Qəbələ Rayon İcra Hakimiyyəti

Qəbələ Rayon İcra Hakimiyyəti Qəbələ şəhəri, Heydər Əliyev Prospekti 226, Qabala, Azerbaijan

Qəbələdə gənc tibb işçilərinin peşəkar inkişafına həsr olunmuş konfrans keçirilibAzərbaycan Səhiyyə İşçiləri Həmkarlar İ...
02/09/2026

Qəbələdə gənc tibb işçilərinin peşəkar inkişafına həsr olunmuş konfrans keçirilib

Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Qəbələ rayonunda gənc tibb işçilərinin peşəkar inkişafına həsr olunmuş konfrans keçirilib. Heydər Əliyev Konqres Mərkəzində keçirilən tədbirdə Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Elnarə Muradova, Səhiyyə Nazirliyinin, TƏBİB-in və digər dövlət və ictimai qurumların nümayəndələri, Qəbələ, Oğuz, Balakən, Qax, Zaqatala və Şəki şəhər və rayonlarından gənc tibb işçiləri, həmkarlar ittifaqı nümayəndələri və digər qonaqlar iştirak ediblər. Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirdə Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev çıxış edərək ölkəmizdə səhiyyə sahəsinin inkişafına göstərilən dövlət qayğısından, səhiyyə sistemində gənc tibb işçilərinin rolundan və onların peşəkar inkişafı üçün yaradılan imkanlardan danışıb, regionlarda çalışan gənc mütəxəssislərin bilik və bacarıqlarının artırılmasının, onların fəaliyyətinin dəstəklənməsinin və gənclərin səhiyyə sahəsində potensialının daha səmərəli reallaşdırılmasının əhəmiyyətini vurğulayıb. Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Elnarə Muradova çıxışında gənc tibb işçilərinin peşəkar inkişafının, sosial rifahının və əmək hüquqlarının müdafiəsinin həmkarlar ittifaqının fəaliyyətində mühüm istiqamətlərdən biri olduğunu qeyd edərək, regionlarda çalışan gənc mütəxəssislərin dəstəklənməsi, onların davamlı inkişafı və peşəkar imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirləri qeyd edib. Digər çıxış edənlər isə səhiyyə sistemində gənc kadrların potensialından səmərəli istifadə olunmasının, onların müasir bilik və bacarıqlarının artırılmasının, davamlı peşəkar inkişafının təmin edilməsinin və regionlarda çalışan gənc tibb işçiləri üçün əlverişli imkanların yaradılmasının vacibliyini diqqətə çatdırıblar. Konfrans çərçivəsində “Səhiyyə gəncləri üçün peşəkar çağırışlar” və “Gənclərin regionlarda inkişaf yolu” mövzularında panel müzakirələri keçirilib. Panel müzakirələrində gənc tibb işçilərinin karyera planlaması, davamlı peşəkar inkişafı, psixoloji rifahın qorunması, hüquqi risklər, xəstə hüquqlarının müdafiəsi, regionlarda fəaliyyət göstərən tibb müəssisələrində mövcud problemlər və gənc kadrların bölgələrdə davamlı məşğulluğunun təşviqi məsələləri müzakirə olunub. Tədbirin interaktiv hissəsində “Gənc Tibb İşçiləri arasında İntellektual Yarış” təşkil olunub. Yarış zamanı iştirakçılar tibbi biliklərlə yanaşı, analitik düşünmə, klinik qərarvermə, etik yanaşma və komanda işi bacarıqlarını nümayiş etdiriblər.Yarışın sonunda qalib komanda kubok və hədiyyə paketi ilə, iştirakçılar isə sertifikatlarla təltif olunublar.

Növbəti səyyar qəbul rayonun Soltannuxa  kəndində keçirilmişdirQəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullaye...
01/09/2026

Növbəti səyyar qəbul rayonun Soltannuxa kəndində keçirilmişdir

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin Soltannuxa kəndinin sakinləri ilə səyyar qəbulu keçirilmişdir. Xidmət sahələrinin rəhbərləri və kənd ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbirdə RİH başçısı son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızda həyata keçirilən sosial-iqtisadi tədbirlər barədə ətraflı danışmış, ölkə başçısının qayğısı ilə görülən bütün işlərin, həyata keçirilən tədbirlərin yalnız bir amala, əhalimizin yaxşı yaşamasına, onların sosial rifahının və həyat səviyyəsinin daha da yüksəlməsinə xidmət etdiyini vurğulamışdır. Qəbul zamanı kənd sakinləri fərdi qaydada dinlənilmiş, qaldırılan bir çox məsələlər yerindəcə həll edilmiş, digərlərinin isə həlli nəzarətə götürülmüşdür. Kənd sakinləri ərazidə olan sosial problemlərin həllinə göstərilən qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Qəbələ rayonunda vətəndaşları qəbul edib28 avqust 2026-cı il tarixd...
31/08/2026

