ƏHD Partiyası

ƏHD Partiyası Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının səhifəsi

ƏHD Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə müsahibəsiƏdalət, Hüquq, Demokr...
30/08/2026

ƏHD Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə müsahibəsi

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.
Müsahibəni təqdim edirik:

- Qüdrət bəy, mediada, sosial şəbəkələrdə tariximizlə bağlı heç cür bitməyən müzakirələrə münasibətinizi bilmək istərdik...

- Tarixlə tarixçi alimlər (elmi dərəcələrinin olub-olmamasından asılı olmayaraq, bu sahəni peşə seçmiş və elmi tədqiqatlar aparan şəxslər) məşğul olmalıdır. O şəxslər tarixçi alim hesab olunur ki, onlar tarixi hadisələrə obyektiv yanaşsın, güclü araşdırma qabiliyyətinə, tənqidi düşüncəyə, geniş dünyagörüşə - tarixlə yanaşı siyasət, iqtisadiyyat, mədəniyyət, coğrafiya və digər sahələrə aid bilgilərə sahib olsun. Müxtəlif ölkələrin və dövrlərin mənbələrini araşdırmaq üçün xarici və qədim dilləri bilsin. Arxiv sənədləri, qədim mətnlərlə, çoxsaylı meteriallarla işləmək bacarığı olsun, öz elmi araşdırmalarının nəticələrini aydın, məntiqli və elmi şəkildə təqdim etməyi bacarsın. Qoy oxucular desin, bizdə tarixi müzakirələr açmış, yaxud bu müzakirələrə qoşulmuş şəxslərin neçəsi bu keyfiyyətlərə malikdir? Tarixi hadisələrə bu gündən qiymət vermək kökündən səhvdir. Soljenitsinin belə bir sözü var, "mütləqiyyət qəddarlıq doğurur". Orta əsrlərdə başqa idarəçilik forması yox idi, ona görə həmin dövrü qəddarlıq dövrü də adlandırmaq olar. Bu gündən yanaşsaq, gərək özbəklər Əmir Teymurdan, monqollar Çingiz xandan, ruslar Pyotrdan, Anadolu türkləri Osmanlı tarixindən və s. imtina etsin. Orta əsrlərdə dövlətlər sülalə, din və imperiya prinsipləri əsasında qurulurdu. Yalnız 18-19-cu əsrlərdə milli dövlət anlayışının əsasları yaranmağa başladı. Osmanlı tarixinə diqqət yetirmək kifayətdir. Tarixi mövzuda müzakirələrə qoşulanlar bütün bunları nəzərə almalıdırlar. 20-ci əsrə qədərki tariximizin üstündən xətt çəkə bilmərik. Bunu edənlər böyük tarixi və siyasi səhvə yol verirlər, xalqın özgüvən hissini öldürür, onda çatışmazlıq kompleksi formalaşdırırlar. İctimai-siyasi fəallar əsas diqqətlərini bu günümüzün problemlərinin müzakirəsinə yönəltməlidir. Keçmişlə və başqalarının problemləri ilə, kriminal elementlərlə, mənasız mövzularla lazım olandan çox məşğul oluruq. Hamı tarixçi və ya beynəlxalq məsələlər üzrə ekspert olub. Keçmişin ağır mirasından qurtulmaq üçün elmə, təhsilə, mədəniyyətə, təhlükəsizliyimizə daha çox vəsait ayırmalıyıq, kifayət qədər vəsaitimizin olması üçün isə güclü iqtisadiyyata sahib olmalıyıq. Günün əsas müzakirə mövzusu da bu olmalıdır.

- Parlamentin payız sessiyası başlayır, hansı qanunların qəbulunu istəyərdiniz?

- Yerli dövlət hakimiyyəti orqanları haqqında qanun qəbul edib, idarəetmədə böyük islahatlara yol açmaq olar. Bu qanunla dövlət hakimiyyətinin həyata keçirilməsində mövcud olan ifrat mərkəzləşməyə son qoyub, inkişafın yeni mərhələsinə keçid edə bilərik. Məhkəmələrdə andlı iclasçılar institutunun tətbiqini qanunvericiliyə daxil etmək lazımdır. Milli Məclisin yeni Daxili Nizamnaməsinin, amnistiya və əfvetmə haqqında qanunun qəbuluna ciddi ehtiyac var. İslahatlara başlanılacaqsa, çoxsaylı yeni qanunlar qəbul olunmalı, mövcud qanunlara isə ciddi dəyişikliklər edilməlidir. Daha yaxşı olardı ki, geniş ictimai müzakirələrdən keçən yeni Konstitusiya qəbul edək.

