Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı, Government Building, Neftçilər prospekti 36, Baku.

🎭 95-ci yubiley mövsümümüzün ilk günləri iş-güc içində keçir!Planlarımız zəngin, proqramımız dolğun, görüləcək işlərimiz...
04/09/2026

🎭 95-ci yubiley mövsümümüzün ilk günləri iş-güc içində keçir!
Planlarımız zəngin, proqramımız dolğun, görüləcək işlərimiz isə lap çoxdur. Yeni tamaşalar və müxtəlif layihələr üzrə hazırlıqlar davam edir.
Gördüyümüz işlər medianın da diqqətindədir. Yayda belə haqqımızda müxtəlif materiallar yayımlandı. Mövsümə start verən kimi isə əzəli dostumuz Mədəniyyət kanalı teatrımıza qonaq gəldi və yeni mövsüm hazırlıqlarımızı ekranlara daşıdı. 📺🎭
95-ci mövsüm başlayıb – biz də iş başındayıq! ✨

🎭 Biz işə başlamışıq!Tətil bitdi, çamadanlar açıldı, aktyorlar səhnəyə qayıtdı! 😄 Yeni mövsümün ilk günləri məşqlərlə, m...
03/09/2026

🎭 Biz işə başlamışıq!

Tətil bitdi, çamadanlar açıldı, aktyorlar səhnəyə qayıtdı! 😄 Yeni mövsümün ilk günləri məşqlərlə, məşqlər isə futbol dili ilə desək, bir az “isinmə hərəkətləri” ilə keçir. ⚽️🎭
Amma bizim bir balaca dostumuz var ki, heç isinməyə də vaxt itirmək istəmir...
“Balaca səyyah” artıq yola çıxmağa hazırlaşır! 🧳🌍
İndi dostları ilə səhnədə məşq edir, səyahət hekayələrini sizə danışacağı günü səbirsizliklə gözləyir. Hətta öz adını afişada görmək üçün o qədər həyəcanlıdır ki, az qalır əldən-ayaqdan getsin! 😄
📅 Payızın ilk ayında "Balaca səyyah” sizin qarşınızda olacaq.
Sizcə, onu gözləyən ilk macəra nə olacaq? 👀
Biz gün sayırıq.
Bəs siz?❤️🎭


Press-relizKukla Teatrı yeni mövsümünə başladı Sentyabrın 1-də Azərbaycan Dövlət Kukla Teatrında yeni teatr mövsümünün b...
01/09/2026

