25/08/2026
Əbədi dostluq, sarsılmaz qardaşlıq, çoxsahəli tərəfdaşlıq
Azərbaycanın müstəqil xarici siyasətində Mərkəzi Asiya regionu ilə strateji tərəfdaşlığın dərinləşdirilməsi xüsusi prioritet təşkil edir. Bu çərçivədə Mərkəzi Asiyanın aparıcı dövlətlərindən biri olan Özbəkistan ilə əlaqələrin strateji mütəffiqlik səviyyəsinə qaldırılması xüsusi əhəmiyyət daşıyır. Köklü tarixə, mənəvi bağlara söykənən bu münasibətlər iki ölkənin milli maraqlarının üst-üstə düşməsi ilə daha da möhkəmlənir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin avqustun 23-də Özbəkistana dövlət səfəri iki ölkənin münasibətlərinin strateji xarakterini və tərəflər arasında siyasi dialoqun intensivliyini bir daha nümayiş etdirdi. Bu səfər iki ölkə arasındakı müttəfiqlik münasibətlərinin daha da gücləndirilməsi və bütün sahələr üzrə əməkdaşlığın hərtərəfli genişləndirilməsi baxımından tarixi önəm kəsb edir. Səfər çərçivəsində Azərbaycan Respublikası və Özbəkistan Respublikası Ali Dövlətlərarası Şurasının üçüncü iclası keçirildi və mühüm sənədlər imzalandı. Xüsusən, "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə" iki ölkə arasındakı münasibətləri hüquqi baxımdan ən ali mərtəbəyə, müttəfiqlik və əbədi dostluq müstəvisinə yüksəltdi. Bu tarixi sənəd tərəflərin suverenliyini, ərazi bütövlüyünü və təhlükəsizliyini qarşılıqlı şəkildə qorumaq kimi mühüm təhlükəsizlik zəmanətlərini təsbit edir. Eyni zamanda müqavilə energetika, "yaşıl iqtisadiyyat", Cənubi Qafqaz-Mərkəzi Asiya nəqliyyat dəhlizlərinin potensialının artırılması kimi strateji sahələrlə yanaşı, parlamentlərarası, elm-təhsil və mədəniyyət istiqamətlərində də dərin inteqrasiyanın bünövrəsini qoyur. Ən əsası bu sənəd, Azərbaycan-Özbəkistan qardaşlığını rəsmiləşdirərək sarsılmaz müttəfiqliyi gələcək nəsillər üçün də hüquqi zəmanət altına alır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin avqustun 23-də Özbəkistana dövlət səfəri çərçivəsində mətbuata verdiyi bəyanat Azərbaycan-Özbəkistan münasibətlərinin yüksək səviyyəsini, əldə olunan mühüm nəticələri və qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəfləri bir daha aydın şəkildə ortaya qoydu.
Özbəkistanın bu gün sürətli inkişaf və böyük dəyişikliklər mərhələsindən keçməsi, Daşkəndin müasir və dinamik şəhərə çevrilməsi Prezident Şavkat Mirziyoyevin həyata keçirdiyi islahatların və uzaqgörən siyasətin nəticəsidir. Cənab Prezident İlham Əliyevin Özbəkistanın inkişafını xüsusi qeyd etməsi iki dövlət başçısı arasında səmimi münasibətlərin, qarşılıqlı hörmətin və qardaşlıq bağlarının mühüm göstəricisidir.
Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri və Daşkənddə keçirdiyi görüşlər iki qardaş ölkə arasında münasibətlərin son illərdə qazandığı strateji mahiyyəti bir daha nümayiş etdirdi. Prezidentin mətbuata bəyanatında səsləndirdiyi fikirlər Azərbaycan–Özbəkistan əlaqələrinin yalnız siyasi və diplomatik münasibətlər çərçivəsində deyil, iqtisadi, enerji, nəqliyyat, investisiya və humanitar sahələrdə də sürətlə dərinləşdiyini göstərir. Bu münasibətlərin əsas xüsusiyyəti ondan ibarətdir ki, onların təməlində tarixi-mədəni yaxınlıqla yanaşı, qarşılıqlı siyasi etimad və uzunmüddətli strateji maraqlar dayanır. Azərbaycan və Özbəkistan arasında münasibətlər artıq yalnız dostluq və tarixi qardaşlıq çərçivəsində deyil, konkret layihələr və qarşılıqlı faydalı əməkdaşlıq üzərində inkişaf edir. Ticarət dövriyyəsinin bir milyard dollara çatdırılması ilə bağlı qarşıya qoyulan hədəf, enerji, nəqliyyat, investisiya, sənaye, kənd təsərrüfatı, turizm və digər sahələrdə həyata keçirilən layihələr əməkdaşlığımızın böyük potensiala malik olduğunu göstərir.
