29/06/2020
NƏRİMAN NƏRİMANOV XATİRƏLƏRDƏ:
Respublikanın Əməkdar müəllimi, Prezident təqaüdçüsü Mirhaşım Talışlının “Nəriman Nərimanovun Lənkəran görüşü” adlı xatirəsi
Azərbaycan xalqının görkəmli ictimai-siyasi xadimi, dramaturqu, publisisti, pedaqoqu və nəhayət həkim olan Nəriman Nərimanovu biz yaşlı nəslin nümayəndələrinə orta və ali məktəblərdə müxtəlif cür tanıtdırdılar: “Şərqin Lenini”, “Doktor Nəriman”, “Millətçi Nəriman”, “Xalqını sevən insan”, “İctimai fikrin görkəmli nümayəndəsi”, “Mədəniyyət tariximizdə xüsusi mövqeyi olan”, “Əsl xalq müəllimi”, “Gözəl yazıçı, dramaturq, alovlu publisist”, “Azərbaycan teatrının təşkilatçılarından və rəhbərlərindən biri”, “Respublikada ilk qiraətxananın yaradıcısı”... Getdikcə müsbət mənalı epitetlərin sayı artırılırdı. Lakin 1937-1960-cı illər arasındakı vaxt arasında ictimaiyyətdə onun haqqında xoş bir söz demək mümkün deyildi.
Evlərdə, ailələrdə isə böyüklərimizdən eşitdiklərimizdən məlum olurdu ki, N.Nərimanov öz xalqının əsil sevimlisi, onun tarixinin, mədəniyyətinin, məişətinin, islam dini, adət və ənənələrinin təəssübünü çəkən bir dövlət xadimi olmaq istəmişdir.
Respublikamızın ulu öndəri H.Əliyev cənabları N.Nərimanovun Bakıda abidəsinin açılışı münasibətilə keçirilən mitinqdə demişdir: “Nəriman Nərimanov mürəkkəb və çətin yol keçmiş, fəaliyyətə maarifçi-demokrat kimi başlayaraq mətin leninçi-bolşevik səviyyəsinə qalxmışdır”.
Respublikamızda bu hadisədən sonra tarixçilərimiz, bütün ziyalılarımız və tələbələrimiz Nərimanovun adını qorxmadan çəkməyə başladılar. Orta və ali məktəblərdə onun haqqında ürəklə xoş sözlər dedilər. Dərsliklərdə onun həyat və yaradıcılığından danışıldı. Əsərləri çap edildi. Həyatı, mühiti, ədəbi yaradıcılığı və dünyagörüşü barədə monoqrafiyalar yazıldı. Onu oxuduq, öyrəndik.
Əgər məndən soruşsalar ki, sənə görə N.Nərimanov kimdir? Mən gənclik dövrlərimdə atamdan və savadlı qohumlarımdan onun haqqında eşitdiklərim əsasında bunları deyərəm: N.Nərimanov sözün əsil mənasında vətənini, xalqını, onun milli mədəniyyətini qəlbən sevən ideal bir şəxsiyyət, təbiəti etibarilə humanist bir ziyalı, ədalətli və qayğıkeş bir dövlət rəhbəri olmuşdur.
Qori müəllimlər seminariyasını bitirdikdən sonra bir müddət müəllimlik etmiş, sonra ali tibb təhsili alıb həkim kimi fəaliyyət göstərmiş, həmişə xalq arasında olmuş, geniş müşahidələri əsasında publisist məqalələr, tibbə aid kütləvi kitabçalar, ədəbi-bədii əsərlər yazmışdır.
N.Nərimanov klassik yazıçılarımızın işıqlı yolunun ən mahir davamçısı olmuş, hər növ cəhalətin və nadanlığın əleyhinə çıxmışdır.
