb. (Bakı-2026, “Elm və Təhsil”) “Mir Cəlal Paşayevin bədii publisistikası və mətbu fəaliyyəti” monoqrafiyası Ədəbiyyat İnstitutu Elmi Şurasının 6 iyul 2026-cı il tarixli 5 saylı qərarı ilə çap olunub.
​Kitabın elmi redaktoru və ön sözün müəllifi Mətbuat tarixi və publisistika şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, dosent Gülbəniz Babayeva, rəyçiləri BDU-nun kafedra müdiri, filologiya elmləri doktoru, professor Cahangir Məmmədli, Mətbuat tarixi və publisistika şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Elçin Mehrəliyev, Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru,dosent Aygün Bağırlıdır.
​Monoqrafiyada XX əsr Azərbaycan ədəbiyyatının, elmi-ictimai fikrinin və milli mətbuat tarixinin görkəmli nümayəndəsi Mir Cəlal Paşayevin publisistik irsi və mətbuat fəaliyyəti ilk dəfə sistemli şəkildə araşdırılır. Ədibin publisistikasının mövzu, ideya, janr və üslub xüsusiyyətləri dövri mətbuat materialları əsasında təhlil olunur, onun Azərbaycan publisistikasının inkişafı və milli mətbuat tarixindəki yeri elmi baxımdan yüksək qiymətləndirilir.
​Tədqiqatda Mir Cəlalın 1920-ci illərin ikinci yarısından etibarən ölkənin aparıcı qəzet və jurnalları ilə əməkdaşlığı, mətbuatın cəmiyyətin mənəvi inkişafındakı roluna dair baxışları işıqlandırılır.
​Monoqrafiya filoloqlar, ədəbiyyatşünaslar, jurnalistlər, tədqiqatçılar, ali məktəb müəllimləri, doktorant və magistrantlar, həmçinin Mir Cəlal irsi və Azərbaycan mətbuat tarixi ilə maraqlanan oxucular, araşdırmaçılar üçün nəzərdə tutulmuşdur.

“Çingiz Aytmatov və Azərbaycan” ensiklopedik cildi hazırlanırAzərbaycan və Qırğızıstan arasında ədəbi-elmi əlaqələr son ...
31/08/2026

“Çingiz Aytmatov və Azərbaycan” ensiklopedik cildi hazırlanır

Azərbaycan və Qırğızıstan arasında ədəbi-elmi əlaqələr son illərdə yeni məzmun və istiqamətlər qazanaraq institusional əməkdaşlıq səviyyəsinə yüksəlir.

Müstəqillik dövründə formalaşan qarşılıqlı elmi və ədəbi təmaslar birgə tədqiqatların aparılması, ortaq nəşrlərin hazırlanması və iki xalqın ədəbi-mədəni irsinin qarşılıqlı öyrənilməsi üçün yeni imkanlar yaradıb. Hazırda bu əməkdaşlığın mühüm istiqamətlərindən biri böyük qırğız yazıçısı Çingiz Aytmatovun irsinin Azərbaycanla bağlı aspektlərinin araşdırılmasıdır.

Bunu açıqlamasında AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər və rəqəmsal inkişaf üzrə direktor müavini filologiya elmləri doktoru Mehman Həsənli söyləyib. O bildirib ki, qarşılıqlı elmi-ədəbi əlaqələr müstəqillik dövrünün yaratdığı imkanlar çərçivəsində yeni elmi əməkdaşlığın qurulmasına və birgə tədqiqatların həyata keçirilməsinə əlverişli şərait yaradıb. 2025-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası ilə Qırğızıstan Milli Elmlər Akademiyası arasında anlaşma memorandumu və Qırğızıstan-Türkiyə Manas Universiteti arasında əməkdaşlıq haqqında Saziş imzalanıb. Hər iki müqavilə birgə tədqiqatların aparılması üçün əsaslı zəmin yaradıb.

