Ceyhun Məmmədov

Ceyhun Məmmədov Azərbaycan Respublikası Milli Məclisinin deputatı, İlahiyyat üzrə fəlsəfə doktoru
(1)

Cəbrayıl rayonu Horovlu kəndindən şəhid İsmayılzadə Vaqif Vüqar oğlunun nənəsi Aminə ananın dünyasını dəyişməsi münasibə...
16/08/2026

Cəbrayıl rayonu Horovlu kəndindən şəhid İsmayılzadə Vaqif Vüqar oğlunun nənəsi Aminə ananın dünyasını dəyişməsi münasibətilə ailəsini ziyarət etdik.

Yaxınlarına və doğmalarına dərin hüznlə başsağlığı verdik, Allahdan mərhuma rəhmət dilədik.

Eyni zamanda, Horovlu kənd sakinləri ilə görüşüb fikir mübadiləsi apardıq.


VƏTƏNDƏN UZAQDA, VƏTƏNƏ YAXINƏvvəlcə xəyalları sən qurursan. Zaman keçdikcə isə anlayırsan ki, əslində, qurduğun xəyalla...
16/08/2026

VƏTƏNDƏN UZAQDA, VƏTƏNƏ YAXIN

Əvvəlcə xəyalları sən qurursan. Zaman keçdikcə isə anlayırsan ki, əslində, qurduğun xəyallar səni inşa edir. İnsan özünün memarıdır. Bu gün olduğun insan, illər əvvəl xəyalını qurduğun, planını cızdığın və olmaq istədiyin insanın nəticəsidir.

Taleyin mənim üçün yazdığı yol məni gənclik illərində Vətəndən uzaqlara apardı. Lakin qəribədir ki, Vətəndən uzaqlaşdıqca düşüncələrim ona daha da yaxınlaşdı. Gənclik illərimin bir hissəsini Ərəbistan yarımadasının isti iqlimində, səhranın və dənizin bir-birinə qovuşduğu fərqli bir coğrafiyada keçirdim. Bəzən Ədən körfəzinə açılan dənizə, bəzən də səhranın sonsuzluğuna baxırdım. İsti küləklərin gətirdiyi qum, sahilə toxunan duzlu su və uzaqlara uzanan üfüqlər mənim üçün tamam başqa bir dünyanın mənzərəsi idi. Hər gün gördüyüm bu fərqli təbiət mənə öz Vətənimin torpağını, yaşıllığını və uşaqlıq mənzərələrini daha çox xatırladırdı.

Qarşımda tamamilə fərqli bir həyat vardı. Başqa coğrafiya, başqa iqlim, başqa dil, başqa adətlər, başqa insanlar... Öyrəşdiyim mühitdən uzaqda yaşayır, təhsil alır, hər gün yeni bir şey öyrənirdim. Ən yaxın insanlarım uzaqda idi. Ətrafımdakı insanlar isə əvvəlcə mənim üçün yad idi. Zaman keçdikcə onların arasında doğmalaşanlar oldu.

Bəzən səhrada qumun üzərində gəzirdim. Qum ayaqlarımın altında yanırdı. Amma insan bir müddət sonra anlayır ki, qürbətin də öz yandıran istisi var. Bu istilik yalnız günəşdən və qumdan gəlmir. Doğmalarından uzaqda olmaqdan, tanımadığın bir mühitdə yaşamaqdan, gələcəyinin necə olacağını bilməməkdən yaranan bir istilikdir. İnsan bəzən ən yaxınlarını uzaqda qoyub yadların arasında özünə yeni bir həyat qurmalı olur.

Və mənim üçün bu uzaqlığın içində başqa bir uzaqlıq da vardı — Cəbrayıldan uzaqlıq.

Dənizə baxdığım uzun saatlarda düşüncələrim bəzən minlərlə kilometr uzaqdakı doğma torpaqlara gedib çıxırdı. Uşaqlığımın keçdiyi ev, həyətimiz, Cəbrayılın torpağı, atamla birlikdə gördüyümüz işlər, uzun söhbətlərimiz, onun mənə verdiyi nəsihətlər bir-bir gözümün önündə canlanırdı. O vaxt bəzən düşünürdüm ki, atam niyə məni bu qədər sıxır, niyə bu qədər tələbkardır. İllər keçdikcə isə onun davranışlarının arxasındakı qayğını daha yaxşı anlamağa başladım. Bəlkə də o, məni həyata hazırlamaq, qorumaq və qarşıma çıxacaq çətinliklərə hazır görmək istəyirdi.

