Zaqatala rayon Kebeloba kənd kitabxana filialı

Zaqatala rayon Kebeloba kənd kitabxana filialı Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Zaqatala rayon Kebeloba kənd kitabxana filialı, Library, Azərbaycan, Zakatali.

17/08/2026

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfəri mühüm siyasi, sosial-iqtisadi və strateji əhəmiyyət daşıyan hadisə kimi yadda qalıb. Bu səfər Naxçıvanın hərtərəfli inkişafının ardıcıl xarakter daşıdığını bir daha nümayiş etdirib. Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına verdiyi müsahibə isə görülən işlərin və qarşıda duran vəzifələrin daha geniş şəkildə ictimaiyyətə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Prezident kimi 17-ci dəfədir ki, Naxçıvana səfər etdiyini və hər səfərin də böyük mənası və gözəl nəticələri olduğunu diqqətə çatdıran dövlətimizin başçısı Naxçıvanın sürətli sosial-iqtisadi inkişafının təmin edilməsinin əsas hədəflərdən biri olduğunu bildirib. Azərbaycan Silahlı Qüvvələrinin bölgədə söz sahibi olduğunu vurğulayan Prezident İlham Əliyev ölkəmizin hərbi qüdrətinin və müdafiə imkanlarının yüksək səviyyədə olduğunu qeyd edib.
Müsahibəsi zamanı Naxçıvan Sənaye Parkının təməlinin qoyulmasını xüsusi əhəmiyyət daşıyan hadisə kimi qiymətləndirən prezident İlham Əliyev hazırda təxminən 200 meqavat generasiya gücünə malik olan Naxçıvanda 300 meqavat gücündə yeni istilik elektrik stansiyasının inşa ediləcəyini bildirib.
Bəli, Naxçıvan artıq enerji təminatında yeni mərhələyə keçir. Bu layihə Naxçıvanın enerji imkanlarını əhəmiyyətli dərəcədə artırmaqla yanaşı, regionun gələcək sənaye inkişafı üçün də mühüm baza yaradacaq. Bərpaolunan enerji sahəsində də Naxçıvan üçün böyük perspektivlər mövcuddur. Burada bir çox su və Günəş elektrik stansiyaları, modul tipli elektrik stansiyası inşa edilmişdir. Cənab prezidentin qeyd etdiyi kimi, aparılan monitorinq və dəqiq təhlil əsasında Günəş elektrik enerjisinin istehsalı üçün Azərbaycan ərazisində ən əlverişli məkan Naxçıvandır. Buna görə artıq 600 hektardan çox ərazi müəyyən edilib və orada yüzlərlə meqavat gücündə Günəş elektrik stansiyaları inşa ediləcək. Naxçıvandan çox böyük həcmdə elektrik enerjisinin ixracı da nəzərdə tutulacaq. Enerji təhlükəsizliyinin digər mühüm komponenti qaz təminatıdır. Naxçıvanın qazlaşma səviyyəsinin 100 faizə çatdırılması əhalinin sosial rifahı və iqtisadi fəaliyyət üçün mühüm nəticədir.
Çox zəngin tarixə və mədəniyyətə, o cümlədən memarlıq mədəniyyətinə malik Naxçıvanın Azərbaycanın tarixində və dövlətçilik ənənələrində xüsusi rolunu vurğulayan Prezident qeyd edib ki, “Naxçıvan, eyni zamanda, Azərbaycana bir çox görkəmli şəxsiyyətlər bəxş edib. Naxçıvan Azərbaycan xalqına dahi şəxsiyyət Heydər Əliyev kimi Ulu Öndər bəxş edib. Yəni bu bölgənin zəngin tarixi, bu bölgədə yaşayan insanların mərdliyi, doğma Vətənə bağlılığı və eyni zamanda, Naxçıvanın strateji yerləşməsi və imkanları, burada icra olunan və olunacaq layihələr bu gün təkcə Azərbaycan üçün deyil, – halbuki birinci növbədə Azərbaycan üçün, – geniş coğrafiya üçün böyük əhəmiyyət kəsb edir.”
Prezident İlham Əliyevin müsahibəsində xüsusi diqqət yetirdiyi məsələlərdən biri Zəngəzur dəhlizi və Naxçıvanın gələcək nəqliyyat imkanları ilə bağlı fikirləridir. Dövlət başçısı bildirib ki, Zəngəzur dəhlizinin yaradılması təşəbbüsü Azərbaycana məxsusdur və Azərbaycanın əsas hissəsinin ayrılmaz hissəsi olan Naxçıvanla birləşdirilməsi çoxdankı hədəfdir. 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatda bu məsələnin əks olunması üçün göstərilən siyasi səyləri xatırladan prezident İlham Əliyev 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən Zirvə Görüşünün bu məsələdə dönüş nöqtəsi olduğunu bildirib.
Horadiz–Ağbənd avtomobil yolunun demək olar ki, hazır olduğu, dəmir yolunun tikintisinin də sürətlə davam etdiyi diqqətə çatdıran prezident İlham Əliyev Naxçıvan istiqamətində Ordubad və Sədərək rayonları ərazisində mövcud olmayan dəmir yolu hissələrin yenidən tikiləcəyini bildirib. Ölkə başçısı vurğulayıb ki, “Azərbaycan öz vəsaiti hesabına bu dəmir yolunu tam işlək və 15 milyon ton yükaşırma qabiliyyətinə malik olan vəziyyətə çatdıra bilər və çatdırmalıdır.”
Bir çox beynəlxalq qurumların, bəzi ölkələrin bu yola maraq göstərdiyini diqqətə çatdıran dövlətimizin başçısı bildirib ki, “Təbii ki, nəzarət paketi Azərbaycan dövlətinə məxsus olmaq şərti ilə beynəlxalq konsorsium investorlardan ibarət ola bilər və biz buna açığıq.”
Prezidentin sözlərinə görə, bu yolun əhəmiyyəti təkcə Azərbaycan üçün yox, geniş coğrafiya üçün olacaq. Çünki bu, Şərq-Qərb nəqliyyat dəhlizinin bir qolu olacaq. Eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizinin bir qolu olacaq.
Beləliklə, Zəngəzur layihəsi nəqliyyat dəhlizindən daha geniş anlayışa çevrilir. Bu, enerji, rəqəmsal kommunikasiya, logistika və iqtisadi inteqrasiyanı özündə birləşdirən çoxfunksiyalı regional bağlantıdır.
Bununla yanaşı, Naxçıvanın inkişafında xarici investisiyaların cəlb edilməsidə mühüm istiqamət kimi müəyyənləşdirilir. Prezident artıq müxtəlif istiqamətlərdən investisiya təkliflərinin daxil olduğunu və Naxçıvanın potensialından daha geniş istifadə olunacağını bildirib. Bu isə muxtar respublikanın beynəlxalq iqtisadi əlaqələrinin genişlənməsi üçün yeni imkanlar yaradır.
Müsahibədə Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan yeni idarə etmə modelinin üstünlüklərinin Naxçıvanda da nəzərə alınacağı bildirilib. Prezident qeyd edib ki, “kadr islahatları ilə paralel olaraq, bu struktur islahatları da, əlbəttə, əsas hədəfə istiqamətlənmiş bir yanaşmadır ki, bu bölgə, bu qədim diyar daim inkişaf etsin, insanlar burada rahat, təhlükəsizlik şəraitində yaşasınlar, firavan yaşasınlar.”
Beləliklə, Prezident İlham Əliyevin AzTV-yə müsahibəsi yalnız Naxçıvanın inkişafı haqqında deyil, Azərbaycanın gələcək regional modelinin konturlarını göstərir.

