Şamaxı RİH başçısının Çuxuryurd kənd İƏD üzrə nümayəndəliyi

Şamaxı RİH başçısının Çuxuryurd kənd İƏD üzrə nümayəndəliyi Şamaxı RİHB-nın Çuxuryurd kənd İƏD-si üzrə nümayəndəliyinin rəsmi Facebook səhifəsi

26 Avqust – Laçın şəhəri günü“Beləliklə, avqustun 26-da Azərbaycan Ordusu Laçın şəhərinə daxil oldu və biz Laçın şəhərin...
25/08/2026

26 Avqust – Laçın şəhəri günü

“Beləliklə, avqustun 26-da Azərbaycan Ordusu Laçın şəhərinə daxil oldu və biz Laçın şəhərini qaytardıq. Bu, tarixi hadisədir. Laçın şəhərinin azad edilməsi həmişə tarixdə qalacaq.”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, 21 sentyabr 2022-ci il, Laçın şəhərində Azərbaycan Bayrağının ucaldılması mərasimində

26 avqust 2022-ci il Laçının çoxəsrlik tarixində xüsusi yer tutan əlamətdar tarixlərdən birinə çevrildi. Həmin gün Laçın şəhərinin və Zabux, Sus kəndlərinin Azərbaycanın nəzarətinə qaytarılması ilə 30 ildən artıq davam edən işğal sona çatdı. Bununla Laçının tarixində yeni dövr – doğma sakinlərin yurda qayıdışı, şəhərin yenidən qurulması və gələcəyə hesablanmış inkişaf mərhələsi başladı.

Laçın Azərbaycan tarixində özünəməxsus yeri olan şəhərlərdən biridir. Zəngin təbiəti, əlverişli coğrafi mövqeyi, yaylaqları, meşələri, çayları, tarixi və mədəni irsi ilə seçilən Laçın uzun illər ölkəmizin mühüm bölgələrindən biri kimi inkişaf edib.
1923-cü ildə Abdallar yaşayış məntəqəsinin adı Laçın olaraq dəyişdirilib və şəhər statusu verilib. 1930-cu il avqustun 8-də Laçın rayonu yaradılıb və Laçın şəhəri rayonun inzibati mərkəzi olub.
Lakin 1992-ci il mayın 18-də Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi şəhərin və rayonun tarixində ağır və faciəli bir dövrün başlanmasına səbəb olub.
İşğal nəticəsində rayonun əhalisi doğma torpaqlarından didərgin salınıb, yüzlərlə hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Şəhər və kəndlərin sosial-iqtisadi infrastrukturu dağıdılıb, tarixi-mədəni irsə ciddi ziyan vurulub. İşğal illərində Laçının təbii sərvətlərindən qanunsuz istifadə edilməsi, yaşayış məntəqələrinin və coğrafi adların dəyişdirilməsi, qanunsuz məskunlaşdırma siyasətinin aparılması da rayonun tarixi simasına və demoqrafik vəziyyətinə təsir göstərib.
Laçının işğalı Azərbaycanın ərazi bütövlüyü və milli təhlükəsizliyi baxımından xüsusi strateji əhəmiyyət daşıyırdı. Rayonun işğalı ilə Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə yaradılmışdı. Bu baxımdan Laçının azad edilməsi Azərbaycanın ərazi bütövlüyünün bərpası prosesində mühüm strateji nəticə oldu.