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Qəbələ rayonunda vətəndaşları qəbul edib

28 avqust 2026-cı il tarixdə Azərbaycan Respublikasının Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Qəbələ rayonuna səfəri çərçivəsində Qəbələ və Oğuz rayonlarının sakinlərini qəbul edib. Qəbuldan əvvəl nazir Anar Əliyev və Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, əziz xatirəsini ehtiramla yad ediblər. Şəhid ailələrinin üzvləri və müharibə veteranlarının da iştirak etdiyi qəbulda əhalinin məşğulluq, əlillik, ünvanlı sosial yardım, reabilitasiya vasitələri ilə təmin edilmə və digər məsələlərlə bağlı müraciətləri dinlənilib. Hər bir müraciət fərdi qaydada araşdırılıb, nəticəsinə uyğun müvafiq tədbirlər görülüb. Səfər çərçivəsində nazir və rayon icra hakimiyyətinin başçısı özünüməşğulluq proqramı çərçivəsində rayon sakinləri üçün yaradılmış kiçik təsərrüfatlara, həmçinin Qəbələdə fəaliyyət göstərən günərzi qayğı və Uşaq Reabilitasiya mərkəzlərinə baxış keçirib, burada göstərilən sosial və reabilitasiya xidmətləri ilə tanış olublar.

Qəbələ Regional “ASAN xidmət” Mərkəzində “Valideynlik bacarıqları” mövzusunda görüş keçirilibQəbələ Uşaq və Ailələrə Dəs...
28/08/2026

Qəbələ Regional “ASAN xidmət” Mərkəzində “Valideynlik bacarıqları” mövzusunda görüş keçirilib

Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin və Qəbələ Regional “ASAN xidmət” Mərkəzinin birgə təşkilatçılığı ilə “Valideynlik bacarıqları” mövzusunda valideyn və övlad münasibətlərində yaranan çətinliklərlərin aradan qaldırılması ilə bağlı psixoloji məsləhətləşmə aparılıb. Görüşdə Qəbələ Rayon İcra Hakimiyyətinin, Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin, Qəbələ Regional “ASAN xidmət” Mərkəzinin, Qəbələ Rayon Heydər Əliyev Mərkəzinin, Qəbələ Rayon Tarix-Diyarşünaslıq muzeyinin, Qəbələ Rayon Psixoloji Yaşam Mərkəzinin nümayəndələri və valideynlər iştirak edib. Görüşdə çıxış edənlər valideyn və övlad arasında qarşılıqlı anlaşmanın, sağlam ünsiyyətin əhəmiyyəti barədə məlumat vermiş, valideynlərə övladlarının yaş xüsusiyyətlərini nəzərə alaraq, onların fikir və hisslərini dinləmək, problemlərə anlayışla yanaşmaq və münasibətdə müsbət ünsiyyət üsullarından istifadə etmək barədə tövsiyələr vermiş, həmçinin valideyn və övlad münasibətlərində yaranan anlaşılmazlıqların səbəbləri, onların düzgün həlli yolları və emosional gərginliyin azaldılması istiqamətində psixoloji yanaşmalar izah olunmuşdur.
Sonda mövzu ilə bağlı maarifləndirici bukletlər təqdim olunub.

“Gələcəyə ilk addım” adlı tədbir keçirilib28 avqust 2026-cı il tarixində Qəbələ Rayon Heydər Əliyev Mərkəzi və Gənclərin...
28/08/2026

“Gələcəyə ilk addım” adlı tədbir keçirilib

28 avqust 2026-cı il tarixində Qəbələ Rayon Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qəbələ bölməsinin birgə təşkilatçılığı ilə 15 Sentyabr – Bilik Günü münasibətilə “Gələcəyə ilk addım” adlı tədbir keçirilib.
Tədbirdə Qəbələ Rayon İcra Hakimiyyətinin, Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin, Qəbələ Dövlət Rəsm Qalereyasının, Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyinin nümayəndələri, Qəbələ şəhər 1 saylı tam orta məktəbin müəllim və şagirdləri, ali təhsil müəssisələrinə qəbul olmuş gənclər və onların valideynləri iştirak edib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə təhsilin inkişafına vermiş olduğu böyük önəmi xüsusi qeyd edərək, Ulu Öndərin rəhbərliyi dövründə təhsilin inkişafı, gənclərin hərtərəfli formalaşması, onların ölkənin gələcək inkişafında fəal iştirakının təmin edilməsi istiqamətində mühüm addımlar atıldığını bildirmişlər.
Sonda ali təhsil müəssisələrinə qəbul olmuş tələbələrə hədiyyələr təqdim edilmiş, gənclərə yeni təhsil mərhələsində uğurlar, əzmkarlıq və yüksək nailiyyətlər arzulamışlar.

