Siyəzən RİHB-nın Siyəzən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi

  • Home
  • Azerbaijan
  • küçəsi
  • Siyəzən RİHB-nın Siyəzən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi

Siyəzən RİHB-nın Siyəzən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Siyəzən RİHB-nın Siyəzən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, Government Organization, Babək küçəsi 52, küçəsi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azə...
14/08/2026

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibə verib.
Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir.

Naxçıvanda mənim Sərəncamımla Əlahiddə Ordu yaradılmışdır. Bu ordu, təbii ki, Azərbaycan Silahlı Qüvvələrinin ayrılmaz tərkib hissəsidir. Ancaq Naxçıvanın spesifikası, coğrafiyası, Azərbaycanla, Azərbaycanın əsas hissəsi ilə coğrafi bağlantısının olmaması, əlbəttə ki, bu diyarın - muxtar respublikanın təhlükəsizliyinə daha böyük diqqət göstərməyimizə gətirib çıxardı və bu, daim belədir. Ona görə bu, birinci şərtdir. Bu gün Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir. O cümlədən Naxçıvanda hərbi potensial gündən-günə gücləndirilir və gücləndiriləcək.

Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Bu əlamətdar gün Ümummilli Lider Heydər Əliye...
01/08/2026

Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Bu əlamətdar gün Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib.

Bu gün dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Müstəqil dövlətin olmadığı dövrlərdə azərbaycanlıları bir xalq kimi qoruyan, assimilyasiya olunmağa imkan verməyən Azərbaycan mədəniyyəti, Azərbaycan dili, milli mənəvi dəyərlər olub.

Məlum olduğu kimi, SSRİ dövründə milli dillərin sıxışdırılması prosesi həyata keçirilirdi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. 30-ci illərdə dil məsələsini qabardanlar Sibirə sürgün olunurdu. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Bununla belə, yaranmış əngəllərə baxmayaraq, sarsılmaz təməlləri olan Azərbaycan dili mövcudluğunu qoruya bilib.

Azərbaycan dilinin mövcud təhlükələrdən qorunması və gələcək nəsillər üçün mühafizə edilməsi istiqamətində Ulu Öndər Heydər Əliyevin xidmətlərini xüsusi qeyd etmək lazımdır. 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası təsdiq edilən zaman oraya dövlət dili haqqında maddənin salınmaması ilə heç cür barışmayan Ümummilli Lider bu məsələdə sonadək öz prinsipial mövqeyini göstərir. 1978-ci il aprelin 2-də doqquzuncu çağırış Ali Sovetin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş yeddinci sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təkidi ilə 73-cü maddəni yeni dəyişikliklə vermək qərara alınır. Bu dəyişiklik Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dilinin Azərbaycan dili olduğunu əks etdirir. Bütün çətinliklərə baxmayaraq, Ümummilli Liderin bu cür tarixi qərara nail olması mənəvi varlığımızın əsası sayılan dilimizin inkişafında böyük addım olur .

Müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə Ümummilli Lider Heydər Əliyev haqlı olaraq deyirdi: “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini, mədəniyyətini yaşadan, inkişaf etdirən onun dilidir . Bu gün iftixar hissi ilə deyə bilərik ki, Sovet hakimiyyəti illərində biz Azərbaycan dilini qoruduq, saxladıq və inkişaf etdirdik. Azərbaycan dili indi çox yüksək səviyyədə, yəni onun qrammatik quruluşu, başqa sahələri yüksək səviyyədə olan bir dildir”. Azərbaycan dilinin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi istiqamətində Ulu Öndərin səyləri xalqımız üçün əvəzedilməz töhfələrdir.

Ümummilli Liderin 2001-ci il iyulun 18-də imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”, həmin il avqustun 9-da imzaladığı “Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” fərmanlar ana dilimizin qorunması və inkişafı baxımından göstərdiyi misilsiz xidmətlərdəndir. 2003-cü il yanvarın 2-də isə Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib. Qanunda dövlətin ana dilinə qayğısı istiqamətində əsas vəzifələr dəqiq göstərilib.

Ana dilimizi qorumaq üçün mühüm addımlar atan Ümummilli Liderin siyasi xətti Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. Dövlətimizin başçısının 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamına əsasən, hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanır. Bundan başqa, həmin il yanvarın 14-də “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il dekabrın 30-da “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamlarla ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqi gerçəkləşib. Müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan Azərbaycan Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq etməsi milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir. Dövlət Proqramının məqsədi Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, dilimizin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik araşdırmalarının yaxşılaşdırılmasıdır. Sənəd, eyni zamanda, dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səylərinin birləşdirilməsini və dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini nəzərdə tutur. Prezident İlham Əliyevin “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli Sərəncamı Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Dövlətimizin başçısının 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir. Dil quruculuğu ilə bağlı olan bu sənəd Azərbaycan dilinin milli-mənəvi, siyasi-hüquqi statusunun möhkəmlənməsi istiqamətində atılmış mühüm addımlardan biridir. Həmin Fərmandan irəli gələn vəzifələrin icrası çərçivəsində Nazirlər Kabinetinin müvafiq qərarı ilə Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradılıb.

Ana dilin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tədbirlərində eşidilməsi qürurvericidir. Çünki dil təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi, ədəbiyyatı, mədəniyyətidir. Hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz ana dilini, dinini, milli adət və ənənələrini unutmamalı, onları təbliğ etməlidir. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır. Bunlarsız isə vətənpərvərlik formulu yoxdur”.

İyulun 31-də Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib.Mərasimdə çıxış edən Qırğızıstan...
01/08/2026

İyulun 31-də Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib.
Mərasimdə çıxış edən Qırğızıstan Prezidenti Sadır Japarov dedi:
-Hörmətli İlham Heydər oğlu.
Hörmətli xanımlar və cənablar.
Müasir Azərbaycan regional və beynəlxalq proseslərdə mühüm rol oynayan güclü və nüfuzlu dövlətdir. Sizin Azərbaycana rəhbərlik etdiyiniz illərdə dövlətçiliyin möhkəmlənməsi, iqtisadiyyatın inkişafı və irimiqyaslı layihələrin həyata keçirilməsi üzrə böyük nailiyyətlər əldə olunub. Sizin dəstəyiniz və daimi yaxınlaşmaq səyləriniz sayəsində qardaş ölkələrimiz möhkəm dostluğa və qarşılıqlı etimada əsaslanan əsl strateji tərəfdaşlıq münasibətləri əldə edib.
Bu gün münasibətlərimiz keyfiyyətcə geniş səviyyəyə yüksəlib və müttəfiqlik xarakteri qazanıb. Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin inkişafında Sizin rolunuz xüsusi əhəmiyyətə malikdir. Azərbaycanın Mərkəzi Asiya dövlət başçılarının Məşvərət görüşlərində iştirakı iqtisadi-ticari, nəqliyyat və energetika sahələrində əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açır. Siz, həmçinin öz nüfuzunuzu ardıcıl olaraq regionda möhkəm sülhün bərqərar olmasına, sabitliyin möhkəmlənməsinə və yeni əməkdaşlıq mühitinin yaranmasına yönəldirsiniz.
Ölkələrimiz arasında dostluğun möhkəmləndirilməsinə Sizin sadiqliyiniz Qırğız xalqında dərin hörmət hissləri doğurur. Məhz bu səbəbə görə əziz dostum və qardaşım, Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Heydər oğlu Əliyevin Qırğız Respublikasının ali dövlət mükafatı – “Manas” ordeni ilə təltif olunması qərarını qəbul etdim.
Bu yüksək mükafat Sizin Qırğızıstan–Azərbaycan münasibətlərinin möhkəmlənməsinə şəxsi töhfənizin təsdiqidir.
Qırğız Respublikasının xalqı adından və şəxsən öz adımdan Sizi bu yüksək mükafat münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, əmin-amanlıq və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram.
Hörmətli İlham Heydər oğlu, icazə verin, “Manas” ordenini Sizə təqdim edim
Sonra Azərbaycan Prezidenti İlham Əliyevin Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlığın inkişafına, iki ölkənin xalqları arasında dostluğun möhkəmlənməsinə mühüm töhfəsinə görə 1-ci dərəcəli “Manas” ordeni ilə təltif edilməsi haqqında Qırğızıstan Prezidenti Sadır Japarovun Fərmanı oxundu.
Prezident Sadır Japarov 1-ci dərəcəli “Manas” ordenini dövlətimizin başçısına təqdim etdi.
Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək dedi:
-Hörmətli Sadır Nurqojoyeviç.
Əziz dostlar.
Əvvəlcə, bu yüksək mükafata görə Sizə səmimi-qəlbdən təşəkkür etmək istərdim. Mən onu Qırğızıstan ilə Azərbaycan arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi işində fəaliyyətimə Sizin verdiyiniz qiymət hesab edirəm. Sizinlə əməkdaşlıq illərimiz ərzində ölkələrimiz çox böyük və şərəfli yol qət edib, dövlətlərarası münasibətlərimiz strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Dünyada bundan yüksək səviyyə mövcud deyil. Qardaş ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsində şəxsi iştirakınıza görə Sizə çox dərindən minnətdaram
Bizim mehriban, dost və qardaş münasibətlərimiz ölkələrimiz arasında bugünkü uğurlu inkişafın mühüm amilidir. Həmçinin mənim ünvanıma söylədiyiniz xoş sözlərə, bu yüksək ordenə görə Sizə səmimi minnətdarlığımı bildirirəm və Sizi əmin edirəm ki, Qırğızıstan-Azərbaycan münasibətlərinin ölkələrimizin və xalqlarımızın rifahı naminə davamlı inkişafı üçün bundan sonra da bütün səylərimi göstərəcəyəm.

