05/09/2026
Sentyabrın 4-də Qaradağ rayon Heydər Əliyev Mərkəzinin, YAP Qaradağ rayon təşkilatının və “Qarabağ Qaziləri” İctimai Birliyinin Qaradağ rayon filialının birgə təşkilatçılığı ilə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin və qazilərin övladları üçün “Bilikdən gələcəyə” adlı dəyirmi masa keçirilib.
Dəyirmi masada YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov, Qaradağ rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Nuranə Davrinbəyova, “Qarabağ Qaziləri” İctimai Birliyinin Qaradağ rayon filialının sədri Əvəz İsmayılov, “Saipem” şirkətinin meneceri Aytən Həsənova, şəhid və qazi ailələri, eləcə də onların övladları iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dəyirmi masa zamanı çıxış edənlər şəhid və qazi övladlarını qarşıdan gələn yeni dərs ili münasibətilə təbrik edərək, onlara təhsildə uğurlar arzulayıblar. Çıxışlarda Azərbaycan dövlətinin şəhid və qazi ailələrinə, eləcə də onların övladlarına göstərdiyi diqqət və qayğıdan, gənc nəslin təhsilinə və inkişafına yaradılan geniş imkanlardan bəhs edilib. Bildirilib ki, bilik və təhsil gələcəyin qurulmasında mühüm rol oynayır və gənclərin savadlı, vətənpərvər və fəal vətəndaş kimi yetişməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Ulu Öndər Heydər Əliyevin gənclərə və təhsilə verdiyi xüsusi önəmin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb.
Həmçinin şəhid və qazi övladlarının hər bir uğurunun Azərbaycan cəmiyyəti üçün böyük qürur mənbəyi olduğu qeyd olunub, onlara yeni tədris ilində yüksək nailiyyətlər, möhkəm iradə və parlaq gələcək arzulanıb.