Zərdab Rayon İcra Hakimiyyəti

Zərdab Rayon İcra Hakimiyyəti Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Zərdab Rayon İcra Hakimiyyəti, Government Organization, Zərdab, Zardob.

Sabahınız xeyir, əziz sakinlərimiz! Yeni gününüz və həftəniz uğurlu olsun.
07/09/2026

Sabahınız xeyir, əziz sakinlərimiz! Yeni gününüz və həftəniz uğurlu olsun.

Zərdab rayonu üzrə 2025-2026-cı tədris ilində Respublika Fənn Olimpiadalarında uğur qazanan və ali məktəblərə yüksək nət...
03/09/2026

Zərdab rayonu üzrə 2025-2026-cı tədris ilində Respublika Fənn Olimpiadalarında uğur qazanan və ali məktəblərə yüksək nəticələrlə qəbul olan tələbələrlə görüş keçirilib.
Əvvəlcə təhsil işçilərinin, məzunların, onların valideynlərinin iştirakı ilə müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri düzülüb.
Heydər Əliyev Mərkəzində davam etdirilən tədbirdə müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə idarə, müəssisə və təşkilatların nümayəndələri, məktəb direktorları, müəllimlər, valideynlər və ali məktəblərə qəbul olunmuş məzunlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə Rayon Təhsil Sektorunun müdiri Gülağa İsgəndərov açıb. O, rayon üzrə təhsil sahəsində cari ildə əldə olunan nəticələr barədə məlumat verib, ali məktəblərə qəbul olaraq tələbə adını qazanan məzunları, onların valideynlərini və müəllimlərini təbrik edib.
Daha sonra çıxış edən Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə tələbə adını qazanan bütün məzunları, onların valideynlərini və müəllimlərini təbrik edib, gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Rayon rəhbəri çıxışında ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından, Ümummilli Lider Heydər Əliyevin təhsil sahəsində həyata keçirdiyi məqsədyönlü siyasətdən danışıb. Bildirib ki, Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gənclərin yüksək səviyyədə təhsil alması, onların bilikli, savadlı və vətənpərvər şəxsiyyət kimi formalaşması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. İcra başçısı yüksək nəticə göstərən məzunların uğurlarını xüsusi qeyd edərək onların qazandıqları nailiyyətlərin həm özləri, həm ailələri, həm də rayon üçün böyük qürur mənbəyi olduğunu vurğulayıb. Məzunlara ali təhsil müəssisələrində də uğurla təhsil almaları, gələcəkdə ölkəmizin inkişafına layiqli töhfə verən mütəxəssislər olmaları arzulanıb.
Qeyd olunub ki, cari ildə Zərdab rayonunda tam orta məktəbi 439 nəfər məzun bitirib. Əvvəlki illərin məzunları ilə birlikdə ümumilikdə 202 nəfər respublikanın müxtəlif ali təhsil müəssisələrinə qəbul olub. Onlardan 4 nəfəri 600-dən yuxarı bal toplayıb. Bundan əlavə, 18 nəfər məzun 500 baldan yüksək nəticə göstərib. Yüksək nəticə göstərən məzunlar arasında Gödəkqobu kənd tam orta ümumtəhsil məktəbinin məzunu Mürşüdov Mətin Elməddin oğlu 624 bal, Yarməmmədbağı kənd tam orta ümumtəhsil məktəbinin məzunu Xəlilova Xuraman Bəxtiyar qızı 620 bal, şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbinin məzunu Hacısoy Ümid Ramo oğlu 616 bal, Kəndəbil kənd tam orta ümumtəhsil məktəbinin məzunu Əhmədova Aytən Sərvət qızı isə 614 bal toplayıb.
Tədbirdə çıxış edən məzunlar, onların valideynləri və təhsil işçiləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Məzunlar onlara göstərilən etimadı doğrultmaq üçün bundan sonra da səylə çalışacaqlarını, yüksək bilik və bacarıqlara yiyələnərək ölkəmiz üçün layiqli mütəxəssislər olacaqlarını qeyd ediblər.
Qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlara Zərdab Rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim olunub.
Sonda xatirə şəkili çəkilib.