Belə yüksək mükafata görə bir daha ürəkdən təşəkkür edirəm.
Sonra Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycan ilə Qırğızıstan arasında dostluq, qardaşlıq və tərəfdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı oxundu.
Çıxışına davam edən Prezident İlham Əliyev dedi: Bu yüksək mükafatı təqdim etməzdən əvvəl, Sadır Nurqojoyeviç, şəxsən Sizi, Sizin komandanızı, qardaş Qırğız xalqını Qırğızıstanın Sizin rəhbərliyiniz ilə qazanılan tarixi nailiyyətləri münasibətilə bir daha təbrik etmək istərdim. Mən Qırğızıstana ilk dəfə deyil ki, səfər edirəm, amma məhz Sizin prezidentliyiniz dövründə bizim aramızdakı təmaslar müntəzəm xarakter daşıyır. Mənim Qırğızıstana səfərlərimi və Sadır Nurqojoyeviçin Azərbaycana səfərlərini saysaq, onlarla qarşılıqlı səfər həyata keçirilib.
Lakin bütün bunlar məhz qardaş Qırğızıstan xalqının ölkə Prezidenti kimi yüksək vəzifəni Sizə etimad etməsindən sonra baş verir. Dəyişiklikləri hamı görür. Bunları həm dostlar, həm də ölkəyə gələn xarici müşahidəçilər görürlər. Onları görməmək mümkün deyil. Hətta bu gün İssık-Kul rayonunda müşahidə etdiklərimizi də Sadır Nurqojoyeviçin Qırğızıstana rəhbərliyi olmadan təsəvvür etmək mümkün deyil. Qırğız torpağının bu gözəl guşəsi hazırda ən əsas inkişaf dövrünü keçirir. Tarixdə heç kim heç vaxt belə qısa müddətdə burada gördüyümüz güclü inkişafın şahidi olmayıb. Bu, şəxsən Sizin xidmətinizdir. Sizin öz xalqınıza, öz köklərinizə, Qırğız xalqının yüksək mənəvi dəyərlərinə sədaqətinizdir və Qırğızıstanı yeni inkişaf səviyyəsinə yüksəltmək səylərinizdir. Siz buna nail olursunuz. Bu gün Sizin ölkənizin beynəlxalq nüfuzu ən yüksək səviyyədədir və Qırğızıstanın beynəlxalq ali orqana seçilməsi bunu təsdiq edir.
İqtisadi inkişaf, sosial tərəqqi Sizin Qırğız xalqına qayğınızın göstəricisidir. Necə ki, bu gün Qırğızıstandan xaricə deyil, xaricdən Qırğızıstana miqrasiya axını baş verir. Bütün bunlar Sizin şəxsi iştirakınız, Sizin qərarlarınız, Sizin uzaqgörənliyiniz sayəsində mümkün olub. Mən Bişkekdə dəfələrlə olmuşam, İssık-Kulun gözəl sahilinə də ilk dəfədir ki, gəlmirəm. Deyə bilərəm ki, bütün ölkə boyu inkişaf gedir. Əlbəttə, Qırğızıstan vətəndaşları bunu daha yaxşı bilirlər. Düşünürəm ki, Sizə göstərilən ümumxalq dəstəyi Sizin əməyinizin başlıca nəticəsidir və yəqin ki, ən böyük mükafatdır. Azərbaycan da Sizin həm Qırğızıstanın inkişafına, həm də ölkələrimiz arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsinə töhfənizi yüksək qiymətləndirir. Mənim Fərmanımla Siz Azərbaycanın ali ordeni – “Heydər Əliyev” ordeni ilə təltif olunmusunuz. İndicə Fərmanı elan etdilər. İcazə verin, bu yüksək mükafatı Sizə təqdim edim.
Prezident İlham Əliyev “Heydər Əliyev” ordenini Prezident Sadır Japarova təqdim etdi.
Prezident Sadır Japarov dedi: Hörmətli İlham Heydər oğlu.