Qəbələ RİH başçısının növbəti vətəndaş qəbulu keçirilib28 avqust 2026-cı il tarixdə Qəbələ Rayon İcra Hakimiyyətinin baş...
28/08/2026

Qəbələ RİH başçısının növbəti vətəndaş qəbulu keçirilib

28 avqust 2026-cı il tarixdə Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev tərəfindən növbəti dəfə vətəndaşların qəbulu keçirilib. Qəbulda vətəndaşların müraciətləri və irəli sürdükləri təkliflər RİH başçısı tərəfindən dinlənilmiş, bir qismi yerindəcə həll olunmuş, digərlərinin həlli nəzarətə götürülmüşdür. Vətəndaşlar onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Qəbələdə "Azərbaycanın sülh siyasəti və insan hüquqlarının müdafiəsi" mövzusunda tədbir keçirilibAvqustun 26-da Qəbələ R...
26/08/2026

Qəbələdə "Azərbaycanın sülh siyasəti və insan hüquqlarının müdafiəsi" mövzusunda tədbir keçirilib

Avqustun 26-da Qəbələ Rayon Heydər Əliyev Mərkəzi və Mərkəzləşdirilmiş Kitabxana Sisteminin şəhər 2 saylı filialının birgə təşkilatçılığı ilə "Sülh Aylığı" çərçivəsində "Azərbaycanın sülh siyasəti və insan hüquqlarının müdafiəsi" adlı maarifləndirici tədbir keçirilib. Tədbirdə çıxış edənlər ölkəmizdə sülh mədəniyyətinin və insan hüquqlarının qorunmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu, Ümummilli Lider Heydər Əliyev tərəfindən bünövrəsi qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu kursun postmünaqişə dövründə regionda davamlı sabitliyə xidmət etdiyini, həmçinin gənc nəslin sülhsevərlik ruhunda tərbiyəsində mədəniyyət və kitabxana müəssisələrinin müstəsna rol oynadığını bildirmişlər.

26 Avqust - Laçın şəhəri günü26 Avqust-Laçın Şəhəri Günü Azərbaycan xalqının yaddaşında yalnız tarixi bir şəhərin azadlı...
26/08/2026