Kamran Məmmədov
Zaqatala RİHBA-nın Sosial-iqtisadi məsələlər,
informasiya təminatı və təhlili sektorunun baş məsləhətçisi

03/08/2026

Ümummilli lider Heydər Əliyevin 2001-ci ildə imzaladığı fərmana əsasən, avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Rəğbət, ehtiram və vətəndaşlıq qüruru ilə qeyd etdiyimiz bu gün milli şüurumuzun, dövlətçiliyimizin və mədəni irsimizin təntənəsidir. Azərbaycan dili dövlətimizin müstəqilliyini, xalqımızın milli birliyini və mənəvi bütövlüyünü ifadə edən ən mühüm amillərdən biridir. Yüzilliklərin sınağından keçərək bu günümüzə qədər gəlib çatan, zəngin leksik tərkibi, yüksək ifadə imkanları, ahəngdarlığı və bədii-estetik xüsusiyyətləri ilə dünya dilləri sırasında özünəməxsus yer tutan Azərbaycan dili hər bir azərbaycanlının ən böyük dəyərdir.
Tarixə nəzər salsaq görərik ki, SSRİ dövründə milli dillərin sıxışdırılması prosesi həyata keçirilirdi. SSRİ Konstitusiyasının qəbulundan sonra bu proses daha da gücləndirildi. Belə bir şəraitdə hətta milli respublikaların rəhbərləri belə ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Lakin, yaranmış əngəllərə baxmayaraq, dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ulu Öndər Heydər Əliyev ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etdi. 1978-ci il aprelin 2-də Heydər Əliyevin təkidi ilə yeni konstitusiyaya dövlət dilinin Azərbaycan dili olduğunu əks etdirən maddə əlavə olundu. Bütün çətinliklərə baxmayaraq, Ümummilli Liderin bu cür tarixi qərara nail olması mənəvi varlığımızın əsası sayılan dilimizin inkişafında böyük addım oldu.
Müstəqillik illərində də respublikada dil siyasətinin formalaşdırılması, Azərbaycan dilinin beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəlməsi Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ölkə rəhbərinin təşəbbüsü və fəal iştirakı ilə Konstitusiyanın dövlət dili haqqında maddəsi ilə bağlı keçirilən müzakirələr nəticəsində Azərbaycan dilinin qanuni haqqı özünə qaytarıldı. 1995-ci ilin noyabrın 12-də qəbul olunan Konstitusiyada Azərbaycan dili Azərbaycan Respublikasının Dövlət dili kimi təsbit olundu.
Ulu öndərimiz Heydər Əliyevin Azərbaycan dilinin inkişafı və qorunması məqsədilə imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmiləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli fərman və 2002-ci il 30 sentyabr tarixində qəbul edilmiş “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu mühüm dövlət sənədləridir.
Bəli, Azərbaycan dilinin hərtərəfli inkişafı, onun təkcə sözdə deyil, gündəlik təcrübədə də ümumişlək dilə, dövlət dilinə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə, diplomatiya aləminə yol açması, zənginləşməsi və dünyanın mötəbər kürsülərindən səslənməsi məhz Heydər Əliyevin yorulmaz fəaliyyəti və müdrik dil siyasətinin nəticəsidir. Müasir dövrdə Azərbaycan dilinin inkişafı istiqamətində həyata keçirilən dövlət siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun rəhbərliyi ilə Azərbaycan dilinin saflığının qorunması, dövlət idarəçiliyində və informasiya məkanında düzgün tətbiqi istiqamətində mühüm addımlar atılır. Dövlət başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamları, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq etməsi ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir. Prezident İlham Əliyevin “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli Sərəncamı, 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir.
Dil yalnız ünsiyyət vasitəsi deyil, xalqın varlığını qoruyan ən mühüm dayaqlardan biridir. Tarixi keçmişimizi, milli kimliyimizi və milli-mənəvi dəyərlərimizi yaşadan, bizlərə ulu babalardan miras qalan ən qiymətli milli sərvətimizi-ana dilimizi qorumaq hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur.

Kəmalə Əhmədova
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin
Zaqatala üzrə Təhsil sektorunun müdiri

