14/06/2026
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası- Dövlətçiliyimizin məhv olmaq təhlükəsindən qurtuluşu
Azərbaycanın dövlətçilik tarixi bir çox mürəkkəb sınaqlardan keçmişdir. Lakin XX əsrin sonlarında ikinci dəfə əldə etdiyimiz müstəqilliyin ilk illəri xalqımız və dövlətimiz üçün ən həlledici, ən təhlükəli dövr hesab olunur. Bu dövr yalnız siyasi və iqtisadi böhranla deyil, bütövlükdə Azərbaycanın bir dövlət kimi dünya xəritəsindən silinmək, parçalanmaq təhlükəsi ilə xarakterizə edilir. Məhz belə bir ağır və taleyüklü zamanda Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası dövlətçiliyimizi məhv olmaqdan qurtardı və müasir, qüdrətli Azərbaycanın bünövrəsini qoydu.
Azərbaycanda yaranmış problemlər əslində hələ Sovet dövrünün sonlarından baş qaldırmağa başlamışdı. Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətdən getməsindən sonra ölkədə problemlər yaşanmağa başladı. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa verdi. Bu hadisədən heç iki həftə keçməmiş erməni millətçiləri və onların sovet iqtidarında olan himayədarları Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın tərkibinə verilməsi məsələsini qaldırdılar və xalqımızın faciələri də o gündən başladı. Əgər o dövrdə Heydər Əliyev hakimiyyətdə təmsil olunsaydı, erməni millətçiləri bu çirkin əməllərə əl atmağa heç vaxt cürət edə bilməzdilər.
Müstəqilliyin bərpasından sonrakı ilk illərdə isə vəziyyət daha da acınacaqlı xarakter aldı. 1991-1993-cü illər ərzində dövlətin müstəqilliyinə və suverenliyinə təhdid yaradan bütün amillər ölkəmizdə tam şəkildə yaşanmışdır. AXC-Müsavat iqtidarının səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması və silahlı dəstələrin qanunsuz əməlləri separatçılıq meyllərini gücləndirdi. Bütün bunlar ölkənin daxilində qardaş qırğınına və vətəndaş müharibəsinə zəmin yaradaraq Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Hakimiyyət daxilində qruplaşmalar yarandı, birincilik uğrunda mübarizə aparıldı və nəticədə cəbhədəki durum nəzarətdən çıxdı. Ali Baş Komandan olduğunu unutmuş rəhbərlik nazirlərin fəaliyyətinə belə nəzarət etməyi lazım bilmirdi. AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti anarxiya, xaos, iqtisadiyyatın çökməsi və torpaqların işğalı ilə nəticələndi. Hakimiyyəti zəbt etmiş qüvvələrin xəyanəti nəticəsində 1993-cü ilin aprel ayında Kəlbəcər işğal edildi.
Heydər Əliyevin fəaliyyətinin əsasında dayanan başlıca prinsip vətəndaş həmrəyliyi və ictimai-siyasi sabitliyin təmini idi. O bəyan etmişdi ki, ictimai-siyasi sabitlik olmasa, heç bir sosial-iqtisadi problemin həllindən söhbət gedə bilməz. Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanı parçalanmaqdan xilas etdi. Qısa zaman ərzində asayiş bərqərar edildi, soyğunçuluğa son qoyuldu. Qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinin qarşısı alındı.
Dövlətçiliyin xilasının ən bariz göstəricilərindən biri kimi nizami ordu yaradıldı, Qarabağ müharibəsində atəşkəs əldə edildi və danışıqlara başlandı. İqtisadi tənəzzülün qarşısını almaq üçün neft müqavilələri imzalandı və Azərbaycanın iqtisadi dirçəlişinin əsası qoyuldu. Beynəlxalq əlaqələr formalaşdırıldı və Azərbaycanın dünya birliyinə inteqrasiyası başladı. Bütün bu amillər Ulu Öndərin Azərbaycan dövlətçiliyini məhv olmaqdan xilas etməsinin və tərəqqi yoluna çıxarmasının əyani sübutları idi. Ulu Öndərin xalqımız qarşısında ən böyük xidmətləri məhz kəskin ziddiyyətlər şəraitində dövlətçiliyimizi xilas etməsi idi.
Tarix sübut etdi ki, xalqımızın sarsılmaz inamı və dəstəyi ilə həyata keçirilən bu missiya Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi. Bu gün müasir Azərbaycan məhz Ulu Öndər Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü tam təmin olunmuş ölkədir. Onun ordu quruculuğu istiqamətində müəyyənləşdirdiyi strategiya sayəsində bu gün ordumuz dünyanın ən güclü ordularından biridir. Ulu Öndərin ən böyük arzusu olan Şuşanın, Qarabağın və Zəngəzurun azad edilməsi isə onun siyasi kursunun uğurlu davamçısı, Prezident İlham Əliyev tərəfindən Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərlə reallaşdırıldı. Qurtuluşla başlayan bu çətin, lakin şərəfli yol Azərbaycanın tam suverenliyinin bərpası və qlobal müstəvidə nüfuzlu dövlət kimi qərarlaşması ilə tarixə əbədi olaraq həkk olundu.
Rəcəbova Mahru
Suraxanı rayonu 154 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru