Bərdə RİHB-nin Lənbəran İƏD üzrə nümayəndəliyi

Bərdə RİHB-nin Lənbəran İƏD üzrə nümayəndəliyi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Bərdə RİHB-nin Lənbəran İƏD üzrə nümayəndəliyi, Government Organization, Barda.

14/08/2026

Naxçıvanın sürətli sosial-iqtisadi inkişafı təmin ediləcək.

Prezident İlham Əliyevin 11 avqust 2026-cı ildə Naxçıvana səfəri çərçivəsində Azərbaycan Televiziyasına verdiyi müsahibədə Naxçıvanın müdafiə potensialının gücləndirilməsi, sosial-iqtisadi inkişafı, enerji təhlükəsizliyi, sənaye, nəqliyyat, kənd təsərrüfatı, turizm və gələcək inkişaf perspektivləri ilə bağlı mühüm məsələlərə toxunulub.
Prezident İlham Əliyevin Naxçıvana Prezident kimi 17-ci səfəri xüsusi əhəmiyyət daşıyır. Səfər zamanı həyata keçirilən tədbirlər Naxçıvanın hərtərəfli inkişafının yeni mərhələyə qədəm qoyduğunu göstərir. Qarşıdakı dövrdə regionun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi, yeni layihələrin həyata keçirilməsi və əhalinin rifahının yüksəldilməsi istiqamətində işlər davam etdiriləcək.
Naxçıvanın təhlükəsizliyi və müdafiə imkanlarının artırılması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Səfər çərçivəsində Azərbaycan Ordusunun, o cümlədən Naxçıvandakı hərbi potensialın gücü bir daha nümayiş etdirilib.
Prezidentin Sərəncamı ilə yaradılmış Əlahiddə Ordu Azərbaycan Silahlı Qüvvələrinin ayrılmaz hissəsidir. Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə birbaşa quru bağlantısının olmaması onun müdafiə imkanlarının daim diqqətdə saxlanılmasını zəruri edir. Bu gün Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir və Naxçıvanın hərbi imkanlarının bundan sonra da artırılması nəzərdə tutulur.
Naxçıvan Sənaye Parkının təməlinin qoyulması regionun iqtisadi inkişafı baxımından mühüm hadisədir. Ərazisinə görə bu sənaye parkı Sumqayıt Sənaye Parkından sonra ölkədə ikinci böyük sənaye parkı olacaq.
Sənaye Parkının tərkib hissəsi kimi 300 meqavat gücündə istilik elektrik stansiyasının inşası nəzərdə tutulur. Hazırda Naxçıvanın mövcud generasiya gücü təqribən 200 meqavatdır. Yeni stansiya həm regionun dayanıqlı enerji təminatını gücləndirəcək, həm də gələcəkdə elektrik enerjisinin ixracına imkan yaradacaq.
Naxçıvanın qazlaşdırılması isə artıq 100 faiz səviyyəsindədir. Azərbaycan və İran arasında qaz mübadiləsi əsasında həyata keçirilən layihələr nəticəsində Naxçıvanın qaz təminatı tam şəkildə təmin edilib. Bu, regionun enerji təhlükəsizliyi baxımından mühüm göstəricidir.
Naxçıvanda su, Günəş və modul tipli elektrik stansiyaları da yaradılıb. Hazırda 300 meqavatlıq istilik elektrik stansiyası ilə yanaşı, 50 meqavat gücündə iki Günəş elektrik stansiyasının yaradılması istiqamətində də işlər aparılır.
Naxçıvan Günəş enerjisinin istehsalı baxımından Azərbaycanın ən əlverişli ərazilərindən biridir. Artıq 600 hektardan çox ərazi müəyyənləşdirilib və burada yüzlərlə meqavat gücündə Günəş elektrik stansiyalarının yaradılması planlaşdırılır.
Naxçıvanda təkcə Günəş enerjisinin istehsal gücünün ən azı 500 meqavata, gələcəkdə isə daha yüksək göstəriciyə çatdırılması mümkündür. Burada əsas məqsədlərdən biri istehsal olunan elektrik enerjisinin ixrac imkanlarını genişləndirməkdir.
Bərpaolunan enerji layihələrində özəl sektorun iştirakı da artır. Bu, Azərbaycandakı investisiya mühitinin və dövlət dəstəyinin nəticəsidir. Naxçıvanın enerji ilə təminatı artıq tam sığortalanıb və qarşıdakı mərhələdə regionun enerji ixrac edən əraziyə çevrilməsi hədəflənir.
Ordubad rayonunun Tivi kəndində 15 meqavatdan bir qədər çox gücə malik su elektrik stansiyasının layihəsinin də həyata keçirilməsi nəzərdə tutulur.
Naxçıvan zəngin tarixə, mədəniyyətə və memarlıq irsinə malikdir. Qədim Atabəylər dövlətinin paytaxtı olmuş bu ərazidə çoxsaylı tarixi abidələr yerləşir.