İcazə verin, göstərilən hörmət və dostluq əlamətinə görə, Sizə səmimi minnətdarlığımı bildirim. Azərbaycan Respublikasının yüksək dövlət mükafatlarından birini - “Heydər Əliyev” ordenini Sizin əlinizdən qəbul etmək mənim üçün böyük şərəfdir. Bu mükafat mənim üçün xüsusi əhəmiyyətə malikdir, çünki müasir Qırğızıstan-Azərbaycan münasibətlərinin formalaşmasının əsasını qoyan görkəmli dövlət xadiminin, Azərbaycan xalqının böyük oğlunun adını daşıyır.
Mən bu ordeni xalqlarımız arasında möhkəm münasibətlərin, strateji tərəfdaşlığa və müttəfiqliyə ortaq sadiqliyin rəmzi kimi qəbul edirəm. Bu xüsusi jestə, Qırğızıstana göstərdiyiniz diqqətə, xalqlarımızın yaxınlaşmasına daimi səylərinizə görə Sizə minnətdaram.
Sizə təşəkkür edirəm. Sağ olun.

İyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov mətbu...
01/08/2026

İyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər.
Əvvəlcə Qırğızıstan Prezidenti bəyanatla çıxış etdi.
Prezident Sadır Japarovun
bəyanatı
-Hörmətli İlham Heydər oğlu.
Hörmətli media nümayəndələri.
Bu gün Azərbaycan Prezidenti, hörmətli İlham Heydər oğlunu və Azərbaycan nümayəndə heyətinin üzvlərini qonaqpərvər Qırğız torpağında böyük məmnunluqla salamlayırıq.
Qırğız Respublikasına dövlət səfəri ilə bağlı dəvətimi qəbul etdiyinizə görə Sizə minnətdaram.
Əminəm ki, bu səfər qardaş münasibətlərimizin möhkəmlənməsinə yeni impuls verəcək. Qırğızıstan ilə Azərbaycan bir-birini daim dəstəkləyir və qarşılıqlı maraq doğuran məsələlər üzrə mövqelərini uğurla əlaqələndirir. Məmnunluqla qeyd edirəm ki, Qırğızıstanla Azərbaycan arasında siyasi dialoq bu gün ən yüksək səviyyədədir. Müntəzəm təmaslar və qarşılıqlı etimad bu gün qurulan müttəfiqlik münasibətləri üçün möhkəm zəmin yaradır.
Biz cənab Prezidentlə Qırğızıstan-Azərbaycan əməkdaşlığına dair məsələlərin bütün kompleksi üzrə ətraflı və etimada əsaslanan danışıqlar apardıq. Bizim sədrliyimiz ilə Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi və Qərar imzalandı. Şuranın qərarlarının həyata keçirilməsinə dair informasiyanı dinlədik və birgə təşəbbüslərin yerinə yetirilməsinin gedişatını, o cümlədən Azərbaycan-Qırğızıstan Fondunun fəaliyyətini müzakirə etdik.
İkitərəfli qarşılıqlı fəaliyyətin əsas istiqamətlərini nəzərdən keçirdik və tərəfdaşlığımızın inkişafına dair yeni addımları müəyyən etdik. Bugünkü danışıqların mühüm yekunu müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanması oldu. Bu tarixi hadisə, həqiqətən də Qırğızıstan-Azərbaycan əməkdaşlığının yeni mərhələsinin əsasını qoyur. Bundan başqa, energetika, nəqliyyat, kibertəhlükəsizlik, təhsil, maliyyə bazarının tənzimlənməsini, həmçinin qiymətli metalların dövriyyəsini əhatə edən ikitərəfli sənədlərdən ibarət sanballı zərf imzalanıb. Qarşılıqlı iqtisadi-ticari fəaliyyətin davamlı inkişafını və əmtəə dövriyyəsinin dayanıqlı artımını qeyd etdik. Gələcəkdə də işgüzar əlaqələrin genişlənməsi, müştərək investisiya layihələrinin həyata keçirilməsi üçün əlverişli şərait yaradılmasına dair razılıq əldə etdik. Bu gün Azərbaycan-Qırğızıstan Fondunun fəaliyyəti çərçivəsində 3 birgə layihənin açılışı oldu və 8 təşəbbüsün həyata keçirilməsinə start verildi.
Nəqliyyat dəhlizlərinin inkişafı və ölkələrimizin tranzit potensialından səmərəli istifadə edilməsi məsələlərinə xüsusi diqqət yetirdik. Azərbaycanın Mərkəzi Asiyanı Avropa bazarları ilə birləşdirən Orta Dəhlizin əsas bəndi kimi mühüm rolunu qeyd etdik. Həmçinin energetika sahəsində perspektivli istiqamətləri və birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə etdik. Bu gün İssık-Kul gölü sahilində Azərbaycanın inşa etdiyi ilk 5 ulduzlu hotelin təntənəli açılışı olacaq.
Əminəm ki, bu layihə xalqlarımız arasında möhkəm dostluğun daha bir rəmzi olacaq və turizm potensialının inkişafına mühüm töhfə verəcək.
Beynəlxalq təşkilatlar çərçivəsində bizim səmərəli qarşılıqlı fəaliyyətimizi xüsusi qeyd etmək istərdim. Hörmətli İlham Heydər oğlunu VI Ümumdünya Köçəri Oyunlarının təntənəli açılış mərasimində, “ŞƏT+” Sammitində, həmçinin 2027-ci il oktyabrın 21-23-də keçiriləcək “Bişkek+25” ikinci Qlobal Dağ Sammitində iştiraka dəvət etdim.
Çıxışımın sonunda bugünkü danışıqların yekunları ilə bağlı məmnunluğumu ifadə etmək istərdim.
Hörmətli İlham Heydər oğlu, məzmunlu fikir mübadiləsinə, Qırğızıstan-Azərbaycan münasibətlərinin inkişafına şəxsi diqqətinizə və xalqlarımız arasında dostluğun möhkəmlənməsinə daimi sadiqliyinizə görə Sizə minnətdaram. Əldə olunan razılaşmalar Qırğızıstanın və Azərbaycanın müttəfiqlik münasibətlərinin gələcəkdə də dərinləşməsinə qarşılıqlı səyləri təsdiqləyir.
Diqqətinizə görə təşəkkür edirəm.