Bu gün AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Qırğızıstan Elmlər Akademiyasının Çingiz Aytmatov adına Ədəbiyyat İnstitutu arasında elmi əməkdaşlıq uğurla davam etdirilir və birgə tədqiqat layihələri həyata keçirilir. Bu əməkdaşlığın mühüm istiqamətlərindən biri “Çingiz Aytmatov Ensiklopediyası”nın “Çingiz Aytmatov və Azərbaycan” cildinin hazırlanmasıdır.

Ensiklopediyanın Azərbaycan cildi hər iki qurumun əməkdaşlarının iştirakı ilə yazılmaqdadır. Nəşrin 2028-ci ildə - Çingiz Aytmatovun 100 illik yubileyi münasibətilə - həm Azərbaycan, həm də qırğız dillərində işıq üzü görməsi nəzərdə tutulur.

https://www.instagram.com/p/Dct82bxM01w/?igsi=MWp0a2NsamI4ejFvdQ==

Ədəbiyyat İnstitutu Çingiz Aytmatovun 100 illiyinə həsr edilən nəşr hazırlayacaqAMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnst...
31/08/2026

Ədəbiyyat İnstitutu Çingiz Aytmatovun 100 illiyinə həsr edilən nəşr hazırlayacaq

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun 100 illik yubileyinə həsr olunmuş yeni layihənin həyata keçirilməsi planlaşdırılır.

Bu barədə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər və rəqəmsal inkişaf üzrə direktor müavini, filologiya elmləri doktoru Mehman Həsənli açıqlamasında bildirib.

Onun sözlərinə görə, yubiley çərçivəsində “Çingiz Aytmatov və Azərbaycan məktublarda” adlı birgə nəşrin tərtibatı nəzərdə tutulur. Layihənin əsas məqsədi görkəmli yazıçının Azərbaycanla ədəbi, elmi və mənəvi əlaqələrini arxiv sənədləri, məktublaşmalar və digər yazılı mənbələr əsasında üzə çıxarmaq, bu zəngin irsi elmi və ictimai dövriyyəyə daxil etməkdir. Nəşrdə Çingiz Aytmatovun Azərbaycan ədəbiyyat və elm xadimləri ilə münasibətlərini, qarşılıqlı yaradıcılıq və fikir mübadiləsini əks etdirən məktubların, arxiv materiallarının və sənədlərin toplanaraq sistemləşdirilməsi nəzərdə tutulur. Mehman Həsənli qeyd edib ki, belə bir nəşrin hazırlanması dünyaşöhrətli yazıçının Azərbaycanla çoxşaxəli əlaqələrinin daha geniş şəkildə tədqiqinə, iki qardaş xalqın ədəbi-mədəni münasibətlərinin yeni arxiv materialları əsasında öyrənilməsinə mühüm töhfə verə bilər.

Layihənin həyata keçirilməsi nəticəsində Çingiz Aytmatovun Azərbaycan ədəbi-mədəni mühiti ilə əlaqələrinin yeni fakt və sənədlər əsasında təqdim olunması, həmçinin yazıçının yaradıcılıq irsinin müasir elmi araşdırmalarda daha geniş təbliği gözlənilir.

https://www.instagram.com/p/Dct9FFjs_oy/?igsi=cGhsNXY3eGtpa2Nr

Şəfa Əliyeva: Nizami Gəncəvi adına Milli Pedaqoji Universitet elmi əməkdaşlıq üçün mühüm platformadırDaşkənddə Nizami Gə...
26/08/2026

Şəfa Əliyeva: Nizami Gəncəvi adına Milli Pedaqoji Universitet elmi əməkdaşlıq üçün mühüm platformadır

Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetinin açılışı Azərbaycan–Özbəkistan elmi, mədəni və ədəbi əlaqələrinin inkişafı baxımından mühüm hadisədir. Universitetə dahi Azərbaycan şairi Nizami Gəncəvinin adının verilməsi iki ölkənin ədəbi irsinin qarşılıqlı öyrənilməsi, xüsusilə Nizami Gəncəvi və Əlişir Nəvai yaradıcılığının müqayisəli tədqiqi üçün yeni imkanlar yaradır.

Bu fikirləri AMEA Gənclər Akademiyasının sədr müavini, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Şəfa Əliyeva açıqlamasında bildirib.