Möminə xatun məqbərəsinin bərpası ilə yanaşı, digər tarixi-mədəni obyektlərin qorunması və bərpası istiqamətində də işlər aparılır. Naxçıvanın inkişafında sosial-iqtisadi layihələrlə yanaşı, milli kimliyin, dilin, ədəbiyyatın, tarixin və mədəni irsin qorunması xüsusi əhəmiyyət daşıyır.
Naxçıvan Azərbaycan xalqına Ulu Öndər Heydər Əliyev kimi dahi şəxsiyyət bəxş edib. Region həmçinin Azərbaycanın çoxsaylı görkəmli şəxsiyyətlərinin vətənidir. Onun strateji coğrafi mövqeyi və zəngin tarixi irsi Naxçıvanın əhəmiyyətini daha da artırır.
Naxçıvanın inkişafına dair Dövlət Proqramı regionun gələcək inkişafının sistemli şəkildə həyata keçirilməsi üçün mühüm imkanlar yaradır. Kənd təsərrüfatının inkişafına dair qəbul edilmiş Dövlət Proqramında da Naxçıvana xüsusi yer ayrılıb.
Suvarma layihələrinin həyata keçirilməsi, yeni artezian quyularının qazılması və müasir suvarma sistemlərinin qurulması nəticəsində hazırda suvarılmayan torpaqların da su təminatının yaxşılaşdırılması nəzərdə tutulur.
Sosial xidmətlərin inkişafı da diqqət mərkəzindədir. Naxçıvanda DOST Mərkəzinin və “ASAN xidmət” mərkəzinin fəaliyyət göstərməsi vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.
Müsahibədə Zəngəzur dəhlizinin yaradılması məsələsinə xüsusi diqqət yetirilib. Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək bu nəqliyyat bağlantısının yaradılması Azərbaycanın uzunmüddətli və prinsipial hədəflərindən biri olub.
İkinci Qarabağ müharibəsindən sonra imzalanmış üçtərəfli bəyanatda Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat bağlantısının yaradılması ilə bağlı müddəa öz əksini tapıb. Prezident İlham Əliyev bu məsələnin tarixi və siyasi əhəmiyyətini xüsusi vurğulayıb.
Bu baxımdan tarixi hadisələrin olduğu kimi öyrənilməsi və tarixin təhrifinə imkan verilməməsi xüsusi əhəmiyyət daşıyır.
Sonrakı dövrdə Zəngəzur dəhlizinin açılması istiqamətində müxtəlif səbəblərdən praktiki irəliləyişin təmin olunmadığı bildirilib. Daha sonra ABŞ-ın prosesə fəal qoşulması ilə yeni mərhələ başlayıb və 2025-ci il avqustun 8-də Vaşinqton Zirvə Görüşündə bu məsələnin həlli istiqamətində mühüm addım atılıb, TRIPP layihəsinin icrasına başlanılıb.
Horadiz–Ağbənd avtomobil yolu artıq demək olar ki, hazırdır. Azərbaycan ərazisində dəmir yolunun tikintisi də sürətlə davam etdirilir. Növbəti il dəmir yolunun Ermənistan sərhədinə çatdırılması gözlənilir.
Naxçıvan ərazisində də dəmir yolunun bərpası və tikintisi həyata keçiriləcək. Ordubad və Sədərək istiqamətlərində mövcud olmayan hissələrin yenidən qurulması nəzərdə tutulur.
Hazırkı dəmir yolunun yükaşırma qabiliyyəti 1,5 milyon ton təşkil edir. Lakin Azərbaycanın qarşıya qoyduğu məqsəd bu göstəricini ən azı 15 milyon tona çatdırmaqdır. Bunun üçün dəmir yolu yenidən qurulmalı və müasir tələblərə uyğunlaşdırılmalıdır.
Naxçıvan dəmir yolu layihəsinə beynəlxalq maraq da artır. Layihənin reallaşdırılmasında beynəlxalq investorların iştirakı mümkündür. Bununla belə, əsas şərt nəzarət paketinin Azərbaycan dövlətinə məxsus olmasıdır.
Naxçıvan ərazisində yeni texniki-iqtisadi əsaslandırmaya uyğun olaraq dəmir yolunun uzunluğunun 194 kilometr olacağı bildirilir. Ermənistan ərazisində isə dəmir yolu hissəsinin uzunluğu 42 kilometr təşkil edir.
Zəngəzur dəhlizinin açılması Azərbaycanın İranla ikinci dəmir yolu bağlantısının yaranmasına imkan verəcək. Naxçıvan üzərindən Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin əlaqələndirilməsi regionun əhəmiyyətini daha da artıracaq.
Dəhlizdən ildə 15 milyon ton və daha artıq yükün keçməsi Naxçıvanda iqtisadi fəallığın artmasına, yeni iş yerlərinin yaranmasına və regionun mühüm nəqliyyat mərkəzinə çevrilməsinə şərait yaradacaq.
Azərbaycanın məqsədi Naxçıvanı yalnız nəqliyyat deyil, həm də enerji baxımından mühüm regional mərkəzə çevirməkdir.
Zəngəzur dəhlizi artıq yalnız avtomobil və dəmir yolu layihəsi kimi nəzərdən keçirilmir. Azərbaycanın əsas hissəsindən Ermənistan ərazisi vasitəsilə Naxçıvana elektrik xətlərinin çəkilməsi də planlaşdırılır.