02.09.2026-cı il tarixdə Zərdab şəhər İƏD üzrə nümayəndəliyin ərazisində növbəti səyyar qəbul keçirilibZərdab şəhəri əra...
02/09/2026

02.09.2026-cı il tarixdə Zərdab şəhər İƏD üzrə nümayəndəliyin ərazisində növbəti səyyar qəbul keçirilib
Zərdab şəhəri ərazisində Rayon İcra Hakimiyyətinin başçısının növbəti səyyar qəbulu keçirilmişdir. Qəbula gələn vətəndaşların müraciətləri dinlənilmiş, onları narahat edən məsələlərin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülmüşdür. Həlli vacib olan problemlərin dərhal, digərlərinin isə araşdırılaraq qanuna uyğun formada aradan qaldırılması məqsədilə aidiyyəti nazirlik və komitələrə müraciət olunması üçün təşkilat rəhbərlərinə, yerli icra və bələdiyyə orqanlarına icra başçısı tərəfindən müvafiq tapşırıqlar verilmişdir.

Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Jalə Əliyeva Zərdab rayonunun Dəli Quşçu və Qaravəlli kəndlərində n...
02/09/2026

Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Jalə Əliyeva Zərdab rayonunun Dəli Quşçu və Qaravəlli kəndlərində növbəti vətəndaş qəbulu və seçicilərlə görüş keçirib.
Görüş rayonun Dəli Quşçu və Qaravəlli kəndlərində baş tutub. Dəli Quşçu kəndində görüşdən öncə kənd şəhidlərinin xatirəsinə ucaldılmış xatirə kompleksini ziyarət edilmiş, abidənin önünə çiçək dəstəsi düzülmüş və şəhidlərin ruhuna dualar oxunmuşdur. Dəli Quşçu kəndində yeni tikilmiş və ötən tədris ilində istifadəyə verilmiş orta məktəbdə baş tutan qəbulda öncə, iştirakçılara ölkəmizdə gedən nəhəng qıuruculuq işlərindən, böyük inkişafdan, beynəlxalq uğurlarımızdan və Azərbaycanın hər bir bölgəsində, hər bir şəhər və kəndində həyata keçirilən layihələrin vacibliyindən danışılmışdır. Bu quruculuq işlərinin Zərdab rayonunda da əhəmiyyətli müsbət dəyişikliklərə səbəb olduğunu, rayonun sürətlə abadlaşdığını diqqətə çatdırılmış, həmin layihələrin arxasında dayanan dövlətimizin qayğısı və diqqəti vurğulanmışdır. Sonra qəbul iştirakçılarının müraciətləri və təklifləri dinlənilmişdir. Müraciətlərdə Dəli Quşçu kəndində Zərdab-Mollakənd yolu ilə kəndi birləşdirən ana yolun əsaslı təmiri, kəndlərdə tibb məntəqələrinin daha effektiv fəaliyyət göstərməsi üçün tədbirlər görülməsi, Qaravəlli kəndində çəkilişi başladılan, lakin tamamlanmayan elektrik xətlərinin bərpa işlərinin sürətləndirilməsi, kəndlərdə yeni körpələr evi-uşaq bağçasının tikintisinə köməklik göstərilməsi, kəndin əkin sahələrinə xidmət edən asma beton su kanallarının bəzi hissələrinin təmir olunması, kəndarası su kanallarının təmizlənməsi üçün vasitə ayrılması və s. məsələləri qeyd edilmişdir. Qaldırılan məsələlərin həlli ilə bağlı əlaqədar dövlət qurumlarının rəhbərliyi ilə danışılaraq mövcud vəziyyəti diqqətlərinə çatdırılmışdır.