Press-reliz
Kukla Teatrı yeni mövsümünə başladı
Sentyabrın 1-də Azərbaycan Dövlət Kukla Teatrında yeni teatr mövsümünün başlanması ilə əlaqədar kollektivin ümumi iclası keçirilib.
Teatrın 95 illik yubileyinə təsadüf edən yeni mövsümün ilk iclasında qarşıda duran əsas yaradıcılıq və təşkilati məsələlər müzakirə olunub, yubiley ili çərçivəsində həyata keçiriləcək layihələr və nəzərdə tutulan tədbirlər barədə fikir mübadiləsi aparılıb.
İclası giriş sözü ilə açan teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə ötən teatr mövsümünün kollektiv üçün uğurlu və məhsuldar olduğunu bildirib. Direktor qeyd edib ki, mövsüm ərzində teatrın tamaşa planı uğurla icra olunub, yeni tamaşalar hazırlanaraq təqdim edilib, ölkədaxili qastrol səfərləri və müxtəlif sosial-mədəni layihələr həyata keçirilib, tamaşaçı auditoriyasının diqqətini cəlb edən bir sıra təşəbbüslər reallaşdırılıb.
Rəşad Əhmədzadə bildirib ki, ötən mövsümdə əldə olunan nəticələr yeni mövsüm üçün də mühüm zəmin yaradır. Qarşıda isə teatrın tarixində xüsusi əhəmiyyət daşıyan 95 illik yubiley ili dayanır.
Direktorun sözlərinə görə, yubiley mövsümünün proqramı kifayət qədər zəngin olacaq. Mövsüm ərzində yeni tamaşaların hazırlanması ilə yanaşı, yerli və beynəlxalq qastrol səfərlərinin, müxtəlif mədəni layihələrin, yaradıcılıq təşəbbüslərinin və yubiley tədbirlərinin keçirilməsi nəzərdə tutulur.
Teatrın yerli və xarici qastrol proqramının da geniş olduğunu diqqətə çatdıran direktor artıq bir sıra səfərlərlə bağlı danışıqların aparıldığını bildirib. Qeyd olunub ki, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, xarici teatr və sənət qurumları ilə əlaqələrin inkişaf etdirilməsi, Azərbaycan kukla sənətinin beynəlxalq platformalarda daha geniş təqdim olunması yeni mövsümün prioritet istiqamətlərindən olacaq.
“95 illik yubiley bizim üçün sadəcə təqvimdə qeyd olunan bir tarix deyil. Bu yubiley teatrın keçdiyi yaradıcılıq yoluna nəzər salmaq, ənənələri qorumaqla yanaşı, yeni istiqamətlərə açılmaq və gələcək üçün daha böyük hədəflər müəyyənləşdirmək baxımından mühüm mərhələdir”, – deyə Rəşad Əhmədzadə vurğulayıb.
Bildirilib ki, yubiley ili çərçivəsində teatrın yaradıcı heyətinin təşəbbüsü ilə bir neçə miqyaslı layihənin həyata keçirilməsi planlaşdırılır. Bu layihələrin həm uşaqlar və ailələr üçün yeni mədəni proqramları, həm də teatr sənətinin təbliği və Azərbaycan kukla teatrının 95 illik yaradıcılıq irsinin geniş auditoriyaya çatdırılması istiqamətində mühüm rol oynaması nəzərdə tutulur.
Daha sonra teatrın direktor müavinləri Elnur Abbasquliyev və Elmar Qəhrəmanov, Yaradıcılıq şöbəsinin müdiri Anar Məmmədov, Geyim və səhnə tərtibatı şöbəsinin müdiri İqbal Əliyev, dram artistləri - Əməkdar artist Rəhman Rəhmanov, Əməkdar mədəniyyət işçisi Aslan Fətullayev çıxış ediblər.
Çıxış edənlər kollektiv üzvlərini yeni teatr mövsümünün başlanması münasibətilə təbrik edərək qarşıdakı yaradıcılıq mərhələsində hər bir əməkdaşa uğurlar arzulayıblar. Bildirilib ki, 95 illik yubiley mövsümü teatrın zəngin tarixinə yeni səhifələr əlavə etməklə yanaşı, kollektivin yaradıcılıq potensialının daha geniş nümayiş etdirilməsi üçün də mühüm imkanlar yaradacaq.
İclasda yeni mövsümdə qarşıda duran vəzifələr, yaradıcılıq prosesinin daha da təkmilləşdirilməsi, tamaşaçı auditoriyasının genişləndirilməsi, yeni layihələrin hazırlanması və yubiley proqramının yüksək səviyyədə təşkili ilə bağlı məsələlər də diqqət mərkəzində olub.
Teatrın mətbuat xidməti

🎭 LƏTİFƏ QULUZADƏ — 80Bu gün Azərbaycan kukla teatrının sənət tarixində özünəməxsus iz qoymuş, ömrünü səhnənin sehrinə h...
29/08/2026