Sonra Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.
Prezident İlham Əliyevin
bəyanatı
-Hörmətli Sadır Nurqojoyeviç.
Əziz dostlar.
Hörmətli cənab Prezident, əvvəlcə, Qırğızıstana dövlət səfərinə dəvət etdiyinizə, mənə qardaş Qırğızıstan torpağında göstərilən ənənəvi qonaqpərvərliyə görə Sizə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Bu gün biz Sizinlə dövlətlərarası münasibətləri ən yüksək səviyyəyə qaldırdıq, qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsinə birgə səyləri bir daha nümayiş etdirdik.
Müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq. Biz bütün təşəbbüslərdə - həm beynəlxalq platformalarda, həm də iqtisadi-ticari sahədə və təhlükəsizliyin möhkəmləndirilməsində bir-birimizi bundan sonra da dəstəkləyəcəyik.
Siz qeyd etdiyiniz kimi, bu gün imzalanan sənədlər zərfi qarşılıqlı fəaliyyətimizin geniş sferasını nümayiş etdirir. Əminəm ki, səfərimin nəticələrinə görə əldə olunan razılaşmalar da əvvəlkilər kimi uğurla həyata keçiriləcək.
Bu gün biz birgə Azərbaycan-Qırğız İnvestisiya Fondunun maliyyə vəsaitinin iki dəfə - 200 milyon dollara qədər artırılması barədə razılıq əldə etdik. Əminəm ki, bu da son hədd deyil, çünki Fondun fəaliyyəti üzrə bizə nümayiş etdirilən təqdimat konkret məzmunla zənginləşir. Qırğızıstanda həyata keçirilən çoxlu layihə var və onlar birgə istehsal, yeni iş yerləri yaradır, qarşılıqlı fəaliyyətimizin iqtisadi potensialını möhkəmləndirir.
Həmçinin bu gün həmkarlarımızla bizim birgə qərarımız olan “Bakı” hotelinin açılışında da iştirak edəcəyik. Biz çox sevinirik və fəxr edirik ki, İssık-Kulun sahilində ilk beşulduzlu hotel Azərbaycan dövlətinin vəsaiti ilə inşa edilib və “Bakı” adını daşıyır.
Biz, həmçinin Qarabağın bərpasına göstərilən kömək üçün daim minnətdarlığımızı ifadə edirik. Sizinlə birlikdə Ağdam rayonunda “Manas” adını daşıyan məktəbin açılışında iştirak etdik. Bu, Qırğız xalqının 30 il ərzində işğaldan zərər çəkən Qarabağın bərpası işinə böyük töhfəsi oldu.
Bizi tarix, mədəniyyət, xalqlarımızın görkəmli nümayəndələrinə hörmət ilə bağlı çox şey birləşdirir. Biz Sizinlə, həmçinin Bakıda Çingiz Aytmatovun abidəsini və onun adını daşıyan parkın açılışını etdik. Bu yerlər, həmçinin Çingiz Aytmatovun həyatı və fəaliyyəti ilə bağlıdır. Bu gün görüş keçirdiyimiz ev də onunla bağlıdır və divarlarda onun portreti var. Bütün bunlar bizim bir-birimizə yaxınlaşmaq səylərimizi nümayiş etdirir.
Bir neçə il əvvəl Sizinlə birlikdə Bişkekdə Qırğızıstan-Azərbaycan dostluğu parkının açılışını da unutmayacağam. Bu park da birgə əməkdaşlığımızın paytaxtdakı kiçik guşəsidir.
Bu gün bizim danışdığımız humanitar əlaqələr – Qırğızıstanda Azərbaycanın, Azərbaycanda isə Qırğızıstanın Mədəniyyət Günləri müsbət ab-hava yaradır, ortaq köklərə malik və bir neçə beynəlxalq strukturda birləşmiş xalqlarımızın necə yaxın olduğunu bir daha nümayiş etdirir.
Həmçinin Sizə, Mərkəzi Asiya ölkələrinin digər prezidentlərinə Azərbaycanın Mərkəzi Asiya Məşvərət görüşlərinə tamhüquqlu üzv qəbul olunmasına görə təşəkkürümü bildirmək istərdim. Hazırda o, “Mərkəzi Asiyanın və Azərbaycanın dövlət liderlərinin görüşü” adlanır. Növbəti görüş bir müddətdən sonra keçiriləcək. Belə xoş münasibətə və bu yüksək mükafata görə bir daha təşəkkürümü bildirirəm.
Öz tərəfimdən Sizi uyğun hesab etdiyiniz vaxtda Azərbaycana yenidən dövlət səfərinə dəvət edirəm. Diqqətinizə görə təşəkkür edirəm.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 iyul 2026-cı il tarixində Almaniya Federativ Respublikasına rəsm...
22/07/2026