Azərbaycan-Özbəkistan münasibətlərinin gücü yalnız iqtisadi göstəricilərlə ölçülə bilməz. Bu münasibətlərin arxasında ortaq tarix, mədəniyyət, milli-mənəvi dəyərlər və xalqlarımız arasında əsrlər boyu formalaşmış qardaşlıq dayanır. Məhz bu möhkəm təməl ölkələrimizin həm ikitərəfli, həm də Türk dünyası çərçivəsində daha sıx əməkdaşlığı üçün geniş imkanlar yaradır.
Özbəkistanın Azərbaycanın Qarabağda apardığı böyük quruculuq prosesində iştirakı isə qardaşlığımızın ən gözəl nümunələrindəndir. Füzulidə Mirzə Uluqbəy adına məktəbin inşası, Xankəndidə tikiş fabrikinin yaradılmasına investisiya qoyulması və digər layihələr Özbəkistanın Azərbaycanın haqq işinə və quruculuq prosesinə verdiyi səmimi dəstəyin ifadəsidir. Bu dəstək xalqlarımız arasında dostluğun siyasi münasibətlərdən daha böyük və daha dərin mənəvi əsaslara söykəndiyini göstərir.
Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın üçüncü iclasının keçirilməsi də münasibətlərimizin xüsusi xarakterini təsdiqləyir. Həmçinin iki dövlət başçısının ali dövlət təltiflərinə layiq görülməsi Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev arasında yüksək qarşılıqlı ehtiramın, eyni zamanda Azərbaycan və Özbəkistan xalqları arasındakı sarsılmaz dostluğun rəmzidir.
Səfər çərçivəsində imzalanan sənədlər və əldə olunan razılaşmalar qarşıdakı illərdə əməkdaşlığımızın daha da genişlənməsi üçün mühüm hüquqi və praktiki baza yaradır. Qarşıya qoyulan yeni hədəflər göstərir ki, Azərbaycan və Özbəkistan bundan sonra da birgə layihələrə, yeni investisiyalara və yeni təşəbbüslərə imza atacaq.
Bu gün Azərbaycan və Özbəkistan təkcə iki qardaş dövlət kimi deyil, regionun inkişafına və Türk dünyasının güclənməsinə mühüm töhfə verən strateji tərəfdaşlar kimi çıxış edirlər. Nəqliyyat dəhlizlərinin inkişafı, iqtisadi əlaqələrin genişlənməsi, enerji və investisiya layihələri ölkələrimizin qarşılıqlı imkanlarını daha da artırır.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan-Özbəkistan münasibətlərinin həm mənəvi, həm də maddi baxımdan çox möhkəm təməli var. Bu möhkəm təməl üzərində qurulan əməkdaşlıq bundan sonra da yeni uğurlarla zənginləşəcək, xalqlarımızın rifahına və Türk dünyasının daha da güclənməsinə xidmət edəcəkdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Daşkənddə səsləndirdiyi fikirlər Azərbaycan–Özbəkistan münasibətlərinin yeni mərhələyə daxil olduğunu göstərir. Bu mərhələnin əsas xüsusiyyəti siyasi yaxınlığın iqtisadi və geostrateji əməkdaşlıqla tamamlanmasıdır. İki ölkənin qarşılıqlı etimada əsaslanan münasibətləri artıq regional proseslərə təsir göstərən mühüm amilə çevrilir.
Cənab Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri Azərbaycan-Özbəkistan qardaşlığının yeni inkişaf mərhələsinin mühüm göstəricisi kimi tarixə düşəcək. Qarşıdakı illərdə bu qardaşlıq daha böyük layihələr, daha geniş əməkdaşlıq və daha möhtəşəm nəticələrlə özünü göstərəcəkdir.