Zəfərdən Böyük Qayıdışa: Laçının yeni inkişaf mərhələsi
2020-ci ildə Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfər Laçının azadlığına gedən yolu açdı. Üçtərəfli bəyanata əsasən, 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycana qaytarıldı. Laçın şəhəri, Zabux və Sus kəndləri isə 2022-ci il avqustun 26-da Azərbaycanın nəzarətinə keçdi. Beləliklə, rayonun işğal altında qalan son yaşayış məntəqələrinin də azad edilməsi təmin olundu.
Laçının azadlığından sonra qarşıda duran əsas vəzifələr şəhərin və rayonun bərpası, əhalinin doğma yurda qayıdışının təmin edilməsi və burada müasir yaşayış mühitinin yaradılması idi.
Azərbaycan dövləti tərəfindən bu istiqamətdə genişmiqyaslı layihələr həyata keçirilir. Şəhərdə yeni yaşayış məhəllələri salınır, fərdi evlər və çoxmənzilli binalar tikilir, məktəblər, uşaq bağçaları, tibb müəssisələri, mədəniyyət və digər sosial obyektlər yaradılır.
Laçının gələcək inkişafının əsas istiqamətlərini müəyyən edən mühüm sənədlərdən biri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 13 iyun tarixli qərarı ilə təsdiq edilmiş "Laçın şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Plan"dır. Baş Plan şəhərin müasir şəhərsalma prinsipləri əsasında inkişaf etdirilməsini, yeni yaşayış məhəllələrinin yaradılmasını, nəqliyyat və sosial infrastrukturun genişləndirilməsini, yaşıllıq sahələrinin artırılmasını və şəhərin tarixi-memarlıq xüsusiyyətlərinin qorunmasını nəzərdə tutur.
Baş Planın mühüm xüsusiyyətlərindən biri "15 dəqiqəlik şəhər" prinsipinin tətbiqidir. Bu yanaşma sakinlərin gündəlik ehtiyac duyduğu xidmətlərə və sosial obyektlərə rahat çıxışını təmin etməyə, piyada hərəkətini və müasir şəhər mühitini inkişaf etdirməyə imkan verir.
Laçının bərpasının əsas istiqamətlərindən biri Böyük Qayıdış prosesidir. 2023-cü ilin mayından başlayaraq laçınlıların doğma yurda qayıdışı həyata keçirilir. Şəhərlə yanaşı, Zabux, Sus və Bəylik kəndlərində də yeni yaşayış məhəllələri yaradılıb.
2026-cı ilin iyul ayına qədər Laçın şəhərinə 614 ailənin, yəni 2264 nəfərin, Zabux kəndinə 217 ailənin, yəni 823 nəfərin, Sus kəndinə 59 ailənin, yəni 215 nəfərin, Bəylik kəndinə isə 89 ailənin, yəni 363 nəfərin daimi məskunlaşması təmin edilib.
Qayıdış prosesi yaşayış evlərinin tikintisi ilə məhdudlaşmır. Sakinlərin məşğulluğunun təmin olunması, sosial xidmətlərə çıxış imkanlarının yaradılması və şəhər və kəndlərdə normal həyat şəraitinin formalaşdırılması istiqamətində də kompleks tədbirlər görülür.
Laçının iqtisadi potensialının bərpası da bu prosesin mühüm istiqamətlərindəndir. Laçın Aqro-Sənaye Parkında müxtəlif istehsal sahələrinin yaradılması nəzərdə tutulur. Mebel, yeyinti və yüngül sənaye, balıqçılıq və digər istiqamətlərdə müəssisələrin fəaliyyət göstərməsi rayonun iqtisadi həyatının canlanmasına və yeni iş yerlərinin yaradılmasına xidmət edir.
Artıq rayonda mebel, ayaqqabı və tikiş istehsalı sahələri fəaliyyət göstərir. Bu müəssisələrdə, əsasən, yerli sakinlərin məşğulluğunun təmin olunmasına xüsusi diqqət yetirilir.
Laçının zəngin su ehtiyatları isə rayonun enerji potensialından səmərəli istifadə üçün geniş imkanlar yaradır. Son illərdə burada bir sıra su elektrik stansiyaları yenidən qurulub və yeni stansiyalar istifadəyə verilib. 2026-cı il iyulun 11-də Hoçaz çayı üzərində yerləşən 14,7 meqavatlıq “Ağbulaq-1”, 14,25 meqavatlıq “Ağbulaq-2” və 4 meqavatlıq “Şeylanlı” su elektrik stansiyalarının açılışı keçirilib. Rəsmi məlumatda bildirildiyi kimi, hazırda Laçının 8-10 MVt-lıq elektrik tələbat gücü tam olaraq yaşıl enerji hesabına qarşılanır, artıq enerji isə ölkənin enerji sisteminə ötürülür.
Nəqliyyat infrastrukturu da şəhərin yeni inkişaf modelinin əsas elementlərindəndir. Kəlbəcər-Laçın avtomobil yolunun tikintisi rayonun digər ərazilərlə əlaqələrinin daha da yaxşılaşdırılmasına, iqtisadi və turizm imkanlarının genişləndirilməsinə şərait yaradır.
Laçın Beynəlxalq Hava Limanının 2025-ci il mayın 28-də istifadəyə verilməsi isə rayonun nəqliyyat imkanlarını yeni mərhələyə çıxarıb. Hava limanı işğaldan azad edilmiş ərazilərin nəqliyyat əlaqələrinin genişləndirilməsi ilə yanaşı, regionun turizm potensialının inkişafı baxımından da əhəmiyyət daşıyır. Rəsmi məlumatda hava limanının işğaldan azad edilmiş ərazilərdə inşa edilən üçüncü beynəlxalq hava limanı olduğu bildirilir.
Laçında həyata keçirilən layihələrin əhatə dairəsi şəhər və rayonla məhdudlaşmır. 2026-cı il iyulun 11-də “Həkəriçay” su anbarının təməlinin qoyulması region üçün strateji əhəmiyyət daşıyan layihələrdən biridir. Layihənin həyata keçirilməsi Laçınla yanaşı, ətraf rayonların içməli su təminatının yaxşılaşdırılmasına xidmət edəcək.
Beləliklə, Laçında bərpa prosesi yaşayış evlərindən sənaye və energetikaya, nəqliyyatdan sosial infrastruktura qədər geniş sahələri əhatə edir.

