08/01/2026
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib.
Dövlət başçısı bildirib ki, bizim görüşlərimiz ənənəvi xarakter daşıyır. Hər ilin əvvəlində görüşərək Azərbaycan ictimaiyyətinə sizin vasitənizlə ilin yekunları ilə bağlı həm məlumat verilir, həm də ki, öz fikirlərimi bir də bölüşmək üçün imkan yaranır.
Keçən il doğrudan da tarixi il sayıla bilər. Çünki məhz keçən 2025-ci ildə Ermənistan-Azərbaycan müharibəsinə siyasi nöqteyi-nəzərdən son qoyuldu və artıq biz bir neçə aydır ki, sülh şəraitində yaşayırıq. Müstəqillik əldə ediləndən sonra, hətta ondan da əvvəl Azərbaycan xalqı və dövləti müharibə şəraitində yaşamışdır. Müharibənin fəal mərhələsi, atəşkəs mərhələsi, İkinci Qarabağ müharibəsi, antiterror əməliyyatı, ondan sonrakı dövr və bütün bu hadisələrə keçən ilin avqustunda son qoyuldu. Yəni Azərbaycan döyüş meydanında əldə etdiyi parlaq Qələbəyə siyasi müstəvidə, dünyanın bir nömrəli ofisində siyasi möhür vurdu. 2025-ci ili ölkəmiz üçün, xalqımız üçün çox uğurlu və tarixi il saymaq olar və əminəm ki, bundan sonra Azərbaycan xalqı sülh şəraitində yaşayacaq. Biz artıq cəmi beş ay bu şəraitdə yaşamağımıza baxmayaraq, bunun bəhrəsini görürük - həm siyasi, həm iqtisadi müstəvidə. Cəmiyyətdə mövcud olan xoş əhvali-ruhiyyə, sabitliyə və təhlükəsizliyə olan inamın artması, bütün bu amillər, əlbəttə, bizə imkan verir ki, uğurla irəliyə addımlayaq və ölkə qarşısında duran bütün vəzifələri bundan sonra da həll edək.
Sirr deyil ki, Azərbaycan dövlət müstəqilliyini qazandıqdan sonra Amerika-Azərbaycan əlaqələrinin üzərində bir qara bulud kimi mənfur 907-ci düzəliş, necə deyərlər, fırlanırdı və Azərbaycan gənc, müstəqil ölkə olmasına baxmayaraq, Amerika kimi dünya miqyasında bir nömrəli dövlətlə lazımi səviyyədə münasibətlər qura bilməmişdi. Azərbaycan tərəfindən belə cəhdlər dəfələrlə göstərilmişdir. Mövcud məhdudiyyətlər, xüsusilə Ermənistan-Azərbaycan müharibəsinin davam etməsi Amerikadakı söz sahiblərinə imkan vermirdi ki, Azərbaycanla genişmiqyaslı münasibətlər qurulsun. Artıq bu məhdudiyyət də yoxdur və bunun təbii ki, iki əsas səbəbi var: birincisi, Ermənistan-Azərbaycan müharibəsinin rəsmən sona çatması, ikincisi, Amerikada Prezident Tramp administrasiyasının hakimiyyətdə olması. Təbii ki, Azərbaycan kimi bölgədə güclü potensialı və nüfuz dairəsi olan ölkə ilə əməkdaşlıq Amerika Birləşmiş Ştatları üçün də önəmlidir. Bizim üçün də. Ağ Evdə Prezident Tramp mənim orada iştirakımla keçirilən mərasimdə 907-ci düzəlişə son qoydu, bunu aradan qaldırdı. Amma xüsusilə mənim iştirakımla Prezident tərəfindən atılan bu addım, təbii ki, rəmzi məna daşıyır.
Zəngəzur dəhlizinin açılması artıq Amerika Prezidenti tərəfindən də təsdiqlənmişdir.
Artıq mən də əminəm, Azərbaycan vətəndaşlarında şübhə yoxdur ki, Zəngəzur dəhlizi açılacaq. Onun adı fərqli ola bilər, amma mahiyyət dəyişmir.
Azərbaycanla Amerika arasındakı əlaqələr çox praktik və nəticəyə hesablanmış istiqamətdə cərəyan edir.
Dediyim bu məsələlər işlərin xronologiyasıdır. Bu, ictimaiyyətə açıq olan tərəfdir. Amma, eyni zamanda, bu gün çox fəal diplomatik hərəkət var. Ümidlərimiz böyükdür, nəticələr də kifayət qədər təsirlidir. Ona görə bu nöqteyi-nəzərdən 2025-ci ili təbii ki, çox uğurlu və tarixi il saymaq olar.
AXC-Müsavat hakimiyyəti, ümumiyyətlə, peşəkarlardan ibarət deyildi, əksinə, çox təsadüfi insanlar hakimiyyəti zəbt etmişdilər və faktiki olaraq Azərbaycanı məhvə doğru aparırdılar.
Əlbəttə ki, bu düzəliş bizə qarşı tətbiq olunanda bu, çox böyük ədalətsizlik, eyni zamanda, ovaxtkı Azərbaycan rəhbərliyinin buna laqeyd yanaşması idi. Azərbaycan diplomatiyasına rəhbərlik edən insanlar heç bir dildə danışa bilmirdilər, hətta Azərbaycan dilində düz-əməlli danışa bilmirdilər və heç bir təcrübəsi olmadan, yəni hansısa diplomatiyaya, siyasətə aid olmayan sahələrdən gətirilərək bu mühüm vəzifələrə təyin olundular.
