Bərdə RİHB-nın Mirzəxan Qaraqoyunlu kənd İƏD üzrə nümayəndəliyi

  • Home
  • Azerbaijan
  • Barda
  • Bərdə RİHB-nın Mirzəxan Qaraqoyunlu kənd İƏD üzrə nümayəndəliyi

Bərdə RİHB-nın Mirzəxan Qaraqoyunlu kənd İƏD üzrə nümayəndəliyi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Bərdə RİHB-nın Mirzəxan Qaraqoyunlu kənd İƏD üzrə nümayəndəliyi, Government Organization, Bərdə, Barda.

01/08/2026

Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında ikitərəfli münasibətlər
Prezident İlham Əliyevin 31 iyul 2026-cı il tarixində Qırğızıstan Respublikasına dövlət səfəri Azərbaycan-Qırğızıstan münasibətlərinin inkişafında yeni və mühüm mərhələ kimi qiymətləndirilir. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, imzalanan sənədlər, qəbul edilən qərarlar və dövlət başçısının mətbuata verdiyi bəyanat iki qardaş ölkə arasında strateji əməkdaşlığın daha da dərinləşdiyini nümayiş etdirdi. Səfər zamanı əldə olunan razılaşmalar siyasi dialoqdan iqtisadi əməkdaşlığa, investisiya layihələrindən humanitar əlaqələrə qədər geniş sahələri əhatə edərək gələcək tərəfdaşlığın əsas istiqamətlərini müəyyənləşdirdi.
Prezident İlham Əliyev mətbuata bəyanatında Azərbaycan ilə Qırğızıstan arasında münasibətlərin artıq ən yüksək səviyyəyə – müttəfiqlik səviyyəsinə yüksəldiyini xüsusi vurğuladı. Dövlət başçısı qeyd etdi ki, müttəfiqlik münasibətləri təkcə siyasi iradənin ifadəsi deyil, eyni zamanda böyük məsuliyyət deməkdir və Azərbaycan bu məsuliyyəti tam şəkildə bölüşməyə hazırdır.
Bu yanaşma iki ölkənin gələcəkdə beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyini, təhlükəsizlik məsələlərində əməkdaşlığını, iqtisadi-ticari əlaqələrin genişləndirilməsini və regional sabitliyin möhkəmləndirilməsinə yönəlmiş birgə fəaliyyətini daha da gücləndirəcək. Dövlət başçısı vurğuladı ki, səfər zamanı imzalanan geniş sənədlər paketi münasibətlərin müxtəlif istiqamətlər üzrə sistemli inkişafına xidmət edəcək və əldə olunan bütün razılaşmaların uğurla həyata keçiriləcəyinə əminlik ifadə olundu.
Səfərin mühüm nəticələrindən biri Azərbaycan-Qırğız İnvestisiya Fondunun maliyyə imkanlarının əhəmiyyətli dərəcədə artırılması barədə qəbul edilən qərar oldu. Fondun nizamnamə kapitalının iki dəfə artırılaraq 200 milyon dollara çatdırılması iqtisadi əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir.
Bu qərar Qırğızıstanda birgə investisiya layihələrinin həyata keçirilməsinə, yeni istehsal müəssisələrinin yaradılmasına, məşğulluğun artırılmasına və iki ölkənin iqtisadi potensialının daha səmərəli istifadə olunmasına geniş imkanlar açır. Prezident İlham Əliyev bildirdi ki, Fondun fəaliyyəti artıq konkret layihələrlə zənginləşir və gələcəkdə onun maliyyə imkanlarının daha da artırılması istisna edilmir.
Səfər çərçivəsində İssık-Kul gölünün sahilində Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə inşa edilmiş beşulduzlu "Baku Resort & SPA" mehmanxanasının açılışı da iqtisadi əməkdaşlığın uğurlu nümunəsi kimi qiymətləndirildi. "Bakı" adını daşıyan bu layihə təkcə turizm sektoruna töhfə vermir, həm də Azərbaycan ilə Qırğızıstan arasında dostluğun və qarşılıqlı etimadın rəmzinə çevrilir.
Prezident İlham Əliyev çıxışında Qırğızıstanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və quruculuq işlərinə verdiyi töhfəni yüksək qiymətləndirdi. Ağdam rayonunda "Manas" adını daşıyan məktəbin tikintisi və istifadəyə verilməsi qardaş ölkənin Qarabağın dirçəldilməsinə verdiyi dəstəyin parlaq nümunəsidir.
