Qaradağlı kənd Klubu

Qaradağlı kənd Klubu Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Qaradağlı kənd Klubu, Government Building, Ağdaş, Agdash.

17 Oktyabr - Füzuli şəhəri günüdür. Füzuli Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzə...
17/10/2025

17 Oktyabr - Füzuli şəhəri günüdür.

Füzuli Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. Füzuli rayonu Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları, habelə Araz çayı boyunca İranla həmsərhəddir. Ərazidə axan Quruçay, Köndələnçay, Çərəkən çayları Araz hövzəsinin çaylarıdır. Füzuli rayonunun ərazisi 1386 km²-dir.
Azərbaycanın iri yaşayış məskənlərindən olan Füzulinin əsası 1827-ci ildə qoyulmuşdur. Qarabulaq adlanan yaşayış məskəninin əsasında 1930-cu ildə rayon təşkil olunmuş və Qaryagin adlandırılmışdır. 1959-cu ilin aprelində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişərək Füzuli rayonu adlandırılmışdır.
İşğaldan öncə Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin bir ərazi olmuşdur. Rayonda mövcud olan abidələr sırasına Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babi Yaqub (XIII əsr) türbəsini, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsini, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbirdaşının üzərindəki türbəni, XIX əsrin Cəlil türbəsini aid etmək olar.
Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Ermənistanın silahlı qüvvələri ilə mübarizədə rayon sakinlərindən 400 nəfərədək müharibə əlili, 663 nəfər şəhid olmuşdur, 181 nəfər əsir və itkin düşmüşdür.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hücumu nəticəsində 5 yanvar 1994-cü ildə Füzuli rayonunun 22 yaşayış məntəqəsi işğaldan azad olunmuşdur.
Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı Ordumuz tərəfindən 17 oktyabr 2020-ci il tarixində işğaldan azad edilmişdir. Vətən müharibəsi zamanı ümumilikdə rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edilmişdir.
Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur. Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər vermişdir. 30 il ərzində düşmən təmas xəttində möhkəm istehkam qurmuşdu. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq.
Füzuli uğrunda döyüşlərdə Ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı. Hərbi mütəxəssislər artıq açıq-aydın bildirirlər ki, Azərbaycan Ordusu böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan bir ordudur. Düşmən və bütün dünya artıq Azərbaycanın gücünü görüb və bunu etiraf edib.
2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis edildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25.325 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 17 oktyabr Füzuli şəhəri günü kimi müəyyən olub.
Füzuli azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur. İlkin hesablamalara görə rayonda yüz mindən çox mina basdırılıb. Rəsmi İrəvan törətdiyi vandalizm aktları və hərbi cinayətlərinə görə məsuliyyət daşımalıdır. Erməni hərbi birləşmələrinin təxribatı nəticəsində mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə, habelə sahibkarlıq subyektlərinə dəyən ziyanın qiymətləndirilməsi üçün bütün lazımi tədbirlər görülür.
Prezident İlham Əliyevin tapşırığına əsasən rayon yenidən qurulur və infrastrukturun bərpası istiqamətində irimiqyaslı işlər həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabineti 2023-cü il 18 martda “Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq etmişdir.
Dövlət başçısının xüsusi diqqəti nəticəsində rayonda “Füzuli” yarımstansiyası, Füzuli Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzi, həmçinin Köndələnçay su anbarları kompleksi istifadəyə verilmişdir.
Füzulidə nəqliyyat infrastrukturunun yaradılması istiqamətində nəhəng layihələr reallaşdırılmışdır. Zəfər, Füzuli-Hadrut və Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolları istismara verilmişdir. Bununla yanaşı, Prezident İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən açılışı edilmiş Füzuli Beynəlxalq Hava Limanı da istismara verilmişdir.
2023-cü il avqustun 18-dən etibarən Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı başlanmışdır və bu proses artan templə davam edir.
İlkin mərhələdə 144 ailə köçürülüb. Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində çətin şəraitdə yaşayan ailələrdir.
Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı 2024-cü il yanvarın 24-də Bakı şəhərinin Qaradağ rayonundan Füzuli şəhərinə yola salınıb.
Bu vaxta kimi Füzuliyə 824 ailə (3141 nəfər) köçürülüb. Böyük Qayıdış Proqramının birinci mərhələsində - 2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda yaşayacaq, bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq.
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə işğaldan tam azad olunmuş Füzulidə Mirzə Uluqbəy adına orta məktəb inşa olunub. Məktəbdə 40 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı, akt zalı, idman zalı, yeməkxana, kitabxana yaradılıb. Məktəbin ərazisində futbol meydançası, istirahət və keçiriləcək tədbirlər üçün yerlər, qaçış zolaqları, nəzarət buraxılış məntəqəsi, qazanxana, su çənləri, transformator yarımstansiyası inşa edilib.
2024-cü il martın 12-də Prezident İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak edib. İşğaldan azad edilmiş Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması iki xalq arasında dostluğun rəmzidir.

