19/01/2021
"Vətən müharibəsi"ndə Şəhidlik zirvəsinə ucalan qəhrəmanımız Baş Leytenant Səid Rəşidzadə.
Səid Rəşidzadə 28 Yanvar 1990-cı ildə Füzuli rayonunun Horadiz qəsəbəsində dünyaya gəlib. Atası Nofəl Qasımov 1992-1993-cü illərdə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı kimi çalışıb. Həmçinin I Qarabağ döyüşləri zamanı Füzuli özünümüdafiə batalyonunun komandiri kimi Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib.
Səid 1996-2007-ci illərdə Bakının Nərimanov rayonu 207 nömrəli tam orta məktəbdə təhsil alıb.
2007-2011-ci illərdə H.Əliyev adına Ali Hərbi Məktəbdə ali təhsil alıb.
Yaxınları deyir ki, Səid çox zarafatcıl biri idi. Uşaqla uşaq, böyüklə böyük idi...
2011-ci ildən etibarən ordumuzda xidmətə başlayır. 2016-cı il "Aprel döyüşləri" zamanı Polad Həşimovla çiyin-çiyinə döyüşüb.
Səid ordudan tərxis olunur... "Tovuz döyüşləri" zamanı Polad Həşimovun Şəhid olması Səidə ağır təsir edir.
Həmin gündən könüllü kimi orduya yazılır.
"Vətən müharibəsi" başlayanda, Səid 27 Sentyabrdan döyüşlərə qatılır.
Bir çox döyüşlərdə iştirak edir. Oktyabrın 11-i isə Səidin son döyüşü olur. Hadrut uğrunda gedən döyüşlərdə düşmənə ağır itkilər yaşadır. Erməni bayrağını endirib, özü ilə gətirdiyi Azərbaycan Bayrağını asan zaman düşmən snayperi tərəfindən vurularaq, qəhrəmancasına Şəhidlik zirvəsinə ucalır...
Leytenant Raqif Xanışov Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin işğaldan azad edilməsi üçün mühüm əhəmiyyət daşıyan yüksəkliyin düşməndən təmizlənməsi uğrunda döyüşlərin iştirakçısı olmuş hərbçilərimizdəndir. Cənab Leytenant Səid haqqında deyir ki,
"- Biz hələ Beyləqanda idik. Beyləqandan çıxanda Baş Leytenant Səid Rəşidzadə də bir bayraq götürdü, dedi ki, bu bayrağı aldığımız ilk yüksəkliyə, ilk kəndə sancacağam. Elə oldu ki, biz Hadrutdakı bir strateji yüksəklik uğrunda döyüşə girdik. Həmin yüksəkliyi almalı idik. Hardasa yarım kilometr irəlilədikdən sonra biz 7 nəfər - Baş Leytenant Səid Rəşidzadə, Leytenant Elgün Kazımov, MAXE-lər - Xalid Abdullayev, İqbal Qurbanov, Yadigar Əsgərzadə, Əsgər Əmrah Səfərli və mən meşədə tək qaldıq. Çox çətin vəziyyətdə idik və bizə bir əmr verilmişdi: ancaq irəli! Hücuma keçib meşə ilə irəlilədik. Düşmənlə təmas döyüşü oldu. Açığı, biz nə qədər böyük bir məsuliyyətin altına girdiyimizi bilmirdik. Biz necə strateji əhəmiyyətli yüksəkliyi aldığımızı sonradan başa düşdük. Qarşıda nə qədər düşmən var, onu da bilmirdik. Döyüşə-döyüşə xeyli irəlilədikdən sonra meşə bitdi və açıqlıq bir yerə çıxdıq. Oradan Hadruta düşən yol var idi. O yüksəkliyə çıxdıq, orada erməni bayrağı asılan bir dirək vardı. Nə edəcəyimizi bilmirdik. Döyüş sursatımız tükənmişdi. Öldürdüyümüz ermənilərin patronlarını götürmüşdük. Həmin yüksəklikdə düşmən qalmamışdı. Ermənilər qaçıb qarşıdakı dərədə gizlənmişdilər. Təxminən 60 nəfərə yaxın olardılar. Həmin dərəyə qumbara atdıq, bir xeyli erməni çıxdı, bir hissəsini vurduq, qalanları da Hadruta qaçdılar. Oradan bir xeyli silah-sursat, rabitə əlaqəsi qənimət götürdük. O vaxta qədər bizim texnikamız orada irəliləyə bilmirdi. Həmin yüksəklik alınandan sonra Hadrut azad edildi. Biz elə bildik ki, artıq bitdi, yüksəkliyi tam almışıq. Baş Leytenant Səid Rəşidzadə erməni bayrağı asılan dirəyə yaxınlaşdı ki, o bayrağı salıb, Azərbaycan Bayrağını qaldırsın. Dirəyə yaxınlaşan kimi snayper onu vurdu. Sonra bizə kömək gəldi. Dirəyə yaxın getmək olmurdu, yaxınlaşan kimi snayper atəş açırdı. Ona görə də avtomatla vurub erməni bayrağını aşağı saldıq. Sonra erməni snayperi olan yeri atəşə tutduq, snayper qaçdı. Biz orada qaldırmaq üçün Səidin özüylə gətirdiyi Azərbaycan Bayrağını götürdük, o döyüşdə Şəhid olmuş beş nəfər qardaşımızın adını üstünə yazıb Bayrağı yüksəklikdə dalğalandırdıq.
Bizdən həmin o yüksəkliyi alan 7 nəfərdən ikisi Şəhid oldu. Biri, dediyim ki, o döyüşdə Şəhid olan Səid idi. O biri qardaşımız - Əmrah Səfərli isə sonradan Şuşa əməliyyatında Şəhid oldu. Biz - qalan 5 nəfər isə sonrakı döyüşlərdə yaralandıq. Ayrı-ayrı bölmələrdən olsaq da, biz tez-tez görüşürdük, elə bil, Hadrut əməliyyatı, Səidin ruhu bizi birləşdirmişdi. Səidlə təxminən bir həftə idi tanış olmuşduq, amma o qədər istiqanlı insan idi, elə bil, bir-birimizi uzun illərdir ki, tanıyırdıq, dostluq edirdik. O günü görmək Səidin özünə nəsib olmasa da, bir təsəllimiz var ki, onun Beyləqanda özü ilə götürdüyü o üçrəngli bayrağımızı Hadrutdakı yüksəklikdə dalğalandıra bildik. Əslində, o bayrağı elə Səidin özü dalğalandırmış oldu. Allah bütün Şəhidlərimizin ruhunu şad eləsin!"
Səid Füzuli rayonunda uğruna canından keçdiyi torpağa tapşırılır..
Ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunur...
Subay idi...
Allah bütün Şəhidlərimizə rəhmət eləsin. Məkanın cənnət olsun, Cənab Baş Leytenant! Səid Rəşidzadə - Şəhidini tanı!