26 Avqust - Laçın şəhəri günü

26 Avqust-Laçın Şəhəri Günü Azərbaycan xalqının yaddaşında yalnız tarixi bir şəhərin azadlığı ilə bağlı əlamətdar tarix deyil. Bu gün həm də işğalın ağır nəticələrinin aradan qaldırılmasını, tarixi ədalətin bərpasını, Böyük Qayıdışın gerçəkləşməsini və Qarabağın yeni inkişaf mərhələsinin konkret nəticələrini özündə birləşdirən mühüm dövlətçilik hadisəsidir. Laçın bu gün Azərbaycanın hərbi-siyasi Zəfərinin, dövlət iradəsinin və postmüharibə quruculuq siyasətinin ən aydın nümunələrindən biri kimi diqqət çəkir. Laçının tarixi Azərbaycan dövlətçiliyi və milli yaddaşı baxımından xüsusi əhəmiyyət daşıyır. 1923-cü ildə Abdallar yaşayış məntəqəsinin Laçın adlandırılaraq şəhər statusu alması, 1930-cu ildə isə Laçın rayonunun inzibati ərazi vahidi kimi yaradılması bu ərazinin tarixi və inzibati inkişafının mühüm mərhələləridir. 1835 kvadratkilometr əraziyə malik rayon zəngin təbii sərvətləri, geniş yaylaqları, meşələri, çayları və strateji coğrafi mövqeyi ilə seçilir. Laçının Ermənistanla sərhəddə yerləşməsi və Qarabağla Ermənistan arasında coğrafi bağlantı baxımından mühüm mövqeyə malik olması onun hər zaman xüsusi strateji əhəmiyyət daşımasına səbəb olub. Məhz bu strateji mövqe Laçının işğalını Azərbaycan üçün xüsusilə ağır nəticələr doğuran hadisəyə çevirdi. 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Laçın rayonu etnik təmizləmə siyasətinə məruz qaldı. Rayonun yaşayış məntəqələri dağıdıldı, əhali öz doğma yurdlarından didərgin salındı, yüzlərlə insan həlak oldu və itkin düşdü. Mədəniyyət, təhsil, səhiyyə, rabitə və digər sosial-iqtisadi infrastruktura qarşı həyata keçirilən dağıntılar yalnız ayrı-ayrı binaların məhv edilməsi deyil, bütövlükdə Azərbaycanın tarixi-mədəni irsinə qarşı məqsədyönlü vandalizm siyasəti idi. Laçının işğalı eyni zamanda həmin dövrdə Azərbaycanda mövcud olan siyasi böhranın, dövlət idarəçiliyindəki zəifliyin və milli maraqların daxili siyasi mübarizəyə qurban verilməsinin ağır nəticələrindən biri kimi qiymətləndirilməlidir. Şuşanın və Laçının itirilməsi Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqənin yaranmasına şərait yaratdı və Azərbaycanın sonrakı hərbi-strateji itkilərinin miqyasını daha da genişləndirdi. Bu baxımdan Laçının işğalı təkcə bir rayonun itirilməsi deyil, Azərbaycanın regional təhlükəsizliyinə və ərazi bütövlüyünə ciddi zərbə idi. İşğal illərində Ermənistan tərəfindən Laçında beynəlxalq hüququn fundamental prinsiplərinə zidd addımlar atıldı. Rayonun toponimlərinin dəyişdirilməsi, təbii sərvətlərinin qanunsuz istismarı, yaşayış məntəqələrinin dağıdılması və məqsədyönlü məskunlaşdırma siyasəti işğal siyasətinin sistemli xarakter daşıdığını göstərirdi. Bu siyasət ərazinin demoqrafik və mədəni simasını dəyişdirməyə, Azərbaycan izlərini silməyə və işğalı faktiki vəziyyət kimi təqdim etməyə hesablanmışdı. Lakin Azərbaycan dövləti heç vaxt bu vəziyyətlə barışmadı. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan güclü iqtisadi, siyasi və hərbi potensial formalaşdırdı. 2020-ci il Vətən müharibəsində əldə edilən tarixi Zəfər isə regionda yeni reallıqlar yaratdı. Üçtərəfli Bəyanata əsasən, 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycana qaytarıldı. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçdi. Beləliklə, Laçında üç onillik işğala son qoyuldu və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edən dövlət kimi yeni mərhələyə qədəm qoydu. 