🎭 LƏTİFƏ QULUZADƏ — 80

Bu gün Azərbaycan kukla teatrının sənət tarixində özünəməxsus iz qoymuş, ömrünü səhnənin sehrinə həsr etmiş görkəmli rəssam, "Zirvə" mükafatı laureatı Lətifə Nəsir qızı Quluzadənin 80 illik yubileyidir.
29 avqust 1946-cı ildə Bakıda dünyaya gələn Lətifə Quluzadə yaradıcılıq yolunu Azərbaycan teatr sənəti ilə bağlayaraq, xüsusilə Azərbaycan Dövlət Kukla Teatrında öz dəst-xətti və bədii dünyası ilə seçilib.
Onun yaradıcılıq yolunda fərqli yaradıcılıq görüşlərinin məhsulu olan çoxsaylı tamaşalar xüsusilə seçilir.
Lətifə xanımın sənətə gətirdiyi yeniliklərdən biri də Kukla Teatrında pərdənin yalnız texniki vasitə deyil, tamaşanın iştirakçısı olan bədii obraz kimi təqdim edilməsi olub ki, bu yanaşma onun teatr estetikasına münasibətinin və yaradıcı təfəkkürünün göstəricilərindəndir.
Lətifə xanım həmçinin müxtəlif teatr səhnələrində də çoxsaylı tamaşalara quruluşçu rəssam kimi imza atıb.
Onun yaradıcılığı ölkə sərhədlərini də aşaraq Türkiyə, İran, Macarıstan, Pakistan, Rusiya, Litva, Gürcüstan, Özbəkistan və digər ölkələrdə keçirilən festival və sərgilərdə nümayiş olunub.
2000-ci ildən yenidən Kukla Teatrına qayıdan və baş rəssam kimi fəaliyyətini davam etdirən və bu zəngin sənət ocağından əmək pensiyasına gedən Lətifə Quluzadə bu gün də sənətə bağlılığı, yaradıcılığı və zəngin təcrübəsi ilə teatrımızın bədii yaddaşının mühüm simalarından biridir.
Əziz Lətifə xanım!
80 illik yubileyiniz münasibətilə Sizi Azərbaycan Dövlət Kukla Teatrının kollektivi adından ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, yeni yaradıcılıq uğurları arzulayırıq.
Ruhu daim məsum uşaq saflığında olan insan, Sizin yaratdığınız obrazlar səhnədən, sənətiniz isə nəsillərin yaddaşından heç vaxt silinməsin!

01/08/2026
Bayramınız mübarək!..
21/07/2026

Bayramınız mübarək!..

Azərbaycan Dövlət Kukla Teatrının Strategiya və Kommunikasiya şöbəsinin müdiri, jurnalist, teatr tənqidçisi Həmidə Rüstə...
20/07/2026

Azərbaycan Dövlət Kukla Teatrının Strategiya və Kommunikasiya şöbəsinin müdiri, jurnalist, teatr tənqidçisi Həmidə Rüstəmova 22 İyul – Milli Mətbuat və Jurnalistika Günü münasibətilə Azərbaycan Teatr Xadimləri İttifaqı tərəfindən "Teatr sənətinin təbliğ olunmasında uğurlu fəaliyyətinə görə" Fəxri Fərmanla təltif olunub.
Bu qiymətə və göstərilən diqqətə görə Azərbaycan Teatr Xadimləri İttifaqının rəhbərliyinə və İdarə Heyətinə səmimi təşəkkürümüzü bildiririk.

Yeni mövsümdə görüşənədək....Azərbaycan Dövlət Kukla Teatrında 94-cü teatr mövsümünün yekunlarına həsr olunan iclas keçi...
17/07/2026

Yeni mövsümdə görüşənədək....