- Payızda ölkəmizə qarşı hansısa təxribatlar ola bilərmi?

- Hazırki müstəqil xarici siyasətimiz çoxlarını qıcıqlandırır. Ona görə belə cəhdlər ola bilər. Zaman-zaman biz şahidi olmuşuq ki, Prezidentin yaxın ətrafından kimlərsə müxtəlif motivlərlə bu cür təxribatlara qoşulub. Bəziləri iddiaları, yaxud təkəbbürlü olmaları səbəbindən imkanlarını, yaxud onları şirnikləndirənlərin imkanlarını düzgün hesablaya bilməyib. Bəzilərini şantajla bu cür təxribatlara təhrik ediblər. Bu gün də bəzən yersiz açıqlamaların şahidi oluruq. Düşünürəm, xalqımız, Prezident, polis və təhlükəsizlik orqanları, Silahlı Qüvvələrimiz bu cür təxribatların qarşısını almaq gücündədir. Təxribatlara qarşı ən sınanılmış mübarizə sosial problemlərin yaranmasının qarşısını vaxtında almaqdır.

ƏHD Partiyası mətbuat xidməti

“Paşinyan vaxt udur, İran narahatdır, Rusiya isə...”– "İqtisadi azadlıqlar genişləndirilməli, sərhədlər açılmalıdır ki.....
27/08/2026

“Paşinyan vaxt udur, İran narahatdır, Rusiya isə...”– "İqtisadi azadlıqlar genişləndirilməli, sərhədlər açılmalıdır ki..."

Qüdrət Həsənquliyev: "Ermənistanı İsrail kimi, bu regionda böyük bir gücə çevirmək istəyirlər..."

"Rusiya ilə münaqişə vəziyyətində olmağımızı istəyən qüvvələr və ölkələr var"

Dünya siyasətində gərginlik p*k həddə çatdığı bir vaxtda, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) direktorunun Moskvaya gözlənilməz və qapalı səfəri böyük suallar doğurub. Vaşinqton və Kreml arasında gedən bu məxfi təmaslar Ukrayna cəbhəsindəki son eskalasiya, İran ətrafındakı böhran və Qərblə Çin arasındakı qlobal rəqabətlə birbaşa əlaqələndirilir.
Bəs, böyük güclərin pərdəarxası bazarlığında regionu nə gözləyir? Bakı-Moskva xəttindəki mövcud mənzərəni necə dəyərləndirmək olar? İrəvanın sülh prosesində vaxt qazanmaq gedişləri və regionda getdikcə dərinləşən güc mübarizəsi hansı nəticələrə gətirib çıxara bilər?
Bütün bu sualları Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev "AzPolitika"ya müsahibəsində cavablandırıb.

– Qüdrət bəy, bu gün yayılan məlumata görə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Moskvaya gəlib və Rusiya rəhbərliyi ilə qapalı görüşlər keçirib. Müzakirə mövzularına dair müxtəlif versiyalar səsləndirilir. İddialara görə, İran müharibəsi ilə bağlı Rusiya və ABŞ arasında danışıqların aparılması və yaxud Ukrayna məsələsi üzrə müəyyən razılaşmanın təklif edilməsi gündəmdə ola bilər. Sizcə, əsas ehtimal hansı istiqamətlə bağlı ola bilər?

– Noyabrın 3-də keçiriləcək aralıq seçkilərdə Trampın qalib gəlməsi üçün onun xarici siyasətdə ciddi bir uğura ehtiyacı var. Bunun üçün ya İranda nəzərəçarpacaq bir qələbə əldə etməlidir, ya da Ukrayna ilə Rusiya arasında sülh sazişinin imzalanmasına nail olmalıdır. Hazırda bunların heç biri real görünmür. Belə olan halda, onun aralıq seçimində əhalidən ciddi dəstək alması çox çətin görünür. Müttəfiqlərlə münasibətlərdə də kifayət qədər dərin problemlər yaranıb. Həm Avropa ilə, həm də ABŞ-nin yaxın müttəfiqlərindən biri olan Kanada ilə münasibətlərdə. Tramp Venesuelada müəyyən uğur əldə edib. Amma Venesuelada əldə olunan nəticə digər problemlərin fonunda kifayət qədər kiçik görünür. Neftin qiyməti qalxıb, Amerikanın dövlət borcu da artıq 40 trilyon dolları keçib. Bu baxımdan, Trampı qarşıdakı dövrdə ciddi siyasi çətinliklər gözləyir.