Bu gün atam yanımda deyil. Amma insanın qəribə bir taleyi var: bəzən bir insanın yoxluğunu illər keçdikcə daha dərindən hiss edirsən. Atamın səsini, söhbətlərimizi, nəsihətlərini xatırladıqca anlayıram ki, onun həyatının ağırlığını və bizi böyütmək üçün keçdiyi çətin yolu o vaxt tam dərk edə bilməmişəm. İndi özüm müəyyən bir yaşa gəldikcə onun yaşadıqlarını daha yaxşı anlayıram. Atalığın məsuliyyətini, övlad böyütməyin nə qədər böyük bir yük və fədakarlıq olduğunu indi daha aydın hiss edirəm.

Bəzən düşünürəm ki, insan böyüdükcə yalnız öz həyatını deyil, valideynlərinin həyatını da yenidən oxumağa başlayır. Uşaqlıqda sərtlik kimi gördüyün bəzi şeylərin arxasında illər sonra sevgini, qayğını və qorumaq istəyini görürsən. Atamın mənə verdiyi bəzi nəsihətlər bu gün də yaddaşımda yaşayır. O artıq yanımda deyil, amma sözləri həyatımın müəyyən məqamlarında yenidən qarşıma çıxır.

Bəlkə də Vətəndən uzaqda olduğum illərdə Cəbrayılı bu qədər çox xatırlamağımın səbəblərindən biri də buydu. Mən yalnız bir torpaq parçasını deyil, həmin torpaqda keçən uşaqlığımı, ailəmi, atamla bölüşdüyüm günləri və geri qayıtması mümkün olmayan bir dövrü düşünürdüm. Ona görə də Cəbrayıla qayıdış mənim üçün yalnız bir şəhərə və ya bir torpağa qayıdış deyildi. Bu, həm də yaddaşımın ən dərin qatlarına, uşaqlığıma və atamla bağlı xatirələrimə qayıdış idi.

Bəzən gecələr yuxularımda yenidən həmin kəndə gedirdim. Elə bilirdim ki, evimizdəyəm, həyətimizdəyəm, uşaqlığım yenidən qayıdıb. Səhər oyandıqda isə başqa bir coğrafiyada olduğumu anlayırdım. Qarşımda doğma kəndin mənzərələri yox, isti iqlimin yaratdığı tamam fərqli təbiət vardı.

Səhranın sərtliyi, qumun üzərində dayanan akasiyalar, küləklə hərəkət edən xurma yarpaqları mənə başqa bir dünyanın mənzərəsini göstərirdi. Xurma palmalarının ana ağacın dibindən çıxan pöhrələrlə çoxaldığını öyrənəndə bu mənzərə mənə xüsusilə təsir etmişdi. Pöhrə əvvəlcə ana ağacın yanında böyüyür, sonra ayrılaraq öz kökü ilə yeni həyata başlayır. Mən bunu insanın həyatına bənzədirdim: insan böyüyür, uzaqlara gedir, öz yolunu qurur, amma köklərini unutmur. Mən də Vətəndən uzaqda idim, amma düşüncələrimin kökü Cəbrayılda idi.

Bu baxımdan qarşımdakı təbiət mənim üçün yalnız gözəl bir mənzərə deyildi. O, mənə hər dəfə haradan gəldiyimi və hara bağlı olduğumu xatırladırdı.

Dənizə baxdıqca anlayırdım ki, insanın doğma yurdundan uzaqlığı kilometrlərlə ölçülmür. Bəzən qarşındakı su səthi nə qədər geniş olsa da, düşüncələrin ondan daha uzağa gedə bilir. Mənim düşüncələrim isə hər dəfə Cəbrayıla qayıdırdı.

O illərdə mənim üçün bir möcüzə lazım idi. Cəbrayıla yenidən qayıtmaq, uşaqlığımın keçdiyi torpaqları bir daha görmək, evimizin həyətində dayanmaq, vaxtilə ayaq basdığım küçələrdə yenidən gəzmək mənə o zaman əlçatmaz bir yuxu kimi görünürdü. Gənc idim, amma içimdə böyük bir həsrət və bir o qədər də böyük bir ümid vardı. Bəzən düşünürdüm: görəsən, bir gün bu torpaqlara qayıda biləcəyikmi?

