25/08/2026
Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq yeni yüksəliş mərhələsində
Azərbaycan Prezidenti İlham Əliyevin 23 avqust 2026-cı ildə Özbəkistana dövlət səfəri çərçivəsində Daşkənddə mətbuata verdiyi bəyanat iki qardaş ölkə arasında münasibətlərin yüksək səviyyəsini və gələcək inkişaf perspektivlərini bir daha nümayiş etdirdi. Dövlət başçısı Özbəkistanın son illərdə keçdiyi sürətli inkişaf yolunu xüsusi qeyd edərək Daşkənd və bütün ölkənin yüksəliş dövrü yaşadığını vurğuladı. Prezident İlham Əliyev bu uğurları Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin həyata keçirdiyi islahatların, uzaqgörən siyasətin və ölkənin iqtisadi potensialının gücləndirilməsi istiqamətində atılan məqsədyönlü addımların nəticəsi kimi qiymətləndirdi. Sənayenin, kənd təsərrüfatının, energetikanın və nəqliyyat infrastrukturunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi və investisiya mühitinin yaxşılaşdırılması Özbəkistanın beynəlxalq nüfuzunu daha da artırıb.
Bəyanatda Azərbaycan–Özbəkistan iqtisadi əlaqələrinin dinamik inkişafına xüsusi diqqət yetirildi. Ticarət dövriyyəsinin yaxın illərdə 1 milyard ABŞ dollarına çatdırılması artıq uzaq perspektiv kimi deyil, real hədəf kimi təqdim olunur. Enerji, nəqliyyat, investisiya, turizm, avtomobil sənayesi, kənd təsərrüfatı, emal, bankçılıq və dağ-mədən sahələrində həyata keçirilən birgə layihələr əlaqələrin çoxşaxəli xarakterini göstərir. SOCAR-ın Özbəkistan bazarına daxil olması və neft-qaz kəşfiyyatı üzrə layihələrin yeni mərhələyə keçməsi də iqtisadi əməkdaşlığın mühüm istiqamətlərindəndir. Dövlət başçısı Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın genişlənməsində Özbəkistanın xüsusi rolunu vurğulayaraq Azərbaycan və Mərkəzi Asiyanı böyük potensiala malik vahid geosiyasi və geoiqtisadi məkan kimi xarakterizə etdi. Bu baxımdan Azərbaycan–Özbəkistan münasibətlərinin inkişafı yalnız ikitərəfli əlaqələr üçün deyil, bütövlükdə regionun iqtisadi və siyasi inteqrasiyası üçün mühüm əhəmiyyət daşıyır.
Azərbaycan və Özbəkistan arasında münasibətlərin mühüm xüsusiyyəti onların yalnız iqtisadi maraqlara deyil, möhkəm mənəvi və tarixi bağlara söykənməsidir. Prezident İlham Əliyev bu münasibətlərin həm mənəvi, həm də maddi təməl üzərində qurulduğunu bildirdi. Qarabağın bərpası prosesində Özbəkistanın göstərdiyi qardaş dəstəyi bunun əyani nümunəsidir. Füzulidə Mirzə Uluqbəy adına məktəbin inşası və Xankəndidə tikiş fabrikinə investisiya qoyulması Özbəkistanın Azərbaycanın bərpa-quruculuq prosesində fəal iştirakının göstəriciləridir. Bu gün iki ölkə arasında əməkdaşlıq konkret layihələr və dəqiq fəaliyyət planları əsasında daha da genişlənir. Regionlararası əməkdaşlığın inkişafı, investisiya fondunun imkanlarından istifadə, turizm və avtomobil sənayesinə qarşılıqlı investisiyalar əlaqələrin gələcəkdə daha böyük iqtisadi nəticələr verəcəyini göstərir.
Prezident İlham Əliyevin bəyanatı Azərbaycan–Özbəkistan münasibətlərinin strateji xarakter daşıdığını bir daha təsdiqləyir. Qarşılıqlı etimad, qardaşlıq və ortaq maraqlar üzərində qurulan bu münasibətlər gələcəkdə də hər iki ölkənin inkişafına, xalqlarımızın rifahına və Mərkəzi Asiya–Cənubi Qafqaz əməkdaşlığının möhkəmlənməsinə mühüm töhfə verəcək.