03/08/2026

Ortaq mədəni və tarixi köklərə, ümumi türk kimliyinə əsaslanan Azərbaycan-Qırğızıstan əlaqələri artıq strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 iyul 2026-cı il tarixində Qırğızıstan Respublikasına həyata keçirdiyi dövlət səfəri, səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, imzalanan çoxsaylı sənədlər, qəbul olunan Çolpon-Ata Bəyannaməsi, qarşılıqlı ali dövlət təltiflərinin təqdim edilməsi və dövlət başçılarının mətbuata bəyanatları Azərbaycan–Qırğızıstan münasibətlərinin artıq keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu bir daha təsdiqlədi.
Prezident İlham Əliyevin Qırğızıstan Respublikasına dövlət səfəri çərçivəsində mətbuata verdiyi bəyanatda səsləndirdiyi “Müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq” fikri əsas siyasi mesaj kimi xüsusi əhəmiyyət daşıyır. Bu fikir göstərir ki, Azərbaycan və Qırğızıstan münasibətləri artıq qarşılıqlı etimada, siyasi həmrəyliyə və ortaq strateji maraqlara əsaslanan müttəfiqlik mərhələsinə qədəm qoyub. Dövlət başçısının vurğuladığı kimi, iki ölkə bütün təşəbbüslərdə-həm beynəlxalq platformalarda, həm də iqtisadi-ticari sahədə və təhlükəsizliyin möhkəmləndirilməsində bir-birini bundan sonra da dəstəkləyəcək.
Səfər iqtisadi sahədə də mühüm nəticələrlə yadda qalıb. Azərbaycan-Qırğız İnvestisiya Fondunun maliyyə vəsaitinin iki dəfə - 200 milyon dollara qədər artırılması barədə razılıq əldə edildiyini vurğulayan dövlətimizin başçısı əmin olduğunu bildirib ki, “bu da son hədd deyil, çünki Fondun fəaliyyəti üzrə bizə nümayiş etdirilən təqdimat konkret məzmunla zənginləşir. Qırğızıstanda həyata keçirilən çoxlu layihə var və onlar birgə istehsal, yeni iş yerləri yaradır, qarşılıqlı fəaliyyətimizin iqtisadi potensialını möhkəmləndirir.”
Səfər çərçivəsində İssık-Kul gölünün sahilində Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə inşa olunan “Bakı Resort & Spa” hotelinin istifadəyə verilməsi də xüsusi diqqətə layiq hadisədir. İlk beşulduzlu hotelin məhz “Bakı” adını daşıması Azərbaycanın Qırğızıstana münasibətdə səmimi dostluğunun və uzunmüddətli əməkdaşlıq niyyətinin rəmzidir.
Prezident İlham Əliyev bəyanatında Qırğızıstanın Qarabağın bərpasına verdiyi dəstəyi xüsusi minnətdarlıqla qeyd edib. Dövlətimizin başçısı həmçinin Qırğızıstan Prezidenti Sadır Japarova və Mərkəzi Asiya ölkələrinin digər prezidentlərinə Azərbaycanın Mərkəzi Asiya Məşvərət görüşlərinə tamhüquqlu üzv qəbul olunmasına görə təşəkkürünü bildirib.
Səfər çərçivəsində Prezident İlham Əliyevin Qırğızıstanın ali dövlət mükafatı – birinci dərəcəli “Manas” ordeni ilə təltif edilməsi, Prezident Sadır Japarovun isə Azərbaycanın ən yüksək dövlət təltifi olan “Heydər Əliyev” ordeninə layiq görülməsi iki ölkə arasında qarşılıqlı etimadın və qardaşlığın ən yüksək səviyyədə olduğunu göstərən mühüm siyasi hadisədir.
Bəli, Bakıda Çingiz Aytmatovun abidəsinin ucaldılması və adını daşıyan parkın salınması, Bişkekdə Qırğızıstan–Azərbaycan Dostluğu Parkının yaradılması, qarşılıqlı Mədəniyyət Günlərinin keçirilməsi ortaq köklərə malik və bir neçə beynəlxalq strukturda birləşmiş xalqlarımızın necə yaxın olduğunu bir daha nümayiş etdirir. Bütövlükdə, Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri və mətbuata verdiyi bəyanatı təkcə iki qardaş ölkə arasında mövcud münasibətlərin yüksək səviyyəsini deyil, həm də gələcək əməkdaşlığın strateji mahiyyətini nümayiş etdirir.

Raqif Qasımov
İqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent,
UNEC Zaqatala filialı direktoru