Azərbaycan Dövlət Kukla Teatrında 94-cü teatr mövsümünün yekunlarına həsr olunan iclas keçirilib
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında 94-cü teatr mövsümünün yekunlarına həsr olunmuş geniş tərkibli kollektiv iclas keçirilib.
İclasda çıxış edən teatrın direktoru Rəşad Əhmədzadə bildirib ki, Azərbaycan Dövlət Kukla Teatrının 94-cü teatr mövsümü yaradıcılıq, inkişaf, beynəlxalq əməkdaşlıq və sosial fəaliyyət baxımından olduqca məhsuldar bir il kimi yadda qalıb.
Direktor qeyd edib ki, 95 illik zəngin tarixə malik teatr yubiley mövsümünə uğurlu nəticələrlə qədəm qoyur. Onun sözlərinə görə, cari mövsümdə repertuar yeddi yeni səhnə əsəri ilə zənginləşib və onların hər biri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Rəşad Əhmədzadə bildirib ki, mövsüm ərzində Anar Məmmədovun quruluşunda "İnnab ağacı" tamaşası səhnəyə qoyulub. Görkəmli kukla ustası, sevilən aktyor Rəhman Rəhmanovun səhnə fəaliyyətinin yubileyinə həsr olunmuş "Aybolit" benefis tamaşası da teatrsevərlərin böyük marağına səbəb olub.
Direktor diqqətə çatdırıb ki, S.S. Axundovun eyniadlı əsəri əsasında Səidə Haqverdiyevanın quruluş verdiyi "Qaraca qız" tamaşası mövsümün uğurlu premyeralarından biri kimi yadda qalıb və repertuarın sevilən nümunələrindən birinə çevrilib.
Onun sözlərinə görə, ənənəyə uyğun olaraq ilin sonunda Anar Məmmədovun quruluşunda "Qış nağılı" tamaşası təqdim olunub. Azərbaycan xalq nağılı əsasında hazırlanan "Şəngülüm, Məngülüm" tamaşası mövsümün maraqlı səhnə işlərindən biri olub. Rejissor Müşfiq Əliyevin quruluş verdiyi "Quyruqsuz dovşan" tamaşası isə mövsümün ən uğurlu premyeraları sırasında xüsusi yer tutub.
Rəşad Əhmədzadə vurğulayıb ki, teatrın rus bölməsi də mövsüm ərzində fəal yaradıcılıq fəaliyyəti ilə seçilib. Əhəd Hacıyevin quruluşunda hazırlanan "Aldanmış canavar" tamaşası rusdilli tamaşaçıların ixtiyarına verilib.
Direktor məmnunluqla qeyd edib ki, teatr il ərzində nəzərdə tutulmuş bütün plan və plandankənar öhdəliklərini tam həcmdə yerinə yetirib.
Maliyyə göstəricilərinə toxunan Rəşad Əhmədzadə bildirib ki, repertuar siyasətinin uğuru kassadakı nəticələrdə də öz əksini tapıb. Onun sözlərinə görə, mövsüm ərzində ən yüksək gəlir əldə edən tamaşa "Dovşanın ad günü" olub və 10 min manatdan artıq gəlir gətirib. Sonrakı yerlərdə 8 min manatdan çox gəlirlə "Üç donuz balası", "Qaraca qız" və "Düyməcik", 7 min manatdan artıq gəlirlə isə "Ağca və yeddi cırtdan" və "Qızıl balıq" tamaşaları qərarlaşıb.
Direktor əlavə edib ki, illik maliyyə hesabatları və plan göstəriciləri mühasibatlıq tərəfindən dəqiq rəqəmlərlə təqdim olunur və iclasda səsləndirilən göstəricilər ümumi statistik mənzərəni əks etdirən məlumatlardır.
Onun sözlərinə görə, yalnız son altı ay ərzində teatr 333 tamaşa nümayiş etdirərək 26 mindən çox tamaşaçıya xidmət göstərib. Bu göstərici teatrın repertuarına və ümumilikdə fəaliyyətinə tamaşaçı marağının artdığını göstərir.
Beynəlxalq əlaqələrdən danışan Rəşad Əhmədzadə qeyd edib ki, teatr "NOMAD PUPPET" I Beynəlxalq Kukla Teatrları Festivalında Azərbaycanı uğurla təmsil edib və beynəlxalq yaradıcılıq əlaqələrinin inkişafına töhfə verib.
Direktor bildirib ki, qastrol fəaliyyəti də mövsüm ərzində uğurla davam etdirilib. Lənkəran, Qobustan və Pirallahıda təşkil olunan səfərlər çərçivəsində bölgə tamaşaçılarına uğurlu tamaşalar təqdim olunub.
Sosial məsuliyyət istiqamətində görülən işlərdən danışan teatr rəhbəri qeyd edib ki, YAŞAT Fondu və Nargis Fondunun dəstəyi ilə müxtəlif sosial layihələr həyata keçirilib, paytaxtda fəaliyyət göstərən sığınacaqlarda xeyriyyə tamaşaları nümayiş etdirilib, Uşaq Onkologiya Mərkəzində müalicə alan uşaqlar üçün xüsusi proqram hazırlanıb.
Rəşad Əhmədzadə vurğulayıb ki, 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü, 3 Dekabr – Beynəlxalq Əlilliyi Olan Şəxslər Günü və digər əlamətdar tarixlər münasibətilə Elm və Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ombudsman Aparatı və digər dövlət qurumları ilə birgə sosial layihələr həyata keçirilib.
Direktor bildirib ki, mövsüm ərzində Milli Məclisin Mədəniyyət Komitəsi ilə əməkdaşlıq daha da genişlənib, qarşılıqlı əlaqələr möhkəmlənib.
Çıxış zamanı o, mövsümün ən qürurverici hadisələrindən birinin teatr əməkdaşlarının dövlət tərəfindən yüksək qiymətləndirilməsi olduğunu diqqətə çatdırıb. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Əməkdar mədəniyyət işçisi Aslan Fətullayev, aparıcı aktyorlar Səriyyə Mansurova və Cavid İbrahimov Prezident mükafatına layiq görülüblər. Rəşad Əhmədzadə bunu bütövlükdə teatr kollektivinin əməyinə verilən yüksək qiymət kimi dəyərləndirib.
Direktor çıxışında bildirib ki, artıq 95-ci – yubiley teatr mövsümünə hazırlıq işləri davam edir. Hazırda Anar Məmmədovun quruluşunda "Balaca səyyah" və Səidə Haqverdiyevanın quruluşunda "Turac və sehrli daraq" tamaşalarının məşqləri aparılır.
Sonda Rəşad Əhmədzadə vurğulayıb ki, 94-cü teatr mövsümündə əldə olunan uğurlar teatrın yaradıcı və texniki heyətinin, səhnəarxasında çalışan əməkdaşların peşəkarlığının və fədakar əməyinin nəticəsidir. O bildirib ki, qarşıdan gələn 95-ci yubiley mövsümündə də teatr yeni tamaşalar, beynəlxalq layihələr və sosial təşəbbüslərlə tamaşaçılarını sevindirməyə davam edəcək.
Çıxışın ardından 94-cü teatr mövsümünün yekunlarına əsasən müxtəlif nominasiyalar üzrə fərqlənən əməkdaşların təltifetmə mərasimi keçirilib.
Mövsüm ərzində məhsuldar fəaliyyətinə (ən çox tamaşa oynayan) görə seçilən dram artistləri Aygül Ağayeva və Araz Həsənli, səmərəli fəaliyyətinə görə Səbinə Məmmədova, uğurlu debütünə görə isə dram artisti Bayram Fətəliyev təltif olunublar.
Bununla yanaşı, 19 dekabr 2025-ci il tarixində premyerası nümayiş etdirilən və qısa müddətdə teatrın repertuarında ən yüksək gəlir göstəricilərindən birinə nail olan "Qaraca qız" tamaşası "Mövsümün premyerası" nominasiyasına layiq görülüb.
Tədbirin sonunda teatrın direktor müavini Elnur Abbasquliyev, Yaradıcılıq şöbəsinin müdiri Anar Məmmədov və Geyim və səhnə tərtibatı şöbəsinin müdiri İqbal Əliyev çıxış edərək mövsüm ərzində göstərdikləri əzmkar fəaliyyətə görə kollektivə təşəkkürlərini bildirib, yaradıcı heyətə xoş istirahət, yeni yaradıcılıq uğurları və qarşıdan gələn 95-ci yubiley teatr mövsümündə yeni nailiyyətlər arzulayıblar.