– Yəni ABŞ-Rusiya danışıqlarının əsas mövzusu Ukraynadır…

– Yəqin ki, Rusiyaya deyilib ki, müharibənin davam etməsi Çini gücləndirir və bu, heç də Rusiyanın strateji maraqlarına cavab vermir. Çin hazırkı vəziyyətdə Rusiyaya özünün sənaye məhsullarını əlverişli qiymətlərlə satır, Rusiyadan əlverişli qiymətlərlə xammal alır. Mövcud vəziyyətin davam etməsi Qərbin, yəni ABŞ və Avropa İttifaqının, Cənubi Koreyanın, Yaponiyanın və s. Çinlə bağlı daha sərt siyasət yürütməsinə imkan vermir.
Bu baxımdan düşünürəm ki, ABŞ-nin Rusiyaya mesajı təxminən bundan ibarət ola bilər: Rusiya, Trampın seçkilərdə uğur qazanmasına imkan verəcək addımların atılmasına mane olmamalıdır. Siz ya İran məsələsində bizə dəstək verməlisiniz, ya da Ukrayna müharibəsinin uzanmasına imkan verməməlisiniz. Düşünürəm ki, əsas müzakirə mövzusu bundan ibarət ola bilər. Çünki Trampın məğlubiyyəti Rusiyaya yaxşı heç nə vəd etmir.

– Bəs müharibənin gedişatına necə baxırsınız? Biz daha uzaqmənzilli və daha dağıdıcı silahların istifadə olunduğunu görürük. Qarşıdakı ayda Rusiyada seçkilər keçiriləcək. Eyni zamanda, Ukraynada daxili siyasi proseslər aktivləşib. Sizcə, eskalasiyanın bu şəkildə dərinləşməsi həm Rusiya, həm də Ukrayna üçün nə vəd edir?

– Rusiyanın böyük xammal ehtiyatları var, həm də açıq söyləyək, Çin, Şimali Koreya və digər ölkələr onunla sıx əməkdaşlıq edirlər. Çin bir müddət əvvəl açıq bəyanat vermişdi ki, biz Rusiyanın məğlubiyyəti ilə barışmayacağıq. Onlar hesab edirlər ki, indiki cəbhə xətti üzrə atəşkəsin əldə olunması Rusiyanın məğlubiyyəti deməkdir. Halbuki Ukraynanın ərazilərinin təxminən 20 faizi hazırda Rusiyanın işğalı altındadır. Çinin razılığı olmadan Rusiyanın sülhə getməsi çətindir. Çin ABŞ-nin onunla anlaşmasını istəyir. Ona görə müharibənin necə bitəcəyi, hansı geosiyasi nəticələrə səbəb olacağı böyük güclərin öz aralarındakı anlaşmadan asılı olacaq.

– Niyə Amerika Çinlə anlaşa bilmir?

– Ona görə ki, Tayvan məsələsində tərəflərin mövqeləri fərqlidir. SSRİ dağılandan sonra birqütblü dünya yaranmışdı. İndi isə Çin iqtisadi və hərbi gücünü hiss edir, ikinci böyük qlobal güc kimi ABŞ ilə müəyyən məsələlərdə qarşı-qarşıya dayanır, onun maraqlarının nəzərə alınmasını tələb edir.

– Bəs Rusiyanın daxilində hansısa dəyişikliklər gözlənilirmi? Seçkiyə liberal qüvvələri buraxmadılar. Hökumət total izləmə kampaniyası həyata keçirir, qanunlarla çoxsaylı məhdudiyyətlər tətbiq edilib. Rusiya artıq dövlət və cəmiyyət olaraq təhlükəli qütbə çevrilib, hökumətin qidalandırdığı ideologiyalar həm özünə, həm də ətrafa ciddi təhlükə yaradır…

– Rusiya müharibədə məğlub olmayana qədər xalqın hansısa formada ciddi siyasi faktora çevrilməsi mümkünsüzdür. Kremldə anlayırlar ki, məğlubiyyət olacaqsa, ölkənin çöküşünün qarşısını almaq mümkün olmayacaq. O baxımdan, müharibəni davam etdirirlər və "Yabloko" namizədlərinin də seçkiyə buraxılmaması seçki kampaniyası dövründə sülh mövzusunun əsas məsələyə çevrilməsinin qarşısını almaq üçündür.
Qərb Ukraynaya müasir, daha böyük dağıdıcı gücə və daha yüksək dəqiqliyə malik silahlar, raketlər verərsə və yaxud həmin raketlərin hazırlanması texnologiyasını ötürərsə, bu halda, əlbəttə, vəziyyət köklü şəkildə dəyişəcək. Hal-hazırda Rusiyanın durumu o qədər kritik vəziyyətdə deyil ki, müharibəni dayandırsın. Rusiya belə hesab edir ki, Qərb geri çəkiləcək və artıq Ukraynanı məcbur edəcək ki, daha ciddi güzəştlərə getsin.

