22/07/2024
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi, KOBİA yanında İctimai Şuranın təşkilatçılığı ilə “Reklam bazarında yeniliklər və çağırışlar” mövzusunda ictimai müzakirə təşkil olunub. Tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələri, eləcə də assosiasiyaların və şirkətlərinin 80-ə yaxın təmsilçisi iştirak edib.
ADRA-nın İdarə Heyətinin sədri Fərhad Adıgözəlov qeyd edib ki, sahibkarlar açıq məkanda reklamların yerləşdirilməsi zamanı qaydalara əməl etməlidirlər. Reklam qurğularının müasir tipli yeni daşıyıcılarla əvəzlənməsi onların yerləşdirildikləri ərazilərin və binaların estetik görünüşünə xüsusi rəng qatmaqla yanaşı, şəhər və qəsəbələrin unikal tarixi simasını, milli koloritin qorunub saxlanılmasını təmin etməlidir. Monitor tipli reklam qurğularında yayımlanan reklamların məzmunlarının vahid mərkəzdən idarə olunması məsələsi də aktualdır.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib ki, əvvəlki illərdə reklam qanunvericiliyi barədə məlumatsızlıq bir çox hallarda cərimələrin tətbiq edilməsi ilə nəticələnirdi ki, bu da sahibkarların narazılığına səbəb olurdu. Lakin son dövrlər aparılan müşahidələrə əsasən sahibkarlar artıq daha məlumatlıdır. Bu səbəbdən qurumlararası əməkdaşlıq və maarifləndirmə tədbirlərinin davamlı olması vacibdir. KOBİA sədri reklam yerləşdirilməsi ilə bağlı -lara münasibətdə imtiyaz və güzəştlərin tətbiqinin bu sahədə fəaliyyət göstərən və ya biznesə yeni başlayanlara stimul verə biləcəyini də qeyd edib.
Tədbirdə reklam bazarındakı mövcud vəziyyət, açıq məkanda reklamın yerləşdirilməsi, reklam sahəsində fəaliyyət göstərən subyektlərinin qarşılaşdıqları çətinliklər müzakirə edilib, onların fikir və təklifləri dinlənilib, sualları cavablandırılıb.
Ətraflı - www.smb.gov.az saytının "Xəbərlər" bölməsində.