Ondan cəmi bir il sonra xalqın tələbi ilə hakimiyyətdən biabırcasına getməyə məcbur oldular. Ona görə bax, bu iki amil önəmli rol oynamışdır. Əgər Azərbaycan o vaxt öz haqq sözünü Amerika rəhbərliyinə çatdıra bilsəydi, əgər mübarizə aparsaydı, onda bəlkə də Konqresdə erməni lobbisi tərəfindən təşkil edilmiş bu məsələyə Amerika administrasiyası başqa prizmadan da baxa bilərdi. Hər halda Konqres müstəqil orqan olsa da, xarici siyasətlə bağlı olan məsələləri bir çox hallarda Prezident Administrasiyası ilə müzakirə edir. Məndə olan məlumata görə, o vaxt Azərbaycanda hakimiyyətdə olanlar heç bilmirdilər ki, gündəlikdə belə bir məsələ var, belə bir qanun qəbul olunacaq və Azərbaycana qarşı bu ədalətsiz düzəliş tətbiq ediləcək.
Biz uzun illər çalışırdıq ki, 907-ci düzəlişi ləğv etdirək. Tramp administrasiyası hakimiyyətə gəldi və vəziyyət tamamilə dəyişdi.
Böyük əhəmiyyət daşıyan hadisələrdən biri də bizim Çinlə olan strateji tərəfdaşlığımızdır. Keçən il mənim Çinə dövlət səfərim zamanı Hərtərəfli strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanmışdır və bu da çox böyük uğur sayıla bilər. Çünki Çin də dünyada aparıcı ölkələrdən biridir və bu siyasi çərçivə, siyasi platforma, əlbəttə ki, bizim uğurlu diplomatiyamızın təzahürü sayıla bilər.
Biz D-8 təşkilatına üzv olduq. Mən bunu da çox böyük nailiyyət kimi qiymətləndirirəm. Çünki bu təşkilat 30 ilə yaxındır ki, yaradılmışdır və yarandığı gündən yeni üzv qəbul etməmişdir. Ona görə bu günə qədər adı da D-8-dir. Yeganə yeni üzv Azərbaycan olmuşdur.
Xarici siyasətlə bağlı digər önəmli nailiyyət Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzv seçilməyimizdir. Bu da nadir hadisə sayıla bilər. Çünki təbii ki, coğrafi nöqteyi-nəzərdən biz Mərkəzi Asiyada yox, Cənubi Qafqazda yerləşirik.
Bağlantılar, nəqliyyat, logistika bu gün bir çox aparıcı beynəlxalq aktor üçün böyük önəm daşıyır və burada Mərkəzi Asiyanı Qərblə coğrafi nöqteyi-nəzərdən birləşdirə biləcək yeganə etibarlı ölkə Azərbaycandır.
İşğaldan azad edilmiş rayonlarımız beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilib.
Bir çox xarici səfərlərim olub, səhv etmirəmsə, 20-yə yaxın, bəlkə də çox. Bir çox xarici dövlət, hökumət başçıları Azərbaycana gəlmişlər. Ölkəmizdə beynəlxalq tədbirlər keçirilmişdir. Onların arasında təbii ki, Xankəndidə keçirilən ECO Zirvə Görüşünü qeyd etməliyəm.
Qəbələdə Türk Dövlətləri Təşkilatının Zirvə Görüşünü də xüsusilə qeyd etməliyəm. Bu, bir daha Türk dünyasının birliyini əks etdirən bir Zirvə idi və bildiyiniz kimi, bizim təşəbbüsümüzlə qeyri-rəsmi Zirvə görüşləri də keçirilməyə başlamışdır. Birinci qeyri-rəsmi Zirvə Şuşada keçirilmişdir, rəsmi Zirvə Qəbələdə və bu ənənəni indi digər ölkələr də davam etdirirlər. Artıq qeyri-rəsmi Zirvə Görüşü Macarıstanda keçirilmişdir.
Bizim böyüklüyümüz, müdrikliyimiz, məsuliyyətimiz göz önündədir.
Biz gücümüzü, o cümlədən hərbi gücümüzü artırırıq.
Biz Türkiyə ilə rəsmi müttəfiqlik formatında əməkdaşlıq edirik, o cümlədən hərbi müttəfiqlik, o cümlədən bir-birinə hərbi yardım çərçivəsində. Ancaq yaxşı olardı ki, ailəmiz olan türk dövlətləri bu istiqamətdə də əməkdaşlığa başlasınlar.
Çin ilə əmtəə dövriyyəsi 4 milyard dolları keçib.
Zənnimcə, bizim aramızda imzalanan həmin siyasi sənədlər, - onların sayı isə ikidir və biri haqqında artıq danışmışam, - bu, hərtərəfli strateji tərəfdaşlıqdır, bundan bir il əvvəl isə biz strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə qəbul etmişik.
Çin şirkətləri Azərbaycana fəal şəkildə investisiya qoymağa başlayıb, əvvəllər bu yox idi. Ayrıca investisiya layihələri var idi, amma belə böyük sayda və dövlət strukturları ilə bu cür koordinasiya şəraitində biz bunu müşahidə etmirdik. Yəni bu ondan xəbər verir ki, qarşılıqlı fəaliyyəti genişləndirmək üçün çox ciddi siqnal və impuls verilib.