03/08/2026

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu və çoxşaxəli xarici siyasət nəticəsində Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirmiş, Avropa dövlətləri ilə siyasi dialoqu, iqtisadi əlaqələri və humanitar əməkdaşlığı ardıcıl şəkildə inkişaf etdirmişdir. Bu siyasətin mühüm istiqamətlərindən biri də Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında qarşılıqlı hörmət, bərabərhüququlu tərəfdaşlıq və ortaq maraqlara əsaslanan münasibətlərin davamlı inkişafıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 iyul 2026-cı il tarixində Almaniya Federativ Respublikasına rəsmi səfəri ölkəmizin Avropa istiqamətində həyata keçirdiyi çoxşaxəli xarici siyasətin növbəti mühüm uğuru kimi qiymətləndirilir.
İki ölkə arasında diplomatik münasibətlər 20 fevral 1992-ci il tarixində qurulub. Keçən müddət ərzində iki ölkə arasında 70-dən çox sənəd imzalanıb, həmçinin ticari dövriyyənin artması məqsədi ilə 2011-ci il tarixində Ticarət və investisiyalar üzrə Almaniya-Azərbaycan yüksək səviyyəli İşçi Qrupu təsis edilib. Bu gün Azərbaycan və Almaniya arasında əməkdaşlıq uğurla həyata keçirilir.
21 iyul 2026-cı il tarixində Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasına rəsmi səfəri çərçivəsində Berlində yüksək səviyyəli görüşlər keçirilib, “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə”, həmçinin Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına və fəaliyyətinə dair Birgə Bəyannamə imzalanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər.
Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatında ikitərəfli gündəliyin kifayət qədər geniş olduğunu, Azərbaycan-Almaniya əlaqələrinin təkcə ikitərəfli münasibətlərə yox, bütövlükdə bölgəmizdə əməkdaşlığa, sülhə və əmin-amanlığa töhfə verəcəyini vurğulayıb. Bir çox Alman şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini diqqətə çatdıran dövlətimizin başçısı Alman şirkətlərinin daha geniş çərçivədə Azərbaycanda fəaliyyəti üçün konkret təkliflər irəli sürüldüyünü qeyd edib.
Prezident İlham Əliyevin bəyanatında enerji əməkdaşlığı xüsusi yer tutub. Dövlət başçısının da qeyd etdiyi kimi, bu ildən etibarən Azərbaycan öz təbii qazını Almaniyaya ixrac etməyə başlayıb. Bununla da Azərbaycan qazı artıq Avropa İttifaqına üzv 10 ölkəyə çatdırılır. Bu fakt ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolu bir daha təsdiqləyir.
Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti olduğunu və Almaniya şirkətlərinin bu istiqamətdə çox böyük uğurlar əldə etdiyini qeyd edən prezident İlham Əliyev bildirib ki, “Azərbaycan öz nəqliyyat infrastrukturunu təkmilləşdirir. Keçən il Orta Asiya məşvərət formatına tamhüquqlu üzv olmaqla, Azərbaycan bir növ Orta Asiya ilə Avropa arasında körpü rolunu oynayır və bu rol getdikcə artacaqdır.”
Bəyanatında Cənubi Qafqazda yaranmış yeni siyasi reallıqları da geniş şəkildə əks etdirən Prezident İlham Əliyev bildirib ki, “Vaşinqtonda, Ağ Evdə Prezident Trampın iştirakı və imzası ilə Birgə Bəyannamənin imzalanması faktiki olaraq 30 il davam edən münaqişəyə son qoydu. Azərbaycan bu razılaşmadan dərhal sonra praktiki addımlara keçdi.”
Bəli, Azərbaycan sülh prosesinə yalnız siyasi bəyanatlarla deyil, konkret addımlarla da töhfə verir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan tərəfindən Ermənistana benzin və dizel yanacağının tədarükü həyata keçirilir, eyni zamanda Azərbaycan ərazisindən Ermənistana tranzit yüklərin daşınması sürətlə artır. Qısa müddət ərzində 40 min tondan artıq yükün ölkəmizin ərazisindən tranzit daşınması yeni əməkdaşlıq mühitinin real nəticəsidir.
Dövlətimizin başçısı çıxışında Azərbaycanın son illərdə əldə etdiyi tarixi nailiyyətləri də diqqətə çatdıraraq, torpaqları uzun illər işğal altında olan Azərbaycanın bu gün çox tarixi bir dövr yaşadığını, öz gücü ilə işğala son qoyduğunu, ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyini, Ermənistana sülh təklif etdiyini və müsbət cavab aldığını qeyd edib və Almaniya hökumətinin bu prosesdə oynadığı rolu da yüksək qiymətləndirib.
Prezident İlham Əliyev bəyanatında Avropa İttifaqı ilə münasibətlərin inkişafına da toxunub: "Bu il biz həm Avropa İttifaqı Şurasının Prezidenti cənab Koştanın, həm Avropa Komissiyasının Prezidenti xanım Fon derLyayenin Azərbaycana səfərlərinin şahidi olmuşuq. Bu səfərlərin çox böyük siyasi mənası var. Bu, Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələri daha da gücləndirəcək. Almaniya Avropa İttifaqına üzv olan ölkələr arasında lider olduğu üçün burada təbii ki, həm Almaniyanın rolu çox böyükdür, eyni zamanda, gələcək əməkdaşlıq üçün də əminəm ki, Almaniya öz səylərini göstərəcək.”
Etibarlı tərəfdaşlığın yüksələn xətlə inkişafının əyani göstəricisi olan bu səfər ölkələrimiz arasında siyasi dialoqun daha intensiv xarakter almasına, iqtisadi əlaqələrin genişlənməsinə yeni imkanlar açacaq.