O zaman bunun necə və nə vaxt baş verəcəyini bilmirdim. Sadəcə inanırdım. Amma zaman göstərdi ki, hər şeyin öz vaxtı var. Cənab Prezidentin də ifadə etdiyi kimi, “mən bilirəm nəyi, nə vaxt etmək lazımdır”. Və həmin zaman gəlib çatdı. Cəbrayıl da daxil olmaqla işğal altında olmuş torpaqlarımız azad edildi.

İllər sonra həmin torpaqlara qayıdanda, Cəbrayılın küçələrində addımlayanda, uşaqlığımın izlərini daşıyan torpağa yenidən ayaq basanda içimdən yalnız bir fikir keçdi: “Nə yaxşı ki, o möcüzə oldu.”

O an anladım ki, insanın inandığı böyük arzular bəzən illərlə səssizcə öz zamanını gözləyir. Əsas olan həmin inamı itirməməkdir.

Mən illər əvvəl Vətəndən uzaqda Cəbrayılı düşünərək bir qayıdışın xəyalını qururdum. Sonra həmin xəyalın gerçəyinə şahid oldum. Bu, mənim üçün sadəcə doğma torpağa qayıdış deyildi. Bu, illər əvvəlki gəncin duasının, ümidinin və inamının gerçəyə çevrilməsi idi.

Bəzən suyun kənarında dayanır, əlimlə suda kiçik burulğanlar yaradırdım. Suyun dairəvi hərəkətinə baxdıqca düşüncələrimin də həmin burulğana bənzədiyini hiss edirdim. Beynimdə saysız suallar bir-birinə qarışırdı: Görəsən, qarşıda məni nə gözləyir? Bu yol məni hara aparacaq? Bir gün bu ölkəyə qayıdıb, qurduğum arzuların gerçəkləşməsində mənim də payım olacaqmı?

O zaman gələcəyin mənim üçün necə şəkillənəcəyini dəqiq bilmirdim. Amma bir güvəncim vardı — Allah. Onunla daha çox danışır, Ondan güc, səbir və doğru yol istəyirdim. Bəzən insanın bütün yolları qeyri-müəyyən görünür, amma qəlbində ümid varsa, yolunu davam etdirmək üçün güc tapır. Mənim də o illərdə ən böyük dayağım həmin ümid idi.

Suyun burulğanı sakitləşdikcə mən də içimdə bir qərara gəlirdim: nə qədər çətin olsa da, bu yolu davam etdirməliyəm. Çünki uzaqda olsam da, düşüncələrim artıq öz istiqamətini tapmışdı — Azərbaycana və Azərbaycana faydalı olmaq arzusuna doğru.

Oxuduğum, eşitdiyim və gördüyüm hər şey fərqli idi. Sözlərin səslənişi, yazının qrafikası, insanların düşüncə tərzi, gündəlik həyatın ritmi – hər şey mənə yeni gəlirdi. Amma bütün bu fərqliliklərin içərisində mənim düşüncəm, beynim və qəlbim eyni sözü deyirdi: Azərbaycan.

Mənim üçün Azərbaycan fərqli səslərdə eşidilən, fərqli mənzərələrdə təsəvvür olunan, amma mahiyyət etibarilə eyni duyğunu yaşadan bir söz idi. O duyğu isə Vətən sevgisi idi.

Mən istəyirdim ki, bir gün bu ölkənin inkişafında mənim də payım olsun. Böyük bir işin bəlkə də kiçik bir zərrəsi, amma faydalı bir zərrəsi olum. Ölkəmin gələcəyinə öz imkanlarım daxilində nəsə əlavə edə bilim.

Həmin illərdə ətrafımdakı isti və quru mənzərələrə baxaraq Azərbaycanın yaşıllığını düşünürdüm. Səhranın sonsuzluğuna baxdıqca Cəbrayılın torpağını və doğma mənzərələri xatırlayırdım. Düşünürdüm ki, kaş ölkəmiz daha da inkişaf etsin, şəhərlərimiz və kəndlərimiz abadlaşsın, insanlar daha yaxşı şəraitdə yaşasın, gənclərimiz yüksək səviyyədə təhsil alsın.

Bəzən öz-özümə suallar verirdim: illər sonra Azərbaycana qayıdanda necə bir ölkə görəcəyəm? Azərbaycan necə olacaq? Gənclərimiz necə olacaq? Mən özüm necə olacağam?

O vaxt bu sualların cavabını bilmirdim. Amma içimdə bir inam vardı: insanın ürəkdən qurduğu xəyal, əgər onu məqsədə çevirə bilirsə, bir gün gerçəyə çevrilə bilər.

İllər keçdi.

Bu gün geriyə baxanda həmin illərin mənə çox şey öyrətdiyini anlayıram. Uzaqlıq mənə Vətənin dəyərini daha dərindən hiss etdirdi. Doğma torpağın, doğma dilin, doğma insanların, tanış küçələrin və uşaqlıq xatirələrinin insan üçün nə qədər qiymətli olduğunu məsafə mənə daha aydın göstərdi.

Və zaman keçdikcə insanın qurduğu xəyallar da onu dəyişməyə başlayır.

Mən əvvəlcə xəyallarımı qururdum. Sonra isə anladım ki, əslində, xəyallarım məni qurur. Onlar məni formalaşdırır, düşüncələrimə istiqamət verir, qarşıma məqsədlər qoyur və bu gün olduğum insana çevrilməyimdə öz rolunu oynayır.

Bir vaxtlar uzaqlarda xəyal etdiyim Azərbaycanın bir çox mənzərəsini bu gün görürəm. Vaxtilə təsəvvürümdə canlandırdığım inkişafın, dəyişimin və yeni imkanların bir qisminin bu gün gerçəyə çevrildiyini müşahidə edirəm. Bu, mənim üçün yalnız sevinc deyil, həm də məsuliyyətdir.

Bu təcrübə mənə bir həqiqəti öyrətdi: hər şey istəməklə başlayır.

İnsan əvvəlcə istəməlidir. Sonra istədiyini məqsədə çevirməlidir. Məqsədinin arxasınca getməli, çalışmalı, səbir etməli və yolun çətinliyindən qorxmamalıdır.

Mənim gənclərə demək istədiyim də budur.

Böyük xəyallar qurun. Özünüzə inanın. Qarşınıza məqsədlər qoyun. Dünyanı tanıyın, təhsil alın, fərqli ölkələri görün, fərqli insanlarla tanış olun. Amma harada olursunuzsa olun, Vətənlə bağınızı qoruyun.

Çünki insan harada yaşamasından asılı olmayaraq, onu formalaşdıran əsas dəyərləri unutmamalıdır.

Azərbaycan haqqında qurduğum xəyallar o uzaq günlərdə mənim üçün bir ümid idi. Bu gün isə həmin xəyalların bir qisminin gerçəkləşdiyini görürəm.

Bəlkə də insanın həyatında ən böyük xoşbəxtliklərdən biri budur: illər əvvəl xəyal etdiyin gələcəyə bir gün şahid olmaq.

Mən bunu yaşamışam.

İndi isə istəyirəm ki, Azərbaycan gəncləri məndən də böyük xəyallar qursunlar. Çünki onların xəyalları yalnız öz gələcəklərini deyil, Azərbaycanın gələcəyini də formalaşdıracaq.

Əvvəlcə xəyalları siz qurursunuz. Sonra isə qurduğunuz xəyallar sizi qurur, sizi formalaşdırır və sizi gələcəyə aparır.

15/08/2026

Bu gün cəmiyyətimizdə qarşılaşdığımız əsas problemlərdən biri də valideynin övladı üçün etdiyi fədakarlıqların bəzən onun tərəfindən yetərincə görünməməsi və qiymətləndirilməməsidir.

Mən hər bir gəncə bir söz demək istəyirəm: valideyninizin qədrini bilin, onun dəyərini vaxtında anlayın. Çünki həyatın elə məqamları olur ki, valideyn öz ehtiyacından keçir, amma övladının ehtiyacını heç vaxt təxirə salmır. Özü ac qalır, övladını ac qoymur. Özü köhnə ayaqqabı ilə gəzir, amma övladına yenisini almağa çalışır. Özü soyuqda nazik geyimlə dayanır, amma övladının üşüməməsi üçün əlindən gələni edir. Bəzən öz arzusunu illərlə təxirə salır ki, övladının bir arzusu gerçəkləşsin.

Bəlkə də siz bunların çoxunu bu gün görmürsünüz. Çünki valideyn bunu sizə göstərmək üçün etmir. O, sadəcə valideyndir və övladının yaxşı olmasını öz rahatlığından üstün tutur.