Gənc alimin sözlərinə görə, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Özbəkistanın müvafiq elmi və ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük elmi potensial mövcuddur. İnstitutda Nizamişünaslıq, Azərbaycan–Özbəkistan ədəbi əlaqələri və müqayisəli ədəbiyyatşünaslıq istiqamətlərində aparılan tədqiqatlar gələcək əməkdaşlığın elmi əsaslarından birini təşkil edə bilər.

O qeyd edib ki, akademik İsa Həbibbəyli, filologiya elmləri doktoru Almaz Ülvi, Yaşar Qasımov, filologiya üzrə fəlsəfə doktoru Şəbnəm Mirzəzadə və digər alimlərin Azərbaycan–özbək ədəbi əlaqələri, Nizami Gəncəvi və Əlişir Nəvai irsi ilə bağlı araşdırmaları birgə elmi layihələrin həyata keçirilməsi üçün geniş imkanlar yaradır. Növbəti mərhələdə əməkdaşlığın konkret tədqiqat proqramları ilə davam etdirilməsi məqsədəuyğundur. Nizami və Nəvai mətnlərinin müxtəlif aspektlərdən müqayisəli öyrənilməsi, mətnşünaslıq və tərcümə layihələrinin həyata keçirilməsi, klassik ədəbi irsin rəqəmsallaşdırılması və elektron mətn korpuslarının hazırlanması bu istiqamətlər sırasında yer ala bilər. Gənc tədqiqatçıların prosesə cəlb olunması da xüsusi əhəmiyyət daşıyır.

AMEA Gənclər Akademiyası Azərbaycan və Özbəkistanın gənc filoloqları arasında elmi əlaqələrin genişləndirilməsi, birgə seminarların, yay məktəblərinin və gənc ədəbiyyatşünasların forumlarının təşkili istiqamətində əməkdaşlıq imkanlarına malikdir. Belə layihələr gənc alimlər arasında elmi ünsiyyətin gücləndirilməsinə və gələcək birgə tədqiqatların formalaşmasına şərait yarada bilər.

O, Daşkənddə universitetin yeni kampusunda Nizami Gəncəvi Muzeyinin yaradılmasını da mühüm təşəbbüs kimi qiymətləndirib. Onun fikrincə, muzey yalnız eksponatların nümayiş etdirildiyi məkan kimi deyil, Nizami irsinin öyrənilməsi və təbliği ilə bağlı elmi tədbirlərin, mühazirələrin, sərgilərin və rəqəmsal layihələrin keçirildiyi elmi-maarifləndirici mərkəz kimi fəaliyyət göstərə bilər.

Ədəbiyyat İnstitutunun Nizamişünaslıq sahəsində zəngin elmi təcrübəsinin bu istiqamətdə əməkdaşlıq üçün mühüm imkan yaratdığını vurğulayan Şəfa Əliyeva Azərbaycan və Özbəkistan alimlərinin birgə layihələrinin Nizami irsinin beynəlxalq səviyyədə öyrənilməsinə və təbliğinə töhfə verəcəyini bildirib. O, həmçinin Füzuli şəhərindəki Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin məzunlarının Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetdə təhsil almaq imkanını Azərbaycan–Özbəkistan əməkdaşlığının təhsil və gənclər sahəsində konkret nəticələrindən biri kimi dəyərləndirib. Qeyd edib ki, məktəbin ilk beş məzununun qrant əsasında universitetdə təhsil almaq hüququ qazanması, məzunların 20 faizinin isə universitetə qəbul olunması iki ölkə arasında təhsil əlaqələrinin praktiki nəticələrini nümayiş etdirir.

Alim əlavə edib ki, Nizami Gəncəvi adına Milli Pedaqoji Universitet gələcəkdə Azərbaycan və Özbəkistan alimlərinin, xüsusilə humanitar elmlər üzrə tədqiqatçıların əməkdaşlığı üçün mühüm elmi platformaya çevrilə bilər. Bunun əsas istiqamətlərindən biri Nizami irsinin və Azərbaycan–Özbəkistan ədəbi əlaqələrinin müasir elmi metodlarla birgə araşdırılmasıdır. Tədqiqatçı Ədəbiyyat İnstitutunun elmi təcrübəsi ilə AMEA Gənclər Akademiyasının gənc tədqiqatçıları bir araya gətirən imkanlarının bu əməkdaşlığın inkişafına real töhfə verə biləcəyi vurğulayıb.

