14/07/2026
Azərbaycanda inklüziv şəhər mobilliyi sahəsində mühüm innovasiya: Yerli istehsal olunan ilk elektrik "VELOMOBİL" BMT-nin Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində təqdim olundu
Azərbaycanda inklüziv şəhər mobilliyinin inkişafı və milli mühəndislik potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən innovativ təşəbbüslər sırasında xüsusi yer tutan "VELOMOBİL" layihəsi uğurla davam etdirilir. Yerli mütəxəssislər tərəfindən hazırlanmış əlilliyi olan şəxslər üçün ilk elektrik nəqliyyat vasitəsi – "VELOMOBİL" ölkəmizdə geniş ictimaiyyətə təqdim olunmaqla yanaşı, real şəhər mühitində praktiki sınaq və nümayiş mərhələsinə qədəm qoymuşdur.
Layihənin ilk beynəlxalq təqdimatı BMT-nin Ümumdünya Şəhərsalma Forumu (World Urban Forum – WUF13) çərçivəsində keçirilmiş və böyük maraq doğurmuşdur. Təqdimat zamanı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva, dövlət qurumlarının, beynəlxalq təşkilatların və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri layihə ilə yaxından tanış olmuş, onun innovativ və sosial əhəmiyyətini yüksək qiymətləndirmişlər.
“Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda İctimai Birliyinin” sədri Firuzə Babayeva , layihənin rəhbəri Cavid Rəhimov tərəfindən "VELOMOBİL"in texniki xüsusiyyətləri, innovativ konstruktiv həlləri və funksional imkanları ətraflı təqdim edilmiş, elektrik nəqliyyat vasitəsinin idarə olunması və istifadə qaydaları praktiki şəkildə nümayiş etdirilmişdir. O vurğulamışdır ki, layihənin əsas məqsədi əlilliyi olan şəxslər üçün təhlükəsiz, müstəqil və ekoloji cəhətdən dayanıqlı hərəkət imkanları yaratmaqla yanaşı, Azərbaycanda yerli mühəndislik məktəbinin və innovasiya ekosisteminin inkişafına töhfə verməkdir.