Laçının gələcəyi: yaşıl enerji, iqtisadi inkişaf və turizm
Laçının yeni inkişaf mərhələsində iqtisadi potensialla yanaşı, təbii və mədəni sərvətlərdən səmərəli istifadə, turizmin inkişafı və ekoloji dayanıqlılığın təmin edilməsi də mühüm yer tutur.
Rayonun zəngin təbiəti, dağlıq relyefi, meşələri, çayları və tarixi-mədəni irsi onun turizm imkanlarını əhəmiyyətli dərəcədə artırır. Bu potensialın reallaşdırılması məqsədilə müasir turizm infrastrukturu yaradılır.
2025-ci ildə Zerti kəndində “Laçın” İstirahət Kompleksinin istifadəyə verilməsi bu istiqamətdə mühüm addımlardan biri olub. Həkəri çayı ətrafında yaradılan bulvar və istirahət məkanları, yeni turizm obyektləri və həyata keçirilməsi nəzərdə tutulan digər layihələr Laçının gələcəkdə Azərbaycanın əsas turizm mərkəzlərindən birinə çevrilməsi üçün geniş imkanlar yaradır.
Mədəniyyət sahəsində də mühüm layihələr həyata keçirilir. 2023-cü ildə “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonunun açılışı olub. Layihə Laçının və bütövlükdə Qarabağın tarixinin, mədəniyyətinin və müasir həyatının audiovizual vasitələrlə təqdim olunmasına imkan verir.
Laçının mədəni əhəmiyyəti beynəlxalq səviyyədə də öz təsdiqini tapıb. Şəhər 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan olunub və həmin il çərçivəsində şəhərdə müxtəlif mədəni tədbirlər keçirilib. 2023-cü ildən etibarən Laçın şəhəri gününün qeyd olunması da şəhərin yeni həyatının mühüm rəmzlərindən birinə çevrilib. 26 avqustun Laçın şəhəri günü kimi təsis edilməsi Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə rəsmiləşdirilib.
Laçının inkişafında Prezident İlham Əliyevin şəhərə və rayona mütəmadi səfərləri də mühüm yer tutur. 2021-ci il fevralın 14-də Güləbird kəndində Azərbaycan Bayrağının ucaldılması və Su Elektrik Stansiyasının açılışı ilə başlayan bu mərhələ sonrakı illərdə çoxsaylı layihələrin reallaşdırılması ilə davam edib.
2022-ci il iyunun 26-da Kəlbəcər-Laçın avtomobil yolunda, “Qorçu” elektrik yarımstansiyasında, “Həkəriçay” su anbarı layihəsində və Laçın Beynəlxalq Hava Limanında görülən işlərlə tanışlıq keçirilib. Həmin ilin sentyabrında Laçın şəhərində Azərbaycan Bayrağı ucaldılıb və yeni enerji infrastrukturunun təməli qoyulub.
2023-cü il mayın 28-də Laçın şəhərinin Baş Planı dövlət başçısına təqdim olunub, şəhərə qayıdan sakinlərlə görüş keçirilib. Həmin ilin avqustunda isə “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyaları, mebel fabriki, “Hoçazfilm” yaradıcılıq studiyası, “Həkəri Balıq Təsərrüfatı” və digər obyektlər istifadəyə verilib, Zabux kəndində görülən işlərlə tanışlıq olub.
2024-cü il mayın 10-da Sus kəndində görülən işlərlə tanışlıq keçirilib, “Zabux” və “Qarıqışlaq” Kiçik Su Elektrik stansiyaları istifadəyə verilib.
2025-ci il mayın 27-28-də isə Laçında yeni sənaye müəssisələri, Laçın Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzi və “Laçın” İstirahət Kompleksi istifadəyə verilib, Bəylik kəndinin açılışı olub, sakinlərə evlərin açarları təqdim edilib. Həmin səfər çərçivəsində Laçın Beynəlxalq Hava Limanının açılışı keçirilib və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla, Pakistanın Baş naziri ilə bir sıra görüşlər təşkil olunub.
2026-cı il iyulun 11-də isə “Həkəriçay” su anbarının təməli qoyulub və Hoçaz çayı üzərində yeni su elektrik stansiyalarının açılışı keçirilib. Bu layihələr Laçının enerji və su təsərrüfatı potensialının daha da genişləndirilməsinə hesablanıb.
Prezident İlham Əliyevin Laçına səfərlərinin xronologiyası şəhərin azad edildikdən sonra keçdiyi inkişaf yolunu aydın şəkildə göstərir. Burada azadlıqdan sonra ilk mərhələdə infrastrukturun qurulması, ardınca yaşayış mühitinin yaradılması, Böyük Qayıdışın başlanması, iqtisadi və sosial layihələrin reallaşdırılması, hazırda isə uzunmüddətli və dayanıqlı inkişaf modelinin formalaşdırılması həyata keçirilir.
Bu gün Laçın öz tarixinin yeni mərhələsini yaşayır. İşğaldan azad edilmiş şəhərdə həyat bərpa olunur, sakinlər doğma yurda qayıdır, yeni yaşayış məhəllələri salınır, məktəblər və sosial obyektlər istifadəyə verilir, sənaye və turizm infrastrukturu yaradılır, yaşıl enerji layihələri genişləndirilir.
26 Avqust – Laçın şəhəri günü bu baxımdan yalnız tarixi hadisənin ildönümü deyil. Bu tarix Azərbaycanın ərazi bütövlüyünün bərpasını, tarixi ədalətin təntənəsini, Laçının azadlığını və laçınlıların doğma torpaqlarına qayıdışını özündə birləşdirən əlamətdar gündür.
Laçının bugünkü inkişafı göstərir ki, şəhərin bərpası ayrı-ayrı layihələrin məcmusu kimi deyil, vahid və uzunmüddətli inkişaf strategiyasının tərkib hissəsi kimi həyata keçirilir. Şəhərin Baş Planı, Böyük Qayıdış, yaşıl enerji layihələri, müasir nəqliyyat infrastrukturu, sənaye və aqrar istehsal, turizm və mədəniyyət layihələri bir-birini tamamlayaraq Laçının gələcək simasını formalaşdırır.
Laçın bu gün Zəfərin nəticələrinin, Böyük Qayıdışın və quruculuğun real ünvanlarından biridir.
Şəhər qarşıdakı illərdə yalnız bərpa olunmuş yaşayış məkanı kimi deyil, müasir şəhərsalma, yaşıl enerji, iqtisadi inkişaf, turizm və mədəni həyatın vəhdət təşkil etdiyi mühüm regional mərkəz kimi formalaşmaq yolunda irəliləyir.
26 Avqust – Laçın şəhəri günü Laçının keçmişini xatırlamaqla yanaşı, onun gələcəyinə baxışın da ifadəsidir.