Bu layihə yalnız təhsil infrastrukturu deyil, eyni zamanda Azərbaycan və Qırğızıstan xalqları arasında dostluğun, ortaq tarixə və mədəni dəyərlərə bağlılığın simvolu kimi xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev Qırğız xalqının Qarabağın yenidən qurulmasına verdiyi töhfəyə görə minnətdarlığını bir daha ifadə etdi.
Dövlət başçısı vurğuladı ki, Azərbaycan ilə Qırğızıstanı yalnız siyasi və iqtisadi maraqlar deyil, həm də ortaq tarix, mədəniyyət və mənəvi dəyərlər birləşdirir. Son illərdə həyata keçirilən humanitar layihələr bu münasibətləri daha da möhkəmləndirib.
Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin və onun adını daşıyan parkın açılması, Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkının yaradılması, hər iki ölkədə keçirilən Mədəniyyət Günləri xalqlar arasında qarşılıqlı hörmət və etimadın möhkəmlənməsinə xidmət edir.
Prezident İlham Əliyev qeyd etdi ki, bu cür təşəbbüslər ortaq köklərə malik xalqların yaxınlaşmasına, mədəni dialoqun genişlənməsinə və gələcək nəsillərin dostluq ruhunda yetişməsinə mühüm töhfə verir.
Səfər zamanı diqqət çəkən məqamlardan biri də Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığının daha da genişlənməsi oldu. Prezident İlham Əliyev Mərkəzi Asiya dövlət başçılarına Azərbaycanın Mərkəzi Asiya Məşvərət Görüşlərinə tamhüquqlu üzv kimi qəbul edilməsinə göstərilən dəstəyə görə təşəkkürünü bildirdi.
Bu qərar Azərbaycanın türk dünyası ilə inteqrasiyasının, regional əməkdaşlığın və siyasi dialoqun inkişafına verilən önəmin göstəricisi olmaqla yanaşı, ölkəmizin Mərkəzi Asiyada artan nüfuzunu da təsdiqləyir.
Dövlət səfəri çərçivəsində Azərbaycan-Qırğızıstan münasibətlərinin yüksək səviyyəsinin daha bir göstəricisi olaraq qarşılıqlı ali dövlət mükafatları təqdim edildi.
Prezident İlham Əliyev Qırğız Respublikasının ən yüksək dövlət mükafatı olan I dərəcəli "Manas" ordeni ilə təltif edildi. Eyni zamanda Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın ali dövlət təltifi – "Heydər Əliyev" ordeni ilə təltif olundu.
Bu qarşılıqlı mükafatlandırma iki ölkə arasında formalaşmış etibarlı tərəfdaşlığın, dostluğun və strateji əməkdaşlığın yüksək qiymətləndirilməsinin ifadəsi kimi böyük siyasi və mənəvi əhəmiyyət daşıyır.
Səfərin mühüm siyasi nəticələrindən biri də Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın inkişafına yönəlmiş Çolpon-Ata Bəyannaməsinin qəbul olunmasıdır. Bu sənəd qarşılıqlı fəaliyyətin genişləndirilməsi, iqtisadi, nəqliyyat, enerji, humanitar və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi baxımından mühüm yol xəritəsi hesab olunur.
Bəyannamə Azərbaycanın Mərkəzi Asiya regionu ilə münasibətlərinin daha sistemli və institusional əsasda inkişaf etdirilməsinə yeni imkanlar yaradır.
Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri göstərdi ki, Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər artıq keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Müttəfiqlik münasibətlərinin rəsmiləşdirilməsi, geniş sənədlər paketinin imzalanması, investisiya əməkdaşlığının genişləndirilməsi, Qarabağın bərpasına göstərilən dəstək, humanitar layihələrin həyata keçirilməsi və Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin daha da möhkəmləndirilməsi bu səfərin əsas nəticələri kimi tarixə düşdü.
Bütün bunlar onu göstərir ki, ortaq tarixə, dilə, mədəniyyətə və qardaşlıq dəyərlərinə söykənən Azərbaycan-Qırğızıstan münasibətləri bundan sonra da qarşılıqlı etimad, strateji tərəfdaşlıq və ortaq maraqlar əsasında inkişaf edərək həm iki ölkənin milli maraqlarına, həm də türk dünyasında birliyin və əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə verəcək.