– Qüdrət bəy, belə versiyalar da var ki, MKİ direktorunun Rusiyaya gizli səfəri Rusiyanın Avropaya qarşı hansısa hərbi əməliyyatlar hazırladığı ilə bağlıdır. Bu günlərdə Qərb mediası yazır ki, Baltikyanı ölkələr artıq ciddi şəkildə müharibəyə hazırlaşırlar. Sədlər çəkilir, istehkamlar qurulur və minalar döşənir. Şərqi Avropada da narahatlıq artır. Belə bir ehtimal varmı ki, Rusiya Qərbə qarşı yeni cəbhə açmaq, daha sonra atəşkəsə və yaxud sülh danışıqlarına başlamaq istəyir?

– Az ehtimal olunur. Siyasətdə heç nəyi birmənalı şəkildə istisna etmək olmaz, amma bu ehtimal kifayət qədər azdır. Çünki Ukraynada müharibə aparmaq bir məsələdir, Polşaya və ya Baltikyanı ölkələrə qarşı hər hansı hərbi əməliyyata başlamaq başqa məsələdir. Belə olduğu təqdirdə NATO ölkələri Rusiyaya qarşı müharibəyə qoşulacaq. Bu halda isə Rusiyanın həmin müharibədə qalib gəlmək ehtimalı yoxdur. Rusiya nə üçün belə bir müharibəyə başlasın? Bu, artıq "özümü məhv edəcəyəm, sizi də özümlə birlikdə" məntiqinə çevrilə bilər. Nüvə silahından istifadə olunarsa, belə bir vəziyyətdə NATO-ya qarşı müharibəyə başlayan və onu davam etdirən şəxslərin özləri, onların ailələri, övladları və yaxınları sağ qalacaqlarmı?
Ona görə də düşünmürəm ki, Rusiya hazırda belə bir müharibəyə getsin. Amma çox vaxt Rusiya məntiqlə qərar qəbul etmir. Mən Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlayacağını da düşünmürdüm. Çünki bunun Rusiya üçün hansı nəticələrə səbəb ola biləcəyini proqnozlaşdıra bilirdim.
Düşünürəm ki, Rusiya indi Avropa ölkələrinə sadəcə olaraq təzyiq göstərir, qorxutmağa çalışır və istəyir ki, Ukraynı müəyyən güzəştlərə məcbur etsinlər, ona kömək etməsinlər. Rusiya müasir texnologiyaların Ukraynaya verilməsindən narahatdır.
Böyük Britaniya artıq uzaqmənzilli SCALP raketlərinin texnologiyası ilə bağlı məlumatların Ukraynaya veriləcəyini bəyan edib. Sabah isə "Tomahawk" raketləri ilə bağlı vəziyyət də dəyişə bilər. Əgər aralıq seçimində Tramp Konqresdəki çoxluğu itirsə, onun Rusiyanı müdafiə etmək imkanları xeyli zəifləyəcək. Mənə elə gəlir ki, danışıqların əsas mövzusu elə bununla bağlıdır. İranla müharibənin nəticəsi olaraq ABŞ müəyyən bir nəticə əldə etməlidir. Tramp ən azından Hörmüz boğazının hüquqi rejimini əvvəlki vəziyyətə qaytarmağa çalışır.

– O halda da başqa bir sual ortaya çıxır: İran buna gedəcəkmi? Yəni Rusiyanın təzyiqi ilə bu addımı atacaqmı?

– Bu başqa bir məsələdir. İran özünün xarici siyasətində rus faktorunu həmişə nəzərə alır. Çünki Rusiyanın İranın daxili siyasətinə təsir imkanları böyükdür. Bu, həm də gen yaddaşından qaynaqlanır. Çin İrana ciddi dəstək vəd etsə, İran riskə gedib Rusiyanın fikrini nəzərə almaya bilər. Ona görə ABŞ İranla müharibəni yekunlaşdıra bilmir və bütün variantlara əl atır. Döyüş meydanında qalib gəlmədən diplomatik yollarla böyük uğurlar əldə etmək çətin olur. Biz bunu öz təcrübəmizdən bilirik. SEPAH və İranın dini rəhbərliyi Pezeşkianın siyasi xəttini müdafiə etsə, İran müharibədən ləyaqətlə çıxa və uğurlu inkişaf yolu seçə bilər.