26/08/2026

Mərkəzi Asiya və Azərbaycan böyük potensiala, eyni zamanda, bundan da böyük inkişaf imkanlarına malik vahid geosiyasi və geoiqtisadi regiondur.
Mərkəzi Asiya və Azərbaycan böyük potensiala, eyni zamanda, bundan da böyük inkişaf imkanlarına malik vahid geosiyasi və geoiqtisadi regiondur. Bu məkan tarixən xalqların, mədəniyyətlərin və ticarət yollarının qovuşduğu ərazi kimi tanınıb. Müasir dövrdə isə regionun əhəmiyyəti daha da artıb. Dünyada gedən siyasi və iqtisadi proseslər, yeni nəqliyyat marşrutlarının formalaşması, enerji təhlükəsizliyi və qarşılıqlı əməkdaşlıq imkanları Mərkəzi Asiya ilə Azərbaycanın münasibətlərini xüsusi əhəmiyyət daşıyan istiqamətlərdən birinə çevirib. Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əlaqələri tarixi və mədəni yaxınlıqla yanaşı, qarşılıqlı maraqlara əsaslanır. Ortaq dəyərlər, dil və mədəni bağlar xalqlar arasında münasibətlərin möhkəmlənməsinə əlverişli zəmin yaradır. Bu əlaqələrin yalnız siyasi müstəvidə deyil, iqtisadi, nəqliyyat, enerji, təhsil, elm, turizm və humanitar sahələrdə də genişlənməsi regionun ümumi inkişafına mühüm töhfə verə bilər. Azərbaycanın coğrafi mövqeyi onu Mərkəzi Asiya ilə Avropa arasında mühüm bağlantı nöqtəsinə çevirir. Xəzər dənizi üzərindən həyata keçirilən daşımalar və ölkənin nəqliyyat infrastrukturu Şərq ilə Qərb arasında əlaqələrin inkişafı baxımından mühüm imkanlar yaradır. Bu baxımdan Orta Dəhlizin əhəmiyyəti xüsusi qeyd olunmalıdır. Mərkəzi Asiya ölkələrindən gələn yüklərin Azərbaycan ərazisindən keçməklə Avropa istiqamətinə daşınması ticarət əlaqələrinin genişlənməsinə və yeni iqtisadi imkanların yaranmasına şərait yaradır. Enerji sahəsində əməkdaşlıq da regionun gələcəyi baxımından mühüm istiqamətlərdəndir. Azərbaycan enerji resurslarının nəqli və ixracı sahəsində formalaşdırdığı infrastruktur vasitəsilə Avropanın enerji təhlükəsizliyinə töhfə verir. Mərkəzi Asiya dövlətlərinin də zəngin enerji və təbii ehtiyatlara malik olması qarşılıqlı əməkdaşlıq üçün geniş imkanlar açır. Enerji resurslarının müxtəlif marşrutlarla dünya bazarlarına çıxarılması həm ölkələrin iqtisadi gəlirlərini artırır, həm də regional əməkdaşlığın möhkəmlənməsinə xidmət edir. Regionun potensialı yalnız enerji və nəqliyyatla məhdudlaşmır. Kənd təsərrüfatı, sənaye, rəqəmsal texnologiyalar, turizm və logistika sahələrində də böyük imkanlar mövcuddur. Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin öz təcrübələrini bölüşməsi, birgə layihələr həyata keçirməsi və biznes əlaqələrini genişləndirməsi iqtisadi inkişafı sürətləndirə bilər. Xüsusilə gənclərin və sahibkarların regional layihələrdə iştirakı gələcək əməkdaşlığın daha dayanıqlı olmasına imkan verər. Humanitar əlaqələr də bu prosesin mühüm hissəsidir. Təhsil müəssisələri arasında əməkdaşlıq, tələbə və müəllim mübadiləsi, mədəni tədbirlərin keçirilməsi, incəsənət və ədəbiyyat sahəsində əlaqələrin genişləndirilməsi xalqların bir-birini daha yaxından tanımasına şərait yaradır. Tarixi və mədəni irsin qorunması istiqamətində birgə təşəbbüslər isə region xalqları arasında dostluq və qarşılıqlı hörmətin daha da möhkəmlənməsinə xidmət edir. Azərbaycan və Mərkəzi Asiya dövlətləri üçün təhlükəsizlik və sabitlik də xüsusi əhəmiyyət daşıyır. Siyasi sabitliyin qorunması, dövlətlər arasında etimadın gücləndirilməsi və qarşılıqlı əməkdaşlığın genişləndirilməsi iqtisadi inkişaf üçün əlverişli mühit formalaşdırır. Sabit və təhlükəsiz region yeni investisiyaların cəlb olunmasına, nəqliyyat layihələrinin genişlənməsinə və beynəlxalq ticarətin inkişafına müsbət təsir göstərir. Bu baxımdan Azərbaycanla Mərkəzi Asiya arasında münasibətlər yalnız ayrı-ayrı ölkələrin maraqları çərçivəsində deyil, daha geniş regional perspektivdə qiymətləndirilməlidir. Qarşılıqlı etimad, iqtisadi əməkdaşlıq və ortaq maraqlar bu regionun gələcək inkişafının əsas dayaqları ola bilər. Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin dərinləşməsi həm ölkəmizin beynəlxalq mövqeyini gücləndirir, həm də regionun vahid iqtisadi və geosiyasi məkan kimi formalaşmasına mühüm töhfə verir.
İlqar İsayev – Zərdab Gənclər evi SXM-in direktoru

