05/04/2026
Aprelin 3-də Ali Məhkəmədə “AbzasMedia işi” üzrə həbs olunan jurnalistlərin kassasiya şikayətlərinə baxılıb.
AbzasMedia xəbər verir ki, hakim Zaur Hüseynovun sədrliyi ilə keçirilən sonuncu məhkəmə prosesində jurnalistlərin kassasiya şikayəti təmin olunmayıb.
Jurnalist Hafiz Babalı aylardır pensiya ala bilmədiyini və kartlarının bloklandığını deyib.
“Artıq 28 aydır ki, həbsdəyəm və müddət ərzində pensiyamı ala bilməmişəm. Səhhətimdə ciddi problemlər var. Aldığım pensiya da müalicəm üçün xərclənirdi. İndi isə bundan məhrumam”, – deyə jurnalist çıxışında bildirib.
Daha sonra vəkil Günay İsmayılova çıxış edərək bildirib ki, istintaq materiallarında jurnalistlər Elnarə Qasımova və Nərgiz Absalamovanın təqsirini sübut edəcək faktlar yoxdur.
Vəkil Günay İsmayılova bildirib ki, Elnarə Qasımova AbzasMedia ilə 2023-cü ilin oktyabrında qısa müddət könüllü işləyib və onun mütəşəkkil dəstə üzvü olmasına dair heç bir sübut yoxdur. Onun sözlərinə görə, Qasımova sadəcə fotoqraf olduğuna görə ittiham olunub və xaricə yeganə səfəri şəxsi məqsədlə olub.
İsmayılova qeyd edib ki, Nərgiz Absalamova da videoreportyor fəaliyyəti səbəbindən eyni ittihamla cəlb edilib. Vəkil bildirib ki, ona qarşı sənəd saxtalaşdırılması ilə bağlı heç bir mötəbər sübut yoxdur.
Vəkilin sözlərinə görə, hər iki şəxs Məhəmməd Kekalovun ilkin ifadəsi əsasında saxlanılıb, lakin o, sonradan məhkəmədə bu ifadələrindən imtina edib.
Daha sonra dövlət ittihamçısı Rəşad Məmmədli çıxışında məhkəmədən jurnalistlər barəsində kassasiya şikayətinin təmin edilməməsini tələb edib.
Müşavirəyə gedən məhkəmə heyəti kassasiya şikayətini təmin etmədiyini bildirib.