23/07/2026
Bu gün Azərbaycan milli mətbuatının yaranmasının 151 ili tamam olur. 1875-ci il iyulun 22-də görkəmli maarifpərvər və mütəfəkkir Həsən bəy Zərdabinin Azərbaycan dilində nəşr etdirdiyi “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi kimi tarixə düşmüşdür. Azərbaycan milli mətbuatının təşəkkül tapmasında və inkişafında əvəzsiz rolu olan “Əkinçi”nin ömrü uzun sürməmiş, cəmi 56 sayı işıq üzü görmüşdür. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başlamış və sonda qəzetin nəşrini dayandırmışdır.
Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi” qəzeti ilə başlanan bu yol sonrakı dövrlərdə vətənsevər ziyalılarımızın ərsəyə gətirdiyi digər mətbu nümunələrimiz tərəfindən davam etdirilmiş, Azərbaycan milli mətbuatı özünəməxsus ənənələr yaratmışdır. “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Şərqi-Rus”, “Həyat”, “Füyuzat”, “Dəbistan”, “İrşad”, “Tazə həyat”, “Molla Nəsrəddin”, “Tərəqqi”, “Həqiqət”, “Məktəb”, “Açıq söz” kimi onlarla qəzet və jurnal ötən əsrin əvvəllərində anadilli mətbuatımızın sonrakı tarixini yaratmışlar. 1896-cı ildən Həsən bəyin fəal iştirakı və kürəkəni Əlimərdan bəy Topçubaşovun redaktorluğu ilə nəşr olunan rusdilli “Kaspi” qəzeti də mövzu və məfkurə baxımından Zərdabi istəklərinin daşıyıcısına çevrilmişdir.
Mətbuat yarandığı gündən milli dəyərlərin qorunmasına, dilimizin, incəsənətimizin və mədəniyyətimizin inkişafına böyük töhfələr vermişdir. Xüsusilə 1969-cu ildə Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikasının rəhbəri seçildikdən sonra digər sahələr kimi, milli mətbuatın inkişafında və milli jurnalist kadrların yetişməsində çox mühüm tədbirlər həyata keçirilmiş, Məhz Ulu Öndərin qətiyyəti sayəsində 1978-ci ildə Azərbaycan SSR-nin yeni Konstitusiyası qəbul edilərkən orada Azərbaycan dilinin dövlət dili kimi təsbit olunmasına, habelə milli mətbuatımızda ədəbi dilin, anadilli mətbuatın inkişafına və milli jurnalist kadrlarının hazırlanmasına xüsusi diqqət ayrılmışdır.
Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövrdə Azərbaycan mətbuatının inkişafında keyfiyyətcə yeni mərhələ başlanmışdır. Jurnalistlərin dostu adını qazanmış Ulu Öndər ölkəmiz müharibə şəraitində yaşasa da böyük cəsarətlə əvvəlcə hərbi senzuranı, 1998-ci ilin avqustunda isə bütövlükdə KİV üzərində dövlət senzurasını ləğv etmiş, göstərilən ali siyasi iradə nəticəsində ölkəmizdə mətbuat azadlığı prinsipləri bərqərar olmuş, habelə qəzet və jurnal bolluğu yaranmışdır.
Prezident İlham Əliyev bütün sahələrdə olduğu kimi, mətbuata qayğıda da Ümummlili Liderin ənənələrini layiqincə davam etdirir. Ölkəmizdə söz və mətbuat azadlığı ən yüksək səviyyədə təmin olunur. Prezident İlham Əliyevin 2021-ci il 12 yanvar tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılmış, ölkəmizin informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi, yerli medianın inkişafına təkan verilməsi, habelə jurnalistika peşəsinin nüfuzunun yüksəldilməsinə şərait yaradılması məqsədi ilə “Media haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.
KİV-lərə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında ölkə başçısının sərəncamları, “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis olunması mətbuata və mətbuat işçilərinə dövlət qayğısının tərkib hissəsidir. Bununla belə, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında vahid qurumun – Media və Yayım Şurasının yaradılması nəzərdə tutulur. Bununla bağlı “Dövlət qulluğu haqqında” və “Media haqqında” qanunlara müvafiq dəyişikliklərin edilməsi barədə qanun layihəsi 2026-cı il iyulun 14-ü Milli Məclisdə qəbul olunub.
“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” 2020-ci il dekabrın 10-da Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu 2021-ci il fevralın 1-də Milli Məclis tərəfindən təsdiq edilmişdir. Artıq dörd ildir ki, Qarabağın ürəyi sayılan Şuşada ənənə halını almış Qlobal Media Forumu keçirilir. Bu tədbirlərdə dünyanın aparıcı mətbuat rəhbərləri, radio, televiziya və agentlik nümayəndələri təmsil olunurlar.
Bəli, bu gün Azərbaycanda ən müasir tələblərə və standartlara cavab verən media mövcuddur. Hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Möhkəm bünövrəyə, zəngin təcrübəyə əsaslanan və hər zaman Azərbaycan həqiqətlərinin təbliği missiyasını uğurla həyata keçirən milli mətbuatımız zamanla birgə irəliləyir, inkişaf edir, həm müstəqil Azərbaycanın, həm də yazılı fikir tariximizin yeni şərəfli səhifələrini qələmə alır. Hər zaman Azərbaycan həqiqətlərinin təbliği missiyasını uğurla həyata keçirən mətbuatımızın 44 günlük Vətən müharibəsinin gedişində ölkəmizin düşmən təbliğatına qarşı informasiya mübarizəsinə töhfələrini verdiyi kimi, postmüharibə dövründə də bu işi davam etdirməkdədir. Azərbaycan mediası bu gün də dövlətimizin başçısı, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin artıq tarixə qovuşmuş Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi hər bir fikrin, hər bir bəyanatın, işğaldan azad edilmiş ərazilərimizdəki vəziyyət barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynayır.
Bu gün dünya nizamının dəyişikliklərə məruz qaldığı, siyasi proseslərin intensivləşdiyi, habelə yeni fəaliyyət prinsiplərinin bərqərar olduğu müasir dövr Azərbaycan mediası qarşısında da yeni vəzifələr müəyyənləşdirir. Qabaqcıl texnologiyaların tətbiqi, sosial media platformalarında fəallığın artırılması, rəqəmsallaşma, süni intellekt, media savadlılığının yüksəldilməsi, dezinformasiya və saxta xəbərlərlə mübarizə, effektiv kommunikasiyanın həyata keçirilməsində yaxından iştirak və s. mediamızın inkişaf perspektivini və qarşıdan gələn dövrdə qlobal informasiya məkanında yerini müəyyənləşdirəcək məsələlərdir. Mediamız müasir tendensiyaları nəzərə almaqla Azərbaycanın dövlət maraqlarını həmişə uca tutmalı, həyatımızda baş verən pozitiv dəyişikliklər ilə bağlı ictimaiyyətimizin məlumatlandırılması sahəsində daha fəal olmalıdır.
22 iyul Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edir, şərəfli və son dərəcə məsuliyyət tələb edən işlərində yeni-yeni uğurlar, obyektivlik, yüksək peşəkarlıq və əsl vətəndaşlıq mövqeyi arzulayıram. Dövlətimizin və xalqımızın firavanlığı üçün apardığınız mübarizədə yorulmayasınız!
Elmira Mehdiyeva
Əməkdar mədəniyyət işçisi, jurnalist,
"Yeni Fikir" İctimai Birliyinin sədri