26 Avqustun Laçın Şəhəri Günü kimi təsis edilməsi də bu tarixi hadisənin dövlət səviyyəsində əbədiləşdirilməsinin ifadəsidir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilərin şəhər günlərinin təsis edilməsi tarixi yaddaşın qorunması və Zəfər salnaməsinin gələcək nəsillərə çatdırılması baxımından mühüm siyasi-mənəvi əhəmiyyət daşıyır. Laçının azadlığı Azərbaycan Ordusunun qəhrəmanlığının da parlaq səhifələrindən biridir. Laçının azad edilməsi uğrunda döyüşlərdə şəxsi igidlik və şücaət nümayiş etdirən 8418 hərbi qulluqçunun “Laçının azad olunmasına görə” medalı ilə təltif edilməsi bu Zəfərin arxasında dayanan hərbi fədakarlığın miqyasını göstərir. Bu medal Laçının azadlığının tarixində qəhrəmanlıq nümunəsi göstərmiş hərbçilərimizin xidmətlərinin dövlət tərəfindən yüksək qiymətləndirilməsinin rəmzidir. Ancaq Laçının Azərbaycanın nəzarətinə qaytarılması yalnız hərbi nəticə ilə yekunlaşmadı. Əslində, azadlıqdan sonra Laçın üçün daha böyük və məsuliyyətli mərhələ – yenidənqurma və dirçəliş dövrü başladı. Bu gün Laçında müşahidə olunan genişmiqyaslı quruculuq işləri Azərbaycanın postmüharibə inkişaf strategiyasının mahiyyətini nümayiş etdirir. Prezident cənab İlham Əliyevin “Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik” fikri Laçında həyata keçirilən layihələrin əsas fəlsəfəsini ifadə edir. Laçın şəhərinin müasir simasının formalaşdırılması zamanı yalnız binaların tikintisinə deyil, şəhərin bütövlükdə yeni urbanistik konsepsiya əsasında qurulmasına diqqət yetirilir. 2040-cı ilədək Laçının inkişafını nəzərdə tutan Baş Planın təsdiqlənməsi bu yanaşmanın uzunmüddətli xarakter daşıdığını göstərir. Laçının yeni inkişaf modelinin əsas xüsusiyyətlərindən biri yaşayış, sosial infrastruktur, iqtisadi fəaliyyət, turizm və ekoloji dayanıqlılığın vahid şəhərsalma konsepsiyasında birləşdirilməsidir. “15 dəqiqəlik şəhər” prinsipi əsasında qurulan yeni yaşayış məhəllələri sakinlərin gündəlik ehtiyaclarını rahat şəkildə təmin etməyə, şəhər daxilində əlçatanlığı və yaşayış keyfiyyətini yüksəltməyə hesablanıb. Məktəblərin, xəstəxananın, peşə təhsili müəssisəsinin, mədəniyyət və turizm obyektlərinin yaradılması Laçının yalnız yaşayış məkanı deyil, tamhüquqlu sosial-iqtisadi mərkəz kimi formalaşdırıldığını göstərir. Laçında enerji sektorunda görülən işlər isə işğaldan azad edilmiş ərazilərin “yaşıl enerji zonası”na çevrilməsi siyasətinin mühüm hissəsidir. Rayonun hidroenerji potensialından səmərəli istifadə edilir, yeni su elektrik stansiyaları inşa olunur və istismara verilir. 2026-cı il iyulun 11-də “Ağbulaq-1”, “Ağbulaq-2” və “Şeylanlı” su elektrik stansiyalarının açılışı ilə Laçının enerji potensialının istifadəsində növbəti mühüm mərhələ təmin edildi. Hazırda Laçının 8-10 MVt-lıq elektrik tələbat gücü tamamilə yaşıl enerji hesabına qarşılanır, artıq istehsal olunan elektrik enerjisi isə ölkənin enerji sisteminə ötürülür. Bu, Laçının yalnız öz enerji ehtiyaclarını təmin edən rayon deyil, Azərbaycanın enerji təhlükəsizliyinə töhfə verən yaşıl enerji məkanı kimi formalaşdığını göstərir. 2040-cı il perspektivində elektrik tələbatının artacağı nəzərə alınsa da, mövcud və planlaşdırılan su elektrik stansiyaları hesabına rayonun uzunmüddətli enerji təminatının yaşıl mənbələr üzərindən qurulması strateji əhəmiyyət daşıyır. Laçının nəqliyyat imkanlarının genişləndirilməsi də onun regional əhəmiyyətini artırır. Kəlbəcər-Laçın avtomobil yolunun inşası, çoxsaylı tunel və körpülərin yaradılması rayonun digər ərazilərlə əlaqəsini daha da asanlaşdıracaq. Bu yol təkcə nəqliyyat layihəsi deyil, həm də Qarabağ və Şərqi Zəngəzurun vahid iqtisadi, sosial və logistik məkan kimi formalaşmasına xidmət edən strateji infrastruktur layihəsidir. Laçın Beynəlxalq Hava Limanının 2025-ci il mayın 28-də istifadəyə verilməsi isə regionun nəqliyyat