Laçın: dövlət qayğısı ilə yenidən qurulan şəhər
Laçının işğaldan azad olunmasından ötən dövr ərzində rayonda genişmiqyaslı bərpa və quruculuq layihələri həyata keçirilib. Bu prosesin bütün mərhələlərində Prezident İlham Əliyevin xüsusi diqqəti və nəzarəti təmin olunub. Dövlət başçısının Laçına səfərləri zamanı yeni layihələrin təməlləri qoyulub, mühüm infrastruktur obyektləri istifadəyə verilib, sakinlərin yaşayış şəraiti ilə tanışlıq keçirilib və Böyük Qayıdışın gedişi qiymətləndirilib.
2021-ci il fevralın 14-də Güləbird kəndində Azərbaycan Bayrağının ucaldılması ilə başlayan bu səfərlər silsiləsi Laçının yeni tarixinin mühüm səhifələrindən birini təşkil edir. Həmin gün Güləbird Su Elektrik Stansiyasının istifadəyə verilməsi rayonun enerji potensialının bərpası istiqamətində ilk mühüm addımlardan biri oldu. Elə həmin il Laçın Beynəlxalq Hava Limanının təməlinin qoyulması ilə rayonun gələcək nəqliyyat infrastrukturunun əsası yaradıldı.
2022-ci ildə Laçının bərpası üzrə əsas infrastruktur layihələrinin icrası sürətləndirildi. Prezident İlham Əliyevin iyun ayında Laçına səfəri zamanı Kəlbəcər-Laçın avtomobil yolunda, “Qorçu” elektrik yarımstansiyasında, “Həkəriçay” su anbarı layihəsində və Laçın Beynəlxalq Hava Limanında görülən işlərlə tanışlıq keçirildi.
Həmin ilin sentyabrında dövlət başçısının Laçın şəhərində Azərbaycan Bayrağını ucaltdığı mərasim isə xüsusi tarixi əhəmiyyət daşıdı. Şəhərdə yeni enerji infrastrukturunun yaradılması məqsədilə “Laçın” qovşaq yarımstansiyasının təməli qoyuldu.

2023-cü ildə Laçının bərpasında yeni mərhələ başlandı. Mayın 28-də şəhərin Baş Planının təqdim olunması ilə Laçının uzunmüddətli inkişaf istiqamətləri müəyyənləşdirildi. Eyni zamanda, doğma yurda qayıdan sakinlərlə görüş keçirildi. Bu mərhələdən etibarən Laçında quruculuq prosesinin əsas istiqamətlərindən biri şəhər həyatının tam şəkildə bərpası və əhalinin daimi məskunlaşmasının təmin edilməsi oldu.
2023-cü ilin avqustunda Prezident İlham Əliyevin Laçına səfəri zamanı şəhərdə və rayon ərazisində çoxsaylı sosial, iqtisadi və infrastruktur layihələri həyata keçirildi. “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyaları, mebel fabriki, “Hoçazfilm” yaradıcılıq studiyası, Laçın rayon 2 nömrəli tam orta məktəbi və “Həkəri Balıq Təsərrüfatı” istifadəyə verildi. Mehmanxana kompleksinin təməli qoyuldu, Zabux kəndində aparılan işlərlə tanışlıq keçirildi və sakinlərlə görüş oldu.
Bu səfərin digər mühüm məqamı Laçın şəhəri günü ilə bağlı tədbirlərdə iştirak idi. 26 avqustun Laçın şəhəri günü kimi qeyd edilməsi şəhərin azadlığı və yeni inkişaf mərhələsi ilə bağlı tarixi yaddaşın qorunmasına xidmət edir.

2024-cü ildə Laçının kəndlərinin bərpası və enerji potensialının artırılması istiqamətində işlər davam etdirildi. Prezident İlham Əliyevin may ayında Sus kəndinə səfəri zamanı burada yaradılan şəraitlə tanışlıq keçirildi, sakinlərlə görüş oldu. Həmin gün “Zabux” və “Qarıqışlaq” Kiçik Su Elektrik stansiyaları istifadəyə verildi.