Yaşar Qasımbəyli: Maqsud Şeyxzadənin xatirəsi Azərbaycan–Özbəkistan dostluğunun əbədi rəmzidirAzərbaycan–Özbəkistan müna...
26/08/2026

Yaşar Qasımbəyli: Maqsud Şeyxzadənin xatirəsi Azərbaycan–Özbəkistan dostluğunun əbədi rəmzidir

Azərbaycan–Özbəkistan münasibətləri qədim və möhkəm tarixi-mədəni köklərə söykənir. İki qardaş xalqın dostluq və qardaşlıq əlaqələrinin inkişafında görkəmli Azərbaycan şairi, alim və dramaturq Maqsud Şeyxzadənin də xüsusi rolu var. Onun uzun illər Özbəkistanda elmi-pedaqoji və ədəbi fəaliyyəti Azərbaycan–Özbəkistan ədəbi-mədəni əlaqələrinin inkişafında mühüm iz qoyub.

Bu fikirləri açıqlamasında AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi professor Yaşar Qasımbəyli söyləyib.

Professor qeyd edib ki, Azərbaycan–Özbəkistan münasibətləri möhkəm tarixi və mədəni əsaslara söykənir. Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana mütəmadi səfərləri iki ölkə arasında siyasi, iqtisadi və mədəni əlaqələrin daha da inkişafına mühüm töhfələr verir. Bu səfərlərin gələcək nəsillər tərəfindən də Azərbaycan–Özbəkistan dostluğunun möhkəmlənməsində mühüm mərhələ kimi xatırlanacağı vurğulanıb. Yaşar Qasımbəyli Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin iki xalq arasındakı dostluğun mühüm rəmzlərindən birinə çevrildiyini diqqətə çatdırıb. O, universitetin tarixindən danışarkən burada uzun illər fəaliyyət göstərmiş görkəmli Azərbaycan və Özbəkistan şairi, alimi, dramaturqu və professoru Maqsud Şeyxzadənin adını xüsusi ehtiramla yad edib. Maqsud Şeyxzadə uzun illər Daşkənddə pedaqoji fəaliyyət göstərərək Özbəkistanın elm və ədəbiyyat mühitində böyük nüfuz qazanıb. O, Nizami Gəncəvi və Əlişir Nəvai yaradıcılığının tədqiqində mühüm xidmətlər göstərib, iki qardaş xalqın ədəbi-mədəni əlaqələrinin inkişafına böyük töhfələr verib. Yaşar Qasımbəyli bildirib ki, 1947-ci ildə Daşkənd Dövlət Pedaqoji İnstitutuna Nizami Gəncəvinin adının verilməsində də Maqsud Şeyxzadənin xüsusi xidmətlərinin olduğu qeyd edilir. Həmin dövrdə dosent kimi fəaliyyət göstərən Şeyxzadə Nəvai haqqında fundamental araşdırmaların müəllifi, şair və yazıçı kimi tanınırdı.

“Biz Nizami Gəncəvi adına Daşkənd Pedaqoji Universitetindən bəhs edərkən mütləq Maqsud Şeyxzadəni də xatırlamalıyıq”, – deyən professor onun irsinin Azərbaycan–Özbəkistan dostluğunun yaşadılmasında xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Maqsud Şeyxzadənin xatirəsi bu gün də Özbəkistanda böyük ehtiramla yad olunur. Onun tələbələri və yaradıcılığını tanıyan insanlar azərbaycanlılarla görüşlərdə Şeyxzadə müəllimi minnətdarlıq və səmimiyyətlə xatırlayırlar. Maqsud Şeyxzadə Azərbaycanı və Özbəkistanı birləşdirən, gələcəkdə də birləşdirəcək böyük mənəvi simalardan biridir. O, görkəmli ziyalının xatirəsinin əbədiləşdirilməsinin və irsinin yeni nəsillərə çatdırılmasının vacibdir.

