17/08/2026
Prezident İlham Əliyev avqustun 11-də Naxçıvana səfəri zamanı Azərbaycan Televiziyasına müsahibə verib.
Səfərim və səfər zamanı iştirak etdiyim tədbirlər özlüyündə bir göstəricidir. Bir daha göstərir ki, Naxçıvan Muxtar Respublikası hərtərəfli inkişaf edir. Prezident kimi 17-ci dəfədir ki, Naxçıvana səfər edirəm və hər səfərimin də böyük mənası və gözəl nəticələri vardır. Bu illər ərzində bir çox önəmli layihələr icra olundu. Naxçıvanın ümumi inkişafı təmin edildi. Bugünkü tədbirlər də bir növ görülən işlərin davamıdır və təbii ki, bundan sonra da lazımi qərarlar veriləcək və Naxçıvanın sürətli sosial-iqtisadi inkişafı təmin ediləcək.
Naxçıvanın müdafiə potensialının gücləndirilməsi prioritet məsələdir. Bu istiqamətdə də böyük işlər görüldü və bu gün bayrağın təqdimetmə mərasimində bir daha Naxçıvanın hərbi gücü özünü göstərdi, həm texnika ilə təchizat, - özü də ən müasir texnika ilə, – həm də yeni komando qüvvələrinin yaradılması. Bu da Azərbaycan Silahlı Qüvvələrində son vaxtlar müşahidə olunan mənzərədir.
Naxçıvanda mənim Sərəncamımla Əlahiddə Ordu yaradılmışdır. Bu ordu, təbii ki, Azərbaycan Silahlı Qüvvələrinin ayrılmaz tərkib hissəsidir. Ancaq Naxçıvanın spesifikası, coğrafiyası, Azərbaycanla, Azərbaycanın əsas hissəsi ilə coğrafi bağlantısının olmaması, əlbəttə ki, bu diyarın - muxtar respublikanın təhlükəsizliyinə daha böyük diqqət göstərməyimizə gətirib çıxardı və bu, daim belədir. Ona görə bu, birinci şərtdir. Bu gün Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir. O cümlədən Naxçıvanda hərbi potensial gündən-günə gücləndirilir və gücləndiriləcək.
Digər tədbirlərə gəldikdə, əlbəttə ki, burada xüsusilə iş yerlərinin yaradılması ilə bağlı görülən və görüləcək işləri qeyd edə bilərəm. Bu gün Naxçıvan Sənaye Parkının təməli qoyuldu. Azərbaycanda mənim göstərişimlə bir çox sənaye parkları yaradılmışdır və onların arasında ərazi nöqteyi-nəzərindən Naxçıvan Sənaye Parkı Sumqayıt Sənaye Parkından sonra ikincidir.
Naxçıvanda qazlaşma 100 faizdir. Bununla paralel olaraq, qazlaşmanı apardıq. Artıq neçə ildir ki, - təqribən deyə bilərəm, bəlkə 15 il, bəlkə ondan da çox, - Naxçıvanda qazlaşma 100 faizdir. Azərbaycanda ümumilikdə qazlaşmanın səviyyəsi 96 faizdir, bu da çox böyük rəqəmdir. Ancaq Naxçıvanda bu, artıq 100 faizdir. Yəni bu da enerji təhlükəsizliyinə yönəlmiş bir addım idi. Burada bir çox su və Günəş elektrik stansiyaları, modul tipli elektrik stansiyası inşa edilmişdir. Yəni enerji təhlükəsizliyi fiziki təhlükəsizlikdən sonra ikinci vacib amildir. Bu gün dediyim kimi, həm 300 meqavat gücündə istilik elektrik stansiyasının təməli qoyuldu və 50 meqavat gücündə iki Günəş elektrik stansiyasının tikintisi ilə tanış oldum.
Naxçıvan çox zəngin tarixə və mədəniyyətə, o cümlədən memarlıq mədəniyyətinə malikdir. Digər vacib sahə Naxçıvanın tarixi-mədəni abidələrinin qorunmasıdır. Möminə xatun məqbərəsinin bərpası ilə bağlı görülən işlər bu gün mənə təqdim edildi. Eyni zamanda, digər tarixi-mədəni obyektlərin konservasiyası, qorunması və bərpası nəzərdə tutulur. Möminə xatun məqbərəsinin müəllifi məşhur naxçıvanlı memar Əcəmi Naxçıvaninin şərəfinə abidə ucaldıldı. O abidənin arxasında onun ölməz əsəri Möminə xatun məqbərəsi yerləşir.
Naxçıvan, eyni zamanda, Azərbaycana bir çox görkəmli şəxsiyyətlər bəxş edib. Yəni bu bölgənin zəngin tarixi, bu bölgədə yaşayan insanların mərdliyi, doğma Vətənə bağlılığı və eyni zamanda, Naxçıvanın strateji yerləşməsi və imkanları, burada icra olunan və olunacaq layihələr bu gün təkcə Azərbaycan üçün deyil, – halbuki birinci növbədə Azərbaycan üçün, – geniş coğrafiya üçün böyük əhəmiyyət kəsb edir.
Zəngəzur dəhlizi açılandan sonra artıq Azərbaycandan İrana ikinci dəmir yolu xətti açılacaqdır. Məhz Zəngəzur dəhlizindən Naxçıvana girərək və Culfa dəmiryol məntəqəsindən İrana dəmir yolu var. Yəni bu layihə daha tez reallaşa bilər. Şimal-Cənub nəqliyyat dəhlizi Fars körfəzinə istiqamətləndirilir. Oradan o bölgəyə yaxın olan, məsələn, Pakistana uzana bilər. Yəni bu, çox önəmli bir nəqliyyat layihəsi olacaqdır və bunun mərkəzində Naxçıvan dayanır. Ona görə bu gün strateji nöqteyi-nəzərindən, bundan əvvəl dediyim amillərlə yanaşı, bu amil də çox önəmli rol oynayır. Əlbəttə ki, buradan keçən tutaq ki, 15 milyon ton, bəlkə daha çox yük daha böyük canlanmaya gətirib çıxaracaq. Daha çox iş yerləri açılacaq, iqtisadi fəallıq artacaq və Naxçıvan deyə bilərəm ki, əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevriləcəkdir. Bu, tam mümkündür.
Naxçıvan, azad olunmuş ərazilər - Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir. Məsələn, azad edilmiş bütün ərazilərdə şəhərlərin Baş planları təsdiqləndi. Mən göstəriş verdim ki, Naxçıvan şəhərinin də Baş planı işlənilsin, hazırlansın, - bu gün mənə təqdim edilmişdir, - şəhərin inkişafı, müasir infrastrukturun yaradılması ilə bağlı əlavə tədbirlər görülsün.
Naxçıvanın turizm potensialı çox zəngindir. Naxçıvanın həm tarixi abidələri, həm gözəl təbiəti, təmiz havası və mənzərəli yerləri var. Ancaq əfsuslar olsun ki, mehmanxanaların az olması və o qədər də səviyyəli olmaması turizmin inkişafını əngəlləyir. Bu gün şəhərin mərkəzində beşulduzlu yeni mehmanxananın təməli qoyuldu və yəqin ki, təqribən 2028-ci ildə hazır olacaq.