Prezident İlham Əliyevin oktyabrın 10-da Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası zamanı çıxış ed...
14/10/2025

Prezident İlham Əliyevin oktyabrın 10-da Düşənbədə MDB Dövlət Başçıları Şurasının
məhdud tərkibdə iclası zamanı çıxış edib
Azərbaycanın ədalət, beynəlxalq hüquq normaları və qarşılıqlı etimada əsaslanan siyasəti sayəsində ölkəmiz həm ənənəvi tərəfdaşlarla münasibətləri inkişaf etdirir, həm də yeni əməkdaşlıq körpüləri qurur. Hər bir beynəlxalq tədbirdə dövlət başçısı əvvəlcə həmin ölkə ilə əlaqələrin mövcud vəziyyətini qiymətləndirir və gələcək perspektivləri vurğulayır. Bu baxımdan MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında Prezident İlham Əliyevin çıxışı da xüsusi diqqət doğurdu. O, Tacikistan paytaxtı Düşənbənin son illərdə sürətli inkişafını qeyd edərək şəhərsalma sahəsində əldə olunan nailiyyətlər münasibətilə təbriklərini çatdırdı. Prezident həmçinin vurğuladı ki, Azərbaycan ilə Tacikistan arasında münasibətlər dostluq, qarşılıqlı dəstək və etimad prinsiplərinə əsaslanır və böyük potensiala malikdir.
Azərbaycan Mərkəzi Asiya ölkələri arasında Tacikistanla əlaqələrə xüsusi önəm verir. Dövlət başçısının qeyd etdiyi kimi, hər bir səfər iki ölkə arasında yüksək səviyyəli münasibətlərin daha da dərinləşməsinə, müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsinə xidmət edir. MDB Zirvəsi çərçivəsində baş tutan təkbətək görüşdə Azərbaycan və Tacikistan prezidentləri ikitərəfli münasibətlərin aktual məsələlərini müzakirə etdilər. Ölkələrimizi birləşdirən tarixi, mədəni və dini bağlar münasibətlərin təməlini təşkil edir. 2007-ci ildə imzalanmış “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə” bu əlaqələrin gələcək inkişafı üçün hüquqi baza rolunu oynayır. Prezident İlham Əliyevin Tacikistana səfəri iki ölkə arasındakı münasibətlərin keçmişini, bu gününü və gələcək istiqamətlərini bir daha nümayiş etdirdi.
Prezident İlham Əliyev çıxışında MDB dövlət başçılarına Laçın şəhərinin 2025-ci il üçün MDB-nin “Mədəniyyət paytaxtı” seçilməsinə göstərdikləri dəstəyə görə təşəkkürünü bildirdi. Bu ilin iyununda Laçında keçirilmiş açılış mərasimi zamanı qonaqlar şəhərin işğaldan azad olunduqdan sonra keçdiyi dirçəliş prosesinin canlı şahidi oldular. Tamamilə dağıdılmış şəhər qısa müddətdə müasir və abad yaşayış məkanına çevrilib. 2024-cü il Laçının tarixi üçün əlamətdar hadisələrlə yadda qaldı — 28 May Müstəqillik Günündə Laçın Beynəlxalq Hava Limanı istifadəyə verildi və Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Zirvə Görüşü burada baş tutdu. MDB Humanitar Əməkdaşlıq Şurasının qərarı ilə Laçının “MDB-nin mədəniyyət paytaxtı” elan olunması, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və mədəni dirçəliş proseslərinə beynəlxalq dəstəyin göstəricisidir.
Sentyabrın 28-dən oktyabrın 8-dək qədim Gəncə şəhərində – dahi şair Nizami Gəncəvinin vətənində – III MDB Oyunları təşkil olundu. Gəncə ilə yanaşı Qəbələ, Göygöl, Yevlax, Mingəçevir, Xankəndi və Şəki şəhərləri də bu mötəbər yarışlara ev sahibliyi etdilər. 13 ölkədən 1600-dən çox idmançı MDB üzvü və dost ölkələri təmsil edirdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu kimi tədbirlər MDB məkanında dostluğun, əməkdaşlığın və qarşılıqlı hörmətin möhkəmlənməsinə xidmət edir, xalqlar arasında sülh və həmrəyliyin güclənməsinə töhfə verir.