26/08/2026

Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib.
Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın üçüncü iclasının keçirilməsi iki ölkə arasında münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini göstərən mühüm hadisələrdən biri oldu. Bu toplantı Azərbaycan ilə Özbəkistan arasında dostluq və strateji tərəfdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. İclas zamanı dövlətlər arasında müxtəlif sahələr üzrə əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Azərbaycan və Özbəkistanı birləşdirən əlaqələr yalnız siyasi münasibətlərlə məhdudlaşmır. İki xalq arasında tarixi, mədəni və mənəvi yaxınlıq mövcuddur. Bu yaxınlıq dövlətlərarası münasibətlərin möhkəm əsasını təşkil edir. Son dövrdə siyasi dialoqun intensivləşməsi iqtisadi, humanitar və digər istiqamətlərdə əməkdaşlığın genişlənməsinə də müsbət təsir göstərib. Ali Dövlətlərarası Şuranın iclasları bu münasibətlərin sistemli şəkildə müzakirə edilməsi və yeni istiqamətlərin müəyyənləşdirilməsi baxımından mühüm platformadır. İclas çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələləri də diqqət mərkəzində olub. Ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiyaların təşviqi, sənaye və kənd təsərrüfatı sahələrində birgə layihələrin həyata keçirilməsi üçün mövcud imkanların geniş olduğu vurğulanıb. Sahibkarlar arasında əlaqələrin gücləndirilməsi və biznes dairələrinin qarşılıqlı səfərlərinin artırılması iki ölkənin iqtisadi potensialından daha səmərəli istifadə etməyə şərait yarada bilər. Nəqliyyat və logistika sahəsi də Azərbaycan-Özbəkistan əməkdaşlığında mühüm istiqamətlərdən biridir. Azərbaycanın əlverişli coğrafi mövqeyi Özbəkistanın dünya bazarlarına çıxış imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətlidir. Xəzər dənizi üzərindən keçən marşrutlar və Orta Dəhlizin imkanları iki ölkə arasında ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi üçün əlverişli şərait yaradır. Nəqliyyat bağlantılarının gücləndirilməsi yalnız iqtisadi fayda yaratmır, həm də region ölkələri arasında əlaqələrin möhkəmlənməsinə xidmət edir. Enerji sahəsində əməkdaşlıq da xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın enerji sektorunda qazandığı təcrübə və Özbəkistanın malik olduğu imkanlar qarşılıqlı maraq doğuran layihələrin həyata keçirilməsinə zəmin yaradır. Enerji sahəsində tərəfdaşlığın genişləndirilməsi ölkələrin iqtisadi inkişafına töhfə verməklə yanaşı, regional enerji təhlükəsizliyinin gücləndirilməsinə də xidmət edə bilər. Humanitar sahədə əlaqələrin inkişafı da diqqətdən kənarda qalmır. Təhsil, elm, mədəniyyət, incəsənət və turizm istiqamətlərində əməkdaşlığın genişləndirilməsi xalqların bir-birini daha yaxından tanımasına imkan yaradır. Tələbə və mütəxəssis mübadilələri, mədəni tədbirlər və birgə layihələr iki ölkənin gənc nəslini yaxınlaşdıran mühüm vasitələrdir. Ali Dövlətlərarası Şuranın üçüncü iclası həmçinin gələcək əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir. Qarşılıqlı etimad və siyasi iradə mövcud olduqda iqtisadi, sosial və humanitar sahələrdə daha böyük nəticələr əldə etmək mümkündür. Azərbaycan və Özbəkistan arasında formalaşmış dostluq münasibətləri regional əməkdaşlığın inkişafına da müsbət təsir göstərir. Daşkənddə keçirilən bu görüş bir daha göstərdi ki, Azərbaycan və Özbəkistan arasında münasibətlər qarşılıqlı hörmət, etimad və ortaq maraqlar üzərində inkişaf edir. İki ölkənin rəhbərliyi arasında aparılan ardıcıl siyasi dialoq əlaqələrin yeni mərhələyə yüksəlməsinə imkan yaradır. Bu baxımdan Ali Dövlətlərarası Şuranın fəaliyyəti gələcəkdə də əməkdaşlığın möhkəmləndirilməsi və yeni layihələrin həyata keçirilməsi üçün mühüm rol oynayacaq.

