04/06/2026
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Azərbaycanın sovet dövrü tarixi” şöbəsinin “Azərbaycan tarixixnin məsələləri Səməd Vurğun yaradıcılığında” mövzusunda DƏYİRMİ MASA keçirilmişdir.
22 may 2026-cı il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Azərbaycanın sovet dövrü tarixi” şöbəsinin təşkilatçılığı ilə “Azərbaycan tarixinin məsələləri Səməd Vurğun yaradıcılığında” mövzusunda dəyirmi masa keçirilmişdir.
Tədbirdə institutun rəhbərliyi, şöbə əməkdaşları, tarixçi alimlər və ali məktəb tələbələri iştirak etmişlər. Dəyirmi masanın əsas məqsədi görkəmli Azərbaycan şairi Səməd Vurğunun yaradıcılığında Azərbaycan tarixinin, milli-mənəvi dəyərlərin, tarixi şəxsiyyətlərin və ictimai-siyasi proseslərin bədii əksinin elmi müstəvidə araşdırılması olmuşdur.
Tədbiri giriş sözu ilə Tarix və Etnologiya İnstitutunun Elmi işlər üzrə direktor müavini, t.e.d., dosent İlqar Niftəliyev açaraq, görkəmli şairin Azərbaycanın ədəbi-mədəni, siyasi həyatındakı önəmli xidmətlərindən, böyük rolundan danışmışdır.
Sonra Azərbaycanın sovet dövrü tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru, professor İkirəm Ağasıyev “S.Vurğun: tarixi yaddaş və müasirlik” adlı məruzə ilə çıxış etmişdir.
Dəyirmi masa çərçivəsində məruzəçilər tərəfindən şairin yaradıcılığında Azərbaycan xalqının qəhrəmanlıq tarixi, milli azadlıq düşüncəsi, tarixi şəxsiyyətlərin obrazları, sovet dövrünün ictimai-siyasi reallıqları və milli-mədəni irsin qorunması kimi məsələlər ətrafında məruzələr təqdim edilmişdir. Bildirilmişdir ki, Səməd Vurğunun əsərləri yalnız ədəbi deyil, həm də tarixi mənbə kimi mühüm elmi əhəmiyyət daşıyır. Müzakirələr zamanı iştirakçılar tərəfindən mövzu ilə bağlı fikir mübadiləsi aparılmış, gələcək elmi tədqiqat istiqamətləri və əməkdaşlıq imkanları haqqında təkliflər səsləndirilmişdir.
Məruzəçilər arasında “Azərbaycan Xalq Cümhuriyyəti tarixi” şöbəsinin böyük elmi işçisi Aygün Əzimova “S.Vurğunun“26-lar” poeması tarixi miflər və gerçəkliklər rakursunda” mövzusu ilə çıxış etmişdir. O, çıxışçında Səməd Vurğunun Azərbaycan ədəbiyyatında xüsusi yerindən bəhs etmiş, onun əsərlərində xalqın tarixi yaddaşının, milli kimliyinin və vətənpərvərlik ideyalarının geniş şəkildə təcəssüm olunduğunu vurğulamışlar.
“Azərbaycanın sovet dövrü tarixi” şöbəsinin aparıcı elmi işçisi Aypara Rüstəmova “S.Vurğrn yaradıcılığında bütöv Azərbaycan həsrəti” mövzusunda onlayn çıxış etmişdir.
Tədbirdə iştirak edən “Tarixi etnologiya” şöbəsinin a.e.i., t.ü.f.d. İsmayıl Umudlu “S.Vurğunun şəcərəsi haqqında” mövzusu ilə maraqlı məruzə etmişdir.
“Azərbaycanın sovet dövrü tarixi” şöbəsinin aparıcı elmi işçisi, dosent Əzizə Nəzərli öz atasının S.Vurğun və Mehdixan Bəkirovla bağlı xatirələrini bölüşdü və özünün şairin qızı Aybəniz xanımla görüşlərindən danışdı. “Azərbaycan Xalq Cümhuriyyəti tarixi” şöbəsinin t.ü.f.d, dosent ,aparıcı elmi işçisi Mübariz Ağalarlı şairin yaradıcılığı ilə bağlı maraqlı məqamlara toxundu.
Tədbirin sonunda dəyirmi masanın Azərbaycan tarixinin və ədəbi irsinin qarşılıqlı əlaqələrinin öyrənilməsi baxımından əhəmiyyətli elmi platforma olduğu qeyd edildi və tədbir maraqlı disskyssiyaları ilə yadda qaldı.