2025-ci il Laçının sosial-iqtisadi inkişafında yeni imkanların formalaşdırılması ilə səciyyələndi. Prezident İlham Əliyevin may ayında Laçına səfəri zamanı “LATIFA” Laçın tikiş fabrikinin, “PIRSHAGHI” ayaqqabı fabrikinin Laçın filialının və Laçın Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzinin açılışları keçirildi. Laçın kanat yolunun təməli qoyuldu.
Bəylik kəndinin açılışı keçirildi, kəndə köçən sakinlərə evlərin açarları təqdim olundu. “Aşağı Malıbəyli” və “Mirik” su elektrik stansiyaları, “Laçın” İstirahət Kompleksi istifadəyə verildi.
Laçın Beynəlxalq Hava Limanının açılışı isə şəhərin yeni inkişaf tarixinin ən mühüm hadisələrindən biri oldu. Həmin gün Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Kəlbəcər-Laçın avtomobil yolunda görülən işlərlə tanışlıq keçirildi. Laçında Azərbaycan, Türkiyə və Pakistan liderlərinin iştirakı ilə yüksək səviyyəli görüşlərin keçirilməsi şəhərin regional əhəmiyyətinin artdığını göstərdi.

2026-cı il iyulun 11-də Laçında “Həkəriçay” su anbarının təməlqoyma mərasiminin keçirilməsi və Hoçaz çayı üzərində yerləşən yeni su elektrik stansiyalarının açılışı rayonun enerji və su təminatı baxımından inkişafının növbəti mərhələsini müəyyənləşdirdi.
Prezident İlham Əliyevin Laçına səfərlərinin xronologiyası göstərir ki, şəhərin bərpası ardıcıl və kompleks şəkildə həyata keçirilir. Enerji və nəqliyyat infrastrukturundan başlayan proses yaşayış məhəllələrinin və sosial obyektlərin yaradılması, sənaye və turizm sahələrinin inkişafı, kəndlərin bərpası və əhalinin Böyük Qayıdışının təmin edilməsi ilə davam edir.
Bu gün Laçın həm tarixi torpaqlarımıza qayıdışın, həm də işğaldan azad edilmiş ərazilərin yeni inkişaf modelinin mühüm nümunəsidir. Burada həyata keçirilən layihələr şəhərin yalnız bu gününü deyil, qarşıdakı onilliklər üçün inkişaf perspektivlərini də müəyyənləşdirir.
Laçında görülən işlərin əsas məqsədi aydındır: doğma torpaqlarına qayıdan insanların təhlükəsiz və rahat yaşayışını təmin etmək, şəhərin iqtisadi potensialını bərpa etmək və Laçını müasir, dayanıqlı və inkişaf edən şəhərə çevirmək.
Laçının bugünkü siması Zəfərdən sonra həyata keçirilən dövlət siyasətinin və Böyük Qayıdışın real nəticələrindən biridir.

Azərbaycan–Özbəkistan münasibətləri yeni inkişaf mərhələsindəAzərbaycan ilə Özbəkistan arasında münasibətlər son illərdə...
24/08/2026

Azərbaycan–Özbəkistan münasibətləri yeni inkişaf mərhələsində

Azərbaycan ilə Özbəkistan arasında münasibətlər son illərdə sadəcə siyasi dialoqun hüdudlarını aşaraq real layihələr, qarşılıqlı investisiyalar və regional əməkdaşlıqla zənginləşən geniş tərəfdaşlığa çevrilib. Avqustun 23-də Daşkənddə keçirilən görüş bu münasibətlərin əldə etdiyi nəticələri bir daha ortaya qoymaqla yanaşı, qarşıdakı dövr üçün yeni istiqamətləri də müəyyənləşdirib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana səfəri iki ölkə arasında mövcud olan yüksək səviyyəli siyasi münasibətlərin növbəti dəfə təsdiqi olub. Prezidentlərin mətbuata bəyanatlarında həm ölkələr arasında dostluq və qardaşlıq bağlarının möhkəmliyi, həm də bu münasibətlərin konkret iqtisadi və regional layihələrlə zənginləşdiyi xüsusi vurğulanıb.
Azərbaycan və Özbəkistanı birləşdirən əsas amillərdən biri xalqlarımızın tarixi, mədəni və mənəvi yaxınlığıdır. Bu yaxınlıq dövlətlərarası münasibətlərə də öz təsirini göstərir. Son illərdə qarşılıqlı etimadın artması iki ölkəyə müxtəlif sahələrdə daha böyük layihələr həyata keçirmək imkanı verib.