Cəmilə Şirinova – Zərdab Gənclər evinin baş mühasibi

26/08/2026

Layihələr təkcə Bakı və Daşkənddə deyil, baxmayaraq ki, əsas diqqət şübhəsiz ki, bu şəhərlərə yönəlib, həmçinin digər bölgələrdə də həyata keçirilir.
Azərbaycanla Özbəkistan arasında münasibətlər artıq yalnız dostluq və qardaşlıq anlayışları ilə məhdudlaşmır, geniş geosiyasi və geoiqtisadi nəticələr yaradan strateji əməkdaşlıq modelinə çevrilir. Prezident İlham Əliyevin Daşkənddə mətbuata verdiyi bəyanatı da təkcə iki ölkə arasındakı əlaqələrin mövcud vəziyyətinə yüksək qiymət kimi deyil, Azərbaycanın Mərkəzi Asiya siyasətinin və ümumilikdə yeni regional əməkdaşlıq yanaşmasının mühüm ifadəsi kimi dəyərləndirmək lazımdır.Bəyanatda diqqəti çəkən əsas məqamlardan biri iki ölkə arasındakı əməkdaşlığın son illərdə keçdiyi böyük inkişaf yolunun müqayisəli şəkildə ortaya qoyulmasıdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Şavkat Mirziyoyev Özbəkistanın rəhbəri olmamışdan əvvəl Azərbaycanla Özbəkistan arasında heç bir birgə layihə mövcud deyildi. Bu gün isə iki ölkə arasında ticarət dövriyyəsinin bir milyard dollara çatdırılması artıq uzaq gələcəyin hədəfi deyil, yaxın perspektivdə reallaşa biləcək konkret nəticə kimi qiymətləndirilir. Bu göstəricinin arxasında dövlətlərarası münasibətlərdə baş verən keyfiyyət dəyişiklikləri dayanır. Əvvəllər Azərbaycan və Özbəkistan əsasən dost və qardaş ölkələr kimi xarakterizə olunurdusa, hazırda onlar öz iqtisadi potensiallarını qarşılıqlı inkişaf məqsədləri üçün birləşdirən strateji tərəfdaşlardır. Üstəlik, əməkdaşlıq ənənəvi istiqamətlərlə məhdudlaşmır. Energetika, nəqliyyat, investisiya, turizm, dağ-mədən sənayesi, avtomobil istehsalı, kənd təsərrüfatı, emal, bankçılıq və neft-qaz kimi çoxsaylı sahələrin eyni əməkdaşlıq platformasında birləşməsi əlaqələrin artıq çoxşaxəli iqtisadi sistemə çevrildiyini göstərir. Prezidentin “bu gün biz artıq perspektivdən danışırıq” fikri də məhz bu yeni reallığı ifadə edir.
Prezident İlham Əliyevin bəyanatında vurğulanan digər mühüm məqam Azərbaycan-Özbəkistan münasibətlərinin həm mənəvi, həm də maddi əsaslara söykənməsidir. Bu yanaşma sadəcə diplomatik ifadə deyil, iki dövlət arasındakı münasibətlərin siyasi fəlsəfəsini əks etdirir. Beynəlxalq münasibətlərdə dövlətlərarası əlaqələr əksər hallarda siyasi-strateji və ya iqtisadi maraqlar üzərində qurulur. Azərbaycan və Özbəkistan münasibətlərində isə bu amillər tarixi, mədəni və mənəvi yaxınlıqla tamamlanır. Eyni dil ailəsinə mənsub, ortaq tarixi yaddaşa və mədəni dəyərlərə malik iki xalq arasında mövcud qardaşlıq hissinə siyasi və iqtisadi maraqların əlavə olunması daha dayanıqlı əməkdaşlıq modeli formalaşdırır. Prezident İlham Əliyevin bu sintezin dünya siyasətində nadir hallarda müşahidə olunduğunu vurğulaması da münasibətlərin özünəməxsusluğunu göstərir. Burada mənəvi yaxınlıq iqtisadi tərəfdaşlığı, iqtisadi əlaqələr siyasi etimadı, siyasi etimad isə geosiyasi əməkdaşlığı daha da gücləndirir. Daşkənd görüşlərinin mühüm xüsusiyyətlərindən biri siyasi bəyanatların konkret layihələrlə paralel şəkildə müşayiət olunması idi. Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə Azərbaycanın Özbəkistanda həyata keçirdiyi müxtəlif layihələrin açılış və təməlqoyma mərasimlərinin keçirilməsi bir daha göstərdi ki, ikitərəfli münasibətlər artıq yalnız siyasi sənədlər və diplomatik görüşlərlə məhdudlaşmır. Bu əlaqələr istehsal, təhsil, bankçılıq, enerji, şəhərsalma və digər sahələrdə gündəlik həyatın real hissəsinə çevrilir.