Çin şirkətləri bərpaolunan enerji mənbələrinə investisiyalar qoyur.
Elektrik, Günəş, külək stansiyalarının tikintisinə başlanılır və bu stansiyaların sayının artırılması üzrə müraciətlər var.
Günəş panellərinin istehsalı üzrə zavodun tikintisinə başlanılıb, elektrik avtobuslarının yığılmasına başlanılıb. Bununla bağlı deməliyəm ki, bu, Azərbaycan tərəfinin strateji qərarı olub, çünki biz təkcə yaşıl energetikanı deyil, həm də yaşıl nəqliyyatı inkişaf etdirmək qərarına gəldikdə, gündəmdə strateji tərəfdaş seçmək məsələsi dayandı və Çin şirkətlərini seçdik.
Nəqliyyat sektorunda fəal əməkdaşlıq fonunda yükdaşımaların əsas artım mənbəyi təbii ki, Çin olacaq.
Çin üçün bu regionda Azərbaycan prioritet tərəfdaşdır.
Bizim ehtiyatlarımız xarici borcu 17 dəfə üstələyir.
Bəli, keçən ilin avqustunda Vaşinqtonda paraflanmış sülh sazişi, əlbəttə ki, investisiyalar üçün, xüsusilə Amerika Birləşmiş Ştatlarından gələn investisiyalardan danışdıqda, böyük imkanlar açır. Biz bunun üzərində fəal işləyirik.
Hədəfimiz, bağlılıqla yanaşı, süni zəka və IT üçün bir haba çevrilməkdir. Potensial, güclü siyasi iradə mövcuddur.
Kibertəhlükəsizlik mərkəzinin yaradılması, mütəxəssislərimizin təlimi ilə bağlı planlarımız və artıq icra olunmuş layihələrimiz var - biz bir çox mütəxəssislərimizi xaricə təlimlərə göndəririk və eyni zamanda, Azərbaycanda təlimlər təşkil edirik - hədəfimiz, bağlılıqla yanaşı, süni zəka və IT üçün bir haba çevrilməkdir.
İqtisadi fəaliyyətimizlə bağlı, ölkəmiz iqtisadi cəhətdən tamamilə müstəqil olduğuna və hər hansı bir dəstəkdən, istənilən kreditdən və ya nədənsə asılı olmadığına görə bugünkü vəziyyət bizi qane edir. Bir neçə il bundan əvvəl mən xarici borcumuzu azaltmaq üçün hökumətin qarşısına vəzifə qoydum və buna nail olduq. Biz borc götürməyi tamamilə dayandırdıq və beynəlxalq maliyyə təsisatları ilə bütün münasibətlərimizi, aktiv münasibətlərimizi bitirdik. İndi bizim xarici borcumuz ÜDM-in 6+ faizini təşkil edərək tarixdə ən aşağı səviyyədədir.
Nəhəng investisiya layihələrini və Qarabağın yenidən qurulmasını nəzərə alsaq, bu, həqiqətən iqtisadiyyatımızın güclü dayanıqlılığını nümayiş etdirir.
İki aparıcı reytinq şirkəti bizim kredit reytinqimizi yenilədi. Bunlar “Moody’s” və “Fitch” şirkətləri idi və burada reytinq investisiya səviyyəsi yenilənərək, proqnoz da sabitdən müsbətə doğru yenilənmişdir.
Əlbəttə ki, bu baxımdan daha çox vəsait regional inkişafa ayrılacaq. Bu gün bizim iki investisiya proqramımız var - biri ənənəvi proqramdır, digəri isə Qarabağ və Şərqi Zəngəzur üçündür.
Bakıda əlavə 10 metro stansiyasının tikintisini nəzərdə tutan proqram qəbul etmişik.
Hamımız yaxşı bilirik ki, yol hərəkəti bu gün həqiqətən də ciddi problemdir. Əvvəlki illərdə biz çox iş görmüşük, 50 tunel, 50-yə yaxın körpü inşa etmişik, yolları genişləndirmişik. Təkcə Bakıda 2500 kilometr yol salınmışdır. Təsəvvür edin, şəhərin daxilində 2500 kilometr yol. Buradan Bakı şəhərinə gedən yolun necə olduğunu çox yaxşı xatırlayırıq. O vaxt cəmi bir yol var idi. Bu sahədə görüləcək işlər hələ çoxdur. Biz artıq Bakıda əlavə 10 metro stansiyasının tikintisini nəzərdə tutan proqram qəbul etmişik.
ÜDM-ə baxsaq görərik ki, 11 ay ərzində 3,2 faiz artım qeydə alınıb, bu da p*s göstərici deyil. Mən, ümumilikdə, iqtisadi inkişafdan razıyam.
Neft hasilatı sabitləşdikdən sonra ÜDM üzrə daha yüksək rəqəmləri görəcəyimizi düşünürəm.
Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bu, həmişə bizim siyasətimizin ana xəttini müəyyən edən istiqamətdir.
Biz strateji inkişafla bağlı tam və aydın mənzərəyə sahibik.
