14/08/2026
230000-ci DINLƏYİCİ
SOCAR Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində (CTCC) Exemplar Global akkreditasiyalı “İnteqrasiya edilmiş İdarəetmə Sistemləri üzrə Baş Auditor” təlim proqramını uğurla başa vurmuş iştirakçılar üçün sertifikatların təqdimat mərasimi keçirilib.
Tədbirdə SOCAR Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin (CTCC) rəisi Fuad Süleymanov və SOCAR Neftqaztikinti Trestinin müdiri Qağaməli Seyfullayev çıxış edərək təlim proqramının əhəmiyyətindən, beynəlxalq tələblərə uyğun auditor hazırlığının təşkilatlar üçün yaratdığı üstünlüklərdən və inteqrasiya edilmiş idarəetmə sistemlərinin effektiv tətbiqində auditorların rolundan danışıblar.
Çıxışlarda vurğulanıb ki, müasir idarəetmə yanaşmalarının əsasını təşkil edən inteqrasiya edilmiş idarəetmə sistemlərinin davamlı təkmilləşdirilməsi və effektiv fəaliyyətinin təmin olunmasında peşəkar auditorlar mühüm əhəmiyyət kəsb edir. Auditorlar yalnız uyğunluğun qiymətləndirilməsi funksiyasını yerinə yetirmir, eyni zamanda risklərin vaxtında müəyyənləşdirilməsi, proseslərin təkmilləşdirilməsi və təşkilati məqsədlərə nail olunmasına töhfə verirlər. Bu baxımdan beynəlxalq akkreditasiyaya malik auditor hazırlığı proqramları müəssisələrdə idarəetmə sistemlərinin inkişafı üçün mühüm platforma hesab olunur.
Proqram çərçivəsində iştirakçılar inteqrasiya edilmiş idarəetmə sistemləri üzrə auditin planlaşdırılması, aparılması, audit sübutlarının qiymətləndirilməsi, audit nəticələrinin təqdim edilməsi və auditor liderliyi istiqamətlərində beynəlxalq tələblərə uyğun bilik və bacarıqlar əldə ediblər.
Tədbir çərçivəsində daha bir əlamətdar hadisə qeyd olunub. SOCAR Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi (CTCC) tərəfindən təşkil edilən təlim proqramları üzrə iştirakçıların sayı 230000 çatıb.
Sevindirici hal ondan ibarət olub ki, 230000-ci dinləyici Exemplar Global akkreditasiyalı “İnteqrasiya edilmiş İdarəetmə Sistemləri üzrə Baş Auditor” təlim proqramının iştirakçısı, SOCAR Neftqaztikinti Trestinin əməkdaşı Şirinbəyli Nərgizə təqdim edilib. Tədbir iştirakçıları bu əlamətdar hadisəni alqışlarla qarşılayaraq sertifikat sahibini təbrik ediblər.
Sonda təlim proqramını uğurla başa vurmuş iştirakçılara beynəlxalq sertifikatlar təqdim olunub.