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 iyul 2026-cı il tarixində Almaniya Federativ Respublikasına rəsmi səfəri ölkəmizin Avropa istiqamətində həyata keçirdiyi çoxşaxəli xarici siyasətin növbəti mühüm uğuru kimi qiymətləndirilir. Səfər çərçivəsində keçirilən yüksəksəviyyəli görüşlər, imzalanan mühüm sənədlər və dövlət başçısının mətbuata verdiyi bəyanat göstərdi ki, Azərbaycan ilə Almaniya arasında münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Bu mərhələ qarşılıqlı etimada, siyasi dialoqun dərinləşdirilməsinə, iqtisadi tərəfdaşlığın genişləndirilməsinə, enerji təhlükəsizliyi, nəqliyyat-logistika, yaşıl enerji, innovasiya və regional təhlükəsizlik kimi strateji istiqamətlər üzrə əməkdaşlığın sistemli şəkildə inkişaf etdirilməsinə əsaslanır.

Müasir beynəlxalq münasibətlər sistemində Azərbaycan artıq yalnız Cənubi Qafqazın aparıcı dövləti deyil, Avropa ilə Asiya arasında mühüm geosiyasi və geoiqtisadi mərkəzlərdən biri kimi qəbul edilir. Prezident İlham Əliyevin son illərdə həyata keçirdiyi balanslaşdırılmış, milli maraqlara söykənən və praqmatik xarici siyasət nəticəsində ölkəmiz həm Şərq, həm Qərb, həm də qlobal Cənub dövlətləri ilə etibarlı tərəfdaşlıq münasibətləri qurmağa nail olub. Almaniya kimi Avropa İttifaqının siyasi və iqtisadi baxımdan aparıcı dövləti ilə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi də məhz bu uğurlu siyasətin məntiqi nəticəsidir.

Prezident İlham Əliyevin mətbuata bəyanatında vurğuladığı kimi, bu gün imzalanmış sənədlər Azərbaycan–Almaniya münasibətlərini yeni səviyyəyə qaldıracaq. Dövlət başçısı bildirdi ki, hər iki ölkə uzun müddətdir strateji dialoqun başlanmasını arzulayırdı və artıq bu məqsədə nail olunub. İkitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair imzalanmış Birgə Bəyannamə münasibətlərin gələcək inkişafının siyasi yol xəritəsini müəyyən edən fundamental sənəd kimi böyük əhəmiyyət daşıyır. Bu sənəd iki ölkə arasında siyasi məsləhətləşmələrin daha intensiv aparılmasına, iqtisadi əməkdaşlığın genişləndirilməsinə, yüksək texnologiyalar, sənaye, elm, təhsil və innovasiya sahələrində yeni layihələrin həyata keçirilməsinə geniş imkanlar açır.

Azərbaycan və Almaniya arasında formalaşan strateji dialoq yalnız ikitərəfli münasibətlər baxımından deyil, Avropa ilə Cənubi Qafqaz arasında əməkdaşlığın yeni mərhələsinin başlanğıcı kimi də xüsusi əhəmiyyət daşıyır. Almaniya Avropa İttifaqının ən güclü iqtisadiyyatına malik olmaqla yanaşı, qitənin siyasi qərarlarının formalaşdırılmasında da aparıcı rol oynayır. Belə bir dövlətlə münasibətlərin strateji xarakter alması Azərbaycanın beynəlxalq nüfuzunun daha da möhkəmləndiyini, ölkəmizin etibarlı tərəfdaş kimi qəbul olunduğunu nümayiş etdirir.