və beynəlxalq əlaqələr baxımından yeni mərhələyə daxil olmasının göstəricisidir. Dəniz səviyyəsindən 1700 metr yüksəklikdə yerləşən hava limanı Azərbaycanın ən yüksəkdə yerləşən aeroportudur. Müasir uçuş-enmə zolağı və sərnişin terminalı Laçının gələcəkdə turizm, biznes və beynəlxalq tədbirlər baxımından daha əlçatan məkana çevrilməsinə imkan yaradır. Laçının bərpası yalnız şəhər mərkəzi ilə məhdudlaşmır. Zabux, Sus və Bəylik kimi kəndlərdə həyata keçirilən layihələr Böyük Qayıdış siyasətinin real nəticələrini nümayiş etdirir. Müasir yaşayış evləri ilə yanaşı, məktəblər, uşaq bağçaları, tibb məntəqələri, klub-icma mərkəzləri, yollar, kommunal və digər sosial infrastrukturlar yaradılır. Yaşıl enerji texnologiyalarının kəndlərdə tətbiqi isə yeni yaşayış məkanlarının müasir və ekoloji prinsiplər əsasında qurulduğunu göstərir. Ən mühüm məsələ isə insanların öz doğma yurdlarına qayıtmasıdır. 2023-cü il mayın 28-dən etibarən laçınlıların doğma şəhər və kəndlərinə qayıdışı başladı. 2026-cı ilin iyulunadək Laçın şəhərinə 614 ailənin, yəni 2264 nəfərin, Zabux kəndinə 217 ailənin, 823 nəfərin, Sus kəndinə 59 ailənin, 215 nəfərin, Bəylik kəndinə isə 89 ailənin, 363 nəfərin daimi məskunlaşmasının təmin edilməsi Böyük Qayıdışın artıq konkret sosial reallığa çevrildiyini göstərir. Bu prosesin siyasi əhəmiyyəti də böyükdür. Çünki Böyük Qayıdış yalnız insanların fiziki olaraq öz torpaqlarına dönməsi deyil, həmin ərazilərdə davamlı həyatın, iqtisadi fəaliyyətin, sosial münasibətlərin və yerli icmaların yenidən formalaşdırılmasıdır. Dövlət tərəfindən yaradılan yaşayış və məşğulluq imkanları Laçının gələcək inkişafının dayanıqlı əsaslarını təşkil edir. Laçında sənaye və aqrar potensialın inkişaf etdirilməsi də bu strategiyanın mühüm istiqamətidir. Laçın Aqro-Sənaye Parkında müxtəlif istiqamətlər üzrə 46 müəssisənin fəaliyyət göstərməsinin nəzərdə tutulması rayon iqtisadiyyatının şaxələndirilməsi baxımından əhəmiyyətlidir. Mebel, yüngül sənaye, yeyinti, balıqçılıq və digər istehsal sahələrinin yaradılması yerli məşğulluğun artırılmasına və Laçın iqtisadiyyatının yeni model üzrə formalaşmasına xidmət edir. Burada xüsusilə diqqətçəkən məqam yaradılan iş yerlərində Laçın sakinlərinin üstünlük təşkil etməsidir. Bu yanaşma Böyük Qayıdışın sosial mahiyyətini tamamlayır: insanlar yalnız evlərinə qayıtmamalı, eyni zamanda doğma yurdda işləməli, istehsal prosesinə qoşulmalı və öz rayonlarının iqtisadi inkişafının fəal iştirakçısına çevrilməlidirlər. Turizm də Laçının gələcək inkişafının əsas istiqamətlərindən biridir. Rayonun unikal təbiəti, dağlıq relyefi, meşələri, çayları və tarixi-mədəni irsi onun Azərbaycanın aparıcı turizm məkanlarından birinə çevrilməsi üçün geniş imkanlar yaradır. “Laçın” İstirahət Kompleksinin yaradılması, şəhərdə bulvarın, istirahət məkanlarının və kanat yolunun inşası bu potensialın sistemli şəkildə reallaşdırıldığını göstərir. Laçının 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilməsi də şəhərin artıq yalnız Azərbaycanın daxili inkişaf gündəliyində deyil, beynəlxalq humanitar və mədəni əməkdaşlıq müstəvisində də yeni mövqeyə çıxdığını göstərdi. Bu status Laçının mədəni irsinin, yaradıcılıq imkanlarının və regionun yeni simasının beynəlxalq ictimaiyyətə təqdim olunması baxımından mühüm platformaya çevrildi. Laçında “Hoçazfilm” yaradıcılıq studiyasının yaradılması da bu kontekstdə xüsusi əhəmiyyət daşıyır. Studiyanın fəaliyyəti işğal və postişğal dövrünün salnaməsinin yaradılması, Qarabağın təbiətinin və tarixi-mədəni irsinin audiovizual vasitələrlə təqdim olunması baxımından mühüm əhəmiyyətə malikdir. Bu, həm də Azərbaycanın Qarabağ həqiqətlərinin beynəlxalq informasiya məkanında daha geniş təqdim edilməsinə xidmət edən mədəni diplomatiya alətidir. 