Amma unutmayın, həyat həmişə belə davam etməyəcək. Bu gün sizin arxanızda dayanan, çətinliklərinizi öz çiyninə götürən valideyniniz sabah sizdən eyni məsuliyyəti gözləyəcək. Siz ailə quracaqsınız, övladınız olacaq və o zaman anlayacaqsınız ki, valideyn olmaq sadəcə övlad dünyaya gətirmək deyil — özündən keçmək, gecələr yatmamaq, bəzən susmaq, bəzən öz arzularını kənara qoymaq və bütün bunları qarşılıq gözləmədən etməkdir.

O gün bəlkə də bu gün sizə adi görünən bir çox şeyi xatırlayacaqsınız. Valideyninizin sizə verdiyi bir tikə çörəyi, üşüyərkən üstünüzə örtdüyü yorğanı, xəstələnəndə başınızın üstündə səhərə qədər oturmağını...

Ona görə də valideyniniz yanınızdadırsa, onun qədrini sağlığında bilin. Çünki bəzi sözlər var ki, vaxtında deyilməyəndə sonradan deməyin heç bir mənası qalmır. Bəzi qucaqlar var ki, insan onları son dəfə qucaqladığını heç vaxt bilmir.

Valideynin fədakarlığını qiymətləndirmək sadəcə təşəkkür etmək deyil. Onun çəkdiyi zəhmətin, tökdüyü göz yaşının və sizdən gizlətdiyi ağrıların fərqinə varmaqdır.

Dəyərli dostlar, bu gün Seyid Camal Əzimbəylinin təqdimatında Space televiziyasında efirə gedəcək "İnam" verilişinin qon...
14/08/2026

Dəyərli dostlar, bu gün Seyid Camal Əzimbəylinin təqdimatında Space televiziyasında efirə gedəcək "İnam" verilişinin qonağı olacam. Hər birinizi verilişi izləməyə dəvət edirəm.

Dəyərli Həmvətənlər!Zirvə Gənclərin İnkişaf Klubunun və Əbədi Birlik Gənclər İctimai Birliyinin birgə təşkilatçılığı ilə...
14/08/2026

Dəyərli Həmvətənlər!

Zirvə Gənclərin İnkişaf Klubunun və Əbədi Birlik Gənclər İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən “Təhsildən Zirvəyə: Birlikdə Qurulan Gələcək” adlı gənclərlə görüşdə iştirak etdik.

Görüş çərçivəsində gənclərin təhsil, şəxsi inkişaf və ictimai fəaliyyət sahəsində qarşılaşdıqları imkanlar və perspektivlər barədə fikir mübadiləsi apardıq. Eyni zamanda, gənclərin öz potensiallarını ortaya qoyması, yeni bilik və bacarıqlar qazanması, cəmiyyətin inkişafında daha fəal rol almasının vacibliyini vurğuladıq.

İnanıram ki, təhsilli, savadlı və yüksək vətəndaşlıq mövqeyinə malik gənclər Azərbaycanın gələcək inkişafında mühüm rol oynayacaqlar. Bu baxımdan gənclərin maarifləndirilməsi, onların təşəbbüslərinin dəstəklənməsi və ictimai fəaliyyətə cəlb olunması xüsusi əhəmiyyət daşıyır.

Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu gənclər siyasəti nəticəsində Azərbaycan gənclərinin inkişafı üçün geniş imkanlar yaradılıb. Bizim üzərimizə düşən əsas vəzifə isə bu imkanlardan düzgün istifadə edərək daim öyrənmək, inkişaf etmək və ölkəmizin gələcəyinə öz töhfəmizi verməkdir.

Düşünürəm ki, belə görüşlər gənclərin bir araya gəlməsi, fikir və təcrübə mübadiləsi aparması, yeni təşəbbüslər irəli sürməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

13/08/2026

Dəyərli Həmvətənlər!

Zirvə Gənclərin İnkişaf Klubunun və Əbədi Birlik Gənclər İctimai Birliyinin birgə təşkilatçılığı ilə Laçın Gününə həsr edilmiş “Laçın Şəhəri Günü – Böyük Qayıdışın Zəfər Salnaməsi” adlı tədbirlə bağlı videonu sizinlə bölüşürük.