Cəbrayıl rayonunda inşa edilmiş böyük yarımstansiya bu enerji dəhlizinin yaradılmasına hesablanıb. Gələcəkdə bu marşrutla elektrik enerjisi ilə yanaşı, fiber-optik kabellərin, zərurət yaranarsa neft və qaz kəmərlərinin də keçirilməsi mümkün ola bilər.
Beləliklə, Zəngəzur dəhlizi nəqliyyat, enerji və kommunikasiya imkanlarını özündə birləşdirən genişmiqyaslı regional layihəyə çevrilə bilər.
Azərbaycan həm elektrik enerjisi istehsal edən, həm onu ötürən, həm də ixrac edən ölkə kimi mövqeyini daha da gücləndirir.
Naxçıvandan İrana və Türkiyəyə mövcud elektrik xətləri gələcəkdə enerji ixracının daha geniş coğrafiyaya çıxarılmasına imkan verə bilər. Azərbaycan-Türkiyə və Azərbaycan-İran enerji əməkdaşlığı ilə yanaşı, Avropaya elektrik enerjisi ixracının artırılması da strateji məqsədlərdəndir.
Qara dəniz enerji kabeli layihəsi, həmçinin Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında Xəzərin dibi ilə elektrik kabelinin çəkilməsi ilə bağlı razılaşma Azərbaycanın enerji imkanlarının daha geniş coğrafiyaya çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır.
Naxçıvanda da batareya saxlanc sistemlərinin yaradılması planlaşdırılır. İlkin mərhələdə ən azı 100 meqavatlıq belə sistemin yaradılması nəzərdə tutulur. Bu, bərpaolunan enerji mənbələrindən əldə edilən enerjinin daha səmərəli istifadəsinə imkan verəcək.
Naxçıvanda yeni sənaye komplekslərinin yaradılması və iş yerlərinin artırılması qarşıda duran əsas vəzifələrdəndir. Sənaye Parkı bu baxımdan mühüm rol oynayacaq.
Naxçıvan şəhərində yeni elektrik avtobuslarının istifadəyə verilməsi şəhər nəqliyyatının müasirləşdirilməsi istiqamətində mühüm addımdır. Şəhərlərarası və rayonlararası nəqliyyatın yaxşılaşdırılması məqsədilə 217 müasir avtobusun alınması nəzərdə tutulur.
Yol infrastrukturu da yenilənəcək. Ümumilikdə 420 kilometr uzunluğunda müxtəlif kateqoriyalı yolların tikintisi və əsaslı təmiri planlaşdırılır. Bu layihələr 26 yaşayış məntəqəsində təxminən 160 min insanın yol infrastrukturundan istifadəsini yaxşılaşdıracaq.
Naxçıvanın turizm potensialı da böyükdür. Zəngin tarixi abidələr, təbiət və əlverişli iqlim turizmin inkişafı üçün geniş imkanlar yaradır. Şəhərin mərkəzində yeni beşulduzlu mehmanxananın təməli qoyulub və onun təxminən 2028-ci ildə istifadəyə verilməsi gözlənilir.
Dövlət tərəfindən Naxçıvan Muxtar Respublikasının inkişafı üçün indiyədək böyük həcmdə işlər görülüb və bu siyasət bundan sonra da davam etdiriləcək. Son 20 il ərzində Naxçıvanda həyata keçirilən tikinti və infrastruktur layihələrinin əsas hissəsi dövlət büdcəsi hesabına maliyyələşdirilib.
Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulduğu bir vaxtda Zəngilanla Ordubad arasındakı məsafənin aradan qaldırılması da xüsusi əhəmiyyət daşıyır. Tarixi və coğrafi baxımdan Zəngəzur, Naxçıvan və Qarabağ arasında əlaqələrin olması bu ərazilərin gələcək inkişafına vahid yanaşmanı şərtləndirir.
Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan edildiyi kimi, Naxçıvan da böyük yaşıl enerji potensialına malik ərazi kimi inkişaf etdirilir. Bərpaolunan enerji, nəqliyyat, sənaye, kənd təsərrüfatı, turizm və sosial infrastruktur üzrə həyata keçirilən layihələr Naxçıvanın yeni inkişaf mərhələsinin əsasını təşkil edir.
Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan yeni idarəetmə modelinin üstünlükləri nəzərə alınaraq, Naxçıvanda da idarəetmənin təkmilləşdirilməsi istiqamətində addımlar atılır. Bu proses Naxçıvan Muxtar Respublikasının muxtar respublika statusunun qorunması şərti ilə həyata keçiriləcək.
Bütün bu layihələrin əsas məqsədi Naxçıvanın inkişafını sürətləndirmək, onun iqtisadi potensialını artırmaq, enerji və nəqliyyat imkanlarını genişləndirmək, yeni iş yerləri yaratmaq və insanların daha təhlükəsiz, rahat və firavan şəraitdə yaşamasını təmin etməkdir.

