Babək rayonu - 23 oktyabr 1978-ci ildə rayon kimi təşkil olunmuşdur. Şimal-qərbdə Ermənistan, cənubda İranla həmsərhəddir. Ərazisi 828,42 km2, əhalisi 78121 min nəfərdir (01.01.2025 ci il). Rayon ərazisi Zəngəzur, Dərələyəz dağ silsilələrinin təpələri, Naxçıvan və Gülüstan düzənliklərindən ibarətdir. Yayı quraq keçən soyuq yarımsəhra, quru çöl və qışı quraq keçən soyuq iqlim tipinə malikdir. Rayo
n mineral sularla zəngindir. Sirab mineral su bulağı bütün dünyada məşhurdur. Ərazisindən Araz, Naxçıvançay və s. çaylar axır. Rayonda Uzunoba, Nehrəm, Sirab, Cəhri, Qahab su anbarları və suvarma kanalları vardır. Əsasən kənd təsərrüfatı rayonudur. Rayonda 36 ümumtəhsil məktəbi, 5 məktəbdənkənar və 1 məktəbəqədər təhsil müəssisəsi, 36 kitabxana, 1 Mədəniyyət sarayı, 16 mədəniyyət evi, 12 klub, 1 xalq teatrı, 2 muzey, 4 uşaq musiqi məktəbi və 1 incəsənət məktəbi fəaliyyət göstərir; səhiyyə sahəsində isə 1 xəstəxana (PHŞ), 6 Ailə Sağlamlıq Mərkəzi, 28 tibb məntəqəsi və 1 İctimai Səhiyyə Xidməti İdarəsi – Naxçıvan Regional Mərkəzi fəaliyyət göstərir. Babək rayonu ərazisindən keçən avtomobil yolları respublika əhəmiyyətli və yerli əhəmiyyətli yollara aiddir. Respublika əhəmiyyətli yollar 42 km, yerli əhəmiyyətli yollar isə 166 km-dir. Rayon ərazisindən Ordubad-Şərur dəmir yolu keçir. Babək rayonunun ərazisi daş, duz, tikinti materialları və minerallar ilə zəngindir. Mineral bulaqlardan Sirab, Vayxır, Cəhri və başqalarına bu bölgədə rast gəlinir. Rayonda fauna və flora aləmi də zəngindir. Araz su qovşağının su anbarında müxtəlif növ balıqlar vardır. Tarixi və memarlıq abidələri - Babək rayonunun ərazisi tarixi arxeoloji abidələrlə zəngindir. Buranın təbii coğrafi mövqeyi rayonda əkinçi-maldar tayfaların qədim dövrlərdən məskunlaşmasına və uzun müddət yaşamasına şərait yaratmışdır. I Kültəpə və II Kültəpə kimi dünya miqyaslı abidələr Babək rayonu ərazisindədir. Bununla yanaşı rayonda Çalxanqala arxeoloji abidəsi, Abbasabad qalası mövcud olmuşdur və Nehrəm İmamzadəsi mədəniyyət abidəsi vardır. Bundan başqa rayon ərazisində elmi əhəmiyyətə malik Eneolit, Tunc, Dəmir dövrünə və Antik dövrə aid arxeoloji abidələr, qədim duzdağ yatağı, orta əsrlərə aid yaşayış yerləri, nekropollar, maddi mədəniyyət qalıqları və onlarla digər arxeoloji, tarixi, memarlıq abidəsi, zəngin materiallar aşkara çıxarılmış və tədqiq edilmişdir. Son illər rayonun Çeşməbasar kəndində "Heydər" məscidi, Babək şəhərində, Nehrəm, Cəhri qəsəbələrində, Şıxmahmud, Qahab, Zeynəddin və Sirab kəndlərində memarlıq baxımından gözəl məscidlər inşa edilmişdir. Rayonun mərkəzində Babəkin heykəli, "Şəhidlərin abidə kompleksi", “İkinci Dünya Müharibəsi iştirakçılarının xatirəsinə abidə ucaldılmış, Nehrəm qəsəbəsində "Şəhidlər abidə kompleksi" ucaldılmış, Zeynəddin kəndində “Şəhidlər” xatirə kompleksi ucaldılmış, Kültəpə kənd tam orta məktəbinin həyətində şəhid Həsən Şahverdiyevin büstü qoyulmuş və Nehrəm qəsəbəsində Heydər Parkı salınmışdır. Son dövrlərdə rayonun ərazisində olan tarixi və memarlıq abidələrinin təmiri və bərpası istiqamətində müəyyən işlər görülmüşdür. Rayon mərkəzində Ümummilli Lider Heydər Əliyevin abidəsi ucaldılmışdır.