“Koxlear İmplantlı Şəxslərə Sosial Yardım” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dö...
13/08/2026

“Koxlear İmplantlı Şəxslərə Sosial Yardım” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyi “Koxlear implantlı uşaqların həyata adaptasiyası və valideynlərin maarifləndirilməsi” layihəsinin yekun tədbirində iştirak etdik.

Tədbirdə koxlear implantlı uşaqların cəmiyyətə inteqrasiyası, reabilitasiyası, valideynlərin maarifləndirilməsi və bu istiqamətdə dövlət-vətəndaş cəmiyyəti əməkdaşlığının əhəmiyyəti barədə fikir mübadiləsi apardıq.

Bu mühüm sosial layihənin həyata keçirilməsində əməyi olan hər kəsə təşəkkür edir, koxlear implantlı uşaqların gələcəkdə də hərtərəfli dəstəklənməsinin vacibliyini vurğulayırıq.

Uşaqların eşitməsi, danışması, təhsil alması və cəmiyyətə fəal şəkildə qoşulması hər birimiz üçün böyük dəyər daşıyır.

BİR İLLİK SÜLHDƏN SONRA İLK ÜNVAN: NAXÇIVANPrezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri həm həyata keç...
13/08/2026

BİR İLLİK SÜLHDƏN SONRA İLK ÜNVAN: NAXÇIVAN

Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri həm həyata keçirilən mühüm layihələr, həm də səfər zamanı səsləndirilən siyasi mesajlar baxımından xüsusi əhəmiyyət daşıyır. Prezidentin Azərbaycan Televiziyasına verdiyi müsahibə isə bu səfərin mahiyyətini daha geniş siyasi və tarixi kontekstdə qiymətləndirmək üçün mühüm imkan yaratdı.

Səfərin ən mühüm məqamlarından biri Prezident İlham Əliyevin Naxçıvanın Azərbaycan dövlətçilik tarixindəki xüsusi roluna, xüsusilə də Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətində Naxçıvanın tutduğu mühüm yerə toxunması oldu.

Naxçıvan sadəcə Azərbaycanın coğrafi baxımdan ayrılmış bir parçası deyil. Naxçıvan müasir Azərbaycan dövlətçiliyinin mühüm siyasi dayaqlarından biridir. Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan mərhələsi Azərbaycanın müstəqillik tarixində xüsusi yer tutur. Məhz Naxçıvanda qəbul edilmiş mühüm siyasi qərarlar, milli dövlətçilik ideyasının qorunması və gələcək Azərbaycanın siyasi kursunun formalaşdırılması sonrakı proseslər üçün mühüm zəmin yaratdı.

Bu baxımdan bugünkü hadisələrə yalnız ayrı-ayrı tarixlər və siyasi qərarlar kimi yanaşmaq düzgün olmaz. Azərbaycanın son illərdə əldə etdiyi böyük siyasi və diplomatik nəticələrin arxasında uzunmüddətli və ardıcıl dövlətçilik strategiyası dayanır. Bu strategiyanın əsasını Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi xətt təşkil edir və Prezident İlham Əliyev bu xətti yeni tarixi reallıqlara uyğun şəkildə uğurla davam etdirir.

2025-ci il 8 avqust tarixində Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh prosesində əldə olunan mühüm razılaşmalar Cənubi Qafqazın gələcəyi baxımından yeni mərhələnin əsasını qoydu. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra regionda dayanıqlı sülhün və əməkdaşlığın formalaşdırılması istiqamətində fəal siyasət həyata keçirdi. Vaşinqtonda baş verən hadisələr də bu uzunmüddətli siyasətin mühüm diplomatik nəticələrindən biri kimi qiymətləndirilə bilər.

Sülhün birinci ildönümündən sonra Prezident İlham Əliyevin Naxçıvana səfəri isə mənə görə, yalnız sosial-iqtisadi və infrastruktur layihələri ilə məhdudlaşan səfər deyil. Burada həm də mühüm siyasi və mənəvi simvolizm var.

Sülhə aparan dövlətçilik strategiyasının təməlində dayanan siyasi irsin formalaşdığı Naxçıvana sülhün birinci ildönümündən sonra Prezident səviyyəsində səfərin reallaşması xüsusi məna daşıyır. Bu, bir tərəfdən Azərbaycanın qarşısında açılan yeni sülh və inkişaf imkanlarının Naxçıvana da sirayət etdiyini göstərir, digər tərəfdən isə Ulu Öndər Heydər Əliyevin siyasi irsinə dərin ehtiramın ifadəsidir.