16/07/2026

Press reliz
Azərbaycan Dövlət Kukla Teatrı Pirallahıda

95-ci yubiley ilini qeyd edən Azərbaycan Dövlət Kukla Teatrı ölkədaxili qastrol proqramı çərçivəsində növbəti çıxışını Pirallahı Rayon Gənclər Evində reallaşdırıb.
Teatrın qastrol proqramının əsas məqsədi paytaxtdan kənarda yaşayan balaca teatrsevərlərə peşəkar səhnə nümunələrini təqdim etmək, uşaqlarda teatr mədəniyyətinə marağı artırmaq və milli uşaq ədəbiyyatının ən gözəl nümunələrini geniş auditoriyaya çatdırmaqdır.
Tədbiri giriş sözləri ilə açan Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov milli teatrımızı ölkəmizin mədəni yaddaşını yaşadan sənət ocağı kimi qiymətləndirərək, bu cür tədbirlərin rayonun mədəni inkişafına töhfə verdiyini bildirib. O, kukla teatrı ənənələrinin uşaqların milli-mənəvi dəyərlərə bağlılığının güclənməsində rolunu vurğulayıb.
14 saylı Xəzər-Pirallahı seçki dairəsi üzrə millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva milli irsimizin təbliğinin dövlətimizin mədəniyyət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu bildirib. O, ölkəmizin qocaman teatr ocaqlarından olan Azərbaycan Dövlət Kukla Teatrının zəngin yaradıcılıq ənənələrinə diqqət çəkib. Millət vəkili təmsil etdiyi rayonlarda mədəni həyatın canlandırılmasına yönəlmiş layihələrin, o cümlədən teatr tamaşalarının təşkilinə hər zaman dəstək verdiyini bildirərək, bu cür təşəbbüslərin gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğulayıb.
Daha sonra tamaşaçılar Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi Xanımana Əlibəylinin sevilən mənzum əsərlərindən biri olan "Dovşanın ad günü" nağıl-poeması əsasında hazırlanmış eyniadlı tamaşanı izləyiblər.
Rəngarəng səhnə tərtibatı, musiqili nömrələri və maraqlı süjet xətti ilə seçilən tamaşa Pirallahılı balaca teatrsevərlər tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Tədbirdə həmçinin, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Emil Abasov, Azərbaycan Dövlət Kukla Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə, tamaşanın səhnələşdirmə və quruluş müəllifi Saida Haqverdiyeva, Pirallahı Rayon İcra Hakimiyyətinin nümayəndələri, .əhid ailələrinin övladları, yerli ictimaiyyət, çoxsaylı balaca teatrsevərlər iştirak ediblər.
Tamaşanın səhnələşdirmə və quruluş müəllifi Saida Haqverdiyeva, quruluşçu rəssamı Rəna Abbasova, bəstəkarı Əməkdar artist Vüqar Camalzadə, mahnıların mətn müəllifi isə Sevinc Nuruqızıdır.
Birhissəli kukla tamaşasında obrazları Cavid İbrahimov, Samirə Nəcəfova, Bayram Ağamalıyev, Araz Həsənli, Könül Nəsibova, Səbinə Məmmədova, Firuzə Nəsibli-Abbasova və Elnur Xəlilov canlandırıblar.

Teatrın mətbuat xidməti


Address

Neftçilər Prospekti 36
Baku
1005

Opening Hours

Tuesday 10:00 - 19:00
Wednesday 10:00 - 19:00
Thursday 10:00 - 19:00
Friday 10:00 - 19:00
Saturday 10:00 - 19:00
Sunday 10:00 - 19:00

Telephone

4926425, 4924458

Alerts

Be the first to know and let us send you an email when Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı:

Shortcuts

Share