14/08/2026
01/08/2026

Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında ikitərəfli münasibətlər
Prezident İlham Əliyevin 31 iyul 2026-cı il tarixində Qırğızıstan Respublikasına dövlət səfəri Azərbaycan-Qırğızıstan münasibətlərinin inkişafında yeni və mühüm mərhələ kimi qiymətləndirilir. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, imzalanan sənədlər, qəbul edilən qərarlar və dövlət başçısının mətbuata verdiyi bəyanat iki qardaş ölkə arasında strateji əməkdaşlığın daha da dərinləşdiyini nümayiş etdirdi. Səfər zamanı əldə olunan razılaşmalar siyasi dialoqdan iqtisadi əməkdaşlığa, investisiya layihələrindən humanitar əlaqələrə qədər geniş sahələri əhatə edərək gələcək tərəfdaşlığın əsas istiqamətlərini müəyyənləşdirdi.
Prezident İlham Əliyev mətbuata bəyanatında Azərbaycan ilə Qırğızıstan arasında münasibətlərin artıq ən yüksək səviyyəyə – müttəfiqlik səviyyəsinə yüksəldiyini xüsusi vurğuladı. Dövlət başçısı qeyd etdi ki, müttəfiqlik münasibətləri təkcə siyasi iradənin ifadəsi deyil, eyni zamanda böyük məsuliyyət deməkdir və Azərbaycan bu məsuliyyəti tam şəkildə bölüşməyə hazırdır.
Bu yanaşma iki ölkənin gələcəkdə beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyini, təhlükəsizlik məsələlərində əməkdaşlığını, iqtisadi-ticari əlaqələrin genişləndirilməsini və regional sabitliyin möhkəmləndirilməsinə yönəlmiş birgə fəaliyyətini daha da gücləndirəcək. Dövlət başçısı vurğuladı ki, səfər zamanı imzalanan geniş sənədlər paketi münasibətlərin müxtəlif istiqamətlər üzrə sistemli inkişafına xidmət edəcək və əldə olunan bütün razılaşmaların uğurla həyata keçiriləcəyinə əminlik ifadə olundu.
Səfərin mühüm nəticələrindən biri Azərbaycan-Qırğız İnvestisiya Fondunun maliyyə imkanlarının əhəmiyyətli dərəcədə artırılması barədə qəbul edilən qərar oldu. Fondun nizamnamə kapitalının iki dəfə artırılaraq 200 milyon dollara çatdırılması iqtisadi əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir.
Bu qərar Qırğızıstanda birgə investisiya layihələrinin həyata keçirilməsinə, yeni istehsal müəssisələrinin yaradılmasına, məşğulluğun artırılmasına və iki ölkənin iqtisadi potensialının daha səmərəli istifadə olunmasına geniş imkanlar açır. Prezident İlham Əliyev bildirdi ki, Fondun fəaliyyəti artıq konkret layihələrlə zənginləşir və gələcəkdə onun maliyyə imkanlarının daha da artırılması istisna edilmir.
Səfər çərçivəsində İssık-Kul gölünün sahilində Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə inşa edilmiş beşulduzlu "Baku Resort & SPA" mehmanxanasının açılışı da iqtisadi əməkdaşlığın uğurlu nümunəsi kimi qiymətləndirildi. "Bakı" adını daşıyan bu layihə təkcə turizm sektoruna töhfə vermir, həm də Azərbaycan ilə Qırğızıstan arasında dostluğun və qarşılıqlı etimadın rəmzinə çevrilir.
Prezident İlham Əliyev çıxışında Qırğızıstanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və quruculuq işlərinə verdiyi töhfəni yüksək qiymətləndirdi. Ağdam rayonunda "Manas" adını daşıyan məktəbin tikintisi və istifadəyə verilməsi qardaş ölkənin Qarabağın dirçəldilməsinə verdiyi dəstəyin parlaq nümunəsidir.
Bu layihə yalnız təhsil infrastrukturu deyil, eyni zamanda Azərbaycan və Qırğızıstan xalqları arasında dostluğun, ortaq tarixə və mədəni dəyərlərə bağlılığın simvolu kimi xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev Qırğız xalqının Qarabağın yenidən qurulmasına verdiyi töhfəyə görə minnətdarlığını bir daha ifadə etdi.