Görkəmli yazıçımız və ictimai xadim Mirzə İbrahimov N.Nərimanov haqqında yazdığı bir məqalədə onu belə təqdim edir: “Nərimanov Azərbaycanı, onun tarixini, keçmişini, mədəniyyətini çox gözəl bilirdi, xalqın zəngin mənəviyyatına bələd idi. Onu pak və odlu ürəklə sevirdi. Xalqın yaradıcılıq qüvvələrinə inanırdı.(M.İbrahimov “Böyük inqilabçı-yazıçı N.Nərimanov, “Əsərlərinə yazılmış müqəddimədən”. Bakı, Azərnəşr, 1956-cı il, səh.5)
N.Nərimanov yazır: “Biz Azərbaycanda elə vəziyyət yaratmalıyıq ki, sovet hakimiyyəti süngü ilə deyil, kütlələrin şüurluluğu ilə müdafiə olunsun”.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin Elmi Kitabxana və onun avtomatlaşdırılması şöbəsinin müdiri Pərixanım Muradova “Nəriman Nərimanovun milli ruhlu publisistikasına dair” məqaləsində yazır: “O, savadlı, elmli din xadimlərinə böyük hörmət bəsləyirdi. İslam dininə münasibət onun siyasətinin ən ümdə məsələlərindən olmuş və milli dövlətçilik baxışlarında önəmli yer tutmuşdur. 1920-ci il mayın 26-da onun verdiyi ilk göstərişlərdən birində yerli əhalinin milli adət-ənənələrinə və dini hisslərinə hörmətlə yanaşılması tələb olunurdu. Bu məsələdə onunla XI Qırmızı Ordu komandanlığı arasında mübahisə baş vermişdi. Nərimanov, hətta ənənəvi “cümə axşamı”nı müqəddəs sayaraq həmin gün qəbul etdiyi xəstələri pulsuz müalicə etmişdir. O, milli dəyərləri yaranmaqda olan beynəlmiləl dəyərlərdən üstün tutaraq bir neçə məsciddə nitq söyləmiş, dindarlara qarşı repressiyaların tətbiqinə qəti etiraz etmişdi. Nərimanov çadranın atılmasında zorun tətbiqinə qarşı olmuşdur. Onun fikrincə bu prosesi məntiqi şəkildə həyat özü tənzimləməlidir. Məhərrəmlik günlərində o, məclislərə ərzaq göndərmişdir. 1921-ci ilin aprelində Nərimanov Təzəpir məscidinin bərpası, təmiri üçün xüsusi sərəncam vermiş və bu işin icrasını hərbçilərə tapşırmışdı. Novruz, Ramazan, Qurban bayramlarını, Aşura gününü istirahət günü elan etmişdir. Bu münasibətlə məsul işçilərin xalq tərəfindən keçirilən tədbirlərdə iştirak etmələri üçün yerlərə ezam etmişdir”.
N.Nərimanov 1921-c ilin oktyabr ayının əvvəllərində Lənkərana gəldikdə onun zəhmətkeşlərlə üç yerdə görüşü olur:
1.Paroxod qabağında;
2.Böyük bazar məscidində (həyətində və daxilində)
3. Kiçik bazar məscidi qabağında.
Böyük bazar məscidi həyətində toplaşanlar qarşısında deyir: - “Camaat! Lənkəran varlıları, hacıları və sərvətdarları! Gəlin, bundan sonra pulunuzu, var-dövlətinizi təhsil yolunda, şəhər və kəndlərinizin abadlıq işlərinə, yolların və körpülərin təmirinə sərf etdirin.Övladlarınızı oxutdurun! Məktəblər, klublar, qiraətxanalar açdırın. Hacı Zeynalabdin kimi maarifçilərimizi bütün xalq həmişə sevəcək, onun kimi olmaq lazımdır. Sonra dedi: “ Məscidin içərisində oturub çölə çıxmayanlar məni eşitmək istəməyənlərdi. Amma mən öz fikrimi onlara da çatdırmalıyam.Çünki hükəmalar (böyük alimlər) demişdi: Hünər odur ki, siz öz haqq sözünüzü eşitmək istəməyənlərə də çatdıra biləsiniz”.
Atam deyirdi: “Bu sözdən sonra bir sıra cavanlar və mən yəqin etdik ki, Nərimanov indi məscidin daxilinə keçəcək. Hamımız məscidə daxil olduq. Anlaşıldı ki, Nərimanov məscidin daxilində də nə isə danışacaq.
Nərimanov məscidin qapısı ağzında ayaqqabılarını çıxarıb buxara papağına bir az da düzəliş verib içəriyə keçdikdə əvvəlcə mehrab (pişnamazın qiblə səmtinə dair olan yuvarlaq əşya) qarşısında təzim edir. Bunu görən şəhərin qazisi (hələ o dövrdə kəbin, zaks və notarius işləri öhdəsində olan) Hacı Mirmustafa axund ayağa durub camaata işarə edir ki, qalxsınlar və deyir: “Bizim bu hökumət nümayəndəsi həm də müsəlman rəhbəridir. Salavat çevirin. Çünki dinimizin tələbinə görə, müsəlman rəhbər məscidə və xalq arasına daxil olduqda ayağa qalxıb salavatla qarşılanmalıdır”.
Bütün məsciddə olanlar hamı ayağa qalxıb uca səslə salavat çevirdilər.
-Allahum-məsəlli Əla Muhəmmədin və ali Muhəmməd!
N.Nərimanov minbərin (ruhanilərə moizə üçün hazırlanmış pilləli kürsü) pillərinin birində oturur. Əvvəlcə” Bismillahir-rəhmanir-rəhim!”-deyib bir-iki ayə (qısa Quran sözləri)-deyir və dediklərini dilimizə tərcümə etdikdən sonra əlavə edir:
-Amma, müsəlman qardaşlar! Müqəddəs kitabımız-Allah kəlamları olan Qurani-Kərimdə yazılanlarla yanaşı bütün müqəddəslərimiz dönə-dönə bildiriblər ki, yer üzündə insanlar arasında ədalət, zülm olmasın, sülh olsun, müharibə olmasın, haqq və düzlük olsun, nahaq, böhtan, iftira və qeybət olmasın. Lakin bu günə qədər yer üzündə zülm də, müharibə də,böhtan, iftira və qeybət də davam etməkdədir.