31/07/2026

Azərbaycan dilinin dövlət dili olması müstəqil dövlətçiliyin başlıca əlamətlərindən biridir

“Müxtəlif dillərə mənsub olan insanlar Azərbaycan dilini sadəcə eşidərək, onun mənasını o qədər bilməyərək, Azərbaycan dilinin nə qədər şeirə bənzədiyini, xoş ahəngli olduğunu dəfələrlə qeyd ediblər. Biz dilimizlə fəxr etməliyik. Dil hər bir millətin milliliyinin əsasıdır. Ona görə də hər bir gənc öz ana dilini, Azərbaycan dilini, müasir Azərbaycan dilini gərək ən incəliklərinə qədər bilsin və bu dildən istifadə etsin. Biz müstəqil Azərbaycanda Azərbaycan dilini dövlət dili etdiyimiz kimi, cəmiyyətimizdə də, xalqımızın içində də Azərbaycan dilini mütləq hakim dil etməliyik.”
Ulu Öndər Heydər Əliyev

“Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır. Yəni, dövlət, alimlər, dilçilər, yazıçılar, şairlər, jurnalistlər, siyasətlə məşğul olanlar bu məsələyə çox böyük diqqət verməlidirlər. Yenə də deyirəm, 10 il bundan əvvəl mən bu məsələni qaldırmışdım. Çünki bu, məni narahat edirdi. On il ərzində lazımi tədbirlər görüldü ki, biz dilimizi kənar kəlmələrdən qoruya bilək. Amma yenə də oradan-buradan eşidirəm, - həm televiziyalarda, həm yazılı mediada, həm bəzi insanların çıxışlarında, - buna heç bir gərək yoxdur. Yəni, biz xalq kimi, millət kimi öz dilimizi qorumasaq, onda yavaş-yavaş bizim milli kimliyimiz də sarsıla bilər. Əminəm ki, mənim sözlərim hər kəsə çatacaq və özüm də daim bu məsələ ilə bağlı məşğul olacağam, izləyəcəyəm, lazımi tədbirlər görəcəyəm. Azərbaycan alimlərindən də bax, bu məsələyə də öz münasibətini və dəstəyini göstərmək çağırışını edirəm”.

Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin Azərbaycan Milli Elmlər
Akademiyasının 80 illik yubileyi tədbirində
çıxışından

Azərbaycan dili xalqımızın milli kimliyini, tarixi yaddaşını, zəngin mədəni irsini və dövlətçilik ənənələrini yaşadan ən müqəddəs mənəvi sərvətlərimizdən biridir. Minilliklər boyu formalaşan ana dilimiz xalqımızın düşüncə tərzini, milli-mənəvi dəyərlərini, ədəbiyyatını, incəsənətini və mədəniyyətini nəsildən-nəslə ötürərək bu günümüzə qədər yaşatmışdır. Məhz buna görə də Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi müstəqil dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi daim xüsusi diqqət mərkəzində saxlanılır.
XX əsrin ikinci yarısında, xüsusilə sovet hakimiyyəti dövründə milli dillərin sıxışdırılması meyillərinin gücləndiyi bir şəraitdə Azərbaycan dilinin hüquqlarının müdafiəsi böyük siyasi iradə və cəsarət tələb edirdi. Həmin dövrdə ana dilinin dövlət dili kimi qorunması uğrunda qətiyyətli mövqe nümayiş etdirən Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunmasında müstəsna xidmətlər göstərmişdir.
1978-ci ildə Azərbaycan SSR Konstitusiyasının qəbul edilməsi zamanı Ümummilli Liderin prinsipial mövqeyi nəticəsində "Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir" müddəasının Konstitusiyada təsbit olunması milli dövlətçilik tariximizin ən mühüm hadisələrindən biri kimi qiymətləndirilir. Bu tarixi qərar milli kimliyimizin, dilimizin və mənəvi dəyərlərimizin gələcək inkişafı üçün möhkəm hüquqi zəmin yaratdı.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ana dilimizin hüquqi statusu daha da möhkəmləndirildi. 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında dövlət dilinin Azərbaycan dili olması təsbit edildi. Bunun davamı olaraq 2002-ci ildə qəbul edilən "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanun Azərbaycan dilinin tətbiqi, qorunması və inkişaf etdirilməsi istiqamətində dövlət siyasətinin əsas hüquqi sənədlərindən birinə çevrildi.
Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə dövlət dilinin inkişafı sahəsində həyata keçirilən ardıcıl islahatlar Azərbaycan dilinin nüfuzunun daha da yüksəlməsinə xidmət etmişdir. 18 iyun 2001-ci il tarixli "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Fərman dövlət dilinin tətbiqi sahəsində yeni mərhələnin başlanğıcı olmuş bu sənəd əsasında Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmışdır. Elə həmin ilin 9 avqust tarixli Fərmanı ilə hər il 1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi təsis edilmiş, ana dilimizin təbliği və qorunması istiqamətində dövlət siyasətinə yeni məzmun verilmişdir.
Bu gün Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi milli dil siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla və ardıcıl şəkildə davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dilinin inkişafı, onun elektron məkanda tətbiqinin genişləndirilməsi, latın qrafikalı nəşrlərin artırılması, klassik və dünya ədəbiyyatı nümunələrinin Azərbaycan dilində nəşri, dilimizin saflığının qorunması və müasir dövrün çağırışlarına uyğun inkişaf etdirilməsi istiqamətində mühüm dövlət proqramları, fərman və sərəncamlar qəbul edilmişdir.
2013-cü ildə təsdiq edilən "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı" ana dilimizin müasir inkişaf strategiyasını müəyyənləşdirən mühüm sənədlərdən biridir. Bununla yanaşı, 2018-ci ildə imzalanmış fərmanlarla Azərbaycan dilinin saflığının qorunması, dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi və elektron informasiya məkanında tətbiqinin genişləndirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir. 2025-ci ildə qəbul edilən yeni fərman isə dövlət dilinin normalarına əməl olunmasına nəzarət və Azərbaycan dilinin inkişafı sahəsində institusional mexanizmlərin daha da təkmilləşdirilməsinə xidmət edir.
Prezident İlham Əliyevin vurğuladığı kimi, "Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik." Bu fikir hər bir vətəndaş üçün mühüm çağırış olmaqla yanaşı, ana dilimizin qorunmasının milli məsuliyyət məsələsi olduğunu bir daha nümayiş etdirir.
Ümummilli Lider Heydər Əliyevin "Xalqı xalq edən, milləti millət edən onun ana dilidir" kəlamı isə Azərbaycan dilinin xalqımızın milli varlığında tutduğu müstəsna yeri ən dolğun şəkildə ifadə edir. Dil yalnız ünsiyyət vasitəsi deyil, həm də tariximizin, mədəniyyətimizin, milli yaddaşımızın və dövlətçilik ənənələrimizin daşıyıcısıdır.
Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan artıq soydaşımızı birləşdirən Azərbaycan dili milli həmrəyliyimizin və mənəvi birliyimizin əsas sütunlarından biridir. Dilimizin zənginliyini qorumaq, onu düzgün işlətmək, saflığını gələcək nəsillərə ötürmək hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur.
1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə hər bir soydaşımızı ürəkdən təbrik edir, ana dilimizin əbədi yaşamasını, daha da zənginləşməsini və dünya miqyasında nüfuzunun artmasını arzulayırıq. Azərbaycan dili milli kimliyimizin, müstəqilliyimizin və dövlətçiliyimizin ən mühüm rəmzlərindən biri olaraq daim yaşayacaq və inkişaf edəcəkdir.