İqtisadi əməkdaşlıq yeni imkanlar açır
Prezident İlham Əliyev Daşkəndin və bütövlükdə Özbəkistanın sürətli inkişafını xüsusi qeyd edib. Ölkədə həyata keçirilən islahatlar, sənaye və kənd təsərrüfatının inkişafı, nəqliyyat və enerji infrastrukturunun yenilənməsi, investisiyalar üçün yaradılan imkanlar Özbəkistanın iqtisadi potensialını əhəmiyyətli dərəcədə artırıb. Bu inkişaf, öz növbəsində, Azərbaycan–Özbəkistan iqtisadi əməkdaşlığı üçün də yeni imkanlar yaradıb.
Bu gün iki ölkənin əməkdaşlığı enerji və nəqliyyatdan turizmə, avtomobil sənayesindən kənd təsərrüfatına, bankçılıqdan investisiya layihələrinə qədər geniş bir sahəni əhatə edir. Azərbaycan şirkətlərinin Özbəkistan bazarına daxil olması, Özbəkistanın isə Azərbaycanda müxtəlif layihələrə investisiya yatırması qarşılıqlı iqtisadi marağın getdikcə artdığını göstərir.
İki ölkə arasında ticarət dövriyyəsinin 2030-cu ilədək 1 milyard ABŞ dollarına çatdırılması qarşıya mühüm hədəf kimi qoyulub. Bu rəqəm yalnız iqtisadi göstərici deyil, eyni zamanda iki ölkənin biznes dairələri arasında əlaqələrin daha da genişləndirilməsi üçün qarşıya qoyulan konkret vəzifədir. Yeni investisiya layihələri, sənaye əməkdaşlığı və qarşılıqlı biznes əlaqələri bu hədəfə çatmaq üçün əsas istiqamətlərdəndir.
Enerji sahəsində də əməkdaşlıq yeni mərhələyə daxil olur. Neft və qaz kəşfiyyatı ilə bağlı layihələrin inkişaf etdirilməsi, gələcəkdə istismar quyularının qazılmasının nəzərdə tutulması iki ölkənin enerji sahəsində uzunmüddətli əməkdaşlıq üçün ciddi potensiala malik olduğunu göstərir.

Azərbaycan–Özbəkistan tərəfdaşlığı regional əhəmiyyət qazanır
Azərbaycan–Özbəkistan münasibətlərinin əhəmiyyəti yalnız iki ölkənin sərhədləri ilə məhdudlaşmır. Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əlaqələrinin genişlənməsi fonunda Özbəkistanla əməkdaşlıq regional proseslərin mühüm istiqamətlərindən birinə çevrilib. Nəqliyyat dəhlizləri, ticarət, investisiya və enerji sahələrində ortaq maraqlar Azərbaycanı və Mərkəzi Asiyanı bir-birinə daha sıx bağlayır.
Ölkə başçısı bu prosesin əhəmiyyətini xüsusi vurğulayaraq qeyd edib: “Bu gün Mərkəzi Asiya və Azərbaycan böyük potensiala, eyni zamanda, bundan da böyük inkişaf imkanlarına malik vahid geosiyasi və geoiqtisadi regiondur.”
Bu yanaşma Azərbaycan–Özbəkistan münasibətlərinin regional əhəmiyyətini də aydın göstərir. Daşkənddə keçirilən regionlararası əməkdaşlıq forumu əlaqələrin yalnız dövlət səviyyəsində deyil, şəhərlər və regionlar arasında da inkişaf etdiyini ortaya qoyub. Bu istiqamət yerli sahibkarlar arasında əlaqələrin genişlənməsi, yeni investisiyaların cəlb edilməsi və turizm, sənaye, kənd təsərrüfatı kimi sahələrdə birgə layihələrin həyata keçirilməsi üçün mühüm imkanlar yaradır.
Şəhərlər arasında qardaşlaşma münasibətlərinin qurulması da əlaqələrin yeni mərhələsinin mühüm göstəricilərindəndir. Xankəndi ilə Ürgənc, Naxçıvan ilə Ürgənc, Laçın ilə Buxara arasında əlaqələrin yaradılması iki ölkənin regionları arasında birbaşa təmasların genişlənməsi üçün yeni imkanlar açır.

Qarabağın bərpası qardaşlığın real nümunəsidir
İki ölkə arasında münasibətlərin xüsusi məqamlarından biri Özbəkistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında iştirakıdır. Füzulidə Mirzə Uluqbəy adına 960 şagird yerlik məktəbin tikilməsi və Xankəndidə tikiş fabrikinə investisiya qoyulması bu dəstəyin ən konkret nümunələrindəndir.
Dövlətimizin başçısının da vurğuladığı kimi, Özbəkistanın Qarabağda həyata keçirilən ilk böyük layihələrdə iştirakı iki ölkə arasında qardaşlıq münasibətlərinin real ifadəsidir. Bu layihələr yalnız iqtisadi və sosial əhəmiyyət daşımır, eyni zamanda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan böyük quruculuq prosesinə dost və qardaş ölkənin verdiyi dəstəyi nümayiş etdirir.
Füzulidə məktəbin inşası bölgədə təhsil infrastrukturunun inkişafına, Xankəndidə tikiş fabrikinə investisiya isə istehsalın və məşğulluğun artırılmasına xidmət edir. Belə layihələr Azərbaycan–Özbəkistan münasibətlərinin yalnız siyasi bəyanatlarla deyil, konkret nəticələrlə müşayiət olunduğunu göstərir.
Regionlararası əlaqələrin inkişafı da bu tərəfdaşlığın mühüm istiqamətlərindən biridir. Xankəndi, Naxçıvan və Laçın şəhərlərinin Özbəkistanın şəhərləri ilə əlaqələrinin genişləndirilməsi gələcəkdə mədəniyyət, turizm, təcrübə mübadiləsi və iqtisadi əməkdaşlıq üçün yeni imkanlar yaradır.