Dövlət başçısı vurğuladı ki, Azərbaycan ilə Qırğızıstanı yalnız siyasi və iqtisadi maraqlar deyil, həm də ortaq tarix, mədəniyyət və mənəvi dəyərlər birləşdirir. Son illərdə həyata keçirilən humanitar layihələr bu münasibətləri daha da möhkəmləndirib.
Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin və onun adını daşıyan parkın açılması, Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkının yaradılması, hər iki ölkədə keçirilən Mədəniyyət Günləri xalqlar arasında qarşılıqlı hörmət və etimadın möhkəmlənməsinə xidmət edir.
Prezident İlham Əliyev qeyd etdi ki, bu cür təşəbbüslər ortaq köklərə malik xalqların yaxınlaşmasına, mədəni dialoqun genişlənməsinə və gələcək nəsillərin dostluq ruhunda yetişməsinə mühüm töhfə verir.
Səfər zamanı diqqət çəkən məqamlardan biri də Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığının daha da genişlənməsi oldu. Prezident İlham Əliyev Mərkəzi Asiya dövlət başçılarına Azərbaycanın Mərkəzi Asiya Məşvərət Görüşlərinə tamhüquqlu üzv kimi qəbul edilməsinə göstərilən dəstəyə görə təşəkkürünü bildirdi.
Bu qərar Azərbaycanın türk dünyası ilə inteqrasiyasının, regional əməkdaşlığın və siyasi dialoqun inkişafına verilən önəmin göstəricisi olmaqla yanaşı, ölkəmizin Mərkəzi Asiyada artan nüfuzunu da təsdiqləyir.
Dövlət səfəri çərçivəsində Azərbaycan-Qırğızıstan münasibətlərinin yüksək səviyyəsinin daha bir göstəricisi olaraq qarşılıqlı ali dövlət mükafatları təqdim edildi.
Prezident İlham Əliyev Qırğız Respublikasının ən yüksək dövlət mükafatı olan I dərəcəli "Manas" ordeni ilə təltif edildi. Eyni zamanda Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın ali dövlət təltifi – "Heydər Əliyev" ordeni ilə təltif olundu.
Bu qarşılıqlı mükafatlandırma iki ölkə arasında formalaşmış etibarlı tərəfdaşlığın, dostluğun və strateji əməkdaşlığın yüksək qiymətləndirilməsinin ifadəsi kimi böyük siyasi və mənəvi əhəmiyyət daşıyır.
Səfərin mühüm siyasi nəticələrindən biri də Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın inkişafına yönəlmiş Çolpon-Ata Bəyannaməsinin qəbul olunmasıdır. Bu sənəd qarşılıqlı fəaliyyətin genişləndirilməsi, iqtisadi, nəqliyyat, enerji, humanitar və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi baxımından mühüm yol xəritəsi hesab olunur.
Bəyannamə Azərbaycanın Mərkəzi Asiya regionu ilə münasibətlərinin daha sistemli və institusional əsasda inkişaf etdirilməsinə yeni imkanlar yaradır.
Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri göstərdi ki, Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər artıq keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Müttəfiqlik münasibətlərinin rəsmiləşdirilməsi, geniş sənədlər paketinin imzalanması, investisiya əməkdaşlığının genişləndirilməsi, Qarabağın bərpasına göstərilən dəstək, humanitar layihələrin həyata keçirilməsi və Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin daha da möhkəmləndirilməsi bu səfərin əsas nəticələri kimi tarixə düşdü.
Bütün bunlar onu göstərir ki, ortaq tarixə, dilə, mədəniyyətə və qardaşlıq dəyərlərinə söykənən Azərbaycan-Qırğızıstan münasibətləri bundan sonra da qarşılıqlı etimad, strateji tərəfdaşlıq və ortaq maraqlar əsasında inkişaf edərək həm iki ölkənin milli maraqlarına, həm də türk dünyasında birliyin və əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə verəcək.