23/07/2026

Milli mətbuatımızın yaranması və inkişaf yolu
“Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. “Əkinçi”dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik.”

Ulu Öndər Heydər Əliyev

“Əlbəttə ki, mətbuatın fəaliyyəti hər bir insanı maraqlandırır. İnsanlar bütün məlumatı mətbuatdan alırlar. Ona görə, hər bir ölkədə, o cümlədən Azərbaycanda mətbuat qərəzsiz olmalıdır, çevik, operativ fəaliyyət göstərməlidir, insanları məlumatlarla tam şəkildə təmin etməlidir. Hesab edirəm ki, biz bunu Azərbaycanda görürük. Çünki bu gün Azərbaycan mətbuatı artıq yüksək səviyyəyə qalxıbdır. Mən həm operativlik, həm milli maraqların müdafiə edilməsi sahəsində mətbuatın fəaliyyətini yüksək qiymətləndirirəm.”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

22 iyul 1875-ci ildə görkəmli ziyalı, maarifçi-publisist və təbiətşünas alim Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunan "Əkinçi" qəzeti milli mətbuatımızın əsasını qoymuşdur. Bu hadisə Azərbaycanın ictimai-siyasi və mədəni həyatında yeni mərhələnin başlanğıcı olmuşdur. "Əkinçi" cəmi iki il fəaliyyət göstərərək 56 nömrə nəşr olunsa da, milli mətbuat tarixində silinməz iz qoymuş, xalqın maariflənməsi, ana dilinin inkişafı, milli özünüdərk, azadlıq ideyalarının təbliği və demokratik düşüncənin formalaşmasında mühüm rol oynamışdır.
Çar Rusiyasının təzyiqləri nəticəsində qəzetin nəşri dayandırılsa da, onun yaratdığı maarifçilik ənənəsi sonrakı dövrdə daha da inkişaf etmişdir. "Əkinçi"nin ideyaları əsasında formalaşan "Ziya", "Ziyayi-Qafqaziyyə", "Kəşkül", "Şərqi-Rus", "Həyat", "Füyuzat", "Molla Nəsrəddin", "İrşad", "Açıq söz" və digər qəzet və jurnallar Azərbaycan milli mətbuatının inkişafında, ədəbi dilimizin zənginləşməsində, milli şüurun və istiqlal məfkurəsinin formalaşmasında əvəzsiz xidmətlər göstərmişdir.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra milli medianın inkişafı dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilmişdir. Xüsusilə 1993-cü ildən başlayaraq Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində söz və mətbuat azadlığının təmin olunması istiqamətində mühüm addımlar atılmışdır.
1998-ci ilin avqustunda kütləvi informasiya vasitələri üzərində dövlət senzurasının ləğv edilməsi Azərbaycanın media tarixində dönüş nöqtəsi olmuşdur. Bununla yanaşı, medianın hüquqi bazası təkmilləşdirilmiş, söz və məlumat azadlığını məhdudlaşdıran maneələr aradan qaldırılmış, jurnalistikanın inkişafı üçün əlverişli şərait yaradılmışdır.
Prezident İlham Əliyev tərəfindən də media siyasəti ardıcıl şəkildə davam etdirilmiş, "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" qəbul edilmiş, medianın iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi, peşəkar jurnalistikanın inkişafı və informasiya təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm qərarlar qəbul edilmişdir.
Müasir dövrdə rəqəmsallaşma və informasiya texnologiyalarının sürətli inkişafı media sahəsində yeni çağırışlar yaratmışdır. Bu baxımdan Prezident İlham Əliyevin 12 yanvar 2021-ci il tarixli Fərmanı ilə Medianın İnkişafı Agentliyi yaradılmış, media islahatlarının institusional əsasları daha da gücləndirilmişdir.
2021-ci il 30 dekabr tarixində qəbul olunmuş "Media haqqında" Azərbaycan Respublikasının Qanunu media fəaliyyətinin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən etmiş, media subyektlərinin fəaliyyətinin müasir dövrün tələblərinə uyğun qurulmasına, informasiya təhlükəsizliyinin möhkəmləndirilməsinə və peşəkar jurnalistikanın inkişafına yeni imkanlar yaratmışdır.
2026-cı ildə media sahəsinin idarə edilməsinin təkmilləşdirilməsi məqsədilə Media və Yayım Şurasının yaradılması istiqamətində qanunvericilik dəyişiklikləri qəbul edilmişdir. Yeni mexanizmlər media subyektlərinin iqtisadi dayanıqlığının artırılması, jurnalistlərin peşəkarlığının yüksəldilməsi, dezinformasiyaya qarşı mübarizə və innovativ texnologiyaların tətbiqini nəzərdə tutur.
Azərbaycan dövlətinin media siyasətində jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi xüsusi yer tutur. Son illərdə media subyektlərinə dövlət dəstəyi göstərilmiş, jurnalistlərin sosial rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir.
Media nümayəndələrinin güzəştli ipoteka kreditlərindən istifadə imkanlarının genişləndirilməsi, media subyektlərinə tətbiq olunan vergi güzəştləri, jurnalistlərin fəxri adlarla və dövlət təltifləri ilə mükafatlandırılması bu sahəyə göstərilən diqqətin bariz nümunəsidir.
Prezident İlham Əliyevin sərəncamları ilə milli mətbuatın 125, 130, 135, 140, 145 və 150 illik yubileyləri dövlət səviyyəsində qeyd olunmuş, 2025-ci ildə "Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)" yubiley medalı təsis edilmişdir.
Bu gün Azərbaycan mediası qlobal informasiya məkanının ayrılmaz hissəsinə çevrilmişdir. İnternet media, rəqəmsal platformalar və sosial şəbəkələrin sürətli inkişafı jurnalistikaya yeni imkanlar yaratmaqla yanaşı, yeni məsuliyyətlər də müəyyən etmişdir.
Peşəkarlıq, obyektivlik, operativlik, milli maraqların müdafiəsi və etik prinsiplərə sadiqlik müasir Azərbaycan jurnalistikasının əsas fəaliyyət istiqamətləridir. Dezinformasiyaya qarşı mübarizə, media savadlılığının artırılması, süni intellekt texnologiyalarından səmərəli istifadə və təhlükəsiz informasiya mühitinin formalaşdırılması günümüzün əsas prioritetləri sırasındadır.
Azərbaycan mediası Birinci Qarabağ müharibəsi dövründə olduğu kimi, 44 günlük Vətən müharibəsi və postmüharibə mərhələsində də üzərinə düşən vəzifəni yüksək peşəkarlıqla yerinə yetirmişdir. Jurnalistlər informasiya cəbhəsində ölkəmizin mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılmasına, düşmən təbliğatının ifşa edilməsinə və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına mühüm töhfə vermişlər.
Bu gün də media işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, Böyük Qayıdış proqramı və ölkəmizin inkişafı barədə obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır.
Azərbaycan mediası son illərdə beynəlxalq əməkdaşlığını daha da genişləndirmişdir. Azərbaycan ilə Türkiyə arasında media sahəsində strateji əməkdaşlıq, Birgə Media Platformasının fəaliyyəti və Şuşada keçirilən Qlobal Media Forumları beynəlxalq informasiya əməkdaşlığının inkişafına mühüm töhfə verir.
2023–2026-cı illərdə keçirilən Şuşa Qlobal Media Forumlarında dezinformasiyaya qarşı mübarizə, süni intellekt dövründə media, informasiya təhlükəsizliyi, media etikası və sülh quruculuğunda medianın rolu kimi aktual məsələlər müzakirə olunmuşdur.
Bu gün Azərbaycan mediası 150 illik zəngin ənənələrə söykənərək müasir çağırışlara uyğun inkişaf edir. Milli media dövlətçilik maraqlarının qorunması, cəmiyyətin operativ və obyektiv məlumatlandırılması, milli-mənəvi dəyərlərin təbliği, rəqəmsal transformasiya, informasiya təhlükəsizliyi və beynəlxalq informasiya məkanında ölkəmizin mövqeyinin daha da gücləndirilməsi istiqamətində fəaliyyətini uğurla davam etdirir.

