31/08/2026
"Gələcəyə ilk addım" adlı tədbir keçirilib
28 avqust tarixində Qəbələ rayon Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qəbələ bölməsinin birgə təşkilatçılığı ilə 15 Sentyabr – Bilik Günü münasibətilə "Gələcəyə ilk addım" adlı tədbir keçirilib.
Tədbirdə Qəbələ rayon İcra Hakimiyyətinin nümayəndəsi Mələkxanım İsayeva, Qəbələ Dövlət Rəsm Qalereyasının, Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin, şəhər 1 saylı tam orta məktəbin, Tarix-Diyarşünaslıq Muzeyinin və təşkilatçı qurumların əməkdaşları, ali təhsil müəssisələrinə qəbul olmuş gənclər və onların valideynləri iştirak edib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. Çıxış edənlər ümummilli lider Heydər Əliyevin ölkəmizdə təhsilin inkişafına verdiyi böyük önəmi xüsusi qeyd edib, Ulu Öndərin rəhbərliyi dövründə təhsilin inkişafı, gənclərin hərtərəfli formalaşması, onların ölkənin gələcək inkişafında fəal iştirakının təmin edilməsi istiqamətində mühüm addımlar atıldığı diqqətə çatdırılıb.
Tədbirin sonunda ali təhsil müəssisələrinə qəbul olmuş tələbələrə göstərilən diqqət və qayğının ifadəsi olaraq hədiyyələr təqdim edilib, onların əldə etdikləri yüksək nəticələr təqdir olunub. Gənclərə yeni təhsil mərhələsində uğurlar, əzmkarlıq və yüksək nailiyyətlər arzulanıb, ölkəmizin inkişafında savadlı və peşəkar gənclərin mühüm rol oynadığı vurğulanıb.