Qarşıdakı dövr üçün yeni hədəflər müəyyənləşir
Daşkənd görüşünün diqqət çəkən məqamlarından biri Azərbaycan–Özbəkistan münasibətlərinin artıq əldə olunan nəticələrlə yanaşı, qarşıdakı dövr üçün daha böyük hədəflər üzərində qurulmasıdır. Ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiyaların genişləndirilməsi, enerji və nəqliyyat layihələrinin inkişaf etdirilməsi, sənaye və kənd təsərrüfatında yeni imkanların yaradılması əməkdaşlığın əsas istiqamətlərini təşkil edir.
İki ölkənin iqtisadi potensialının bir-birini tamamlaması bu hədəflərin reallaşdırılması üçün geniş imkanlar yaradır. Azərbaycanın nəqliyyat və enerji imkanları ilə Özbəkistanın istehsal və sənaye potensialının bir araya gəlməsi yalnız ikitərəfli iqtisadi əlaqələrə deyil, daha geniş regional əməkdaşlığa da mühüm töhfə verə bilər.
Eyni zamanda, regionlararası əlaqələrin genişləndirilməsi əməkdaşlığın daha geniş ictimai və iqtisadi müstəviyə çıxmasına şərait yaradır. Şəhərlər, sahibkarlar, turizm və mədəniyyət qurumları arasında birbaşa əlaqələrin artması xalqlarımız arasındakı mövcud yaxınlığın daha da möhkəmlənməsinə xidmət edir.
Əslində, Azərbaycan–Özbəkistan münasibətlərinin bugünkü mənzərəsi bir neçə istiqamətin bir-birini tamamlamasından yaranır. Siyasi etimad iqtisadi əməkdaşlığı gücləndirir, iqtisadi əlaqələr regional layihələrə yeni imkanlar açır, xalqlar arasındakı tarixi-mədəni yaxınlıq isə bütün bu proseslər üçün möhkəm mənəvi baza yaradır.
Prezident İlham Əliyevin Özbəkistan Prezidentini Azərbaycana dövlət səfərinə dəvət etməsi də iki ölkə arasında yüksək səviyyəli siyasi dialoqun davam etdiriləcəyini göstərir. Qarşılıqlı səfərlər və müntəzəm təmaslar əlaqələrin yeni istiqamətlər üzrə inkişafına əlavə imkanlar yaradır.
Beləliklə, Azərbaycan–Özbəkistan münasibətləri bu gün möhkəm siyasi iradə, qarşılıqlı etimad və konkret əməkdaşlıq üzərində inkişaf edir. Tarixi və mənəvi yaxınlıqla yanaşı, artan iqtisadi əlaqələr, Qarabağın bərpasında əməkdaşlıq və regional maraqlar iki qardaş ölkənin tərəfdaşlığını daha da gücləndirir.
Daşkənd görüşü bir daha göstərdi ki, Azərbaycan–Özbəkistan münasibətləri artıq yeni inkişaf mərhələsindədir və bu tərəfdaşlığın qarşıdakı illərdə daha böyük layihələr, yeni təşəbbüslər və konkret nəticələrlə zənginləşməsi üçün möhkəm əsaslar mövcuddur.

Daşkənddə Azərbaycan–Özbəkistan Ali Dövlətlərarası Şurasının 3-cü iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində iki ölkə arasında münasibətlərin inkişafına dair mühüm məsələlər müzakirə olunub.
Avqustun 23-də Daşkənddə Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan–Özbəkistan Ali Dövlətlərarası Şurasının 3-cü iclası keçirilib.
Görüşdə iki ölkə arasında siyasi dialoqun və qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı məsələlər diqqət mərkəzində olub. Tərəflər ticarət və investisiya əlaqələrinin inkişafı, birgə layihələrin həyata keçirilməsi və digər istiqamətlər üzrə əməkdaşlığın perspektivlərini nəzərdən keçiriblər.
İclas Azərbaycan və Özbəkistan arasında son illərdə yüksələn siyasi münasibətlərin növbəti göstəricisi kimi diqqət çəkir. Dövlət başçılarının mütəmadi təmasları və Ali Dövlətlərarası Şuranın fəaliyyəti iki ölkə arasındakı əlaqələrin sistemli şəkildə inkişaf etdirildiyini göstərir.
Görüş zamanı Azərbaycan və Özbəkistan arasında dostluq, ticarət və investisiya əməkdaşlığının möhkəmləndirilməsi istiqamətində görülən işlər və qarşıdakı dövr üçün nəzərdə tutulan layihələr də müzakirə olunub.
İclasın mühüm nəticələrindən biri əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsi ilə bağlı razılaşmaların əldə olunmasıdır. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev daha sonra bildirib ki, tərəflər yeni Yol Xəritəsini qəbul edib və qarşılıqlı ticarət dövriyyəsinin 1 milyard ABŞ dollarına çatdırılması barədə razılığa gəliblər.
Azərbaycan və Özbəkistan prezidentlərinin Daşkənddə keçirdiyi görüşlər çərçivəsində bir sıra sənədlərin imzalanması və mübadiləsi də həyata keçirilib.
Vurğulayaq ki, Ali Dövlətlərarası Şuranın iclası Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfərinin əsas tədbirlərindən biri olub.