22/07/2026

Almaniya hökumətinin rolunu biz yüksək qiymətləndiririk

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il iyulun 21-də Almaniya Federativ Respublikasına etdiyi rəsmi səfər Azərbaycan–Almaniya münasibətlərinin inkişafında mühüm siyasi hadisə kimi qiymətləndirilir. Səfər çərçivəsində Prezident İlham Əliyev Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və Federal Kansler Fridrix Merts ilə görüşlər keçirmiş, ikitərəfli əməkdaşlığın müxtəlif istiqamətləri üzrə geniş fikir mübadiləsi aparmışdır. Səfərin ən mühüm nəticələrindən biri Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlığın strateji gündəliyi haqqında Birgə Bəyannamənin imzalanması olmuşdur. Bu sənəd iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini nümayiş etdirmişdir.
Prezident İlham Əliyev Almaniya Kansleri Fridrix Merts ilə birgə mətbuata bəyanatında Azərbaycan ilə Almaniya arasında siyasi dialoqun yüksələn xətt üzrə inkişaf etdiyini vurğulamış, qarşılıqlı etimada əsaslanan münasibətlərin daha da möhkəmləndiyini qeyd etmişdir. Dövlət başçısı bildirmişdir ki, Almaniya Avropanın aparıcı iqtisadi və siyasi güclərindən biri olmaqla yanaşı, Azərbaycanın Avropa İttifaqındakı mühüm tərəfdaşlarından biridir. Bu baxımdan, münasibətlərin strateji məzmun qazanması həm regional, həm də qlobal əməkdaşlıq baxımından mühüm əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev çıxışında iqtisadi əməkdaşlığın genişləndirilməsinin prioritet istiqamətlərdən biri olduğunu bildirmişdir. O qeyd etmişdir ki, Almaniya şirkətlərinin Azərbaycanın sənaye, yaşıl enerji, nəqliyyat, rəqəmsal texnologiyalar, infrastruktur və digər sahələrdə həyata keçirilən layihələrdə iştirak imkanları genişdir. Dövlət başçısı Azərbaycanın əlverişli investisiya mühiti yaratdığını, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində mühüm islahatların həyata keçirildiyini və xarici investorlar üçün etibarlı tərəfdaş olduğunu vurğulamışdır.
Bəyanatda enerji əməkdaşlığı xüsusi yer tutmuşdur. Prezident İlham Əliyev Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynadığını qeyd etmiş, ölkəmizin uzun illərdir etibarlı enerji tərəfdaşı kimi fəaliyyət göstərdiyini diqqətə çatdırmışdır. Azərbaycanın təbii qaz ixracı ilə yanaşı, bərpa olunan enerji sahəsində də böyük potensiala malik olduğu, Xəzər dənizinin külək enerjisi ehtiyatlarından istifadə edilməsinin və yaşıl enerjinin Avropaya ixracının perspektivləri barədə fikir mübadiləsi aparıldığı bildirilmişdir. Bu istiqamətdə Almaniyanın texnoloji imkanları ilə Azərbaycanın təbii resurs potensialının birləşdirilməsinin qarşılıqlı fayda verəcəyi vurğulanmışdır.
Prezident İlham Əliyev çıxışında nəqliyyat və logistika sahəsində əməkdaşlığın da geniş perspektivlərə malik olduğunu bildirmişdir. O qeyd etmişdir ki, Azərbaycanın son illərdə həyata keçirdiyi iri infrastruktur layihələri nəticəsində ölkə Şərq ilə Qərb arasında mühüm tranzit mərkəzinə çevrilmişdir. Orta Dəhlizin inkişafı, beynəlxalq yükdaşımaların artırılması və Avropa ilə Asiya arasında etibarlı nəqliyyat marşrutlarının formalaşdırılması baxımından Almaniya ilə əməkdaşlıq yeni imkanlar açır.
Dövlət başçısı humanitar və mədəni əlaqələrin də ikitərəfli münasibətlərin vacib istiqamətlərindən biri olduğunu qeyd etmişdir. Təhsil, elm, innovasiya və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi, universitetlər arasında əlaqələrin inkişaf etdirilməsi, tələbə və alim mübadiləsinin artırılması barədə fikir mübadiləsi aparıldığı bildirilmişdir. Prezident İlham Əliyev xalqlar arasında qarşılıqlı etimadın möhkəmləndirilməsində humanitar əməkdaşlığın mühüm rol oynadığını vurğulamışdır.
Regional təhlükəsizlik məsələləri də danışıqların əsas mövzularından olmuşdur. Prezident İlham Əliyev Cənubi Qafqazda davamlı sülhün təmin olunmasının Azərbaycanın əsas prioriteti olduğunu bəyan etmişdir. Dövlət başçısı bildirmişdir ki, Azərbaycan bölgədə sabitliyin və əməkdaşlığın möhkəmlənməsinə yönəlmiş siyasət həyata keçirir və sülh gündəliyinə sadiqdir. Bu baxımdan beynəlxalq tərəfdaşlarla aparılan dialoq regional təhlükəsizliyin möhkəmləndirilməsinə mühüm töhfə verir.
Mətbuat konfransı zamanı Almaniya və Rusiya nümayəndələrinin əvvəllər Bakıda keçirilmiş qeyri-rəsmi görüşləri ilə bağlı sual da səsləndirilmişdir. Prezident İlham Əliyev Azərbaycanın bu görüşlər barədə əvvəlcədən rəsmi məlumatlandırılmadığını bildirmiş, belə görüşlərdən sonradan media vasitəsilə xəbər tutduqlarını qeyd etmişdir. Bununla yanaşı, dövlət başçısı vurğulamışdır ki, əgər bu cür təmaslar Rusiya–Ukrayna müharibəsinin başa çatmasına və sülhün əldə olunmasına xidmət edərsə, Azərbaycan bunu müsbət qiymətləndirər.
Səfərin mühüm nəticələrindən biri Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında "İkitərəfli Tərəfdaşlığın Strateji Gündəliyi haqqında Birgə Bəyannamə"nin imzalanması olmuşdur. Bu sənəd siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, yaşıl enerji, nəqliyyat, rəqəmsal inkişaf, elm, təhsil və digər istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Birgə Bəyannamə Azərbaycan–Almaniya münasibətlərinin uzunmüddətli inkişafına xidmət edən mühüm siyasi sənəd kimi qiymətləndirilir.
Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri Azərbaycan Respublikasının balanslaşdırılmış və praqmatik xarici siyasət kursunun növbəti uğurlu təzahürü olmuşdur. Səfər nəticəsində əldə olunan razılaşmalar, imzalanan strateji sənəd və verilən bəyanatlar Azərbaycan ilə Almaniya arasında siyasi dialoqun, iqtisadi əməkdaşlığın və qarşılıqlı etimada əsaslanan tərəfdaşlığın daha da möhkəmlənəcəyini göstərir. Bu səfər eyni zamanda Azərbaycanın Avropa ilə əlaqələrinin inkişafına, enerji və nəqliyyat sahələrində əməkdaşlığın genişlənməsinə, eləcə də regional sabitlik və təhlükəsizlik naminə həyata keçirilən diplomatik təşəbbüslərin gücləndirilməsinə mühüm töhfə kimi qiymətləndirilir.

