04/07/2026
Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan İstiqlal Muzeyi və şəxsi kolleksiyaya aid sənət nümunələri, eləcə də müxtəlif mənbələrdən əldə olunmuş arxiv fotoşəkillərini bir araya gətirən sərgi Əli bəy Hüseynzadənin irsinə ilk növbədə bədii yaradıcılığı, həmçinin ictimai fəaliyyəti prizmasından nəzər salmağa imkan yaradır.
Əli bəy Hüseynzadə Azərbaycan təsviri sənətində realizmin ilk
nümayəndələrindən və peşəkar teatr rəssamlığının banilərindən biri hesab edilir. Onunrəngkarlıq və qrafika irsi portret, mənzərə və natürmort janrlarını əhatə edir. Əsərlərində milli-mənəvi dəyərlər, tarixi yaddaş, vətən sevgisi və insan xarakterinin psixoloji dərinliyi yüksək bədii ifadəsini tapıb.
Sərgidə müəllifin həm Azərbaycanda, həm də Türkiyədə yaratdığı “Mənzərə. Bibiheybətin görünüşü”, “Atatürkün portreti”, “Ailə portreti” və digər əsərləri nümayiş etdirilir. Ekspozisiyada, həmçinin, Salyan Tarix-Diyarşünaslıq Muzeyinə məxsus, Əli bəy Hüseynzadənin redaktoru olduğu “Həyat” qəzetinin ipək üzərində nəşr edilmiş nadir nüsxəsi də yer alır.
Azərbaycan milli düşüncə tarixində xüsusi yer tutan Əli bəy Hüseynzadə üçrəngli dövlət bayrağımızın ideoloji əsaslarını formalaşdıran şəxsiyyətlərdəndir. Onun irəli sürdüyü “Türkləşmək, islamlaşmaq, müasirləşmək” ideyası dövlət bayrağımızın rənglərinin mənəvi məzmununda öz əksini tapıb. Sərgidə böyük mütəfəkkirin redaktorluq fəaliyyəti, teatr sənətinə töhfələri və milli ideya irsinə həsr olunmuş məlumat lövhələri də təqdim edilir. Azərbaycan İstiqlal Muzeyinin kolleksiyasından seçilmiş fotoşəkillər Əli bəy Hüseynzadənin həyat və fəaliyyətinin müxtəlif mərhələlərini, eləcə də 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın iştirakçılarını və həmin dövrün tarixi mühitini əks etdirir.
Ekspozisiyanın mühüm hissələrindən birini Birinci Türkoloji Qurultayın keçirildiyi günlərdə “Azdövlətkino” tərəfindən lentə alınmış 8 dəqiqəlik qısametrajlı səssiz film təşkil edir. Sərginin multimedia bölməsində yerləşdirilmiş sensorlu ekranda (touchscreen) Əli bəy Hüseynzadənin sənət ənənələrini davam etdirən övladları – ilk türk kubist və abstrakt rəssamlarından Səlim Turanın, xalq sənəti və Şərq mifologiyası motivlərinə müraciəti ilə tanınan rəssam Feyzavər Alpsarın əsərləri yer alıb.
“Əli bəy Hüseynzadə: böyük mütəfəkkir və rəssam” sərgisi ziyarətçilərə böyük ideoloqu və ictimai xadimi həm də zəngin yaradıcılıq dünyasına malik rəssam kimi yaxından tanımaq imkanı yaradır.
Sərgi, 30 sentyabr tarixinədək davam edəcək.