Biz bir neçə ildir ki, özünüməşğulluq proqramı ilə məşğuluq, əgər belə demək mümkündürsə və 100 mindən çox insan bu proqramla əhatə olunub.
Son illərdə 16 min şəhid ailəsinə və müharibə əlilinə, onların ailələrinə dövlət tərəfindən mənzillər verilmişdir.
Burada da Azərbaycan qədər bu sahəyə diqqət yetirən ikinci ölkə yoxdur.
Son 20 il ərzində Azərbaycanda 3 min 600 məktəb, yüzlərlə xəstəxana tikilib və əsaslı təmir edilib. Yəni bu, bizim siyasətimizin, o cümlədən iqtisadi siyasətin ayrılmaz hissəsidir və yenə də deyirəm, iqtisadiyyatımız nə qədər artsa, ilk növbədə o qədər də sosial məsələlərə diqqət yetiriləcək və maliyyə ayrılacaq.
İlk növbədə işğal olunmuş ərazilərdə bölgələr arasında bağlantı yaratdıq və daha sonra həmin bölgələrin ölkəmizin digər əraziləri Gəncə-Qərb, Tərtər-Bərdə-Bakı, Füzuli-Biləsuvar-Cənub istiqamətləri üzrə bağlantının yaranması üzərində işlədik.
Enerji sistemi - dairəvi enerji sistemi quruldu və bu gün mərkəzdən oraya yox, oradan mərkəzə enerji daxil olur.
Çünki biz beş il ərzində 307 meqavat gücündə su elektrik stansiyaları yaratmışıq və əlbəttə ki, azad edilmiş bölgələrdə istehlak qat-qat aşağıdır. Ona görə biz bu dairəvi sistemi yaratmaqla bu gün enerji axınını ölkə üzrə lazımi səviyyədə bölə bilərik.
Yol-nəqliyyat infrastrukturu sürətlə inkişaf edir.
Bax, indi ağır hava şəraitində yollar, körpülər, misalçün, 70 kilometr uzunluğunda tunellər inşa edilir. Onların böyük əksəriyyəti başa çatıb. İlk növbədə, bu bölgə dəmir yolları - Bərdə-Ağdam, indi Ağdam-Xankəndi, avtomobil yolları, magistral, - yəni Zəngəzur dəhlizi öz yerində, - amma, eyni zamanda, Cəbrayıl, Hadrut, Laçın, Kəlbəcər bir-biri ilə bağlı olmalı idi.
Bütün o bölgəni bir-biri ilə bağlamaq bizim əsas vəzifəmizdir. Bu bölgəni Azərbaycanın digər bölgələri ilə, - Kəlbəcər vasitəsilə Gəncə-Qərb istiqaməti, Tərtər-Bərdə-Bakı istiqaməti, Füzuli-Biləsuvar-Cənub istiqaməti ilə əlaqələndirməklə, ölkədə bağlantılar daha etibarlı olacaq, yola sərf olunan vaxt qısalacaq. Hamımız yaxşı bilirik ki, insanlar adətən yaşadıqları bölgələrdə yaşayırlar. Ancaq o bağlantılar - dəmir yolu, avtomobil yolları olan zaman, gələcəkdə hava yollarının istifadəsi ilə insanlar da ölkə daxilində miqrasiya edə bilərlər. Şərt deyil ki, hamı Bakıya gəlsin. Əksinə, bu gün, məsələn Xankəndi kimi şəhərə Bakıdan, Naxçıvandan, başqa yerlərdən gəlirlər. Xankəndi və Ağdam azad edilmiş bölgələrin əsas şəhərləri olacaq.
Bərpa olunmuş rayonlarımızda bu gün artıq 70 min insan yaşayır.
İnfrastruktur layihələri icra edildikcə təbii ki, evlərin tikintisinə daha böyük vəsait veriləcək. Amma hər şey ardıcıllıqla, Baş plan əsasında edilir.
Biz əslində bu dəhlizi İkinci Qarabağ müharibəsindən bir neçə ay sonra icra etməyə başlamışıq.
2021-ci ilin əvvəlində artıq o dəmir yolunun təməli də qoyuldu.
Bizim Ermənistan sərhədinə gedən yollarımız - həm dəmir yolu, həm avtomobil yolu demək olar ki, tezliklə hazır olacaq.
Yol Naxçıvandan iki istiqamət üzrə davam edəcək. Bir istiqamət Türkiyə-Avropa, bir istiqamət isə İran, Fars körfəzi və Yaxın Şərq.