2026-cı il iyulun 11-də “Həkəriçay” su anbarının təməlinin qoyulması isə Laçının regional inkişaf strategiyasına daha geniş miqyas qazandırır. Ümumi tutumu 100 milyon kubmetr olacaq su anbarı və təxminən 172 kilometrlik magistral boru kəməri vasitəsilə Laçınla yanaşı, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Xocavənd və Ağdam rayonlarının içməli su təminatına mühüm töhfə veriləcək. Bu layihə işğaldan azad edilmiş ərazilərin vahid infrastruktur sistemi əsasında inkişaf etdirilməsi siyasətinin mühüm nümunəsidir. Prezident cənab İlham Əliyevin Laçına mütəmadi səfərləri də dövlət başçısının bu əraziyə xüsusi diqqətinin göstəricisidir. 2021-ci ildən etibarən keçirilən səfərlərdə enerji, nəqliyyat, hava limanı, su infrastrukturu, yaşayış, sənaye, təhsil və turizm layihələrinin təməlqoyma və açılış mərasimlərinin keçirilməsi Laçının inkişafının epizodik deyil, ardıcıl və sistemli xarakter daşıdığını göstərir. Xüsusilə 2025-ci ildə Laçında keçirilən yüksək səviyyəli beynəlxalq görüşlər şəhərin yeni siyasi və diplomatik rolunu da nümayiş etdirdi. Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Laçında bir araya gəlməsi, üç qardaş və dost dövlət arasında siyasi dialoqun burada keçirilməsi Laçının artıq müharibənin dağıntıları ilə deyil, regional əməkdaşlıq, tərəfdaşlıq və yeni geosiyasi reallıqlarla assosiasiya olunan məkana çevrildiyini göstərən mühüm siyasi mesaj idi. Bu baxımdan Laçının bugünkü siması Azərbaycanın postmüharibə siyasətinin üç əsas istiqamətini – ərazi bütövlüyünün bərpası, insanların doğma torpaqlarına qaytarılması və azad edilmiş ərazilərin dayanıqlı inkişafının təmin edilməsi – özündə birləşdirir. Laçın artıq keçmişin ağrılı xatirələrinin deyil, gələcəyin imkanlarının şəhərinə çevrilir. Burada dağıdılmış evlərin yerində yeni yaşayış məhəllələri, məhv edilmiş infrastrukturun yerində müasir sosial obyektlər, işğalın yaratdığı boşluğun yerində həyat və iqtisadi fəaliyyət formalaşır. Yaşıl enerji, rəqəmsal idarəetmə, müasir şəhərsalma, sənaye, turizm və logistika layihələri Laçının XXI əsrin tələblərinə cavab verən şəhər kimi yenidən qurulduğunu göstərir.
26 Avqust-Laçın Şəhəri Günü bu mənada yalnız bir tarixi hadisənin ildönümü deyil. Bu tarix Azərbaycanın keçmişdən gələcəyə uzanan dövlətçilik iradəsinin, hərbi Zəfərin siyasi nəticəyə çevrilməsinin və milli iradənin konkret quruculuq layihələri ilə təsdiqlənməsinin simvoludur. Laçının azad edilməsi tarixi ədalətin bərpası idisə, Laçının yenidən qurulması həmin ədalətin davamlı və dayanıqlı gələcəyə çevrilməsidir. Bu gün Laçın öz sakinlərini qəbul edən, yeni iqtisadi imkanlar yaradan, beynəlxalq tədbirlərə ev sahibliyi edən, yaşıl enerji istehsal edən və müasir şəhərsalma prinsipləri ilə inkişaf edən bir məkandır. Ən başlıcası isə Laçın artıq öz doğma sakinlərinin səsi ilə canlanır. Onilliklər boyu həsrətlə gözlənilən qayıdış gerçəkləşir. Bu qayıdış Azərbaycan dövlətinin gücünün, Prezident İlham Əliyevin siyasi iradəsinin, Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığının və xalqımızın milli həmrəyliyinin nəticəsidir. Laçının bugünkü dirçəlişi dünyaya mühüm siyasi mesaj verir: Azərbaycan işğaldan azad etdiyi ərazilərdə yalnız dağıntıları aradan qaldırmır, yeni həyat qurur. Bu həyat sülhə, sabitliyə, regional əməkdaşlığa, iqtisadi inteqrasiyaya və davamlı inkişafa əsaslanır. Laçın bu gün Zəfərin şəhəridir. Amma onun əsas hekayəsi artıq yalnız keçmişdə qazanılmış Zəfərlə deyil, gələcəkdə qurulan həyatla yazılır.