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə çıxış edibPrezident...
09/10/2025

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə çıxış edib

Prezident İlham Əliyev 7 oktyabr 2025-ci ildə Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə çıxış edib.
Dövlət başçısı bildirib ki, Türk Dövlətləri Təşkilatına (TDT) uğurla sədrlik etmiş Qırğız Respublikasına təşəkkürümü bildirirəm. Bu gün Türk Dövlətləri Təşkilatı, sadəcə, əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır. Təşkilatımızın beynəlxalq səviyyədə nüfuzunun artması məmnunluq doğurur. Ortaq tarixi və etnik köklərimiz, müştərək milli-mənəvi dəyərlərimiz bizi bir ailə kimi birləşdirir.
Ölkəmiz təşkilatın işinə dəstək məqsədilə Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində ianə köçürmüşdür. Daxili siyasi və iqtisadi sabitlik, əhəmiyyətli geostrateji mövqe, müsbət demoqrafiya və gənc əhali, nəqliyyat-logistika sahəsində böyük imkanlar, təbii resurslar, habelə hərbi və hərbi-texniki sahədə artan potensial TDT-ni qlobal arenada vacib aktora çevirir. Sevindirici haldır ki, Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə görüşləri ilə yanaşı, qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsi artıq ənənəyə çevrilib. Ötən il ilk dəfə Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə Görüşü və bu il Budapeştdə baş tutmuş görüşümüz mühüm qərarlarla yadda qalmışdır.
Bu gün sülh və təhlükəsizlik hər bir ölkənin inkişafı üçün əsas amildir. Təşkilatımızın təməl sənədi olan Naxçıvan Sazişində sülhün qorunması və təhlükəsizlik əsas məqsəd və vəzifələr sırasında yer alıb. Dünyanın üzləşdiyi hazırkı geosiyasi və təhlükəsizlik çağırışları fonunda, ötən il Şuşada qeyri-rəsmi Zirvə Görüşü zamanı qəbul edilmiş Qarabağ Bəyannaməsinə və bugünkü Zirvə Görüşünün “Regional sülh və təhlükəsizlik” mövzusuna uyğun olaraq, türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi olduqca vacibdir.
Beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğu dövrdə ölkələrimiz arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq çox önəmli amillərdən biridir. Bu çərçivədə müttəfiqimiz olan Türkiyə ilə dərin əməkdaşlıq mövcuddur. Yalnız son bir ildə Türkiyə ilə birgə 25-dən artıq ikitərəfli və çoxmillətli hərbi təlimlər keçirilmişdir. Ölkələrimiz arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edirəm.
2020-ci il 44 günlük Vətən müharibəsində tarixi Zəfərimiz, həmçinin 2023-cü ildə qətiyyətli antiterror tədbirləri nəticəsində Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyuldu. Bununla da ölkəmizin ərazi bütövlüyü və əzəli torpaqlarımız üzərində suverenliyi bərpa olundu. Bu tarixi nailiyyət yalnız Azərbaycanın milli iradəsinin və əzmkar mübarizəsinin təntənəsi deyil, eyni zamanda, bölgədə ədalətin, sülhün və sabitliyin bərqərar olunmasına mühüm töhfədir. İki ay əvvəl Vaşinqtonda, Ağ Evdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması Cənubi Qafqazı sülh məkanına çevirəcək. Vaşinqton Zirvəsi çərçivəsində, eyni zamanda, ATƏT-in Minsk qrupunun və əlaqədar strukturların bağlanması üçün edilmiş birgə müraciətə uyğun olaraq, sentyabrın 1-də ATƏT tərəfindən qəbul edilmiş qərarla keçmiş münaqişənin bu qalıqları da aradan qaldırıldı.
Atdığımız addımlar Azərbaycanın irəli sürdüyü sülh gündəliyini bir daha təsdiq etdi. Biz Ermənistan işğalını heç vaxt unutmayacağıq. Şəhidlərimizin əziz xatirəsini həmişə qəlbimizdə saxlayacağıq. Onların qanını biz döyüş meydanında aldıq. İşğalçını əzəli torpaqlarımızdan qovduq, Zəfər çaldıq və eyni zamanda, ədalətli sülhə nail olduq;