22/07/2026

Hörmətli media nümayəndələri!
Sizi 22 İyul – Milli Mətbuat və Jurnalistika Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, xoşbəxtlik və məsuliyyətli fəaliyyətinizdə yeni uğurlar arzulayıram.

Azərbaycan milli mətbuatı 151 illik şərəfli inkişaf yolu keçərək cəmiyyətimizin maariflənməsində, milli-mənəvi dəyərlərimizin qorunmasında, dövlətçilik ənənələrinin möhkəmləndirilməsində və ictimai fikrin formalaşmasında mühüm rol oynamışdır.

Ümummilli Lider Heydər Əliyev mətbuatın inkişafını dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi qiymətləndirir, söz və fikir azadlığının təmin olunmasına, müstəqil medianın formalaşmasına xüsusi önəm verirdi. Məhz Ulu Öndərin müəyyən etdiyi siyasi kurs nəticəsində Azərbaycanda azad və peşəkar medianın inkişafı üçün möhkəm hüquqi və institusional baza yaradılmışdır.

Bu gün həmin siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə media sahəsində həyata keçirilən ardıcıl islahatlar, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi, müasir informasiya mühitinin formalaşdırılması və peşəkar jurnalistikanın inkişafına göstərilən hərtərəfli dövlət dəstəyi ölkəmizdə medianın inkişafına yeni imkanlar açmışdır.

Müasir dövrdə Azərbaycan mediası milli maraqlarımızın qorunması, dövlətimizin əldə etdiyi uğurların təbliği, cəmiyyətin operativ və obyektiv məlumatlandırılması, eləcə də ölkəmizin haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində mühüm missiya yerinə yetirir. Vətən müharibəsi dövründə media nümayəndələrinin nümayiş etdirdiyi peşəkarlıq və vətənpərvərlik bu missiyanın ən parlaq nümunələrindən biri olmuşdur.

Əminəm ki, Azərbaycan jurnalistləri bundan sonra da dövlətçiliyimizin möhkəmləndirilməsi, milli maraqlarımızın qorunması və cəmiyyətimizin düzgün məlumatlandırılması naminə öz məsuliyyətli fəaliyyətlərini yüksək peşəkarlıqla davam etdirəcəklər.

Milli Mətbuat və Jurnalistika Günü münasibətilə bütün media nümayəndələrini bir daha ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, ailə səadəti, tükənməz yaradıcılıq enerjisi və yeni-yeni uğurlar arzulayıram.

Vidadi İsayev
Bərdə Rayon İcra Hakimiyyətinin başçısı

https://qerbiazerbaycanxeber.az/gundem/899-hormtli-media-numayndlri.html

20/07/2026

Bərdə rayonunun Mehdili və Təhlə kənd sakinlərinin müraciəti əsasında daha bir sosial məsələ operativ şəkildə öz həllini tapıb. Kənd ərazisində su kanalları ilə bağlı yaranmış problem sakinlərin gündəlik həyatında müəyyən çətinliklərə səbəb olurdu. Məsəl....