Bizim ərazimizdə Zəngəzur dəhlizi ilə bağlı artıq heç bir problem qalmayıb. Bildiyiniz kimi, keçən il Qars-Naxçıvan dəmir yolunun tikintisi ilə bağlı Türkiyə tərəfi qərar qəbul etmişdir. Beləliklə, Naxçıvandan Qarsa qədər və faktiki olaraq Türkiyənin dəmir yolları şəbəkəsinə tam bağlantı olacaq və bu da çox önəmli layihə sayılmalıdır. Bizim təşəbbüsümüzlə Ağbənd qəsəbəsində Arazın üzərindən körpü də inşa edilir. Yəni bizim o bölgədən Qərb istiqamətinə və Cənub istiqamətinə əslində iki yolumuz olacaq. Biri Zəngəzur dəhlizi - Ermənistan üzərindən, biri isə Araz dəhlizi - İran üzərindən. Bunun da təşəbbüskarı biz olmuşuq. Körpünü biz öz vəsaitimizlə inşa edirik. Hazırda Azərbaycanın əsas hissəsindən Naxçıvana getmək üçün Biləsuvardan uzun yol qət edilməlidir. İndi isə İran ərazisindən Naxçıvana cəmi 45-50 kilometr gediş olacaq. Beləliklə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında iki bağlantı olacaq, biri Ermənistan üzərindən, biri isə İran üzərindən. Biz faktiki olaraq Naxçıvanı, Şərqi Zəngəzuru və Qarabağı bir bölgə kimi birləşdirəcəyik. Naxçıvanın Baş Planı da hazırlanır, həm şəhərin, həm də bütün şəhərlərin. Qarabağda və Şərqi Zəngəzurda gedən quruculuq işlərinə paralel olaraq Naxçıvan Muxtar Respublikasında da istər yaşıl enerji olsun, istər kənd təsərrüfatı, istər suvarma, - indi orada böyük suvarma layihələri icra ediləcək, - istər turizm, bu bölgəni biz birləşdirəcəyik.
Azərbaycanla Ermənistan arasında yollar açılacaq. Türkiyə ilə Ermənistan arasında yollar açılacaq. Ermənistan Naxçıvan vasitəsilə İranın dəmir yollarına, Azərbaycan vasitəsilə Rusiyanın dəmir yollarına çıxış əldə edəcək. Yəni bu, Ermənistan üçün də faydalıdır. Burada uduzan tərəflər olmamalıdır.
Bu beş il ərzində biz ordu quruculuğu ilə fəal şəkildə məşğul olmuşuq və necə deyərlər, qazandığımız uğurlardan arxayınlaşmamışıq.
Güclü tərəfləri gözəl bilərək, eyni zamanda, biz lazım olanları düzəltməklə məşğul olduq. Hərçənd onların sayı az idi. Amma, necə deyərlər, mükəmməlliyin sərhədi yoxdur. Ona görə də bu beş il ərzində Silahlı Qüvvələrimiz təkmilləşirdi. Həmçinin bu beş ildə 2023-cü il hadisələrini və 2022-ci il hadisələrini, məhz Ermənistanın Qarabağı Azərbaycanın ərazisi kimi tanımasını mahiyyətcə müəyyənləşdirən bir neçə mühüm hərbi əməliyyat oldu. Axı, bu, könüllü surətdə baş vermədi. Bu, ona görə baş verdi ki, biz 2020-ci ildən buna siyasi yolla nail olmağa çalışmışıq.
Başqa vasitələrə əl atmaq lazım gələndə biz bunu etdik, amma ölçülü və nəzarətli şəkildə. 2020-ci ilin noyabrından 2023-cü ilin sentyabrına qədər atdığımız heç bir addım kortəbii, emosional və ya reallıqdan kənar deyildi. Hər şey tək bir məqsədə tabe idi: Ermənistanı “Miatsum siyasəti”ni davam etdirməyin fəlakətli olduğuna inandırmaq. Müəyyən dərəcədə bu, uğurlu oldu və 2022-ci ilin oktyabrında Ermənistan Qarabağı rəsmi olaraq Azərbaycanın bir hissəsi kimi tanıdı.
Zənnimcə, bizim İkinci Qarabağ müharibəsindəki Qələbəmiz, - mən bunu bir dəfə demişəm, - həm siyasi, həm də xarakterli çox böyük layları yerindən oynadıb. Yəqin ki, bir çoxları bizim uğurumuzu təkrar etmək istərdi, amma bu, heç kimə müyəssər olmayıb.
Bildiyiniz kimi, mənim Sərəncamımla hələ 20 il bundan əvvəl Müdafiə Sənayesi Nazirliyi yaradılanda, o vaxt biz bunu dövlət inhisarında olan sahə kimi qiymətləndirirdik. Ancaq illər keçdikcə və xüsusilə beynəlxalq təcrübəyə baxdıqda gördük ki, bir çox ölkələrdə aparıcı rollarda özəl şirkətlərdir. Bir də ki, özəl şirkətləri bu işə cəlb etməklə biz dövlət üzərinə düşən yükü də, maliyyə yükünü də azaltmış ola bilərik. Ona görə son iki il ərzində dövlət şirkəti ilə bərabər özəl şirkətlərə də imkanlar verildi. Bu günə qədər 15 şirkətə lisenziya verilib, təbii ki, bu sahə lisenziya tələb edən sahədir. Artıq 7 özəl şirkət hərbi təyinatlı məhsulun istehsalına başlayıb. Əgər biz qoyulan sərmayənin həcminə baxsaq görərik ki, yeni istehsal sahələri yaratmaq və mövcud olanları genişləndirmək üçün 2024-2025-ci illərdə bir milyard manat dəyərində sərmayə qoyulub. Bunun da yarısı özəl sektor tərəfindən qoyulubdur. Yenə də bu sahə ictimaiyyət üçün bir qədər qapalı olduğu üçün geniş məlumat verilmir. Ancaq bu proses çox geniş vüsət alıb.
Keçən il 1,4 milyard manat dəyərində hərbi təyinatlı məhsul istehsal etmişik.