31/07/2026

Azərbaycan dilinin dövlət dili olması müstəqil dövlətçiliyin başlıca əlamətlərindən biridir

“Müxtəlif dillərə mənsub olan insanlar Azərbaycan dilini sadəcə eşidərək, onun mənasını o qədər bilməyərək, Azərbaycan dilinin nə qədər şeirə bənzədiyini, xoş ahəngli olduğunu dəfələrlə qeyd ediblər. Biz dilimizlə fəxr etməliyik. Dil hər bir millətin milliliyinin əsasıdır. Ona görə də hər bir gənc öz ana dilini, Azərbaycan dilini, müasir Azərbaycan dilini gərək ən incəliklərinə qədər bilsin və bu dildən istifadə etsin. Biz müstəqil Azərbaycanda Azərbaycan dilini dövlət dili etdiyimiz kimi, cəmiyyətimizdə də, xalqımızın içində də Azərbaycan dilini mütləq hakim dil etməliyik.”
Ulu Öndər Heydər Əliyev

“Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır. Yəni, dövlət, alimlər, dilçilər, yazıçılar, şairlər, jurnalistlər, siyasətlə məşğul olanlar bu məsələyə çox böyük diqqət verməlidirlər. Yenə də deyirəm, 10 il bundan əvvəl mən bu məsələni qaldırmışdım. Çünki bu, məni narahat edirdi. On il ərzində lazımi tədbirlər görüldü ki, biz dilimizi kənar kəlmələrdən qoruya bilək. Amma yenə də oradan-buradan eşidirəm, - həm televiziyalarda, həm yazılı mediada, həm bəzi insanların çıxışlarında, - buna heç bir gərək yoxdur. Yəni, biz xalq kimi, millət kimi öz dilimizi qorumasaq, onda yavaş-yavaş bizim milli kimliyimiz də sarsıla bilər. Əminəm ki, mənim sözlərim hər kəsə çatacaq və özüm də daim bu məsələ ilə bağlı məşğul olacağam, izləyəcəyəm, lazımi tədbirlər görəcəyəm. Azərbaycan alimlərindən də bax, bu məsələyə də öz münasibətini və dəstəyini göstərmək çağırışını edirəm”.

Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin Azərbaycan Milli Elmlər
Akademiyasının 80 illik yubileyi tədbirində
çıxışından

Azərbaycan dili xalqımızın milli kimliyini, tarixi yaddaşını, zəngin mədəni irsini və dövlətçilik ənənələrini yaşadan ən müqəddəs mənəvi sərvətlərimizdən biridir. Minilliklər boyu formalaşan ana dilimiz xalqımızın düşüncə tərzini, milli-mənəvi dəyərlərini, ədəbiyyatını, incəsənətini və mədəniyyətini nəsildən-nəslə ötürərək bu günümüzə qədər yaşatmışdır. Məhz buna görə də Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi müstəqil dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi daim xüsusi diqqət mərkəzində saxlanılır.
XX əsrin ikinci yarısında, xüsusilə sovet hakimiyyəti dövründə milli dillərin sıxışdırılması meyillərinin gücləndiyi bir şəraitdə Azərbaycan dilinin hüquqlarının müdafiəsi böyük siyasi iradə və cəsarət tələb edirdi. Həmin dövrdə ana dilinin dövlət dili kimi qorunması uğrunda qətiyyətli mövqe nümayiş etdirən Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunmasında müstəsna xidmətlər göstərmişdir.
1978-ci ildə Azərbaycan SSR Konstitusiyasının qəbul edilməsi zamanı Ümummilli Liderin prinsipial mövqeyi nəticəsində "Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir" müddəasının Konstitusiyada təsbit olunması milli dövlətçilik tariximizin ən mühüm hadisələrindən biri kimi qiymətləndirilir. Bu tarixi qərar milli kimliyimizin, dilimizin və mənəvi dəyərlərimizin gələcək inkişafı üçün möhkəm hüquqi zəmin yaratdı.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ana dilimizin hüquqi statusu daha da möhkəmləndirildi. 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında dövlət dilinin Azərbaycan dili olması təsbit edildi. Bunun davamı olaraq 2002-ci ildə qəbul edilən "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanun Azərbaycan dilinin tətbiqi, qorunması və inkişaf etdirilməsi istiqamətində dövlət siyasətinin əsas hüquqi sənədlərindən birinə çevrildi.
Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə dövlət dilinin inkişafı sahəsində həyata keçirilən ardıcıl islahatlar Azərbaycan dilinin nüfuzunun daha da yüksəlməsinə xidmət etmişdir. 18 iyun 2001-ci il tarixli "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Fərman dövlət dilinin tətbiqi sahəsində yeni mərhələnin başlanğıcı olmuş bu sənəd əsasında Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmışdır. Elə həmin ilin 9 avqust tarixli Fərmanı ilə hər il 1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi təsis edilmiş, ana dilimizin təbliği və qorunması istiqamətində dövlət siyasətinə yeni məzmun verilmişdir.
Bu gün Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi milli dil siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla və ardıcıl şəkildə davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dilinin inkişafı, onun elektron məkanda tətbiqinin genişləndirilməsi, latın qrafikalı nəşrlərin artırılması, klassik və dünya ədəbiyyatı nümunələrinin Azərbaycan dilində nəşri, dilimizin saflığının qorunması və müasir dövrün çağırışlarına uyğun inkişaf etdirilməsi istiqamətində mühüm dövlət proqramları, fərman və sərəncamlar qəbul edilmişdir.
2013-cü ildə təsdiq edilən "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı" ana dilimizin müasir inkişaf strategiyasını müəyyənləşdirən mühüm sənədlərdən biridir. Bununla yanaşı, 2018-ci ildə imzalanmış fərmanlarla Azərbaycan dilinin saflığının qorunması, dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi və elektron informasiya məkanında tətbiqinin genişləndirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir. 2025-ci ildə qəbul edilən yeni fərman isə dövlət dilinin normalarına əməl olunmasına nəzarət və Azərbaycan dilinin inkişafı sahəsində institusional mexanizmlərin daha da təkmilləşdirilməsinə xidmət edir.
Prezident İlham Əliyevin vurğuladığı kimi, "Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik." Bu fikir hər bir vətəndaş üçün mühüm çağırış olmaqla yanaşı, ana dilimizin qorunmasının milli məsuliyyət məsələsi olduğunu bir daha nümayiş etdirir.
Ümummilli Lider Heydər Əliyevin "Xalqı xalq edən, milləti millət edən onun ana dilidir" kəlamı isə Azərbaycan dilinin xalqımızın milli varlığında tutduğu müstəsna yeri ən dolğun şəkildə ifadə edir. Dil yalnız ünsiyyət vasitəsi deyil, həm də tariximizin, mədəniyyətimizin, milli yaddaşımızın və dövlətçilik ənənələrimizin daşıyıcısıdır.
Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan artıq soydaşımızı birləşdirən Azərbaycan dili milli həmrəyliyimizin və mənəvi birliyimizin əsas sütunlarından biridir. Dilimizin zənginliyini qorumaq, onu düzgün işlətmək, saflığını gələcək nəsillərə ötürmək hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur.
1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə hər bir soydaşımızı ürəkdən təbrik edir, ana dilimizin əbədi yaşamasını, daha da zənginləşməsini və dünya miqyasında nüfuzunun artmasını arzulayırıq. Azərbaycan dili milli kimliyimizin, müstəqilliyimizin və dövlətçiliyimizin ən mühüm rəmzlərindən biri olaraq daim yaşayacaq və inkişaf edəcəkdir.