15/07/2026
15/07/2026

Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı yeni inkişaf mərhələsində

Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin Azərbaycana rəsmi səfəri iki ölkə arasında dostluq münasibətlərinin və strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Səfər çərçivəsində iyulun 14-də Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin verdiyi bəyanat iki ölkə arasında siyasi dialoqun yüksək səviyyəsini, qarşılıqlı etimada əsaslanan əməkdaşlığın genişlənməsini və gələcək inkişaf perspektivlərini bir daha nümayiş etdirdi.
Prezident İlham Əliyev bəyanatında vurğuladı ki, Azərbaycan ilə Slovakiya arasında münasibətlər son illər ərzində dinamik inkişaf edir və siyasi əlaqələr artıq müntəzəm xarakter alıb. Dövlət başçısı ötən ilin sonunda Slovakiyaya etdiyi rəsmi səfəri məmnunluqla xatırlayaraq Prezident Peter Pelleqrini göstərdiyi qonaqpərvərliyə görə təşəkkürünü bildirdi. Bu qarşılıqlı səfərlərin və yüksək səviyyəli görüşlərin iki ölkə arasında etibarlı tərəfdaşlığın möhkəmləndirilməsində mühüm rol oynadığı xüsusi qeyd olundu.
Prezident İlham Əliyev bildirdi ki, keçirilən görüşlər zamanı əməkdaşlığın müxtəlif istiqamətləri üzrə geniş fikir mübadiləsi aparılıb. Nümayəndə heyətlərinin tərkibi də onu göstərir ki, Azərbaycan və Slovakiya yalnız siyasi dialoqu inkişaf etdirmir, eyni zamanda iqtisadi, enerji, sənaye, hərbi-texniki və digər sahələrdə konkret layihələrin həyata keçirilməsi istiqamətində fəal əməkdaşlıq edirlər. Bu isə münasibətlərin praktiki nəticələrə əsaslandığını göstərən mühüm amildir.
Dövlət başçısı Azərbaycan ilə Slovakiya arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayaraq xatırlatdı ki, 2024-cü ildə iki ölkə arasında Strateji tərəfdaşlığa dair Birgə Bəyannamə imzalanıb. Onun sözlərinə görə, həmin sənədin uğurla icra olunması, həyata keçirilən birgə layihələr və intensiv siyasi dialoq tərəflərin güclü siyasi iradəsinin və qarşılıqlı etimadının bariz göstəricisidir.
Prezident İlham Əliyev Slovakiyanın işğaldan azad olunmuş ərazilərin bərpasına verdiyi dəstəyi yüksək qiymətləndirdi. Bildirildi ki, Slovakiya şirkəti Ağdam rayonunun Baş Qərvənd kəndində "Ağıllı kənd" layihəsini həyata keçirir və səfər çərçivəsində hər iki ölkənin prezidentləri həmin layihə ilə yerində tanış olacaqlar. Dövlət başçısı Slovakiya hökumətinə və şirkətlərinə Qarabağın yenidən qurulması prosesinə verdikləri töhfəyə görə minnətdarlığını ifadə etdi.
Bəyanatda iqtisadi-ticarət əlaqələrinin inkişafı da əsas prioritetlərdən biri kimi qeyd olundu. Prezident İlham Əliyev vurğuladı ki, enerji sahəsində əməkdaşlıq, hərbi-texniki əlaqələrin genişləndirilməsi və digər istiqamətlər üzrə aparılan müzakirələr son dərəcə açıq və səmərəli şəraitdə keçib. Həmçinin bildirildi ki, nümayəndə heyətlərinin üzvləri səfər çərçivəsində işlərini davam etdirəcək və əldə olunan razılaşmaların həyata keçirilməsi istiqamətində müvafiq addımlar atılacaq.
Dövlət başçısı Prezident Peter Pelleqrinin dəvəti qəbul edərək Azərbaycana rəsmi səfər etməsini və səfər proqramına Qarabağ bölgəsini də daxil etməsini iki ölkə arasında formalaşmış səmimi münasibətlərin və qarşılıqlı etimadın mühüm göstəricisi kimi qiymətləndirdi. Bu cür qarşılıqlı səfərlər münasibətlərin gələcək inkişafı üçün yeni imkanlar yaradır və əməkdaşlığın daha da genişlənməsinə xidmət edir.
Prezident İlham Əliyev əminliyini ifadə etdi ki, Azərbaycan ilə Slovakiya arasında strateji tərəfdaşlıq bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək. Onun sözlərinə görə, hər iki dövlət konkret nəticələrə yönəlmiş əməkdaşlığa üstünlük verir və son illər ərzində formalaşmış möhkəm tərəfdaşlıq gələcəkdə yeni layihələrin reallaşdırılması üçün etibarlı zəmin yaradır.
Dövlət başçısı, eyni zamanda qeyd etdi ki, Prezident Peter Pelleqrini Azərbaycana ilk dəfə səfər etmir. O, daha əvvəl Slovakiya parlamentinin sədri və Baş nazir kimi ölkəmizə səfərlər edib, Prezident kimi isə BMT-nin İqlim Dəyişmələri üzrə COP29 Konfransında iştirak etmək məqsədilə Azərbaycanda olub. Hazırkı rəsmi səfər isə iki ölkə arasında yüksək səviyyəli siyasi dialoqun davamlı xarakter daşıdığını və strateji tərəfdaşlığın uğurla inkişaf etdiyini bir daha təsdiqləyir.
Prezident İlham Əliyevin Şuşada səsləndirdiyi fikirlər Azərbaycan–Slovakiya münasibətlərinin qarşılıqlı hörmət, etimad və ortaq maraqlar əsasında inkişaf etdiyini göstərir. Siyasi dialoqun intensivləşməsi, iqtisadi əməkdaşlığın genişlənməsi və Qarabağın bərpası istiqamətində birgə fəaliyyət iki ölkə arasında əlaqələrin gələcəkdə daha da möhkəmlənəcəyinə və yeni məzmun qazanacağına əminlik yaradır.

Address

Bərdə
Barda

Website

Alerts

Be the first to know and let us send you an email when Bərdə RİHB-nın Mirzəxan Qaraqoyunlu kənd İƏD üzrə nümayəndəliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share