Maqsud Şeyxzadə Azərbaycanı və Özbəkistanı həmişə birləşdirən və birləşdirəcək rəmzlərdən biridir. Maqsud Şeyxzadənin zəngin yaradıcılıq və elmi irsi iki qardaş xalq arasında ədəbi-mədəni əlaqələrin möhkəmlənməsinə xidmət edən qiymətli mənəvi sərvətdir.

Qeyd edək ki, milliyyətcə Azərbaycan türkü olan Özbəkistan şairi, yeni özbək ədəbiyyatının əsasını qoyanlardan biri Maqsud Şeyxzadə Qazax rayonunun Yuxarı Salahlı kəndindəndir və Ağdaş şəhərində anadan olub. Fuad Şıxıyevin qardaşı olan şair 1925-ci ildə Bakıda Darülmüəllim məktəbini bitirib, müxtəlif illərdə müəllim, jurnalist və elmi işçi kimi fəaliyyət göstərib. 1938-ci ildən ömrünün sonunadək Daşkənd Pedaqoji İnstitutunda özbək ədəbiyyatı tarixindən mühazirələr oxuyan Maqsud Şeyxzadə 30-dək şeir kitabının, “Cəlaləddin Mənquberdi” və “Mirzə Uluğbəy” mənzum pyeslərinin, 200-dən çox elmi, tənqidi və publisistik əsərin, eləcə də Əlişir Nəvaiyə həsr olunmuş “Dahi şair” monoqrafiyasının müəllifidir.

Türk Mədəniyyəti Və İrsi Fondunda ədəbi irsin tədqiqi və əməkdaşlıq məsələləri müzakirə olunubTürk Mədəniyyəti və İrsi F...
22/08/2026

Türk Mədəniyyəti Və İrsi Fondunda ədəbi irsin tədqiqi və əməkdaşlıq məsələləri müzakirə olunub

Türk Mədəniyyəti və İrsi Fondunun mənzil-qərargahında təşkilatın prezidenti, professor Aktotı Raimkulova Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Mehman Həsənli ilə görüşüb.

Görüş zamanı türk xalqlarının zəngin ədəbi və mədəni irsinin qorunması, öyrənilməsi və təbliği, eləcə də türk dünyasının ortaq mənəvi dəyərlərinin beynəlxalq səviyyədə tanıdılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Professor Aktotı Raimkulova Fond tərəfindən həyata keçirilən layihə və təşəbbüslər, o cümlədən gənc istedadlı alimlərin, tədqiqatçıların və yazıçıların dəstəklənməsinə, həmçinin türk dünyasında elmi və ədəbi əməkdaşlığın genişləndirilməsinə yönəlmiş fəaliyyətlər barədə məlumat verib.

Tərəflər, həmçinin əməkdaşlığın perspektivlərini və türk xalqlarının zəngin ədəbi irsinin tədqiqi, qorunması və təbliği istiqamətində mümkün birgə layihələri müzakirə ediblər.

https://www.instagram.com/p/DcWCWUeMKJE/?igsi=MXZrZHo1MmwyOGxmZA==

Azərbaycan ədəbiyyatında felyeton janrı kompleks şəkildə tədqiq olunub“Azərbaycan ədəbiyyatında felyeton janrının təşəkk...
08/08/2026

Azərbaycan ədəbiyyatında felyeton janrı kompleks şəkildə tədqiq olunub

“Azərbaycan ədəbiyyatında felyeton janrının təşəkkülü və tipologiyası” mövzusunda tədqiqat işimdə janrın poetikası, inkişaf mərhələləri, janr sərhədləri və tipoloji xüsusiyyətləri kompleks şəkildə araşdırılıb və bu sahədə mövcud elmi boşluğun aradan qaldırılmasına xidmət edir.

