14/06/2026
🔔 “Son Zəng” tədbiri keçirilib
Məktəbimizdə XI sinif məzunlarına həsr olunmuş “Son Zəng” tədbiri təntənəli şəkildə keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Daha sonra xalqımızın Ümummilli Lideri Heydər Əliyev və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, valideynlər, qonaqlar iştirak ediblər. Çıxışlar zamanı rəhbərlik və müəllimlər məzunları təbrik edərək onlara Vətənə layiqli, savadlı və vətənpərvər gənclər olmaları arzusunu bildiriblər. Onların səmimi və duyğulu çıxışları tədbir iştirakçıları tərəfindən böyük hörmət və rəğbətlə qarşılanıb.
Şagirdlərin təqdim etdikləri maraqlı musiqi nömrələri, rəqslər və bədii kompozisiyalar tədbirə xüsusi rəng qatıb. Məzunların məktəb illərini əks etdirən çıxışları, müəllimlərə və valideynlərə ünvanladıqları təşəkkür sözləri hər kəsdə xoş təəssürat yaradıb.
Tədbir çərçivəsində təhsil sahəsində əldə etdikləri uğurlara görə şagirdlərə "Təşəkkürnamə" təqdim edilib.
Tədbirin ən yaddaqalan anı isə məktəb həyatının rəmzi olan Son Zəngin səsləndirilməsi olub. Son zəngin sədaları altında məzunlar məktəb illəri ilə vidalaşaraq həyatlarının yeni və məsuliyyətli mərhələsinə qədəm qoyublar.
Məzunlarımızı ürəkdən təbrik edir, onlara gələcək həyatlarında, ali təhsil və peşə fəaliyyətlərində uğurlar arzulayırıq!