Başqa sözlə, Naxçıvana bu səfərdə keçmişlə gələcək bir-biri ilə əlaqələnir. Bir tərəfdə Ulu Öndər Heydər Əliyevin Naxçıvandan başlayan dövlətçilik mübarizəsi, digər tərəfdə Prezident İlham Əliyevin həmin siyasi xətti yeni geosiyasi reallıqlar şəraitində davam etdirməsi dayanır.

Bu baxımdan Naxçıvanın gələcəyi Azərbaycanın ümumi inkişaf strategiyasından ayrı təsəvvür edilə bilməz. Prezidentin səfəri zamanı həyata keçirilən və təqdim olunan layihələr də bunu aydın şəkildə göstərir.

Naxçıvan Sənaye Parkının təməlinin qoyulması muxtar respublikanın iqtisadi potensialının daha səmərəli şəkildə reallaşdırılması baxımından mühüm addımdır. Sənayenin inkişafı, yeni investisiyaların cəlb olunması, yerli istehsalın genişləndirilməsi və yeni iş yerlərinin yaradılması Naxçıvanın iqtisadi dayanıqlığının möhkəmləndirilməsinə xidmət edəcək.

Enerji sahəsində həyata keçirilən layihələr də xüsusi əhəmiyyət daşıyır. Günəş elektrik stansiyalarının yaradılması Naxçıvanın zəngin bərpaolunan enerji potensialından istifadənin genişləndirilməsi ilə yanaşı, Azərbaycanın yaşıl enerji siyasətinin bu bölgədə də ardıcıl şəkildə həyata keçirildiyini göstərir.

Naxçıvanın gələcək inkişafında nəqliyyat və kommunikasiya imkanlarının genişləndirilməsi isə ayrıca strateji əhəmiyyət daşıyır. Zəngəzur dəhlizi ilə bağlı proseslərin irəliləməsi Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə daha sıx nəqliyyat bağlantısının yaranması, eyni zamanda Türk dünyası ilə əlaqələrin genişlənməsi baxımından yeni imkanlar açır.

Uzun illər Azərbaycanın əsas hissəsindən coğrafi baxımdan ayrı vəziyyətdə olan Naxçıvanın gələcəkdə mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilməsi üçün yeni tarixi şərait formalaşır. Bu isə Naxçıvanın iqtisadi potensialının daha geniş regional imkanlarla birləşdirilməsinə şərait yaradacaq.

Prezidentin səfəri çərçivəsində Naxçıvan şəhərinin 2044-cü ilədək Baş Planının təqdim olunması da gələcəyə hesablanmış uzunmüddətli inkişaf strategiyasının göstəricisidir. Şəhərin müasir şəhərsalma prinsipləri əsasında inkişaf etdirilməsi, infrastrukturun yenilənməsi və əhalinin rahat yaşayış şəraitinin təmin edilməsi qarşıdakı dövrün əsas prioritetlərindən olacaq.

Eyni zamanda, Naxçıvanın zəngin tarixi-mədəni irsinin qorunmasına göstərilən diqqət xüsusi qeyd olunmalıdır. Möminə xatun türbəsində aparılan bərpa işləri, Əcəmi Naxçıvaninin irsinin yaşadılması və digər mədəni layihələr Naxçıvanın yalnız iqtisadi deyil, həm də Azərbaycanın milli-mədəni yaddaşında mühüm yer tutan tarixi məkan kimi inkişaf etdirildiyini göstərir.

Səfər zamanı sosial layihələrə də xüsusi diqqət yetirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən birini əks etdirir. Naxçıvan Regional DOST Mərkəzinin açılması, sosial evlər kompleksinin yaradılması və digər layihələr insanların sosial rifahının yüksəldilməsinə yönəlmiş siyasətin davamıdır.

Digər mühüm məqam Naxçıvanın təhlükəsizliyi və müdafiə potensialı ilə bağlıdır. Əlahiddə Ümumqoşun Ordunun yeni komando hissələrinə Döyüş bayraqlarının təqdim edilməsi göstərir ki, Naxçıvanın təhlükəsizliyi Azərbaycanın milli təhlükəsizlik strategiyasının mühüm istiqamətlərindən biri olaraq qalır.