Türk dünyasının nəqliyyat, kommunikasiya, tranzit və digər istiqamətlərdə potensialından istifadə məqsədilə görülən işlər qlobal əhəmiyyətli layihələrin icrasına gətirib çıxarıb. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır. Ölkəmiz Türkiyə ilə Mərkəzi Asiya arasında coğrafi, iqtisadi, nəqliyyat və digər sahələrdə körpü rolunu oynayır.
2022-ci ildən bəri Orta Dəhlizlə yükdaşımalar təqribən 90 faiz artıb. Dəhliz boyu tranzit müddətləri əhəmiyyətli dərəcədə azalıb. Xəzərin ən böyük ticarət donanması, yaxın illərdə gücü ildə 25 milyon tona çatacaq Ələt Beynəlxalq Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, 9 beynəlxalq hava limanı, regionun ən böyük yükdaşıma aviaşirkəti və digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevirib.
Vaşinqton Zirvəsinin digər mühüm nəticələrindən biri də Zəngəzur dəhlizinin açılmasıdır. Zəngəzur dəhlizi həm Orta Dəhliz, həm də Şimal-Cənub Dəhlizi çərçivəsində yeni nəqliyyat arteriyası və ikinci marşrut kimi mühüm əhəmiyyət kəsb edir.
Sülh, regional bağlantılar və iqtisadi inkişafla əlaqəli olan digər mühüm istiqamət enerji təhlükəsizliyidir. Ölkəmiz bu məqsədlərin qlobal səviyyədə təmin edilməsində fəal rol oynayır. Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində özünü etibarlı və əvəzolunmaz tərəfdaş kimi təsdiqləyib. Şaxələndirilmiş neft və qaz kəmərləri vasitəsilə Xəzər regionunun beynəlxalq bazarlara birləşdirilməsində strateji rol oynayırıq. Hazırda biz 14 ölkəyə təbii qaz ixrac edirik. Coğrafi əhatəsinə görə boru kəmərləri ilə təbii qaz ixrac edən ölkələr sırasında Azərbaycan birinci yerdədir.
Azərbaycan, həmçinin Günəş, külək və su elektrik enerjisi kimi bərpaolunan enerji mənbələrinə böyük sərmayələr cəlb edir. 2030-cu ilə qədər enerji istehsalımızın təxminən 40 faizi bərpaolunan mənbələr hesabına təmin ediləcək. Hazırda biz Orta Asiya, Azərbaycan, Türkiyə, Avropa yaşıl enerji dəhlizi üzərində işləyirik.
TDT-yə üzv ölkələrlə Azərbaycan bir çox önəmli sərmayə layihələrini icra edib. Bu günə qədər qardaş ölkələrin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox vəsait qoyulub. Bunun əsas hissəsi Türkiyə iqtisadiyyatına qoyulmuş sərmayədir. Bununla bərabər, Azərbaycan Özbəkistanla, Qazaxıstanla, Qırğızıstanla birgə sərmayə fondları yaradıb. Bu fondlar vasitəsilə bir çox layihələr icra ediləcək.
Ümumilikdə, atılan addımlar Türk dünyası daxilində iqtisadi inteqrasiyanın, enerji və nəqliyyat sahəsində dost və qardaş ölkələrimiz arasında əməkdaşlığın dərinləşməsinə və regionumuzun dayanıqlı inkişafına xidmət edir.
Ortaq tarixi və etnik köklərimiz, dillərimiz bizi bir ailə kimi birləşdirir. Burada 1926-cı ildə Bakıda təşkil edilmiş birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətini vurğulamaq istərdim. Gələn il birinci Türkoloji Qurultayın keçirilməsinin 100 illik yubileyinin Türk Dövlətləri Təşkilatı çərçivəsində təntənəli şəkildə təşkil olunmasını təklif edirəm. Əminəm ki, Zirvə Görüşümüz qəbul edəcəyimiz qərarlarla Türk Dövlətləri Təşkilatının mövqeyini daha da gücləndirəcək, xalqlarımızın rifahına və təhlükəsizliyinə əlavə töhfə verəcəkdir.
Çıxışımın sonunda Qarabağın və Şərqi Zəngəzurun bərpasına dəstək üçün qardaş ölkələrə bir daha təşəkkürümü bildirirəm. Füzulidə Mirzə Uluqbəy adına məktəb, Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Ağdamda Manas adına məktəb artıq fəaliyyətdədir. Bu, özbək, qazax, qırğız qardaşlarımızın hədiyyəsidir. Macar qardaşlarımızın hədiyyəsi Cəbrayılda tikilən məktəbdir. Türkmən qardaşlarımızın hədiyyəsi – bu gün təməli qoyulan Füzuli məscididir. Qardaş Türkiyənin şirkətləri bir çox tunellər, körpülər, yollar inşa edir. Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq.

Prezident İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana səfəri zamanı mətbuata bəyanat verib.Sentyabr...
05/10/2025

Prezident İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana səfəri zamanı mətbuata bəyanat verib.

