24/04/2026
Azərbaycan Respublikasının xarici siyasətində ikitərəfli əlaqələrin inkişafına xüsusi önəm verilir. Bu çərçivədə Baltikyanı respublikalarla, o cümlədən Latviya ilə qurulan münasibətlər mühüm yer tutur. Bu münasibətlər qarşılıqlı etimad mühitində davamlı inkişaf etdirilir və dövlət başçılarının qarşılıqlı səfərləri ilə möhkəmlənir.
Azərbaycanla Latviya keçmiş SSRİ-nin tərkibində müttəfiq respublikalar olublar. Elə həmin dövrdə də iki respublika arasında iqtisadi və mədəni əlaqələr formalaşıb. Müstəqillik əldə etdikdən sonra ölkələrimiz arasında əlaqələr daha da inkişaf etməyə başlayıb. Latviya Azərbaycanın müstəqilliyini 1992-ci ildə tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər 1994-cü ilin yanvarında qurulub. Azərbaycanın Latviyada Səfirliyi 2005-ci ildə, Latviyanın Azərbaycanda Səfirliyi isə 2006-cı ildə fəaliyyətə başlayıb. Hazırda iki ölkə arasında yüksək səviyyədə əlaqələr mövcuddur. 2026-cı ilin aprelin 22-də Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin Azərbaycana rəsmi səfəri və bu çərçivədə keçirilən görüşlər iki ölkə arasında münasibətlərin gələcək inkişafı üçün yeni imkanlar açır.
Səfər çərçivəsində mətbuata bəyanatla çıxış edən Prezident İlham Əliyev ikitərəfli gündəliyin müxtəlif istiqamətlərinə toxunaraq, beynəlxalq əhəmiyyətli məsələlərin həm təkbətək görüşdə, həm də nümayəndə heyətlərinin iştirakı ilə geniş müzakirə edildiyini vurğulayıb. Bildirib ki, əməkdaşlıq geniş potensiala malikdir və doqquz il əvvəl imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə münasibətlərin hüquqi əsasını formalaşdırıb.
Cəmi bir həftə əvvəl Birgə Hökumətlərarası Komissiyanın Azərbaycanda - Qarabağda, Şuşada görüş keçirdiyini diqqətə çatdıran dövlətimizin başçısı bildirib ki, “Bu gün keçiriləcək biznes-forum işgüzar əlaqələrin qurulmasında, qarşılıqlı sərmayələr üçün imkanların tapılmasında, birgə istehsalın və bir sıra digər işlərin qurulmasında çox böyük potensialın növbəti təzahürüdür.”
Prezident İlham Əliyev mətbuta bəyanatında qeyd edib ki, “Nəzərdən keçirmək razılığına gəldiyimiz digər sahə birbaşa uçuşlardır”. Bəli, bu təşəbbüs ölkələr arasında qarşılıqlı səfərləri daha əlçatan və operativ edəcək, eyni zamanda iqtisadi və mədəni mübadilənin intensivləşməsinə şərait yaradacaqdır.
Dövlətimizin başçısı Latviyanın ali təhsil müəssisələrində 450-dən artıq azərbaycanlı tələbənin təhsil aldığını da xatırladaraq Latviya prezidentini ölkənin inkişafında əldə olunmuş bütün nailiyyətlər münasibətilə təbrik edib.
Prezident İlham Əliyev mətbuata bəyanatında Azərbaycanla Ermənistan arasında artıq de-fakto sülhün olduğunu, hər iki ölkənin liderinin ötən il Ağ Evə dəvət edildiyini, Birgə Bəyannamənin imzalandığını və həmin vaxtdan bəri bir çox irəliləyiş olduğunu diqqətə çatdırıb. Dövlət başçısı bildirib ki, “Bir sözlə, bu nümunə göstərir ki, məhz siyasi iradə və siyasi müdriklik, o cümlədən gələcəyə strateji baxışlar hadisələri təyin edir: Siz ya sonsuz müharibəni və ya müharibələri davam etdirirsiniz, yaxud beynəlxalq hüquq əsasında istədiyinizə nail olduqda birdəfəlik dayanırsınız və sülhə hazır olduğunuzu nümayiş etdirirsiniz. Düşünürəm ki, həmin nümunə hələ də müharibədə olan ölkələr üçün vacib ola bilər.”
Səfər çərçivəsində Azərbaycan və Latviya prezidentlərinin geniş tərkibdə və təkbətək görüşü baş tutub. Bakıda Azərbaycan-Latviya biznes-forumu keçirilib və Azərbaycan ilə Latviya arasında imzalanmış sənədlər mübadilə edilib.
Ümumilikdə Latviya Prezidenti Edqars Rinkeviçsin Bakı səfəri strateji tərəfdaşlığın yalnız formal deyil, real siyasi və iqtisadi müstəvidə inkişaf etdiyini nümayiş etdirir.
İbrahim İbrahimov
rayon ziyalısı, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Zaqatala Rayon Təşkilatının sədri, "Zaqatala" qəzetinin baş redaktoru