Bunu müsahibəsində AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Günel Əhmədova söyləyib. O bildirib ki, tədqiqat çərçivəsində Azərbaycan mətbuatında felyetonun inkişaf dinamikası izlənilib, janrın milli xüsusiyyətləri müəyyənləşdirilib, onun əsas nəzəri xüsusiyyətləri, inkişaf mərhələləri və tipologiyası elmi əsaslarla sistemləşdirilib. Eyni zamanda, felyeton janrının Azərbaycan ədəbiyyatındakı yeri və əhəmiyyəti, müxtəlif dövrlərdə Azərbaycan yazıçılarının bu janra müraciət xüsusiyyətləri tədqiq edilib. Dissertasiyada felyetonun janr identifikasiyası, Azərbaycan ədəbiyyatında təşəkkülü, ideya-məzmun və forma xüsusiyyətləri, həmçinin tipoloji cəhətləri geniş şəkildə araşdırılıb. Felyetonların dərc olunduğu qəzet və jurnallar tədqiq edilib, bu janrın Azərbaycan mətbuatında mövqeyi və ictimai funksiyası müəyyənləşdirilib. Tədqiqatın mühüm yeniliklərindən biri müasir dövrdə felyeton janrının mövcudluğu və inkişaf perspektivlərinin ilk dəfə ayrıca problem kimi araşdırılmasıdır. Bununla yanaşı, felyetonun publisistik və bədii xüsusiyyətləri vəhdətdə təhlil edilərək onun hibrid janr olması elmi faktlarla əsaslandırılıb.

“Azərbaycanda mətbuatın yaranması və inkişafı milli ədəbiyyata yeni janrların daxil olmasına əlverişli şərait yaradıb. Xüsusilə XIX əsrin sonu – XX əsrin əvvəllərində Avropa mənşəli bir sıra janrlar Azərbaycan ədəbiyyatına daxil olaraq milli xüsusiyyətlər qazanıb və ədəbi prosesin ayrılmaz hissəsinə çevrilib. Felyeton da belə janrlardan biri kimi milli mətbuatın və ədəbiyyatın inkişafında mühüm rol oynayıb. Vaxtilə geniş yayılmış bu janr müasir dövrdə əvvəlki fəallığını itirsə də, onun yenidən aktuallaşdırılması, qəzet, jurnal və internet media platformalarında tətbiqi həm publisistikanın, həm də milli ədəbiyyatın inkişafına mühüm töhfə verə bilər. Bu baxımdan felyeton janrının hərtərəfli öyrənilməsi jurnalistlər, publisistlər, eləcə də jurnalistika ixtisası üzrə təhsil alan tələbələr üçün nəzəri və praktik əhəmiyyət daşıyır. Azərbaycan publisistikasının görkəmli nümayəndələrinin yazıb-yaratdıqları bu janrın tədqiqi və müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf perspektivlərinin müəyyənləşdirilməsi milli mətbuat və ədəbiyyat tarixinin öyrənilməsinə mühüm töhfə verir”, - deyə müsahibimiz bildirib.

Günel Əhmədova qeyd edib ki, tədqiqat zamanı əldə edilən elmi nəticələr gələcək araşdırmalar üçün nəzəri baza rolunu oynaya bilər. Bu araşdırma həm ədəbiyyatşünaslıq, həm jurnalistika sahəsində çalışan mütəxəssislər, həm də tələbələr, magistrantlar və doktorantlar üçün faydalı ola bilər.

Gənc tədqiqatçı: Azərbaycan-Çin elmi və ədəbi əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyubAzərbaycan ilə Çin arasında ...
07/08/2026

Gənc tədqiqatçı: Azərbaycan-Çin elmi və ədəbi əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyub
Azərbaycan ilə Çin arasında əlaqələr zəngin tarixi ənənələrə malikdir. Müstəqillik dövründə Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan bu münasibətlər bu gün də uğurla inkişaf etdirilir. Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfərindən sonra isə ikitərəfli əlaqələr yeni mərhələyə qədəm qoyub, iqtisadiyyat, elm, təhsil, mədəniyyət və ədəbiyyat sahələrində əməkdaşlığın daha da genişlənməsi üçün əlverişli imkanlar yaranıb.