Eldar Mustafayev
RİHBA-nın Hüquq və kadr məsələləri sektorunun müdiri

16/07/2026

İyulun 13-də Şuşada “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. Beynəlxalq xarakter daşıyan Forumda 53 ölkədən 160 qonaq, o cümlədən 30 xəbər agentliyinin nümayəndələri, 60-dan artıq media qurumu, bu sahədə fəaliyyət göstərən 10 beynəlxalq təşkilat və təsisat iştirak edib.
Mərasimdə çıxış edərək yerli və xarici ölkələrin media nümayəndələrinin və ekspertlərin müxtəlif mövzulara dair suallarını dolğun şəkildə cavablandıran Prezident İlham Əliyev Azərbaycanda, Qarabağda, Şuşada bu cür mötəbər auditoriyanı qəbul etməyin böyük şərəf oldunu bildirib. Şuşanın yalnız mədəniyyət paytaxtı deyil, eyni zamanda beynəlxalq dialoq və əməkdaşlıq məkanına çevrildiyini, burada keçirilən forumların Qarabağda aparılan bərpa və quruculuq işlərini, Böyük Qayıdış Proqramının uğurla icra olunduğunu, azad edilmiş torpaqlarda formalaşan yeni reallıqları beynəlxalq ictimaiyyətə birbaşa nümayiş etdirmək baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Prezident İlham Əliyevin çıxışının mühüm hissəsini Azərbaycanın nəqliyyat və logistika strategiyası təşkil edib. Dövlətimizin başçısı bildirib ki, ölkənin tranzit mərkəzinə çevrilməsi təsadüfi deyil, uzun illər davam edən ardıcıl siyasətin nəticəsidir. Fiziki infrastrukturun yaradılması, qonşu dövlətlərlə qarşılıqlı etimadın qurulması və çoxtərəfli əməkdaşlıq Azərbaycanın Avrasiya nəqliyyat xəritəsində əsas oyunçulardan birinə çevrilməsini təmin edib.
Türkiyə-Azərbaycan münasibətlərini xüsusi vurğulayan Prezident İlham Əliyev bu modelin artıq beynəlxalq münasibətlər üçün nümunəyə çevrildiyini, Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksələn əlaqələrin yalnız ortaq tarixə və mədəniyyətə deyil, təhlükəsizlik, iqtisadiyyat və regional sabitlik kimi strateji maraqlara əsaslandığını diqqətə çatdırıb.
Prezident İlham Əliyev çıxışında Avropa Komissiyası ilə münasibətlərdə yeni mərhələnin başlandığını qeyd etsə də, Avropa Şurası Parlament Assambleyasının Azərbaycana qarşı qərəzli münasibətini sərt tənqid edib.
Azərbaycan ilə ABŞ arasında əməkdaşlığın inkişafına dair baxışlarını bölüşən dövlətimizin başçısı müxtəlif istiqamətlər üzrə əməkdaşlıq imkanlarının genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Donald Tramp administrasiyası ilə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bildirərək, Prezident Trampın sülhsevər, dünyanın müxtəlif bölgələrində sülhün bərqərar olunmasına çalışan bir lider olduğunu söyləyib.
Azərbaycanın hər zaman müsəlman ölkələri arasında həmrəyliyin, qarşılıqlı anlaşmanın və əməkdaşlığın möhkəmlənməsini dəstəklədiyini vurğulayan Prezident İlham Əliyev gələn il ölkəmizin İslam Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısına ev sahibliyi edəcəyini xatırladaraq bildirib ki, “Azərbaycanda keçirilən çoxsaylı tədbirlər və irəli sürdüyümüz təşəbbüslər həmrəylik, qarşılıqlı anlaşma və birliyə xidmət edib.”