Son illərdə Azərbaycan ilə Almaniya arasında iqtisadi əməkdaşlıq davamlı inkişaf edib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, hazırda 200-dən çox Almaniya şirkəti Azərbaycanda uğurla fəaliyyət göstərir. Bu şirkətlər sənaye, maşınqayırma, tikinti, nəqliyyat, logistika, kənd təsərrüfatı, informasiya texnologiyaları, maliyyə və xidmət sektorlarında mühüm layihələr həyata keçirirlər. Dövlət başçısı əminliyini ifadə etdi ki, rəsmi səfərdən sonra Almaniya şirkətlərinin Azərbaycanda fəaliyyəti daha da genişlənəcək. Qarşılıqlı investisiya qoyuluşu ilə bağlı konkret təkliflərin irəli sürülməsi, biznes dairələri arasında əməkdaşlığın genişləndirilməsi və yeni iqtisadi layihələrin hazırlanması bunu deməyə əsas verir.

Səfər zamanı Azərbaycan–Almaniya Biznes Şurasının yaradılması və fəaliyyətinə dair Birgə Bəyannamənin imzalanması iqtisadi münasibətlərin institusional inkişafı baxımından mühüm hadisədir. Bu qurum sahibkarlar arasında birbaşa əlaqələrin genişlənməsinə, yeni investisiya layihələrinin hazırlanmasına, texnologiya transferinə və birgə istehsal müəssisələrinin yaradılmasına geniş imkanlar yaradacaq. Azərbaycanın əlverişli investisiya mühiti, sabit siyasi şəraiti və geniş nəqliyyat imkanları Almaniya biznes dairələrinin marağını daha da artırır.

Prezident İlham Əliyevin bəyanatında enerji əməkdaşlığı xüsusi yer tutdu. Dövlət başçısının da qeyd etdiyi kimi, bu ildən etibarən Azərbaycan öz təbii qazını Almaniyaya ixrac etməyə başlayıb. Bununla da Azərbaycan qazı artıq Avropa İttifaqına üzv on ölkəyə çatdırılır. Bu fakt ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolu bir daha təsdiqləyir. Son illərdə qlobal enerji bazarlarında baş verən dəyişikliklər fonunda Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi nüfuzu daha da artıb. Ölkəmiz siyasi vəziyyətdən asılı olmayaraq bütün müqavilə öhdəliklərini vaxtında yerinə yetirməklə etibarlı tərəfdaş imicini möhkəmləndirib.

Azərbaycan yalnız təbii qaz və neft ixrac edən ölkə kimi deyil, həm də yaşıl enerji sahəsində Avropanın gələcək tərəfdaşlarından biri kimi çıxış edir. Qarabağ və Şərqi Zəngəzurun "yaşıl enerji zonası" elan olunması, Xəzər dənizində külək enerjisi layihələrinin həyata keçirilməsi, günəş və külək elektrik stansiyalarının tikintisi ölkəmizin enerji strategiyasının yeni mərhələyə keçdiyini göstərir. Almaniyanın alternativ enerji texnologiyaları sahəsində zəngin təcrübəsi bu istiqamətdə əməkdaşlıq üçün geniş perspektivlər yaradır.

Müasir dövrdə qlobal iqtisadiyyatın əsas dayaqlarından biri nəqliyyat və logistika marşrutlarıdır. Prezident İlham Əliyevin çıxışında bu məsələyə toxunaraq vurğuladığı kimi, Almaniya şirkətləri logistika və nəqliyyat sahəsində böyük uğurlar əldə ediblər və Azərbaycan bu istiqamətdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Son illərdə ölkəmizdə həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri nəticəsində Azərbaycan Avropa ilə Asiya arasında əsas tranzit qovşaqlarından birinə çevrilib. Bakı–Tbilisi–Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, müasir avtomobil magistralları və beynəlxalq hava limanları Orta Dəhlizin səmərəli fəaliyyətini təmin edən mühüm layihələrdir.

Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycanın Orta Asiya məşvərət formatına tamhüquqlu üzv olması ölkəmizin Avropa ilə Mərkəzi Asiya arasında strateji körpü rolunu daha da gücləndirib. Bu baxımdan Almaniya ilə logistika və tranzit sahəsində əməkdaşlıq həm iqtisadi, həm də geosiyasi baxımdan xüsusi əhəmiyyət kəsb edir. İmzalanmış Birgə Bəyannamənin icrası məqsədilə bir neçə işçi qrupunun yaradılması barədə əldə olunan razılıq da tərəflərin bu istiqamətdə konkret fəaliyyətə üstünlük verdiyini göstərir.