Bu fikirləri müsahibəsində AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan - Asiya ədəbi əlaqələri şöbəsinin, Çin Tədqiqatlar Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nərgiz Kərimova söyləyib.

Gənc tədqiqatçı qeyd edib ki, müstəqillik dövründə Azərbaycan-Çin ədəbi əlaqələrinin formalaşması və inkişafında Ədəbiyyat İnstitutunun mühüm rolu olub. Mərkəzin fəaliyyəti çərçivəsində Azərbaycan və Çin ədəbiyyatının qarşılıqlı öyrənilməsi və tanıdılması, birgə elmi konfransların, seminarların və videokonfransların təşkili, elmi nəşrlərin mübadiləsi, eləcə də ortaq elmi tədqiqatların aparılması istiqamətində mühüm işlər görülüb.

Müsahibəsində elmi fəaliyyətindən də danışan Nərgiz Kərimova bildirib ki, 2016-cı ildə doktorantura pilləsinə qəbul olunaraq “Azərbaycan ədəbiyyatında Çin mənşəli arxetip və obrazlar” mövzusunda dissertasiya üzərində işləyib. 2017-ci ildə altı ay müddətində Çində təhsil alıb, Çin dilini öyrənib, ölkənin elm, təhsil və mədəniyyət mühiti ilə yaxından tanış olub.

“Əldə etdiyim bilik və təcrübə sonrakı elmi fəaliyyətimdə mühüm rol oynayıb. Azərbaycana qayıtdıqdan sonra fəlsəfə doktorluğu dissertasiyasını müdafiə etdim. Elmi işimdə Azərbaycan ədəbiyyatında Çin mədəniyyətinə məxsus arxetipik obrazlar və simvollar, onların formalaşma mənbələri və xüsusiyyətlərini orijinal mənbələr əsasında tədqiq etdim. Eyni zamanda, Azərbaycan və Çin müəlliflərinin əsərlərini müqayisəli şəkildə təhlil etdim”, - Nərgiz Kərimova bildirib.

Qeyd edək ki, gənc tədqiqatçı, həmçinin Pekində Çin İctimai Elmlər Akademiyasının Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya Tədqiqatları İnstitutunun təşkil etdiyi “Bir kəmər, bir yol, yüksəkkeyfiyyətli inkişaf: konsepsiyalar və fəaliyyətlər” adlı beynəlxalq elmi konfransda iştirak edib. Avropa və Asiyanın 15-dən çox ölkəsindən 60-dan artıq alimin qatıldığı tədbirdə elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın inkişaf perspektivləri geniş müzakirə olunub, qarşılıqlı təcrübə mübadiləsi aparılıb.

07/08/2026

Müsahibimiz Türkiyənin nüfuzlu ali təhsil ocaqlarından olan Mərmərə Universitetində elmi ezamiyyətdə olmuş, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Rəqəmsal ədəbiyyatşünaslıq və süni intellekt” şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru,...

Orxan İsayev: İraq türkmanlarının irsinin öyrənilməsi Türk dünyasının inteqrasiyası üçün strateji əhəmiyyət daşıyırİraq ...
05/08/2026

Orxan İsayev: İraq türkmanlarının irsinin öyrənilməsi Türk dünyasının inteqrasiyası üçün strateji əhəmiyyət daşıyır

İraq türkmanlarının zəngin ədəbi, folklor və mədəni irsinin öyrənilməsi Azərbaycan–Türk dünyası elmi əlaqələrinin əsas istiqamətlərindən birinə çevrilib. Alimlər bildirirlər ki, uzun illər ərzində aparılan araşdırmalar, nəşrlər və elmi layihələr sayəsində türkman irsinin öyrənilməsi sahəsində mühüm elmi baza formalaşıb. Bu istiqamətdə həyata keçirilən yeni təşəbbüslər isə ortaq tarixi-mədəni dəyərlərin qorunmasına və gələcək nəsillərə çatdırılmasına xidmət edir. İraq türkmanlarının zəngin ədəbi, folklor və mədəni irsinin öyrənilməsi, araşdırılması və Azərbaycan oxucusuna çatdırılması istiqamətində son onilliklərdə mühüm elmi-mədəni layihələr həyata keçirilir. Bu sahədə aparılan tədqiqatlar ortaq tarixi və mədəni dəyərlərin daha dərindən öyrənilməsinə, Azərbaycan–Türk dünyası əlaqələrinin möhkəmlənməsinə xidmət edir.