Sentyabrın 30-da Prezident İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana səfəri zamanı mətbuata bəyanat verib.
Dövlət başçısı bildirib ki, İtaliya Prezidenti Azərbaycanda ikinci dəfədir. Birinci rəsmi səfər 7 il bundan əvvəl baş vermişdir. Bugünkü səfər onu göstərir ki, İtaliya-Azərbaycan əlaqələri çox uğurla inkişaf edir və biz əsl strateji tərəfdaşlarıq. Bizim görüşlərimiz tez-tez baş verir. Keçən il mən Prezident Mattarellanın qonağı idim və görüş zamanı onu Azərbaycana yenidən rəsmi səfərə dəvət etdim.
Bizim aramızda iki strateji tərəfdaşlıq sənədi var. Birinci sənəd 2015-ci ildə imzalanmışdır. İkinci sənəd - Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə isə 5 il bundan əvvəl imzalanmışdır. Bu illər ərzində münasibətlərimiz çox sürətlə və müxtəlif istiqamətlər üzrə inkişaf edib. Siyasi əlaqələr ən yüksək səviyyədədir. Qeyd etdiyim kimi, biz tez-tez görüşürük. İqtisadi sahədə İtaliya bizim üçün birinci ticarət tərəfdaşıdır və ildən-ilə ticarət dövriyyəmiz artmaqdadır. Energetika sahəsində bir çox önəmli layihələr icra edilmişdir. Xüsusilə Azərbaycan neftini və qazını İtaliyaya ixrac etməklə biz dünya bazarlarına geniş həcmdə öz təbii resurslarımızı göndərə bilmişik. Eyni zamanda, bir çox ölkələrin enerji təhlükəsizliyinə də öz töhfəmizi vermişik.
Bu gün Prezident Mattarella ilə söhbət əsnasında onun keçən səfərini xatırladıq. O vaxt TAP layihəsinin icrası məsələsi gündəlikdə idi. Müxtəlif problemli məqamlar mövcud idi və Prezident Mattarellanın səfərdən sonra şəxsən bu məsələyə müdaxilə etməsi, bu məsələnin tənzimlənməsi imkan verdi ki, TAP layihəsi uğurla icra edildi. 2020-ci ildən başlayaraq bu layihə vasitəsilə İtaliyaya Azərbaycan qazı ixrac edilir. Bu gün Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan 14 ölkəyə təbii qazı ixrac edir. İldən-ilə bizim əhatə dairəmiz artır və bu gün boru kəmərləri ilə ixrac edilən təbii qazın coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir. Azərbaycan nefti İtaliyanın neft balansında birinci yerdə, Azərbaycan qazı isə ikinci yerdədir. Yəni, bu əməkdaşlıq həm güclü tərəfdaşlıqdan xəbər verir, həm də biz uzun illər etibarlı tərəfdaşlar kimi bir-birimizi dəstəkləmişik. Əgər bu səmimi münasibətlər olmasaydı, qarşılıqlı inam olmasaydı, bu layihələrin həyata keçirilməsi mümkün olmazdı.
Mən Prezident Mattarellaya bu gün məlumat verdim ki, biz hazırda Avropa İttifaqı ilə elektrik enerjisinin ixracı üzrə işləyirik. Elektrik xətlərinin çəkilməsi ilə bağlı texniki-iqtisadi əsaslandırma hazırlanmaqdadır. Yəqin ki, yaxın vaxtlarda hazır olacaq. Beləliklə TAP-ın və Cənub Qaz Dəhlizinin açdığı yol bu gün daha böyük layihələrə yol açır. Elektrik enerjisi, o cümlədən Xəzərin dibi ilə Orta Asiyadan Azərbaycana və ondan sonra Avropa məkanına ötürüləcək elektrik enerjisi bizim əməkdaşlığımızın həcmini daha da artıracaq.
Keçən dəfə Prezident Mattarella Azərbaycanda səfərdə olanda biz birlikdə Sumqayıtda İtaliya şirkətləri tərəfindən inşa edilmiş böyük bir sənaye müəssisəsinin açılışında iştirak etdik. Bu səfər zamanı isə sabah İtaliya-Azərbaycan Universitetinin açılışını qeyd edəcəyik. Yəni, bu dinamika, bu əməkdaşlıq çərçivələrinin genişləndirilməsi ilk növbədə bizim səmimi münasibətlərimizdən xəbər verir. Yəni, energetika, sənaye sahəsindəki əməkdaşlıq humanitar sahədəki əməkdaşlığa da yol açdı. Artıq İtaliya-Azərbaycan Universitetində yüzlərlə tələbə oxuyur və bu, bizim üçün yeni bir təhsil ocağı olacaq. Burada təhsil alan və alacaq tələbələr həm yüksək biliklərə malik olacaqlar, eyni zamanda, təbii olaraq İtaliyanın Azərbaycandakı, Azərbaycanın İtaliyadakı elçilərinə çevriləcəklər. Yəni bu, bizim dostluğumuzu daha da gücləndirəcək.