Prezident İlham Əliyevin bəyanatında Cənubi Qafqazda yaranmış yeni siyasi reallıqlar da geniş şəkildə əks olundu. Dövlət başçısı bildirdi ki, Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı və imzası ilə qəbul edilmiş Birgə Bəyannamə faktiki olaraq otuz il davam etmiş Ermənistan–Azərbaycan münaqişəsinə son qoydu. Bu, regionun tarixində yeni səhifənin başlanğıcıdır. Azərbaycan sülh prosesinə yalnız siyasi bəyanatlarla deyil, konkret addımlarla da töhfə verir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan tərəfindən Ermənistana benzin və dizel yanacağının tədarükü həyata keçirilir, eyni zamanda Azərbaycan ərazisindən Ermənistana tranzit yüklərin daşınması sürətlə artır. Qısa müddət ərzində 40 min tondan artıq yükün ölkəmizin ərazisindən tranzit daşınması yeni əməkdaşlıq mühitinin real nəticəsidir.

Dövlət başçısı Almaniyanın bu prosesdə oynadığı rolu da yüksək qiymətləndirdi. O vurğuladı ki, Almaniyada xarici işlər nazirləri səviyyəsində keçirilən görüşlər və Berlinin sülh dialoquna verdiyi dəstək etimad mühitinin formalaşmasına mühüm töhfə verib. Bu yanaşma Almaniyanın Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsində maraqlı olduğunu nümayiş etdirir.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın son illərdə əldə etdiyi tarixi nailiyyətlərə də toxundu. O vurğuladı ki, Azərbaycan öz gücü hesabına işğala son qoydu, ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etdi, BMT Təhlükəsizlik Şurasının uzun illər icra edilməyən dörd qətnaməsinin həyata keçirilməsini təmin etdi və bundan sonra regionda sülh təşəbbüslərinin müəllifi kimi çıxış etdi. Bu gün Azərbaycanın irəli sürdüyü əməkdaşlıq və qarşılıqlı fayda prinsipləri regionda yeni münasibətlər sisteminin formalaşmasına xidmət edir.

Prezident İlham Əliyev Avropa İttifaqı ilə münasibətlərin inkişafına da toxunaraq qeyd etdi ki, bu il Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Azərbaycana səfərləri xüsusi siyasi əhəmiyyət daşıyır. Bu səfərlər Avropa İttifaqının Azərbaycanla əməkdaşlığı daha da genişləndirmək niyyətinin göstəricisidir. Almaniyanın Avropa İttifaqında aparıcı mövqeyi nəzərə alınarsa, Berlinin bu münasibətlərin gələcək inkişafına verəcəyi töhfə xüsusi əhəmiyyət kəsb edir.

Səfərin ən mühüm nəticələrindən biri Prezident İlham Əliyev və Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts tərəfindən "Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə"nin imzalanması oldu. Eyni zamanda, Azərbaycan–Almaniya Biznes Şurasının yaradılması və fəaliyyətinə dair Birgə Bəyannamənin qəbul edilməsi iqtisadi əməkdaşlığın gələcək inkişafı üçün yeni institusional mexanizmlər formalaşdırdı. Bu sənədlər qarşıdakı illərdə siyasi dialoqun dərinləşdirilməsini, ticarət dövriyyəsinin artırılmasını, qarşılıqlı investisiyaların genişləndirilməsini, enerji və yaşıl texnologiyalar, rəqəmsal iqtisadiyyat, sənaye kooperasiyası, elm və təhsil sahələrində əməkdaşlığın yeni mərhələyə keçməsini təmin edəcək.

Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri bir daha təsdiqlədi ki, Azərbaycanın həyata keçirdiyi müstəqil, milli maraqlara əsaslanan və uzaqgörən xarici siyasət kursu ölkəmizin beynəlxalq mövqeyini davamlı şəkildə gücləndirir. Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında, regionda davamlı sülhün möhkəmləndirilməsində və çoxtərəfli əməkdaşlığın genişləndirilməsində mühüm rol oynayan etibarlı tərəfdaş kimi çıxış edir. Almaniya ilə strateji tərəfdaşlığın yeni mərhələsi isə bu siyasətin uğurlu nəticəsi olmaqla yanaşı, gələcək illərdə Azərbaycan–Avropa münasibətlərinin daha da dərinləşəcəyinin mühüm göstəricisidir.

Address

Babək Küçəsi 52
Küçəsi
AZ5300

Alerts

Be the first to know and let us send you an email when Siyəzən RİHB-nın Siyəzən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Siyəzən RİHB-nın Siyəzən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi:

Shortcuts

Share