Bu gün Azərbaycan yeni tarixi mərhələyə daxil olur. Ərazi bütövlüyünün və suverenliyin təmin edilməsindən sonra qarşıda duran əsas vəzifələrdən biri əldə olunmuş siyasi imkanları davamlı sülhə, iqtisadi əməkdaşlığa və regional inkişafa çevirməkdir. Naxçıvan da bu yeni mərhələnin mühüm mərkəzlərindən biri olacaq.

Məhz buna görə Prezident İlham Əliyevin 11 avqust tarixində Naxçıvana səfərinin siyasi əhəmiyyətini yalnız həmin gün həyata keçirilən tədbirlərlə məhdudlaşdırmaq doğru olmaz. Bu səfər Azərbaycanın dövlətçilik tarixinin müxtəlif mərhələlərini bir-birinə bağlayan mühüm mesajdır.

Ulu Öndər Heydər Əliyevin Naxçıvandan başlayan siyasi fəaliyyəti Azərbaycanın müstəqil dövlət kimi möhkəmlənməsində mühüm rol oynadı. Bu siyasi xətt Prezident İlham Əliyev tərəfindən davam etdirilərək Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasına, ölkəmizin beynəlxalq mövqelərinin güclənməsinə və nəhayət, regionda davamlı sülh üçün yeni imkanların yaranmasına gətirib çıxardı.

Bu mənada sülhün birinci ildönümündən sonra Naxçıvana səfər həm gələcəyə baxış, həm də keçmişə ehtiramdır. Bu, Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsinə verilən yüksək dəyərin ifadəsidir. Eyni zamanda, onun müəyyən etdiyi siyasi strategiyanın yeni tarixi şəraitdə uğurla davam etdirildiyinin göstəricisidir.

Naxçıvanın gələcəyinə baxarkən biz yalnız yeni yolları, sənaye müəssisələrini, enerji obyektlərini və sosial layihələri görmürük. Biz burada Azərbaycanın dövlətçilik tarixinin mühüm bir səhifəsinin yeni mərhələdə davamını görürük.

Naxçıvandan başlayan dövlətçilik yolu bu gün sülh, inkişaf, regional əməkdaşlıq və yeni iqtisadi imkanlarla davam edir. Bu yolun ən böyük xüsusiyyəti isə ondan ibarətdir ki, keçmişin siyasi irsi gələcəyin strateji hədəfləri ilə birləşir.

İnanıram ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Naxçıvan qarşıdakı illərdə Azərbaycanın yeni regional reallıqlarının formalaşmasında daha mühüm rol oynayacaq, ölkəmizin iqtisadi və nəqliyyat imkanlarının genişlənməsinə, Türk dünyası ilə əlaqələrin daha da möhkəmlənməsinə və regionda davamlı sülhün təmin olunmasına öz töhfəsini verəcək.

Bu baxımdan 11 avqust 2026-cı il Naxçıvan səfərini bir cümlə ilə belə ifadə etmək mümkündür: Naxçıvandan başlayan dövlətçilik yolu bu gün sülh və inkişaf yolu kimi davam edir.


12/08/2026

Beynəlxalq Gənclər Günü münasibətilə Zirvə Gənclərin İnkişaf Klubunun təşkilatçılığı ilə gənclərlə "Azərbaycan gəncliyinin gələcəyi" mövzusunda maraqlı müzakirə apardıq.

Dəyərli Həmvətənlər!Media Turk TV-nin “Gündəm Masada” verilişində Prezident İlham Əliyevin Naxçıvana səfərini, səfər zam...
12/08/2026

Dəyərli Həmvətənlər!

Media Turk TV-nin “Gündəm Masada” verilişində Prezident İlham Əliyevin Naxçıvana səfərini, səfər zamanı səsləndirdiyi mühüm mesajları və ölkəmizin gələcəyi ilə bağlı önəmli çox məsələləri müzakirə etdik. İzləməyi tövsiyə edirəm.

Ətraflı: https://www.youtube.com/live/R415TviDLB8?si=LsoV-qYM1-ZkebXt

Prezidentdən Rusiyaya kritik mesaj - Edə bilmədilər, əvəzində... - ...

Address

Bakı Şəhəri, Parlament Prospekti, 1
Baku
AZ1152

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+994502779614

Alerts

Be the first to know and let us send you an email when Ceyhun Məmmədov posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Ceyhun Məmmədov:

Shortcuts

Share