24/08/2026
Qardaş Özbəkistana səfərə dəvətə, qonaqpərvərliyə, Azərbaycana və xalqımıza xoş münasibətinə, həmçinin ikitərəfli münasibətlərimizin inkişafına verdiyi şəxsi töhfəyə görə Prezident Şavkat Mirziyoyevə təşəkkürünü ifadə edən Prezident İlham Əliyev iclasdan əvvəl nümayiş etdirilən videoçarxda hazırda üzərində işlənilən layihələrin peşəkar şəkildə təqdim olunduğunu, onların bir hissəsinin artıq reallaşdığını, bir hissəsinin isə həyata keçiriləcəyini bildirib. “Əsas məsələ ondan ibarətdir ki, qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsi ilə bağlı konkret gündəliyimiz var. Əminəm ki, artıq müəyyən edilmiş layihələr həyata keçirildikcə yeni layihələr də meydana çıxacaq və bu videotəqdimata daha çox vaxt lazım olacaq. Əslində, mən belə bir təqdimata çox müsbət mənada təəccübləndim, çünki burada bu gün bizi birləşdirən əsas istiqamətlər öz əksini tapıb”.
Prezident İlham Əliyev iki ölkə arasındakı dostluq münasibətlərini və Özbəkistanın əldə etdiyi uğurları yüksək qiymətləndirərək deyib: “İlk növbədə, Sizi, hörmətli Şavkat Miromonoviç, Özbəkistandakı bütün qardaşlarımızı ölkənin inkişafında, onun potensialının möhkəmləndirilməsində, həm sosial-iqtisadi sahədə, həm də beynəlxalq arenada əldə olunan böyük uğurlar münasibətilə təbrik etmək istərdim. Bu gün Özbəkistan böyük beynəlxalq nüfuza malik dövlətdir. Bu isə ilk növbədə Sizin xidmətinizdir. Siz ölkəni inkişaf etdirmək, onun potensialını möhkəmləndirmək, o cümlədən Özbəkistanın beynəlxalq arenadakı rolunu gücləndirmək üçün yorulmadan çalışır, əmək sərf edirsiniz. Sizin də düzgün qeyd etdiyiniz kimi, biz ikitərəfli formatda, iştirak etdiyimiz bütün beynəlxalq təşkilatlarda həmişə bir-birimizi dəstəkləyirik. Bu, avtomatik rejimdə baş verir”.
Xıl ərazi nümayəndəliyi