Onun böyük hissəsi Azərbaycan Silahlı Qüvvələrinə verilib, bir hissəsi isə ixrac edilib. Bu gün Azərbaycan 20-yə yaxın ölkəyə hərbi təyinatlı məhsullar ixrac edir.
Təəssüf ki, beynəlxalq hüququn norma və prinsipləri faktiki olaraq işləmir. Azərbaycan isə beynəlxalq hüququn işləməməsinin ilk qurbanlarından biri olmuşdur. Torpaqlarımız işğal edildikdən sonra Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının ərazilərimizdən çıxarılmasını tələb edən dörd qətnamə qəbul etdi. Lakin bu qətnamələr 27 il ərzində kağız üzərində qaldı və əgər biz öz torpaqlarımızı güc yolu ilə azad etməsəydik, onlar əbədi olaraq icrasız qalacaqdı. Bizim müharibəmiz ədalətli müharibə idi və biz öz ərazimizdə vuruşurduq. Biz heç bir başqa ölkəni işğal etməmişik, heç bir ölkəyə hücum etməmişik. Hərbi əməliyyatları BMT Nizamnaməsinin 51-ci maddəsinə, xüsusilə özünümüdafiə hüququna əsaslanaraq həyata keçirmişik.
İkinci Qarabağ müharibəsindən beş il keçdiyini nəzərə alsaq, aydın şəkildə görürük ki, bütün dünya, beynəlxalq ictimaiyyət, o cümlədən aparıcı ölkələr və nüfuzlu beynəlxalq təşkilatlar yeni reallıqları qəbul edib.
Beynəlxalq münasibətlər son dərəcə gözlənilməz şəkildə inkişaf edir.
Biz hər zaman həqiqətə, ədalətə sadiq olmuşuq.
Biz kiminsə naminə azərbaycanlıların həyatını və sağlamlığını riskə atmaq niyyətində deyilik.
Yaxın Şərqdə hansısa fəaliyyətlərdə mümkün iştiraka gəldikdə, ABŞ-ın BMT-dəki səfirliyinin Azərbaycanın razılıq verməsi ilə bağlı bəyanatı bizi təəccübləndirdi.
Bizim təkcə külək enerjisi potensialımız 150 giqavatdan çoxdur. Günəşli günlər də, Allaha şükür, çoxdur, həm Bakıda, həm bütün bölgələrimizdə. Xəzər dənizinin külək enerjisi potensialı kifayət qədər böyükdür.
Qısamüddətli planlarımız 8 giqavat enerji əldə etməkdir. Günəş və külək elektrik stansiyalarının xəritəsi təsdiqlənib, həm quruda, həm də dənizdə, o cümlədən azad edilmiş torpaqlarda. Hazırda bizim əsas vəzifəmiz enerji mənbələrini qəbuletmə imkanlarını genişləndirməkdir.
Nə Cənubi Qafqazda, nə Orta Asiyada, nə yaxın qonşuluqda bizim qədər sərbəst enerji gücü ola biləcək ikinci ölkə yoxdur.
Üçüncü mümkün olan variant, ya da hər bir variant birlikdə də mümkündür, bu, enerjini burada istehlak etməkdir. Burada da yenə də deyirəm, süni intellekt və data mərkəzləri ən çox enerji tələb edən layihələrdir. Yenə də nə Cənubi Qafqazda, nə Orta Asiyada, nə yaxın qonşuluqda bizim qədər sərbəst enerji gücü ola biləcək ikinci ölkə yoxdur.
Yol-nəqliyyat sisteminin idarə edilməsi və mikromobillik, yəni ictimai nəqliyyata üstünlük verilməsi bir çıxış yolu ola bilər.
Bakıda yeni ictimai yerlərin yaradılması çox geniş vüsət alıb.
Mikromobillik, piyadalar üçün daha geniş məkanın verilməsi və bəzi küçələrin ancaq piyadalar üçün təşkili prosesi davam edir və yaxın aylarda ictimaiyyət bunu görəcək. Eyni zamanda, Bakıda yeni ictimai yerlərin yaradılması çox geniş vüsət alıb. Yeni parklar, ictimai zonalar, istirahət zonaları yaradıldıqda mütləq onun nəqliyyat infrastrukturu da paralel olaraq öz həllini tapır.
Təbii ki, dəmir yolları da öz rolunu oynamalıdır. Bu gün Bakı-Sumqayıt dəmir yolu fəal işləyir.
Həcm və coğrafiya baxımından bizim qaz ixracımız artır. Biz indiyədək 11-i müntəzəm əsasda olmaqla, 14 ölkəni qazla təchiz etmişik.
Dünyada heç bir ölkə Azərbaycan kimi bu qədər ölkəni boru kəməri vasitəsilə qazla təchiz etmir.
Şaxələndirilmiş boru kəməri sistemi və etibarlı təchizatçı kimi yaxşı nüfuza, yaxşı siyasi əlaqələrə malik olan Azərbaycanın qazı bir çox ölkələr üçün enerji təhlükəsizliyində mühüm rol oynayır.
Azərbaycan bu gün və gələcək illərdə Avropa istehlakçıları üçün mühüm tərəfdaşdır.
Neft və qazla zəngin olan ölkələrin məsuliyyətinin olması Azərbaycan və digər ölkələr kimi misallarda görünür, çünki onlar, həmçinin yaşıl enerjiyə sərmayə yatırırlar.