Ziya Nağıyev –Zərdab rayon Dəli Quşçu kənd sakini

26/08/2026

İkitərəfli münasibətlər çox möhkəm - həm mənəvi, həm də maddi təməl üzərində qurulub.
Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında ikitərəfli münasibətlər çox möhkəm, həm mənəvi, həm də maddi təməl üzərində qurulub. Bu əlaqələrin əsasını xalqlarımızı bir-birinə yaxınlaşdıran ortaq tarix, mədəniyyət, milli dəyərlər və qarşılıqlı hörmət təşkil edir. Müasir dövrdə bu mənəvi yaxınlıq iqtisadi və siyasi əməkdaşlıqla tamamlanaraq münasibətlərin daha geniş və davamlı xarakter almasına şərait yaradır. Azərbaycan və Mərkəzi Asiya xalqları əsrlər boyu müxtəlif tarixi proseslərin iştirakçısı olublar. Onları birləşdirən ortaq mədəni xüsusiyyətlər, adət-ənənələr və mənəvi dəyərlər bu gün də öz əhəmiyyətini qoruyur. Eyni zamanda, müstəqil dövlətlər kimi qarşılıqlı münasibətlərin inkişaf etdirilməsi hər bir ölkənin milli maraqlarına uyğun gəlir. Dövlətlər arasında qurulan dostluq və tərəfdaşlıq əlaqələri xalqların bir-birini daha yaxından tanımasına və qarşılıqlı etimadın möhkəmlənməsinə imkan verir. Münasibətlərin maddi təməli isə ilk növbədə iqtisadi əməkdaşlıqla bağlıdır. Ticarət əlaqələrinin genişləndirilməsi, investisiya imkanlarının artırılması, nəqliyyat və logistika layihələrinin həyata keçirilməsi Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında iqtisadi bağları daha da gücləndirir. Azərbaycanın əlverişli coğrafi mövqeyi bu baxımdan xüsusi üstünlük yaradır. Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyanı Qərb istiqaməti ilə birləşdirən nəqliyyat imkanları ölkəmizin regional əhəmiyyətini artırır. Orta Dəhlizin inkişafı da bu əməkdaşlığın mühüm istiqamətlərindən biridir. Bu marşrut Şərqlə Qərb arasında yükdaşımaların genişləndirilməsi üçün yeni imkanlar yaradır. Mərkəzi Asiya ölkələrindən gələn yüklərin Azərbaycan ərazisindən keçərək Avropa bazarlarına çatdırılması ticarətin sürətlənməsinə və nəqliyyat əlaqələrinin daha səmərəli təşkilinə şərait yaradır. Belə layihələr həm iqtisadi gəlirlərin artmasına, həm də iştirakçı ölkələr arasında qarşılıqlı asılılığın və əməkdaşlığın möhkəmlənməsinə xidmət edir. Enerji sahəsində əlaqələr də münasibətlərin maddi əsasını gücləndirən amillərdəndir. Azərbaycan enerji infrastrukturunun inkişafı və enerji resurslarının dünya bazarlarına çıxarılması sahəsində mühüm təcrübəyə malikdir. Mərkəzi Asiya dövlətləri ilə bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi gələcəkdə yeni layihələrin həyata keçirilməsi üçün imkanlar yarada bilər. Enerji sahəsində tərəfdaşlıq ölkələrin iqtisadi inkişafına töhfə verməklə yanaşı, regional enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə də xidmət edir. Humanitar əlaqələr münasibətlərin mənəvi tərəfinin qorunmasında mühüm rol oynayır. Təhsil, elm, mədəniyyət və incəsənət sahələrində qarşılıqlı tədbirlərin keçirilməsi, tələbə və mütəxəssis mübadiləsinin genişləndirilməsi xalqlar arasında əlaqələri daha da dərinləşdirir. Birgə mədəni layihələr və tarixi irsin təbliği gənc nəslin ortaq dəyərləri daha yaxşı tanımasına imkan verir. Bu gün Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında münasibətlər qarşılıqlı maraqlara və etimada əsaslanan əməkdaşlıq nümunəsi kimi inkişaf edir. Dövlətlər arasında yüksək səviyyəli təmasların artması, iqtisadi layihələrin genişlənməsi və humanitar əlaqələrin güclənməsi münasibətlərin gələcək perspektivlərinin böyük olduğunu göstərir. Möhkəm mənəvi bağlar və real iqtisadi maraqlar bir-birini tamamlayır. Məhz buna görə Azərbaycanla Mərkəzi Asiya arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün geniş imkanlar mövcuddur. Qarşılıqlı etimad, dostluq və əməkdaşlıq prinsipləri qorunduğu halda bu əlaqələr gələcəkdə də regionun sabitliyinə, iqtisadi inkişafına və xalqların rifahına mühüm töhfələr verə bilər.