Biz, həmçinin Avropa İttifaqı-Azərbaycan əlaqələri haqqında danışdıq. İtaliya hər zaman Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafına dəstək vermişdir, bu gün də biz bunu hiss edirik və son vaxtlar Avropa İttifaqı-Azərbaycan əlaqələrində də müsbətə doğru addımlar atılır. Bu da bizi təbii olaraq məmnun edir.
Bir sözlə, bizim strateji tərəfdaşlığımız həm rəsmi sənədlərdə, həm həyatda, praktik işlərdə özünü büruzə verir. Hesab edirəm ki, bir-birindən uzaqda yerləşən ölkələr arasındakı münasibətlərin qurulması bizim timsalımızda bir örnək ola bilər.
İtaliya-Azərbaycan Universitetinin yaradılması təşəbbüsü 2020-ci ildə Prezident İlham Əliyev tərəfindən İtaliyaya dövlət səfəri zamanı irəli sürülüb. Layihəni həyata keçirmək üçün ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi - Luiss Guido Carli Universiteti, Sapienza Universiteti, Turin Politexnik Universiteti, Bolonya Universiteti və Milan Politexnik Universiteti arasında 2022-ci ildə akademik əməkdaşlıq sazişləri imzalanıb.
İtaliya-Azərbaycan Universiteti binalarının təməli 2022-ci ildə hər iki ölkənin xarici işlər nazirlərinin iştirakı ilə Bakıda qoyulub. Universitetə tələbə qəbulu 2023-cü ildən magistr səviyyəsində həyata keçirilir. Hazırda burada tədris olunan 8 bakalavr və 2 magistr proqramında 538 tələbə bakalavr, 102-si isə magistr səviyyəsində təhsil alır. İxtisaslardan 3-ü ikili diplom proqramıdır. Tədris proqramları elektrik və elektronika mühəndisliyi, memarlıq, interyer və kommunikasiya dizaynı, şəhərsalma, kənd təsərrüfatı və qida texnologiyaları, heyvandarlıq və müxtəlif menecment ixtisaslarını əhatə edir. Bakalavr və magistr proqramlarından əlavə, peşəkarlar üçün mütəmadi ixtisasartırma və sertifikat proqramları da həyata keçirilir.
Tədris korpuslarında sinif otaqları ilə yanaşı, müasir texnologiyalara əsaslanan, İtaliyanın Bolonya Universiteti və Milan Politexnik Universiteti ilə birgə qurulmuş 6 tədqiqat və 7 tədris məqsədli laboratoriya da fəaliyyət göstərəcək. Burada memarlığa aid materiallardan ibarət kitabxana, şəhərsalma, landşaft və foto-video studiyaları, müxtəlif dizayn emalatxanaları yerləşir. Yeni binalarda qurulmuş tədris emalatxanası isə dərslərin praktiki tədrisi üçün bir məkandır. Burada müxtəlif növ materiallarla işləmək üçün texnoloji və rəqəmsal imkanlar yaradılıb.
Tədris korpusunda yerləşən “bazar meydanı” isə Azərbaycanın tarixi “İpək Yolu”nun bir hissəsi olduğunu əks etdirir. Universitetin tələbələri və müəllimləri ildə bir dəfə burada bir araya gələrək öz layihələri ilə yarışacaq və onları biznes mühitinə təqdim edəcəklər. Bu sərgilər yerli və beynəlxalq səviyyədə universitet-sənaye-dövlət arasında üçtərəfli əməkdaşlığa xidmət göstərəcək.
Bu layihənin icrası ölkələrimiz arasında humanitar sahədə əməkdaşlığın yüksək səviyyəsinin göstəricisi olmaqla səmimi münasibətlərimizdən xəbər verir. Bu, həmçinin İtaliya təcrübəsindən istifadə etməklə Azərbaycan təhsilinin inkişafına töhfədir.