İlk növbədə, dil insanları, əhalini birləşdirir. Dil dövlətçiliyin əsas atributlarından biridir, bəlkə də birincisidir, təbii ki, bayraqla, gerblə, himnlə birlikdə.
Biz böyük xalqıq, 10 milyondan çoxu ancaq müstəqil Azərbaycanda yaşayır, amma dünyada 50 milyondan çox azərbaycanlı yaşayır. Yəni bizim dilimiz böyük xalqın dilidir, bunu heç vaxt unutmamalıyıq və bizim dilimiz heç bir dilin kölgəsində ola bilməz.
Biz Azərbaycan dilimizi qorumalıyıq və Azərbaycan dilinin qoruyucusu Azərbaycan dövlətidir.
Mən heç bir dilin əleyhinə deyiləm, hər bir dilə də hörmət edirəm və mən daha çox dil bilsəydim, ancaq xoşbəxt olardım. Ancaq biz Azərbaycan dilimizi qorumalıyıq və Azərbaycan dilinin qoruyucusu Azərbaycan dövlətidir. Dünyada 50 milyon azərbaycanlı yaşayır, amma əzəli, əbədi, ədəbi dili qoruyan bizik və çox istəyirəm ki, xaricdə yaşayan azərbaycanlılar da Azərbaycan dilini mükəmməl bilsinlər.
İnkişaf etmiş ölkələrin inkişafı ancaq zəka, ağıl, təhsil, elmlə bağlıdır.
Bilirsiniz ki, biz artıq struktur dəyişiklikləri də etdik, Elm və Təhsil Nazirliyi yaradıldı. Nə üçün? Çünki faktiki olaraq elm dövlət strukturlarından kənarda qalmışdı. Elmlər Akademiyası təbii ki, artıq uzun illərdir fəaliyyət göstərir və mən də yubiley tədbirlərində iştirak etmişəm.
Son 20 il ərzində Azərbaycanda 10 yeni ali təhsil müəssisəsi, - onların bir neçəsi xarici tərəfdaşlarla birlikdə, - yaradılıb.
Bizim çoxlu istedadlı gənclərimiz var. İndi həm xaricdə, həm də Azərbaycanda təhsil almış çoxlu gənc mütəxəssisimiz var. Müxtəlif dövlət proqramları tətbiq olunur. Onlardan biri də bu “Yüksəliş” proqramıdır. Bu da gəncləri daha çox həvəsləndirmək, təşviq etmək, sonra isə dövlət strukturlarına, özəl strukturlara cəlb etmək üçün çox vacibdir. Vaxtilə mənim göstərişimlə xaricdə təhsil alanlar artıq çoxdan qayıdıblar. Çoxları qayıdıb burada çalışır və görürük ki, məsələn, rəhbər vəzifəsinə müasir, bilikli kadr gələndən sonra vəziyyət tamamilə dəyişir.
Biz daha çox turist cəlb etmək üçün daha fəal olmalıyıq. Bəli, COVID-dən əvvəl bizdə turizm sahəsində kifayət qədər böyük artım var idi. Gələnlərin sayı hər il artırdı, sonra birdən-birə kəsildi. İndi biz həmin rəqəmləri bərpa edirik. Düşünürəm ki, bir neçə meyar Azərbaycanı cəlbedici edə bilər. Birincisi, təbii ki, təhlükəsizlik və sabitlikdir. İkincisi, onun yerləşməsidir. Ölkəmiz həm Asiyaya, həm də Avropaya yaxındır, bir növ onların qovuşduğu yerdədir. Əlbəttə ki, meyarlar sırasında zəngin mədəniyyət, tarixi abidələr, təbiətin müxtəlifliyi, doqquz iqlim tipi və inkişaf etmiş paytaxt var. Bir sözlə, ölkədə çox müsbət mühit, çox pozitiv insanlar var. Azərbaycan xalqı çox mehriban xalqdır. Ölkəmizə ilk dəfə səfər edən qonaqların, demək olar ki, hamısı Bakının gözəlliyi haqqında danışır. Biz müxtəlif tədbirləri təşkil etməklə, bunları yerli səviyyədə və beynəlxalq arenada həyata keçirməyə çalışırıq. Misalçün, yarım milyard auditoriyası olan bir nömrəli idman tədbiri - Formula 1 yarışları təşkil olunur. Artıq on ildir ki, bu yarışlar keçirilir. Turistlərin də sayı ilbəil artır.
Bu il, iki aydan sonra Şahdağda ilk dəfə olaraq Xizəksürmə üzrə dünya çempionatı keçiriləcək. Həmin istirahət guşəsini ən yüksək beynəlxalq səviyyədə inkişaf etdirmək həm də bizim hədəfimizdir. Hazırda enişlərin təxminən 50 kilometri artıq hazırdır. Məsafə, ola bilsin, 55 və ya 60 kilometr olacaq. Dünya çempionatı Şahdağda ilk dəfə keçiriləcək. Ölkəmiz Beynəlxalq Xizək Federasiyasının təqviminə artıq daxil edilib. Azərbaycan cənub ölkəsidir. Çimərliklər buradan uzaqda deyil. Öz həcminə, miqyasına və gözəlliyinə görə nadir olan “Sea Breeze” böyük tikinti layihəsi həyata keçirilir. Dünyanın heç bir yerində buna oxşar layihə yoxdur. Bir məkanda həm mehmanxana, həm əyləncə, həm yaşayış yerləri və digər imkanlar mövcuddur.
