30/07/2026
“Məktəb Muzeyi” respublika müsabiqəsinin yekun mərhələsi keçirilib
Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən “Məktəb Muzeyi” respublika müsabiqəsinin yekun mərhələsi keçirilib.
Müsabiqənin əsas məqsədi məktəb muzeyi anlayışının təhsilalananlar arasında təbliği, ümumi təhsil müəssisələrində məktəb muzeylərinin yaradılmasının təşviqi, şagirdlərdə tarixi-mədəni irsin qorunması, eksponatların toplanması, sistemləşdirilməsi və nümayiş etdirilməsi sahəsində bilik və bacarıqların formalaşdırılması olub.
Layihə çərçivəsində şagirdlərin yaradıcılıq potensialının üzə çıxarılması, təşəbbüskarlıq və tədqiqatçılıq bacarıqlarının inkişaf etdirilməsi, eləcə də muzey işi sahəsinə maraqlarının artırılması istiqamətində məqsədyönlü fəaliyyət həyata keçirilib. Eyni zamanda, iştirakçılara yaşadıqları bölgələrin tarixi, mədəniyyəti və milli-mənəvi dəyərlərini daha dərindən öyrənmək imkanı yaradılıb.
Müsabiqə iştirakçıları muzey fəaliyyətinin müxtəlif istiqamətləri, o cümlədən elmi-tədqiqat işi, eksponatların toplanması və təsnifatı, ekspozisiyaların hazırlanması, hekayəçilik, dizayn və dekorasiya sahələrində öz bilik və bacarıqlarını nümayiş etdiriblər. Hazırlanan maketlər, əl işləri və video təqdimatlar vasitəsilə tarixi və mədəni irs nümunələri təqdim olunub, şagirdlərin yaradıcı düşünmə, təqdimat, ünsiyyət və komanda ilə işləmək bacarıqlarının inkişafına töhfə verilib.
Layihə çərçivəsində respublikanın 50-yə yaxın şəhər və rayon ümumi təhsil müəssisələrində və uşaq-gənclər inkişaf mərkəzlərində fəaliyyət göstərən muzeylər tərəfindən təqdim edilən 150 videoçarx qəbul olunub.
Təqdim olunan işlər “Eksponatların unikal və dəyərli olması”, “Dizayn və estetik görünüş”, “Yaradıcılıq və ideya yeniliyi”, “Şagirdlərin tədqiqat fəaliyyəti” və “Təqdimat və ekskursiya” meyarları üzrə qiymətləndirilib.
Münsiflər heyətinin qərarına əsasən, “Təqdimat və ekskursiya” meyarı üzrə yüksək nəticə göstərən aşağıdakı muzeylər “İlin Məktəb Muzeyi” adına layiq görülüblər:
• Laçın şəhəri 2 nömrəli tam orta ümumtəhsil məktəbin muzeyi;
• Laçın rayonu Çıraqlı kənd tam orta ümumtəhsil məktəbinin muzeyi;
• Laçın rayonu Mehman Səfərov adına Qozlu kənd tam orta ümumtəhsil məktəbinin muzeyi;
• Bakı şəhəri Səbail rayonu 132–134 nömrəli lisey muzeyi;
• Sumqayıt şəhəri 27 nömrəli tam orta məktəbin muzeyi;
• Mingəçevir şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin muzeyi;
• Ağstafa rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin muzeyi;
• Xaçmaz rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin Xudat bölməsi;
• Şabran rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin muzeyi;
• Siyəzən rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin muzeyi
Müsabiqəyə təqdim olunan videoçarxların qiymətləndirilməsi müvafiq sahələr üzrə nüfuzlu mütəxəssislərdən ibarət münsiflər heyəti tərəfindən həyata keçirilmişdir. Münsif qismində Azərbaycan Milli İncəsənət Muzeyinin Kütləvi işlər üzrə direktor müavini Nəzrin Şirinova, tarix üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Fikrət Abdullayev və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadə iştirak ediblər. Təqdim olunan videoçarxlar məzmun, yaradıcılıq yanaşması, mövzuya uyğunluq və təqdimat keyfiyyəti kimi meyarlar əsasında dəyərləndirilmiş, yekun nəticələrə uyğun olaraq qaliblər müəyyən edilmişdir.
Bu uğur münasibətilə mərkəzimizin "Bədii qiraət" dərnəyinin üzvi Muradova Ləmanı və əşyaların toplanmasında köməklik göstərən bütün əməkdaşlarımızı təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzu edirik.