Azərbaycan–Özbəkistan dostluğunun yüksək qiyməti: prezidentlər qarşılıqlı təltif olundular
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin qarşılıqlı təltif edilməsi iki ölkə arasında münasibətlərin yüksək səviyyəsinin daha bir göstəricisi oldu.
Avqustun 23-də Daşkənddə Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında qarşılıqlı təltif mərasimi keçirilib.
Mərasimdə Şavkat Mirziyoyev Azərbaycan Prezidentinə Özbəkistanın ali dərəcəli “Dostluq” ordenini təqdim edib. İlham Əliyev isə Özbəkistanın dövlət başçısını Azərbaycanın ali dövlət təltiflərindən biri olan “Heydər Əliyev” ordeni ilə təltif edib.
Təltiflər iki dövlət başçısının Azərbaycan–Özbəkistan münasibətlərinin inkişafına verdiyi töhfənin ifadəsi olmaqla yanaşı, iki ölkə arasında formalaşmış qarşılıqlı etimad və siyasi yaxınlığın da rəmzi kimi diqqət çəkir.
Mərasimdə çıxış edən Şavkat Mirziyoyev Azərbaycan Prezidentinin Özbəkistanla əlaqələrin inkişafındakı rolunu yüksək qiymətləndirib. O, iki ölkə arasında yeni Yol Xəritəsinin qəbul edildiyini və qarşılıqlı ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması ilə bağlı razılıq əldə olunduğunu bildirib.
Azərbaycan və Özbəkistan prezidentlərinin qarşılıqlı təltifi iki ölkənin münasibətlərində yalnız diplomatik protokol hadisəsi deyil, həm də strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin siyasi rəmzi kimi qiymətləndirilə bilər.
Daşkənddə keçirilən görüşlər fonunda verilən mesajlar göstərir ki, Bakı və Daşkənd münasibətləri qarşıdakı dövrdə siyasi əməkdaşlıqla yanaşı, iqtisadi, humanitar, mədəni və digər sahələrdə də daha geniş məzmun qazanacaq.

Daşkənddə Azərbaycan–Özbəkistan əməkdaşlığına dair mühüm sənədlər imzalanıb
Avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın müxtəlif istiqamətlərini əhatə edən mühüm sənədlərin imzalanması və mübadiləsi mərasimi keçirilib.
Mərasimdə Azərbaycan və Özbəkistan prezidentləri “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə”ni, həmçinin Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının üçüncü iclasının Qərarını imzalayıblar. Əbədi dostluq haqqında Müqavilənin imzalanması iki ölkə arasında yüksək səviyyəli münasibətlərin daha da möhkəmləndirilməsi baxımından mühüm siyasi hadisədir.
İqtisadi əməkdaşlığın genişləndirilməsi məqsədilə 2030-cu ilədək Azərbaycan ilə Özbəkistan arasında ticarət dövriyyəsinin 1 milyard ABŞ dollarına çatdırılması üzrə Proqram, həmçinin investisiyalar və ticarət sahələrində layihələrin həyata keçirilməsi üzrə Praktiki Fəaliyyət Planı – Yol Xəritəsi mübadilə olunub. Sənədlər qarşılıqlı ticarətin artırılması, investisiya imkanlarının genişləndirilməsi və yeni birgə layihələrin həyata keçirilməsi üçün konkret istiqamətlər müəyyənləşdirir.
Bununla yanaşı, turizm, mədəniyyət, pensiya təminatı və gömrük sahələrində əməkdaşlığa dair sənədlər, həmçinin iki ölkənin aidiyyəti qurumları arasında 2027–2028-ci illər üçün əməkdaşlıq proqramları mübadilə edilib. Bu sənədlər Azərbaycan və Özbəkistan arasında əlaqələrin iqtisadi sahə ilə yanaşı, sosial, humanitar və mədəni istiqamətlərdə də inkişaf etdirilməsinə xidmət edir.
Mərasimdə şəhərlərarası əlaqələrin genişləndirilməsi ilə bağlı mühüm sənədlər də mübadilə olunub. Xankəndi–Ürgənc, Naxçıvan–Ürgənc və Laçın–Buxara şəhərləri arasında qardaşlaşma münasibətlərinin qurulması haqqında protokollar iki ölkənin regionları arasında birbaşa əlaqələrin inkişafı üçün yeni imkanlar yaradır.
Azərbaycan–Özbəkistan əməkdaşlığının mühüm istiqamətlərindən biri də işğaldan azad edilmiş ərazilərin bərpasında Özbəkistanın iştirakıdır. Füzulidə Mirzə Uluqbəy adına 960 şagird yerlik məktəbin tikilməsi və Xankəndidə tikiş fabrikinə investisiya qoyulması bu dəstəyin konkret nümunələridir. Həyata keçirilən layihələr Qarabağda təhsil, istehsal və məşğulluq imkanlarının genişləndirilməsinə mühüm töhfə verir.
Daşkənddə imzalanan və mübadilə olunan sənədlər Azərbaycan–Özbəkistan münasibətlərinin siyasi, iqtisadi, sosial, humanitar və mədəni sahələr üzrə ardıcıl inkişaf etdiyini göstərir. Əldə olunan razılaşmalar iki qardaş ölkə arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinə, yeni əməkdaşlıq layihələrinin həyata keçirilməsinə və əlaqələrin uzunmüddətli perspektivdə daha da genişləndirilməsinə mühüm zəmin yaradır.

Address

Şamaxı Rayonu, Çuxuryurd Kəndi
Shamakhy

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when Şamaxı RİH başçısının Çuxuryurd kənd İƏD üzrə nümayəndəliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share