Enerji təhlükəsizliyi məsələləri də ölkə rəhbərinin çıxışının əsas istiqamətlərindən biri olub. Prezident bildirib ki, bu ildən etibarən Almaniya və Avstriyaya qaz ixracına başlamışıq və hazırda biz boru kəmərləri vasitəsilə 16 ölkəyə qaz tədarük edirik və boru kəməri ilə qaz ixracının coğrafi əhatəsinə görə dünyada birinci yerdəyik.
Bəli, Avropada etibarlı enerji tərəfdaşı kimi Azərbaycanın rolu getdikcə artır və bu istiqamətdə yeni əməkdaşlıq imkanları formalaşır. Ölkəmiz həm mövcud yataqlarda hasilatı artırır, həm də yeni layihələri uğurla həyata keçirir. Həmçinin, Avropa bazarında artan tələbat nəzərə alınaraq qaz nəqli infrastrukturunun genişləndirilməsi də strateji prioritetlərdən biridir.
Yaşıl enerji sahəsində həyata keçirilən layihələr də Azərbaycanın enerji siyasətində yeni mərhələnin başlandığının göstəricisidir. Prezident İlham Əliyevin sözlərinə görə, 2032-ci ilədək bərpaolunan enerji mənbələri üzrə 8 giqavat generasiya gücünə çatmaq planlaşdırılır. Bu isə hazırda elektrik enerjisinin istehsalında istifadə etdiyimiz bir neçə milyard kubmetr qaza qənaət etməyə imkan verəcək.
Çıxışda gündəliyimizin əsas istiqamətlərindən birinin də rəqəmsal transformasiyanın və süni intellektin inkişafı olduğunu diqqətə çatdıran dövlətimizin başçısı bildirib ki, “Bu yaxınlarda mən həmin məsələlərin əlaqələndirilməsi məqsədilə xüsusi Sərəncam imzaladım və bununla da bu sahə üzrə müvafiq komissiya, birgə işçi qrup, yəni vahid şura yaradıldı. Şübhəsiz ki, enerji təhlükəsizliyi bundan sonra da qlobal gündəliyin əsas mövzularından biri olaraq qalacaq.”
Regional təhlükəsizlik məsələlərinə toxunan Prezident İlham Əliyev Azərbaycanın hazırda müharibələrin əhatəsində yerləşdiyini xatırladaraq ölkənin əsas məqsədinin sərhədləri boyunca sülhün təmin olunması, beynəlxalq hüquqa əsaslanan münasibətlərin qurulması və münaqişələrin dialoq yolu ilə həlli olduğunu bildirib. Dövlət başçısı qeyd edib ki, “biz müharibəsiz həyatı təsəvvür belə edə bilmirdik. Cəmi bir ildən azdır ki, sülh şəraitində yaşayırıq və bunun inkişaf, investisiyalar, insanların psixoloji durumu və cəmiyyətdə hökm sürən ab-hava baxımından verdiyi faydaları görürük. Bunun çoxsaylı müsbət təsirləri var. Əlbəttə, biz istərdik ki, cənubumuzda da, şimalımızda da mümkün qədər tez sülh bərqərar olsun. Lakin bu sülh ədalətli olmalı, beynəlxalq hüquqa əsaslanmalı, hər hansı bir tərəfin ambisiyaları və ya gündəliyi üzərində qurulmamalıdır. Beynəlxalq hüquq istənilən sülh üçün universal platformadır”.
Dövlət başçısı Bakı Təşəbbüs Qrupunun fəaliyyəti, insan hüquqları ilə bağlı ümumbəşəri məsələlər və beynəlxalq gündəmdə yer alan digər mühüm məsələlər barədə ətraflı fikirlərini bölüşərək
bildirib ki, Azərbaycan hər zaman konstruktiv mövqe nümayiş etdirir, dialoqu və qarşılıqlı anlaşmanı təşviq edir. Bu siyasət ölkəmizin beynəlxalq nüfuzunun möhkəmlənməsinə, müxtəlif tərəflər arasında etibarlı tərəfdaş kimi qəbul edilməsinə və qlobal təşəbbüslərdə fəal iştirakına imkan yaradıb.
Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda beynəlxalq media nümayəndələrinin çoxsaylı suallarını əhatəli və məzmunlu şəkildə cavablandırması Azərbaycanın regional və qlobal gündəliyə dair prinsipial mövqeyini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırıb.

