02/08/2026
Ana dilimiz milli sərvətimizdir” mövzusunda dəyirmi masa keçirilib.
31 iyul 2026-cı il tarixində Xaçmaz rayonu Heydər Əliyev Mərkəzində Xaçmaz rayonu üzrə gənclər və idman sektoru, Xaçmaz rayonu Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba–Xaçmaz Regional nümayəndəliyinin Xaçmaz bölməsinin birgə təşkilatçılığı ilə 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş “Ana dilimiz milli sərvətimizdir” mövzusunda dəyirmi masa keçirilmişdir.
Tədbir Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsiylə başlanmışdır.
Tədbirdə çıxış edənlər - Xaçmaz rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Nizami Mustafayev, Xaçmaz rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Nərmin Arzumanova və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba–Xaçmaz Regional nümayəndəliyinin Xaçmaz bölməsinin mütəxəssisi Ceyhun Fərzəliyev Azərbaycan dilinin dövlət dili kimi əhəmiyyəti, ana dilimizin zənginliyi, saflığının qorunması, milli-mənəvi dəyərlərimizin yaşadılmasında ana dilinin rolu və gələcək nəsillərə düzgün şəkildə ötürülməsinin vacibliyi barədə fikir və mülahizələrini bildiriblər.
Tədbirin keçirilməsində məqsəd Azərbaycan dilinə sevgi və hörmət hissinin aşılanması, dövlət dilinin saflığının qorunması, milli-mənəvi dəyərlərin təbliği və gənclər arasında bu istiqamətdə maarifləndirmə işinin gücləndirilməsi olmuşdur.
Tədbirin sonunda iştirakçı gənclər mövzu ətrafında düşüncələrini bölüşərək, Azərbaycan dilinin qorunmasının və inkişaf etdirilməsinin hər bir vətəndaşın mənəvi borcu olduğunu vurğulamışlar.