23/07/2026

Milli mətbuatımızın yaranması və inkişaf yolu
“Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. “Əkinçi”dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik.”

Ulu Öndər Heydər Əliyev

“Əlbəttə ki, mətbuatın fəaliyyəti hər bir insanı maraqlandırır. İnsanlar bütün məlumatı mətbuatdan alırlar. Ona görə, hər bir ölkədə, o cümlədən Azərbaycanda mətbuat qərəzsiz olmalıdır, çevik, operativ fəaliyyət göstərməlidir, insanları məlumatlarla tam şəkildə təmin etməlidir. Hesab edirəm ki, biz bunu Azərbaycanda görürük. Çünki bu gün Azərbaycan mətbuatı artıq yüksək səviyyəyə qalxıbdır. Mən həm operativlik, həm milli maraqların müdafiə edilməsi sahəsində mətbuatın fəaliyyətini yüksək qiymətləndirirəm.”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

22 iyul 1875-ci ildə görkəmli ziyalı, maarifçi-publisist və təbiətşünas alim Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunan "Əkinçi" qəzeti milli mətbuatımızın əsasını qoymuşdur. Bu hadisə Azərbaycanın ictimai-siyasi və mədəni həyatında yeni mərhələnin başlanğıcı olmuşdur. "Əkinçi" cəmi iki il fəaliyyət göstərərək 56 nömrə nəşr olunsa da, milli mətbuat tarixində silinməz iz qoymuş, xalqın maariflənməsi, ana dilinin inkişafı, milli özünüdərk, azadlıq ideyalarının təbliği və demokratik düşüncənin formalaşmasında mühüm rol oynamışdır.
Çar Rusiyasının təzyiqləri nəticəsində qəzetin nəşri dayandırılsa da, onun yaratdığı maarifçilik ənənəsi sonrakı dövrdə daha da inkişaf etmişdir. "Əkinçi"nin ideyaları əsasında formalaşan "Ziya", "Ziyayi-Qafqaziyyə", "Kəşkül", "Şərqi-Rus", "Həyat", "Füyuzat", "Molla Nəsrəddin", "İrşad", "Açıq söz" və digər qəzet və jurnallar Azərbaycan milli mətbuatının inkişafında, ədəbi dilimizin zənginləşməsində, milli şüurun və istiqlal məfkurəsinin formalaşmasında əvəzsiz xidmətlər göstərmişdir.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra milli medianın inkişafı dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilmişdir. Xüsusilə 1993-cü ildən başlayaraq Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində söz və mətbuat azadlığının təmin olunması istiqamətində mühüm addımlar atılmışdır.
1998-ci ilin avqustunda kütləvi informasiya vasitələri üzərində dövlət senzurasının ləğv edilməsi Azərbaycanın media tarixində dönüş nöqtəsi olmuşdur. Bununla yanaşı, medianın hüquqi bazası təkmilləşdirilmiş, söz və məlumat azadlığını məhdudlaşdıran maneələr aradan qaldırılmış, jurnalistikanın inkişafı üçün əlverişli şərait yaradılmışdır.
Prezident İlham Əliyev tərəfindən də media siyasəti ardıcıl şəkildə davam etdirilmiş, "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" qəbul edilmiş, medianın iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi, peşəkar jurnalistikanın inkişafı və informasiya təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm qərarlar qəbul edilmişdir.
Müasir dövrdə rəqəmsallaşma və informasiya texnologiyalarının sürətli inkişafı media sahəsində yeni çağırışlar yaratmışdır. Bu baxımdan Prezident İlham Əliyevin 12 yanvar 2021-ci il tarixli Fərmanı ilə Medianın İnkişafı Agentliyi yaradılmış, media islahatlarının institusional əsasları daha da gücləndirilmişdir.
2021-ci il 30 dekabr tarixində qəbul olunmuş "Media haqqında" Azərbaycan Respublikasının Qanunu media fəaliyyətinin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən etmiş, media subyektlərinin fəaliyyətinin müasir dövrün tələblərinə uyğun qurulmasına, informasiya təhlükəsizliyinin möhkəmləndirilməsinə və peşəkar jurnalistikanın inkişafına yeni imkanlar yaratmışdır.