Şamil Babayev – Zərdab Gənclər evinin dərnək rəhbəri

26/08/2026

Bildiyiniz kimi, biz də Özbəkistana, Özbəkistanın qardaş xalqına eyni xoş və qardaşlıq hisslərini bəsləyirik.
Azərbaycanın dövlət müstəqiliyini ilk tanıyan dövlətlərdən biri də Özbəkistan oldu. Bu tanıma təkcə siyasi münasibətlər yaradılması baxımından yerinə yetirilməmişdi. Bu, həm də çox qədim dövrlərdən yaranan, inkişaf etdirilən milli-mənəvi dəyərlərin doğmalığının nəticəsi idi. Yaranan münasibətlər təkcə siyasi münasibətlər deyildi, həm də yaxın (ortaq) dil, yaxın (ortaq) mədəniyyət, yaxın (ortaq) incəsənət, ... baxımından diqqəti çəkirdi. Bu münasibətlər 35 ildir yüksələn münasibət kimi tarixləşməkdədir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin avqustun 23-də Özbəkistana dövlət səfəri də bu tarixləşmənin tərkib hissələrindəndir. Səfər zamanı mətbuata verdiyi bəyanatda dövlət başçımız Özbəkistanda iqtisadiyyatın böyük potensiala malik olan və onu qoruyub saxlayan sahələrinə investisiyalar cəlb edilməsindən, dünya birliyinin Özbəkistana böyük hörmət bəslədiyindən, bu dövlətdə sənayenin inkişafı, kənd təsərrüfatı, energetika və nəqliyyat infrastrukturu ilə bağlı məsələlərin operativ və səmərəli şəkildə həll olunduğundan söz açdı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan-Özbəkistan münasibətlərinin son dövrü haqqında danışaraq dedi: “Bu gün biz bir milyardlıq ticarət dövriyyəsi hədəfindən hansısa uzaq bir xəyal kimi deyil, yəqin ki, bir neçə ildən sonra çatacağımız nəticə kimi danışırıq. Bu gün müzakirə olunanlar, iqtisadiyyatlarımızın tələb etdiyi və ehtiyac duyduğu sahələrdə qarşılıqlı investisiya layihələri - bütün bunlar hər iki ölkə paralel kursla inkişaf etməsəydi, mümkün olmazdı. Bu paralel kurs isə bu gün artıq daha geniş geosiyasətin mühüm amilidir. Çünki Şavkat Miromonoviçin qeyd etdiyi kimi, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq formatına qoşulmasından sonra, – yeri gəlmişkən, bu məsələdə onun xüsusi rolu olub, – əməkdaşlığın coğrafiyası genişlənib”.