İbrahim İbrahimov
rayon ziyalısı, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Zaqatala Rayon Təşkilatının sədri, "Zaqatala" qəzetinin baş redaktoru

16/07/2026

Qarşılıqlı hörmətə və etimada əsaslanan, strateji tərəfdaşlığa və regional sabitliyə töhfə verən Azərbaycan-Slovakiya əlaqələri yüksələn xətlə inkişaf edir. İyulun 13-də Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin Azərbaycana rəsmi səfəri iki ölkə arasında siyasi, iqtisadi, mədəni sahələrdə ikitərəfli münasibətlərin daha da genişləndirilməsinə və strateji əməkdaşlığın gücləndirilməsinə yönəlmiş addımdır.
Səfər çərçivəsində Qarabağın dilbər güşəsi olan Şuşa şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə təkbətək və geniş tərkibdə görüşləri olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin Azərbaycana rəsmi səfəri çərçivəsində iyulun 14-də Şuşa şəhərində verdiyi bəyanatda Slovakiya-Azərbaycan əlaqələrinin inkişafının uğurla davam etdiyini diqqətə çatdırıb.
Keçən ilin sonunda Slovakiyaya rəsmi səfərini məmnunluqla xatırlayan prezident İlham Əliyev göstərilən qonaqpərvərliyə görə bir daha təşəkkürünü bildirib və Slovakiya-Azərbaycan siyasi əlaqələrinin çox yüksək səviyyədə olduğunu qeyd edib: “2024-cü ildə biz strateji tərəfdaşlığa dair Birgə Bəyannamə imzalamışıq və bəyannamənin icrası göz önündədir. Çünki belə fəal siyasi təmaslar və birgə layihələrin icra olunması, əlbəttə ki, güclü siyasi iradə tələb edir.”
Bəyanatında Slovakiyanın Qarabağın bərpasında fəal iştirak etdiyini xatırladan Prezident İlham Əliyev bu dəstəyə görə ölkə başçısına bir daha təşəkkürünü bildirib. Müzakirə edilən məsələlər arasında iqtisadi-ticari əlaqələr, energetika, hərbi-texniki sahədə əməkdaşlıq və digər sahələrin prioritet təşkil etdiyini diqqətə çatdıran prezident İlham Əliyev bundan sonra da bu münasibətlərin uğurla inkişaf edəcəyindən əminliyini ifadə edib.
Prezident İlham Əliyevin bəyanatında diqqəti cəlb edən mühüm məqamlardan biri də Prezident Peter Pelleqrinin Azərbaycana ilk dəfə gəlməməsi ilə bağlı fikirləri olub.
Şuşadan verilən mesajlar iki ölkə arasındakı strateji tərəfdaşlığın və dostluq münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu növbəti dəfə nümayiş etdirib.