04/10/2025
4 Oktyabr - Cəbrayıl şəhəri günüdür. Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən i...
03/10/2025

4 Oktyabr - Cəbrayıl şəhəri günüdür.

Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət idi.
İşğal nəticəsində Cəbrayıl rayonuna 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. 1050 kv km-i əhatə edən 52000 nəfər əhalisi olan rayon ərazisi və bu ərazidəki 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd ermənilərin işğalına məruz qalaraq vəhşicəsinə dağıdıldı. I Qarabağ müharibəsində Cəbrayıl rayonundan 362 nəfər şəhid, 191 nəfər əlil olub. 6 nəfər rayon sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Cəbrayıl rayonunun ərazisi sement, mərmər, mişar daşı və digər qiymətli tikinti materialları ilə zəngindir. Dəmir filizi, hətta neft yataqlarının olduğu da məlumdur. İşğaldan əvvəl əhali əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq, baramaçılıqla məşğul olurdu. Elmin, mədəniyyətin, maarifin inkişafı yüksək səviyyəyə çatmışdı. Rayonda 510 çarpayılıq xəstəxanalarda 92 həkim, 432 orta ixtisaslı tibb işçisi, 72 məktəbdə 1660 nəfərdən çox müəllim, 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 10 mədəni çadır və avtoklub, 78 kitabxana və 1 muzeydə 508 mədəniyyət işçisi çalışırdı. Rayonun tarix-diyarşünaslıq muzeyində 20 mindən yuxarı eksponat vardı. Rayonda 8 sənaye müəssisəsi, 42 kolxoz, iri və xırda buynuzlu mal-qaranın kökəltmə birliyi, quşçuluq fabriki fəaliyyət göstərirdi.
Dağtumas kəndinin yaxınlığında yerləşən “Divlər Sarayı” mağarası, Qalacıq kəndindəki “Məscid Təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları, Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələri kimi arxeoloji, Doğtumas kəndindəki “Başıkəsik Gümbəz”, Sirik kəndindəki “Qala”, Diri dağındakı “Qız qalası”, Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki “Sultan Məcid hamamı”, Şıxlar kəndindəki “Dairəvi Türbə”, Xubyarlı kəndindəki “Dairəvi” 8 guşəli türbələr və məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri işğal zamanı məhv edilmiş və ya dağıntıya məruz qalmışdır.
Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, o cümlədən qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmışlar.
5 yanvar 1994-cü il tarixində Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlı kəndi işğaldan azad edilmişdi. Strateji yüksəkliklər işğalçılardan azad olunandan sonra Cocuq Mərcanlıya həyatın qayıtması artıq mümkün olmuşdur. Cocuq Mərcanlıya qayıdış Böyük Qayıdışın başlanğıcı idi. 2016-cı il aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi də işğaldan azad edilmişdi.
2020-ci il 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktyabr tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad etmişdir. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 90 kənd işğaldan azad edildi.
Düşmən Cəbrayıl ərazisində bir neçə xətdən ibarət istehkamlar qurmuşdu və bu istehkamları yarmaq çox böyük qəhrəmanlıq və fədakarlıq tələb edirdi. Cəbrayıl əməliyyatının əhəmiyyəti, eyni zamanda, ondan ibarət idi ki, Cəbrayıl azad olunandan sonra o vaxt işğal altında olan digər rayonlara uğurlu əks hücumumuz mümkün olmuşdur. Cəbrayıldan sonra Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Üstəlik, Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü.
2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalı təsis edildi. Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22797 hərbi qulluqçusu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltmasının böyük tarixi və siyasi əhəmiyyəti vardır.
Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 4 oktyabr Cəbrayıl şəhəri günü kimi müəyyən olub.
Prezident İlham Əliyevin 2021-ci il 4 oktyabr tarixli Fərmanına əsasən İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılıb. Sənaye parkının əsas fəaliyyət istiqaməti kimi Parkda logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələrinin yaradılması planlaşdırılır. Sözügedən layihə 200 hektarı əhatə edən böyük bir layihədir. Hazırda investisiya portfeli 140 milyon manat olan 18 sahibkarlıq subyekti rezident, 4 sahibkar isə qeyri-rezident kimi qeydiyyatdan keçib.
2021-ci il 4 oktyabr tarixində Cəbrayıl yarımstansiyasının istifadəyə verilməsi önəmli hadisələrdəndir. Həmçinin “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cəbrayıl rayonunun Soltanlı, Sarıcallı, Maşanlı, Böyük Mərcanlı və Karxunlu kəndlərinə xarici elektrik təchizatının yaxşılaşdırılması məqsədilə yeni layihə həyata keçirilir.
