07/01/2026
"AXC-Müsavat hakimiyyəti, ümumiyyətlə, peşəkarlardan ibarət deyildi, əksinə, çox təsadüfi insanlar hakimiyyəti zəbt etmişdilər və faktiki olaraq Azərbaycanı məhvə doğru aparırdılar. Əlbəttə ki, bu düzəliş bizə qarşı tətbiq olunanda bu, çox böyük ədalətsizlik, eyni zamanda, ovaxtkı Azərbaycan rəhbərliyinin buna laqeyd yanaşması idi. O vaxt Azərbaycan hakimiyyəti və onun diplomatiyası hansı səviyyədə idi, yəqin ki, bunu ancaq Mirşahin burada oturanlardan yaxşı bilir. Siz o vaxt çox gənc idiniz, bəlkə də uşaq idiniz. Əlbəttə ki, bu, biabırçı bir mənzərə idi. Azərbaycan diplomatiyasına rəhbərlik edən insanlar heç bir dildə danışa bilmirdilər, hətta Azərbaycan dilində düz-əməlli danışa bilmirdilər və heç bir təcrübəsi olmadan, yəni hansısa diplomatiyaya, siyasətə aid olmayan sahələrdən gətirilərək bu mühüm vəzifələrə təyin olundular. Ovaxtkı AXC-Müsavat hakimiyyəti, ümumiyyətlə, peşəkarlardan ibarət deyildi, əksinə, çox təsadüfi insanlar hakimiyyəti zəbt etmişdilər və faktiki olaraq Azərbaycanı məhvə doğru aparırdılar. Ondan cəmi bir il sonra xalqın tələbi ilə hakimiyyətdən biabırcasına getməyə məcbur oldular. Ona görə bax, bu iki amil önəmli rol oynamışdır. Əgər Azərbaycan o vaxt öz haqq sözünü Amerika rəhbərliyinə çatdıra bilsəydi, əgər mübarizə aparsaydı, onda bəlkə də Konqresdə erməni lobbisi tərəfindən təşkil edilmiş bu məsələyə Amerika administrasiyası başqa prizmadan da baxa bilərdi. Hər halda Konqres müstəqil orqan olsa da, xarici siyasətlə bağlı olan məsələləri bir çox hallarda Prezident Administrasiyası ilə müzakirə edir. Məndə olan məlumata görə, o vaxt Azərbaycanda hakimiyyətdə olanlar heç bilmirdilər ki, gündəlikdə belə bir məsələ var, belə bir qanun qəbul olunacaq və Azərbaycana qarşı bu ədalətsiz düzəliş tətbiq ediləcək.
Bizə qarşı böyük ədalətsizlik olmuşdur. Çünki 907-ci düzəliş 1992-ci ilin oktyabrında qəbul edildi. O vaxt bizim torpaqlarımız artıq işğal altında idi, Şuşa, Laçın işğal altında idi. Ermənistan dövləti tərəfindən Xocalı soyqırımı törədilmişdi, xalqımıza qarşı hərbi cinayət törədilmişdi və Azərbaycanın torpaqlarının işğal altında olması, təbii ki, Ermənistanı blokadaya almaq imkanlarını da sıfra endirirdi. Yəni ki, hansı blokadadan söhbət gedə bilərdi?! Nəzərə alsaq ki, Ermənistanın Gürcüstanla, İranla sərhədləri açıq idi, hətta Türkiyə-Ermənistan sərhədi 1993-cü ildə bağlanmışdır. Ona görə hər hansı bir blokadadan söhbət gedə bilməzdi. Ancaq erməni lobbisi və onun əhatə dairəsində olan senator və konqresmenlər belə bir ədalətsiz düzəlişi qəbul etdilər."