Bu fikirləri müsahibəsində "Körpü" Türkman İrsi Araşdırmaları Mərkəzi İctimai Birliyinin sədri, Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Orxan İsayev bildirib.

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Orxan İsayev bildirib.

Tədqiqatçı-alimin sözlərinə görə, ötən əsrin 60-cı illərindən etibarən bu sahədə formalaşan elmi ənənənin inkişafında professor Qəzənfər Paşayevin müstəsna xidmətləri olub. Məhz onun fəaliyyəti nəticəsində İraqdakı türkman soydaşlarımızla elmi-mədəni əlaqələr yenidən bərpa edilib, Azərbaycanda İraq türkmanşünaslığı üzrə elmi məktəb formalaşıb. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının müxtəlif institutlarında aparılan tədqiqatlar, nəşr olunan kitab və məqalələr, elmi konfrans və seminarlar İraq türkmanlarının zəngin ədəbi-mədəni irsinin daha geniş şəkildə tanıdılmasına xidmət edir.

Tədqiqatçı qeyd edib ki, Qarabağ Zəfərindən sonra Azərbaycan dövləti türk xalqları ilə ortaq tarixi və mədəni irsin öyrənilməsinə xüsusi diqqət ayırır. Bu istiqamətdə Azərbaycanda keçirilən Türkman İrsi Forumu, eləcə də İraq, Suriya, Livan və Türkiyədən alim və tədqiqatçıların iştirakı ilə təşkil olunan tədbirlər elmi əməkdaşlığın genişlənməsinə mühüm töhfə verib.

Alim vurğulayıb ki, bu il Azərbaycanda ilk dəfə türkman irsinin sistemli araşdırılması məqsədilə "Körpü" Türkman İrsi Araşdırmaları Mərkəzi İctimai Birliyi təsis edilib. Təşkilatın əsas məqsədi türkman irsi üzrə çalışan alim və tədqiqatçıları bir araya gətirmək, elmi araşdırmaların səmərəliliyini artırmaq və bu zəngin irsin beynəlxalq səviyyədə tanıdılmasına töhfə verməkdir.

Azərbaycan və İraq türkmanlarının ortaq dəyərlərinə də toxunan Orxan İsayev bildirib ki, hər iki xalq ortaq dil, folklor, ədəbiyyat, dövlətçilik ənənələri və ailə-məişət mədəniyyəti ilə sıx bağlıdır. Kərkük və ətraf bölgələrdə danışılan türkman türkcəsinin Azərbaycan dilinin dialektlərindən biri hesab olunması, həmçinin Qazi Bürhanəddin, Cahanşah Həqiqi, Şah İsmayıl Xətai, Əbdülqədir Marağayi və Məhəmməd Füzuli kimi klassiklərin ortaq ədəbi irsin əsas nümayəndələri olması bu tarixi bağlılığın mühüm göstəricilərindəndir.

Orxan İsayevin fikrincə, İraq türkmanları və Azərbaycan türkləri eyni etnik kökdən gələn, müxtəlif coğrafiyalarda yaşayan bir xalqın nümayəndələridir. Bu baxımdan ortaq ədəbi və mədəni irsin araşdırılması yalnız elmi deyil, həm də milli-mədəni yaddaşın qorunması və Türk dünyasının inteqrasiyası baxımından strateji əhəmiyyət daşıyır.

Address

Hüseyn Cavid Prospekti, 117. Akademiya şəhərciyi, Əsas Bina
Baku
AZ1143

Alerts

Be the first to know and let us send you an email when Ədəbiyyat İnstitutu-rəsmi səhifə posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Ədəbiyyat İnstitutu-rəsmi səhifə:

Shortcuts

Share