Qarabağ və Zəngəzura gəldikdə, bura cənnətdir. Şuşada və Laçında bir sıra mehmanxanalar artıq var. Biri Zəngilanda tikilir.
Planlaşdırdığımız işlər arasında Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni terminalın tikintisi də var.
Struktur islahatlarının aparılması təbii ki, vacibdir.
Bəli, ola bilər, çünki Qarabağ və Şərqi Zəngəzurda artıq yeni üsuli-idarə nəzərdə tutulub və tətbiq edilir. Hesab edirəm ki, bu, özlüyündə daha çevik idarəetmə üçün daha əlverişlidir. Amma yenə də əsas məsələ, kadr məsələsidir.
Qarabağda və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modeli bir gün ölkənin müxtəlif yerlərinə, bəlkə də bütövlükdə ölkəyə tətbiq oluna bilər. Çünki bu da operativ, çevik və daha az məmurun iştirakını tələb edən üsuli-idarə metodudur. Hər halda azad edilmiş ərazilərdə özünü doğruldub, yəni gələcək göstərər.
Bizim cəmiyyətimiz çox gözəl cəmiyyətdir. Ölkədə işlər müsbət istiqamətdə gedir, ölkəmiz dünya arenasında görün, nə qədər böyük uğurlara nail olubdur. Bax, dediyim xarici siyasətlə bağlı olan məsələlər hələ işlərin bir hissəsidir. İqtisadi inkişafla bağlı heç bir narahatlıq yoxdur.
Bəziləri deyirdilər ki, siz gərək reallıqlarla barışasınız. İllər keçdikcə hərbi variantın labüd olması ilə bağlı da məndə heç bir şübhə qalmamışdı.
Hər an ayıq olmalıyıq, güclü olmalıyıq. Hər an öz torpağımızı müdafiə etmək üçün güclü olmalıyıq, hazır olmalıyıq və əminəm ki, bundan sonra heç vaxt bir qarış torpağımız heç kimin tapdağı altına düşməyəcək.
Vətən müharibəsi dövründə torpaq mənim üçün hər azad edilmiş kəndin timsalında, necə deyərlər, ortalığa çıxırdı və hər bir şəhidin şəhid olduğu yer torpaq idi mənim üçün. Hər gün itkilərlə bağlı məlumat alanda hansı hissləri keçirirdim, bunu sözlə demək mümkün deyil. Artıq hamı yaxşı bilir ki, bir neçə dəfə əməliyyatın istiqamətinin dəyişdirilməsi də mümkün ola biləcək böyük itkilərlə bağlı idi ki, bu itkilər olmasın və müharibənin 10 noyabrda dayandırılması da bununla bağlı idi. Müharibə dayanmasaydı, itkilər qat-qat çox olacaqdı. Hər dəfə bayrağımız bir kəndə, şəhərə sancılanda, mənim üçün Azərbaycan məhz o torpaq idi. Nə deyim, noyabrın 8-dən sonra nəzarətdə olmayan torpaq mənim üçün Azərbaycan idi. O torpağı qaytarmaq necə? Bəziləri deyirdilər ki, heç kim imkan verməz. Bəziləri deyirdilər ki, bu qədər iş görmüsünüz də, bəsdir. Bəziləri deyirdilər ki, Sizin adınız tarixə yazılıb da, heç nə lazım deyil. Bir çox şeylər deyilib. Yəni p*s niyyətlə yox. Sadəcə olaraq, bəzi insanlar belə düşünürdü. Mən də düşünə bilərdim ki, indi Şuşa bizdədir, müharibədə qalib gəlmişik, Ermənistanı məğlub etmişik, orada 2000 rus zabiti, əsgəri yerləşib, qalsın sonraya, bəziləri qalsın sonraya. Mən də elə düşünə bilərdim. Amma mənim üçün torpaq o vaxt o idi, Azərbaycan o idi, Xankəndi idi, Xocalı idi. O da artıq azad olundu. İndi, necə deyərlər, torpaq deyəndə, sözün düzü, mən daha çox torpağın keyfiyyətinə baxıram, harada daha münbit torpaq var, harada yaxşı əkin aparmaq olar. Qarabağa gedəndə baxıram, görürəm, orada qara torpaqdır. Deyirəm, nə gözəl məhsuldar torpaqdır. Artıq o torpaq anlayışı, yəni o zədəli, yaralı torpaq anlayışı yoxdur. Bu da yaxşı haldır. Çünki artıq sülh dövrüdür, quruculuq dövrüdür. Biz bu dövrü yaşayırıq. Biz hamımız cəmi beş ay əvvələdək bunu bəlkə də axıra qədər dərk etməmişik: Sülh şəraitində yaşamaq nə deməkdir? Amma, eyni zamanda, yenə də qayıdıram danışdığımız məsələyə. Hər an ayıq olmalıyıq, güclü olmalıyıq. Hər an öz torpağımızı müdafiə etmək üçün güclü olmalıyıq, hazır olmalıyıq və əminəm ki, bundan sonra heç vaxt bir qarış torpağımız heç kimin tapdağı altına düşməyəcək. Bunun üçün həm güc var, həm iradə var, xalqın birliyi var. Güclü Azərbaycan dövləti var.