İkitərəfli münasibətlər çox möhkəm - həm mənəvi, həm də maddi təməl üzərində qurulubAzərbaycan Prezidenti İlham Əliyevin...
25/08/2026

İkitərəfli münasibətlər çox möhkəm - həm mənəvi, həm də maddi təməl üzərində qurulub

Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 23-də Özbəkistana dövlət səfəri iki qardaş ölkənin həyatında yeni bir tarix yazdı. Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi ilə başlayan səfərin əsas məqamlarından biri Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə keçirilən təkbətək görüş və Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası olub. Dövlət başçılarının iştirakı ilə keçirilən görüşlər iki ölkə arasında münasibətlərin yalnız siyasi dialoq səviyyəsində qalmadığını, iqtisadiyyat, nəqliyyat, enerji, rəqəmsal texnologiyalar, təhsil, mədəniyyət və digər sahələrdə konkret əməkdaşlıq imkanlarının da gündəmdə olduğunu göstərir.
Bundan başqa, səfərin siyasi və diplomatik baxımdan ən diqqətçəkən nəticəsi «Əbədi dostluq haqqında Müqavilə»nin imzalanmasıdır. Müqavilədə tərəflər münasibətlərini əbədi dostluq, qarşılıqlı etimad, strateji tərəfdaşlıq və müttəfiqlik prinsipləri əsasında inkişaf etdirmək niyyətlərini təsdiqləyirlər. Eyni zamanda, hər iki dövlət bir-birinin suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə hörməti əsas götürür. Bu müddəalar iki ölkənin münasibətlərinin yalnız ikitərəfli əməkdaşlıqla məhdudlaşmadığını, qarşılıqlı təhlükəsizlik və siyasi dəstəyin də bu münasibətlərin mühüm hissəsinə çevrildiyini göstərir.
Bu müqavilədə diqqət çəkən məqamlardan biri də tərəflərin öz ərazilərinin digər dövlətin suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə qarşı istifadə olunmasına yol verməmək öhdəliyidir. Bu yanaşma qarşılıqlı etimadın və siyasi həmrəyliyin institusional səviyyədə möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Sənədin başqa bir mühüm istiqaməti regional və qlobal təhlükəsizlik məsələləridir. Azərbaycan və Özbəkistan münaqişələrin qarşısının alınması və nizamlanmasında, eləcə də regional və qlobal təhlükəsizlik problemlərinin həllində BMT-nin mərkəzi rolunun gücləndirilməsinə sadiqliklərini ifadə edirlər. Bu, iki ölkənin beynəlxalq məsələlərdə mövqelərinin yaxınlığını və çoxtərəfli platformalarda əməkdaşlıq imkanlarının genişlənəcəyini göstərən müddəalardan biridir.
Xüsusi vurğulamaq lazımdır ki, sənədin əhatə dairəsi isə siyasi məsələlərlə bitmir. Əksinə, müqavilənin ən mühüm xüsusiyyətlərindən biri iqtisadi və praktiki əməkdaşlığın çoxsaylı istiqamətlərini özündə birləşdirməsidir. Bu baxımdan sənəd Azərbaycan–Özbəkistan münasibətlərinin gələcək iqtisadi modelini də müəyyən mənada ortaya qoyur. Əməkdaşlığın yalnız ənənəvi ticarət dövriyyəsi ilə məhdudlaşdırılmaması, yeni texnologiyalar və innovativ sahələrin də münasibətlərin əsas istiqamətlərindən birinə çevrilməsi diqqət çəkir. Xüsusilə rəqəmsal iqtisadiyyat, elektron ticarət və kosmik texnologiyaların sənəddə ayrıca qeyd olunması gələcək əməkdaşlığın daha yüksək texnologiyalı sahələrə doğru genişlənəcəyindən xəbər verir.
İki ölkə arasında iqtisadi-ticari əlaqələr son dövrlərdə misli görünməmiş artım göstəriciləri ilə diqqət çəkir. 2025-ci ildə Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə üç dəfədən çox artaraq 795 milyon ABŞ dollarına çatmışdır. 2026-cı ilin ilk beş ayında isə bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 33 faiz yüksələrək 144 milyon dollar təşkil etmişdir. Bu rəqəmlər iqtisadi əməkdaşlığın durmadan genişləndiyini və qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlığın dərinləşdiyini açıq şəkildə sübut edir. İnvestisiya sahəsində də mühüm addımlar atılmış, üç il əvvəl ümumi kapitalları 500 milyon dollar olan Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti yaradılmışdır. Bu şirkət hər iki ölkənin iqtisadiyyatının müxtəlif sahələrində perspektivli layihələrin maliyyələşdirilməsinə və icrasına əhəmiyyətli töhfə verir. Hökumətlərarası Komissiyanın bu günə qədər keçirdiyi on beş iclas iqtisadi, ticari, investisiya və digər sahələrdə əlaqələrin sistemli xarakterini və qarşılıqlı etimadı əks etdirir. Sonuncu iclas Daşkənddə baş tutmuş və mövcud vəziyyət, nailiyyətlər və gələcək inkişaf istiqamətləri ətraflı müzakirə olunmuşdur.
Energetika sektoru əməkdaşlığın ən dinamik inkişaf edən sahələrindən biridir. 2025-ci ildə Azərbaycan, Qazaxıstan və Özbəkistanın energetika qurumları tərəfindən Bakıda «Yaşıl Dəhliz Birliyi» Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilmişdir. Bu birgə müəssisə Azərbaycan-Mərkəzi Asiya yaşıl enerji dəhlizi layihəsinin icrasını, bərpaolunan enerjinin Xəzər dənizinin dibi ilə nəqlini və ixracını əlaqələndirmək məqsədi daşıyır. İqtisadi əməkdaşlığın digər mühüm istiqamətləri arasında işğaldan azad edilmiş Füzuli rayonunda salınmış 100 hektarlıq «Dostluq bağı» nar bağı, həmçinin «Chevrolet» və «Isuzu» markalı avtomobil və avtobusların istehsalı üzrə birgə layihələr xüsusi qeyd olunmalıdır. Azərbaycan şirkətləri də Özbəkistanda iri layihələr reallaşdırır, o cümlədən Daşkənddə «The Ritz-Carlton» brendi altında inşa edilən hotel-yaşayış kompleksi və Daşkənd vilayətindəki «Sea Breeze Uzbekistan» turizm mərkəzi bu əməkdaşlığın parlaq nümunələrindəndir. İki ölkənin iqtisadi potensialı bir-birini tamamlayır və yeni əməkdaşlıq formatlarının yaranmasına geniş imkan yaradır.
Mədəni-humanitar əlaqələr də son illərdə xüsusi inkişaf yolu keçmişdir. 2023-cü və 2025-ci illərdə Azərbaycan Özbəkistan Mədəniyyəti Günlərinə, 2024-cü ildə isə Özbəkistan Azərbaycan Mədəniyyəti Günlərinə ev sahibliyi etmiş, həmin il Xivə şəhərində «Şuşa Günləri» təşkil olunmuşdur. Özbəkistan Milli Pedaqoji Universitetinin dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıması iki xalq arasındakı mənəvi bağın əyani təzahürüdür. Bakının mərkəzində 5 hektar ərazidə salınacaq «Özbəkistan» parkı isə qardaşlığın daha bir simvoluna çevriləcəkdir. Heydər Əliyev Fondunun həyata keçirdiyi təşəbbüslər də bu əməkdaşlığın genişlənməsində mühüm rol oynayır.

Address

Qəbələ Rayon İcra Hakimiyyəti Ünvan: AZ 3600, Qəbələ şəhəri, Heydər Əliyev Prospekti 2
Qabala
AZ3600

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994242051955

Alerts

Be the first to know and let us send you an email when Qəbələ Rayon İcra Hakimiyyəti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Qəbələ Rayon İcra Hakimiyyəti:

Shortcuts

Share