Sərxan Musayev
Zaqatala RİHBA Ərazi-təşkilat məsələləri sektoru müdiri

07/07/2026

Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında formalaşmış əməkdaşlıq qarşılıqlı fayda, etibarlılıq və uzunmüddətli strateji maraqlara söykənən münasibətlər nümunəsidir. Xüsusilə Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində son illərdə enerji təhlükəsizliyi, ticarət, nəqliyyat, yaşıl enerji və regional bağlantılar sahəsində əldə olunan nailiyyətlər bu tərəfdaşlığın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin 1 iyul 2026-cı il tarixində ölkəmizə səfəri zamanı verdiyi bəyanat Azərbaycan–Avropa İttifaqı münasibətlərinin yeni inkişaf mərhələsində olduğunu bir daha nümayiş etdirir.
Mətbuata bəyanatı zamanı Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlərin çox mühüm mərhələdə olduğunu diqqətə çatdıran prezident İlham Əliyev vurğulayıb ki, “Biz Avropa Komissiyası ilə münasibətləri yüksək dəyərləndiririk.” Azərbaycanın Avropa İttifaqı üçün Cənubi Qafqazda əsas ticarət tərəfdaşı olduğunu və Cənubi Qafqazda ticarətin təxminən 70 faizinin Azərbaycanla aparıldığını xatırladan dövlətimizin başçısı xanım Prezidentin Azərbaycana dörd il əvvəlki səfərinin də olduqca əhəmiyyətli olduğunu bildirib. Enerji sahəsində Strateji Tərəfdaşlıq Haqqında Anlaşma Memorandumunun imzalandığı vaxtdan etibarən Avropa İttifaqının üzv dövlətlərinə Azərbaycanın təbii qaz ixracının təxminən 65 faiz artdığını qeyd edən prezident bildirib ki, “Bu gün qaz ixracımızın yarısı Avropa İttifaqının üzv dövlətlərinə gedir və bütövlükdə, Avropa İttifaqının 10 üzvü Azərbaycan qazını alır, bu coğrafiyanı genişləndirmək potensialı da mövcuddur.”
Bəyanatda xüsusi diqqət çəkən məsələlərdən biri də bərpaolunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsi olub. Cənab prezident bildirib ki, Avropa Komissiyası ilə münasibətlərimizin kifayət dərəcədə yeni hissəsi bərpaolunan enerji ilə bağlıdır.
Prezident İlham Əliyevin regional təhlükəsizlik və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı verdiyi mesajlar da xüsusi əhəmiyyət daşıyır. Sülhü təkcə kağız üzərində deyil, gündəlik həyatda hiss etdiyimizi nümayiş etdirmək üçün bir çox birtərəfli addımlar atıldıını vurğulayan dövlətimizin başçısı bildirib ki, “Bir sözlə, sülh artıq reallıqdır. Lakin biz onu gücləndirmək, uzunmüddətli və əbədi etmək üçün ürəkdən çalışmalıyıq. Əlbəttə, biz Avropa Komissiyasının dəstəyini çox yüksək dəyərləndiririk.”
Bəli, bütün bunlar regiondakı dinamikanı gücləndirərək Cənubi Qafqazı hər hansı ərazi iddialarından, hər hansı münaqişədən azad, əməkdaşlıq və sülh regionuna çevirəcək. Bu səfər bir daha göstərdi ki, Azərbaycan-Avropa İttifaqı münasibətlərinin gələcəyi qarşılıqlı maraqlar üzərində qurulacaq.

Tahir Kamalov
Zaqatala RİHBA-nın Sənəd dövriyyəsi, vətəndaş
müraciətləri və inzibati işlər şöbəsinin müdiri

Address

Azərbaycan
Zakatali
6200

Website

Alerts

Be the first to know and let us send you an email when Zaqatala rayon Kebeloba kənd kitabxana filialı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category