2026-cı ildə media sahəsinin idarə edilməsinin təkmilləşdirilməsi məqsədilə Media və Yayım Şurasının yaradılması istiqamətində qanunvericilik dəyişiklikləri qəbul edilmişdir. Yeni mexanizmlər media subyektlərinin iqtisadi dayanıqlığının artırılması, jurnalistlərin peşəkarlığının yüksəldilməsi, dezinformasiyaya qarşı mübarizə və innovativ texnologiyaların tətbiqini nəzərdə tutur.
Azərbaycan dövlətinin media siyasətində jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi xüsusi yer tutur. Son illərdə media subyektlərinə dövlət dəstəyi göstərilmiş, jurnalistlərin sosial rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir.
Media nümayəndələrinin güzəştli ipoteka kreditlərindən istifadə imkanlarının genişləndirilməsi, media subyektlərinə tətbiq olunan vergi güzəştləri, jurnalistlərin fəxri adlarla və dövlət təltifləri ilə mükafatlandırılması bu sahəyə göstərilən diqqətin bariz nümunəsidir.
Prezident İlham Əliyevin sərəncamları ilə milli mətbuatın 125, 130, 135, 140, 145 və 150 illik yubileyləri dövlət səviyyəsində qeyd olunmuş, 2025-ci ildə "Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)" yubiley medalı təsis edilmişdir.
Bu gün Azərbaycan mediası qlobal informasiya məkanının ayrılmaz hissəsinə çevrilmişdir. İnternet media, rəqəmsal platformalar və sosial şəbəkələrin sürətli inkişafı jurnalistikaya yeni imkanlar yaratmaqla yanaşı, yeni məsuliyyətlər də müəyyən etmişdir.
Peşəkarlıq, obyektivlik, operativlik, milli maraqların müdafiəsi və etik prinsiplərə sadiqlik müasir Azərbaycan jurnalistikasının əsas fəaliyyət istiqamətləridir. Dezinformasiyaya qarşı mübarizə, media savadlılığının artırılması, süni intellekt texnologiyalarından səmərəli istifadə və təhlükəsiz informasiya mühitinin formalaşdırılması günümüzün əsas prioritetləri sırasındadır.
Azərbaycan mediası Birinci Qarabağ müharibəsi dövründə olduğu kimi, 44 günlük Vətən müharibəsi və postmüharibə mərhələsində də üzərinə düşən vəzifəni yüksək peşəkarlıqla yerinə yetirmişdir. Jurnalistlər informasiya cəbhəsində ölkəmizin mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılmasına, düşmən təbliğatının ifşa edilməsinə və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına mühüm töhfə vermişlər.
Bu gün də media işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, Böyük Qayıdış proqramı və ölkəmizin inkişafı barədə obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır.
Azərbaycan mediası son illərdə beynəlxalq əməkdaşlığını daha da genişləndirmişdir. Azərbaycan ilə Türkiyə arasında media sahəsində strateji əməkdaşlıq, Birgə Media Platformasının fəaliyyəti və Şuşada keçirilən Qlobal Media Forumları beynəlxalq informasiya əməkdaşlığının inkişafına mühüm töhfə verir.
2023–2026-cı illərdə keçirilən Şuşa Qlobal Media Forumlarında dezinformasiyaya qarşı mübarizə, süni intellekt dövründə media, informasiya təhlükəsizliyi, media etikası və sülh quruculuğunda medianın rolu kimi aktual məsələlər müzakirə olunmuşdur.
Bu gün Azərbaycan mediası 150 illik zəngin ənənələrə söykənərək müasir çağırışlara uyğun inkişaf edir. Milli media dövlətçilik maraqlarının qorunması, cəmiyyətin operativ və obyektiv məlumatlandırılması, milli-mənəvi dəyərlərin təbliği, rəqəmsal transformasiya, informasiya təhlükəsizliyi və beynəlxalq informasiya məkanında ölkəmizin mövqeyinin daha da gücləndirilməsi istiqamətində fəaliyyətini uğurla davam etdirir.

Address

Barda
0900

Alerts

Be the first to know and let us send you an email when Bərdə RİHB-nin Lənbəran İƏD üzrə nümayəndəliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share