Cəbrayıla gələn vətəndaşlar rahat gələcək və buradan keçən Zəngəzur dəhlizindən istifadə edəcəklər. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu Qarabağ və Şərqi Zəngəzur ərazisində icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq 10 yol infrastrukturu layihələrindən biridir. Həmin avtomobil yolu işğaldan azad edilmiş Füzuli, Cəbrayıl və Zəngilan rayonlarının ərazisindən keçir və hazırda inşası aparılan Əhmədbəyli-Füzuli-Şuşa, Şükürbəyli-Cəbrayıl-Hadrut və Xudafərin-Qubadlı-Laçın avtomobil yolları başlanğıcını məhz bu yoldan götürür. Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu işğaldan azad edilmiş Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindən keçir. Avtomobil yolu Hadrut qəsəbəsi və Cəbrayıl şəhəri də daxil olmaqla həmin rayonların 20-yə yaxın yaşayış məntəqəsini əhatə edəcək.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 25 iyul tarixli Qərarı ilə “Cəbrayıl şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiq edilmişdir. Şəhərin bərpası və inkişafı üçün 4 mərhələ nəzərdə tutulur. 2026-cı ilin sonunadək təqribən 3 800 nəfərin şəhərdə yerləşəcəyi qeyd olunur, 2040-cı ilin sonuna qədər Cəbrayıl şəhərində 15 000 sakinin yaşayacağı proqnozlaşdırılır. Baş planda yaşayış üçün 143 hektar ərazi ayrılıb və burada az, orta mərtəbəli binaların, həyətyanı sahəyə malik fərdi yaşayış evlərinin inşası nəzərdə tutulub. Əhalinin 82%-nin orta və azmərtəbəli çoxmənzilli binalarda, 18%-nin isə fərdi evlərdə yaşayacağı planlaşdırılıb. Yaşayış evlərinin layihələndirilməsi zamanı şəhər ərazisindən səmərəli istifadə və müasir memarlıq həlləri əsas götürülüb.
Böyük Mərcanlı kəndi - 2040-cı ilədək 6230 nəfər əhali üçün 1074 fərdi ev və bir neçə mərtəbəli yaşayış binaları layihələndirilib. Böyük Mərcanlı kəndində əhalinin tələbatına uyğun olaraq iki məktəb və beş uşaq bağçası inşa olunacaq. 2026-cı ilədək dövrü əhatə edən "Böyük Qayıdışa dair I Dövlət Proqramı”na müvafiq olaraq, birinci mərhələdə layihələndirilən ərazinin sahəsi 41 hektardır. Bu mərhələdə Böyük Mərcanlıya 542 nəfərin köçürülməsi üçün 149 fərdi ev tikiləcək. İnşa ediləcək evlər iki, üç, dörd və beş otaqlı olacaq.
Karxulu kəndi - 2040-cı ilədək kəndin layihələndirilən ərazisi 313 hektar təşkil edir və bu müddət ərzində kənddə 4428 sakin üçün 940 fərdi ev və bir neçə mərtəbəli bloklu evlərin layihələndirilməsi, eləcə də tikintisi nəzərdə tutulur. Kənddə inzibati bina, klub-icma, ailə və idman sağlamlıq mərkəzləri, ticarət və məişət xidməti binası, kiçik sahibkarlıq obyektləri inşa olunacaq. Bundan başqa, Baş plana müvafiq olaraq, kənddə əhalinin tələbatına uyğun iki tam orta məktəb və dörd uşaq bağçası tikiləcək. 2026-cı ilədək dövrü əhatə edən “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na müvafiq olaraq, birinci mərhələdə layihələndirilən ərazinin sahəsi isə 125 hektardır. Bu mərhələdə 691 sakin üçün 145 fərdi evin layihələndirilməsi və tikintisi nəzərdə tutulub.
Sarıcallı kəndi - Baş planda kəndin ümumi sahəsi 330 hektar təşkil edir. 2040-cı ilədək 4740 nəfər əhali üçün 1185 fərdi evin və bir neçə mərtəbəli bloklu binaların layihələndirilməsi nəzərdə tutulur. Burada inzibati bina, klub-icma, ailə və idman sağlamlıq mərkəzləri, ticarət və məişət xidməti binası, yanğınsöndürmə deposu, aqrotexniki park, mərasim evi, kənd bazarı, kiçik sahibkarlıq obyektləri tikiləcək. Bundan başqa, əhalinin tələbatına uyğun iki tam orta məktəb və 4 uşaq bağçasının layihələndirilməsi də nəzərdə tutulur. 2026-cı ilədək dövrü əhatə edən “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na müvafiq olaraq, birinci mərhələdə layihələndirilən ərazinin sahəsi isə 104 hektardır. Bu mərhələdə kəndə 1016 sakinin köçürülməsi üçün 242 fərdi ev inşa olunacaq.
Maşanlı kəndi - Kəndin 2040-cı ilədək layihələndirilən ərazisi 157,54 hektar olacaq. Həmin müddətdə kənddə 2360 sakin üçün 590 fərdi evin layihələndirilməsi, eləcə də tikintisi nəzərdə tutulub. Kənddə əhalinin məşğulluğunun təmin edilməsi üçün də hər cür şərait yaradılacaq. Baş plana əsasən, kənddə tam orta məktəb üçün bina və iki uşaq bağçasının tikintisi nəzərdə tutulub. “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən burada məskunlaşacaq əhalinin yaşayış yükü nəzərə alınaraq, kəndin salınmasının birinci mərhələsi üçün 50 hektar yer ayrılıb. Bu mərhələdə 944 sakin üçün 236 fərdi ev tikiləcək.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət ilk köç karvanı 2024-cü ilin 26 sentyabr tarixində Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu vaxta kimi Cəbrayıla 659 ailə - 2856 nəfər köçürülüb.
Cəbrayıl yaşayış kompleksinin ümumi sahəsi 7,9 hektardır. Kompleks 7-si beşmərtəbəli və 26-sı dördmərtəbəli olmaqla 33 yaşayış binasından ibarətdir. Bu binalarda ümumilikdə 712 mənzil var. Onlardan 8-i birotaqlı, 136-sı ikiotaqlı, 8-i ikiotaqlı studio tipli, 392-si üçotaqlı, 168-i isə dördotaqlıdır. Birotaqlı mənzillərin sahəsi 45-50 kvadratmetr, ikiotaqlı mənzillərin sahəsi 55-90 kvadratmetr, ikiotaqlı studio tipli mənzillərin sahəsi 98-100 kvadratmetr, üçotaqlı mənzillərin sahəsi 90-108 kvadratmetr, dördotaqlı mənzillərin sahəsi isə 110-120 kvadratmetr təşkil edir. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, qaz plitəsi, kombi isitmə sistemi, su, qaz və elektrik sayğacları ilə təchiz olunmuş şəkildə vətəndaşlara təhvil verilir.

Address

Ağdaş
Agdash

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 14:00

Website

Alerts

Be the first to know and let us send you an email when Qaradağlı kənd Klubu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share