26/08/2026
26 avqust Azərbaycan xalqının yaddaşında xüsusi tarixi əhəmiyyət daşıyan günlərdən biridir. Bu tarix Azərbaycanın dilbər guşələrindən olan Laçın şəhərinin işğaldan azad olunmasının rəmzi olmaqla yanaşı, milli iradənin və dövlətimizin gücünün təntənəsini ifadə edir.
Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olundu və xalqımız özü tarixi ədaləti bərpa etdi. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü.
1930-cu ildə inzibati ərazi vahidi statusu alan Laçın rayonu Azərbaycan tarixində, mədəniyyətində və ictimai həyatında özünəməxsus yeri olan qədim yaşayış məskənlərindən biridir. Zəngin təbiəti, tarixi-mədəni irsi və özünəməxsus həyat tərzi ilə seçilən bu şəhər 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruz qalmış, işğalçı Ermənistan 30 il ərzində Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçında coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və burada demoqrafik tərkibin dəyişdirilməsi siyasəti aparmışdır. Ancaq dünya onillər boyu ermənilərin bu insanlıqdan kənar vəhşiliklərini görməzdən gəldiyi üçün tarixi ədaləti Azərbaycan özü öz gücünə bərpa etməli oldu. Artıq dörd ildir ki, qədim Laçın şəhəri azadlığın bəxş etdiyi xoşbəxt günlərini yaşayır.
İşğaldan azad olunmuş ərazilərimizin inkişafını daim xüsusi diqqətdə saxlayan Prezident İlham Əliyevin rəhbərliyi ilə Laçında da sürətlə yenidənqurma, bərpa, abadlaşdırma işləri həyata keçirilir. Aparılan genişmiqyaslı quruculuq işləri bu gün Laçını yenidən canlandırır. Rayonun enerji potensialı ildən ilə artırılır. Rayonun yol-nəqliyyat infrastrukturu yenilənir və genişləndirilir. Uzunluğu 75,8 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolu, onlarla tunel və körpülər, eləcə də hava limanı regionu Azərbaycanın digər bölgələri və dünya ilə birləşdirir. Bölgənin beynəlxalq statusunu və əhəmiyyətini artıran Laçın Beynəlxalq Hava Limanı həm də turizm baxımından mühüm əhəmiyyət daşıyır.
Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2025-ci il 13 iyun tarixli Qərarı ilə “Laçın şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı” təsdiq edilib. Şəhərdə xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektləri də yaradılacaq. Bütövlükdə Laçında 1000-dən çox yaşayış evi tikilib və bərpa edilib. Laçının bərpası konsepsiyasında şəhərin turizm potensialı da nəzərə alınaraq ona uyğun infrastruktur yaradılır. Laçında bərpa və quruculuq işləri istehsal müəssisələrinin yaradılması ilə paralel şəkildə davam etdirilir. Rayonda heyvandarlığın inkişafı üçün böyük imkanlar var.
Laçın şəhərində əhalinin istirahətinin səmərəli təşkili istiqamətində də tədbirlər həyata keçirilir. Şəhərin giriş hissəsindəki körpünün sol istiqamətində salınan çaykənarı bulvar Laçın sakinlərinin və bura gələn qonaqların sevimli istirahət məkanlarından olacaq.
2026-cı il iyulun 11-də Laçında “Həkəriçay” su anbarının təməli qoyulub. Layihəyə əsasən Azərbaycanın hüdudlarında formalaşan Həkəri çayı üzərində ümumi tutumu 100 milyon kubmetr, faydalı həcmi isə 90 milyon kubmetr olan su anbarı yaradılacaq. Bu infrastrukturun Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Xocavənd və Ağdam rayonları üzrə təqribən 700 min nəfəri saniyədə 2,5 kubmetr həcmində keyfiyyətli içməli su ilə təmin etmək potensialı olacaq. “Həkəriçay” su anbarından qidalanan magistral boru kəmərinin üzərində ümumi gücü 10.81 MVt olan 3 su elektrik stansiyasının tikintisi də nəzərdə tutulur.
Artıq laçınlılar mərhələ-mərhələ doğma yurd-yuvalarına qayıdır. 2026-cı ilin iyul ayına qədər Laçın şəhərinə 614 ailənin, Zabux kəndinə 217, Sus kəndinə 59, Bəylik kəndinə 89 ailənin daimi məskunlaşması təmin edilib.
MDB Humanitar Əməkdaşlıq Şurasının 2024-cü ilin 8 oktyabr tarixli qərarına əsasən, Laçın şəhəri 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan olunmuş, 2025-ci ilin iyunun 3-də Laçın şəhərində “MDB-nin mədəniyyət paytaxtı – 2025” ilinin rəsmi açılış mərasimi keçirilmişdir.
Bəli, işğaldan azad olunmuş bütün torpaqlarımız dirçəlir, özünün xoşbəxt günlərini yaşayır. Ölkəmizin ən böyük rayonlarından biri olan Laçın rayonu Azərbaycanın gələcək iqtisadi inkişafında mühüm rol oynayacaqdır.
Vidadi Hacıyev
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsinin Qax, Zaqatala və Balakən rayonları üzrə nümayəndəsi