Enerji, nəqliyyat, investisiya layihələri, turizm, dağ-mədən sahələrində əməkdaşlığı, avtomobil sənayesini, kənd təsərrüfatını və emal sektorlarını əhatə edən birgə layihələrin hər birinin dəyərini yüksək qiymətləndirən dövlət başçımız aparıcı Azərbaycan bankının Özbəkistan bazarına və SOCAR-ın Özbəkistanın pərakəndə satış bazarına daxil olmasını da xatırlatdı. “Bu gün biz bir milyardlıq ticarət dövriyyəsi hədəfindən hansısa uzaq bir xəyal kimi deyil, yəqin ki, bir neçə ildən sonra çatacağımız nəticə kimi danışırıq. Bu gün müzakirə olunanlar, iqtisadiyyatlarımızın tələb etdiyi və ehtiyac duyduğu sahələrdə qarşılıqlı investisiya layihələri - bütün bunlar hər iki ölkədə paralel kursla inkişaf etməsəydi, mümkün olmazdı. Bu paralel kurs isə bu gün artıq daha geniş geosiyasətin mühüm amilidir. Çünki Şavkat Miromonoviçin qeyd etdiyi kimi, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq formatına qoşulmasından sonra, – yeri gəlmişkən, bu məsələdə onun xüsusi rolu olub, – əməkdaşlığın coğrafiyası genişlənib”. Dövlət başçımızın bu fikirləri iki dövlət arasında iqtisadi münasibətlərin necə formalaşması, necə inkişaf etdirildiyinin mərhələləri haqında bilgi kimi qəbul olundu.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Ordusunun tarixi Zəfərindən sonra işğaldan azad edilmiş ərazilərdə quruculuq işləri başlayanda Özbəkistanın da bu mühüm dövləti tədbirdə yaxından iştirak etdiyini, Füzulidə Mirzə Uluqbəy adına 960 şagird yerlik məktəbi Özbəkistanın tikdiyini, Xankəndidə tikiş fabrikinə investisiyaların Özbəkistandan gəldiyini, ilk böyük sənaye müəssisəsinin Özbəkistanla bağlı olduğunu və s. Xatırlatdı.Bəyanatında investisiyalarla bağlı bir nəzəri bilgini də xatırladan (investisiyaların dost ölkələrə, bizim vəziyyətimizdə qardaş ölkələrə və adətən əlverişli investisiya mühitinin olduğu yerlərə yatırıldığını) dövlət başçımız bildirdi ki, Şavkat Miromonoviç öz islahatları, əzmkarlığı və müdrikliyi sayəsində həm beynəlxalq maliyyə qurumlarına, həm də qlobal aktorlara Özbəkistanı inkişafının uğurlu mərhələsində olan bir ölkə kimi görməyə imkan verən investisiya mühiti yaradıb.
Sevinc İmanova – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də Terapiya şöbəsinin müdiri

Address

Zərdab
Zardob
AZ6300

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 19:00

Alerts

Be the first to know and let us send you an email when Zərdab Rayon İcra Hakimiyyəti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Zərdab Rayon İcra Hakimiyyəti:

Shortcuts

Share