Hazırda rus xalqının ləyaqətli oğlu, gözəl xalq rəhbərimiz Vladimir İliç Lenin belə bir şüarla ölkəyə başçılıq edir və elan edir ki, bütün yer üzünün füqəra və kasıbları birləşməli, hamı azad və firavan yaşamalıdır.
Qoy Lenin kimi böyük rəhbərimiz yaşasın, onun yaratdığı quruluş bərqərar olsun! Yaşasın Lenin!
Bu şüardan sonra məscidin daxilindəkilər, hətta ibadətçilər və məscidin həyətində qulaq asanlar: -Ura! Ura! deyib əl çalırlar. Onun söhbətinin sonu dövlət iclaslarının sonluğu kimi tamamlanır. Hamı Nərimanova möhkəm inanır və onunla razılaşır. Nərimanov məsciddən çıxarkən Həmzə Salman oğlu, İmran Sadıqov və İskəndər Səmədzadə ona yaxınlaşıb təklif edirlər ki, birlikdə əvvəlcə Kiçik bazar məscidinə, sonra Şiləvar kəndinə İmran Sadıqovgilə getsinlər. N.Nərimanov etiraz etmir. Kommunist Rəşid Məmmədovun (o ilk avtomaşın sürücüsü imiş) saxladığı maşınla Kiçik bazar məscidinə gedirlər. Burada da Nəriman məscid qarşısında toplaşanlara lazımi sözlərini çatdırır. Sonra həmin maşınla İmrangilə gedib onun hazırladığı süfrənin qonağı olurlar.
Görüşlərin sonunda Həmzə Salman oğlunun dəvətiylə Boradigah kəndinə gedirlər. N.Nərimanov Boradigah məscidi qarşısında xalqa və rəhbər işçilərə tapşırır ki, bu kənddə tezliklə bir məktəb binası bərpa edilsin. Deyilənlərə görə belə də olur. Təsadüfi deyil ki, Boradigah kənd məktəbi N.Nərimanovun adını daşıyır.
N.Nərimanovun Lənkəran görüşü barədə danışarkən bir hadisəni də xatırlamaq istərdim.
General Xan (ona belə müraciət edirdilər) Mir İbrahim bəy Talışinskinin qızı Ağabəyim xanım Əsgərxan Talışinskinin gəlini, onun böyük oğlu hərbi rütbəli Əsəd xanın ömür-gün yoldaşı idi. Bu xanımın qoca vaxtı atama nağıl etdiyi bir hadisəni xatırlayıram. Ağabəyim xanım atama deyirdi ki, əri Əsəd xanı çar hərbçisi olduğu üçün həbs etmiş və yaşadıqları evi də zəbt etmişdilər. Bu xanım Bakıya N.Nərimanovun görüşünə gedir. Bir az çətinlik olsa da, görüşdə Ağabəyim xanım Nərimanova deyir: -Ev-eşiyimizi alıblar ki,kulaksınız. Əsədi də həbs ediblər ki, çar hökümətinin generalıdır. Axı o nə biləydi ki, Şura höküməti gələcək? Olmaz ki, indi o bu hökümətin hərbçisi olsun?
N.Nərimanov bu qadını dinləyib bildirir ki, Əsəd tək deyil, bir neçə belə generalı həbs ediblər. Mən bu məsələ ilə ciddi məşğul olacağam. Sonra Nərimanov Əsəd xanın həbsdən tezliklə buraxdıracağına and içir.
Ətrafdakı əməkdaşlardan biri:
- Doktor, Siz bilmirsiniz bu kimdir axı! O, Lənkəranda Bazarın yuxarı başı deyilən bir yerində iki mərtəbədən ibarət, hər mərtəbəsi 20 çeşməli “ Şahnişin” adlanan mülkün sahibinin qızıdır, əri də məşhur Əsgər xan Talışinskinin hərbi rütbəli oğludur- deyir.
Nərimanov cavabında:
-Mən bu barədə hər şeyi sizdən yaxşı bilirəm! Xanım, Arxayın ol get, tezliklə Əsədi buraxdıracağam.
Ağabəyim xanım atama deyirdi:
-Nərimanovun rəhbər kimi danışığından məlum oldu ki, bu kişi ürəyi daş olanların tayı deyil! Doğrudan da,iki gün keçmədi ki, Əsədi həbsdən azad etdilər. Lakin N.Nərimanov Moskvada “daha yüksək vəzifəyə irəli çəkildikdən” sonra Əsədi yenidən həbs edirlər və bir daha ondan səs-soraq olmur.
Bir sözlə,yaşlılarımız N.Nərimanovu sözü ilə əməli bir olan rəhbər kimi tanıyırdılar. Moskvada yüksək vəzifədə olan N.Nərimanov 1925-ci ildə bəzi məlumatlara görə müəmmalı şəkildə vəfat etdi. Onun 1937-ci ildə repressiyaya uğrayacağını gözləmirdik.
Xatirənin əlyazması muzeyin fondunda mühafizə olunur. Həmçinin yazı “Söz” müstəqil ədəbi-publisistik jurnalının 2015-ci il may sayında dərc edilmişdir.