– Qüdrət bəy, Rusiyanın Azərbaycan və Ermənistanla bağlı siyasəti də gündəmdədir. Bakı-Moskva münasibətlərini necə xarakterizə edərdiniz: p*s, yaxşı, yoxsa əla?

– Münasibətlər arzu olunan səviyyədə yaxşı olmasa da, mən p*s də deməzdim. Münasibətləri o zaman p*s adlandırmaq olar ki, dövlətlər artıq bir-birinə qarşı konkret qərarlar qəbul etsinlər və real addımlar atsınlar. Hər zaman deyirəm ki, biz dövlətin nüfuzunu və suverenliyini qorumaq şərtilə Rusiya ilə qarşıdurmadan yayınmalıyıq. Rusiyanı inandırmalıyıq ki, Ermənistanın sülhə getməsinə icazə versin. Bizim Rusiya ilə münaqişə vəziyyətində olmağımızı istəyən yaxın və uzaq xaricdə çoxlu qüvvələr və ölkələr var. Azərbaycanın vəziyyəti belədir: bir qrup insan bizdən narazıdır ki, siz Rusiya ilə niyə belə davranırsınız; bir qrup insan narazıdır ki, siz niyə İsraillə yaxınlaşırsınız; digər bir qrup insan da çox narazıdır ki, siz niyə İranla yaxınlaşırsınız. Azərbaycan öz xarici siyasətində dövlət maraqlarını hər zaman ön planda tutmalıdır. Mən hesab edirəm ki, Prezident İlham Əliyev bu siyasəti kifayət qədər uğurla davam etdirir və bir çox qüvvələrə artıq bunu qəbul etdirib ki, Azərbaycan öz maraqlarından çıxış edəcək.
Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması üçün Rusiyanın dəstəyinə ehtiyacımız var. Moskvanın xeyir-duası olmadan Ermənistanın Azərbaycanla sülh sazişi imzalaması o qədər də inandırıcı görünmür. Ermənistanda keçirilən son seçkilərdə seçkinin nəticələrinin dərhal elan olunmaması Paşinyanın nəticələrə "əl gəzdirdiyini" ortaya qoydu, o, Konstitusion çoxluq əldə edə bilərdi, amma etmədi. Çünki Rusiyanın sülh sazişinin imzalanmasında, Zəngəzur dəhlizinin açılmasında maraqlı olmadığını bilir. Rusiya Paşinyandan xarici siyasət kursu ilə əlaqədar referendum keçirməyi tələb etməklə onun Konstitusiya dəyişikliyi ilə əlaqədar referendum keçirməsini çətinləşdirir. Bu, bir tərəfdən də Qərbə mesajdır ki, "görürsünüz, mən artıq referendum keçirə bilmirəm". Ermənistanda referenduma getmək üçün parlamentdə qərar qəbul olunmalıdır. Moskva da referendum tələb etməklə nəsə planlaşdırır.

– Amma dünən eks-prezident Koçaryanı həbs etdirdi…

– Paşinyan bununla Rusiyaya mesaj verir: "Məndən öz maraqlarınız üçün yararlanırsınız, eyni zamanda Köçəryanı mənə qarşı təzyiq vasitəsi kimi saxlayırsınız, buna ehtiyac yoxdur". Köçəryan, Sarkisyan həqiqətən də korrupsiyaya bulaşmış şəxslərdir, hərbi və bəşəri cinayətlərə görə məhkum olunmalıdırlar. Azərbaycan Ermənistandan bu cinayətkarları tələb etməlidir. Allah cəzalarını verir, amma biz özümüz onları cəzalandırsaydıq, daha yaxşı olardı.
Paşinyan hazırda məharətlə oyun oynayır. Amma bir gün bu oyunların sonu olacaq. Paşinyan həm də indiki həbslərlə bağlı Qərbə deyə bilər ki, "Mənə parlamentdə referenduma getməklə bağlı qərar qəbul etdirmək üçün əlavə 6-7 səs lazımdır, qarşı tərəfdə olanları qorxuduram və təzyiq nəticəsində oradan 6-7 səs ala biləcəyəm". Paşinyan ilin sonuna qədər Konstitusiya layihəsini ictimaiyyətə açıqlamalıdır. Amma sonra məsələ parlamentə gəlməlidir.
Onu da qeyd edim ki, Amerika Ermənistanda Aİ texnologiyalı mərkəzlər qurur. Orada bir çox startaplar maliyyələşdiriləcək, bir çox işlər görüləcək. Uzun müddətdir müəyyən dairələr bu istiqamətdə fəaliyyət göstərirlər. Ermənistanı İsrail kimi, bu regionda böyük bir gücə çevirmək istəyirlər. Onlar fikirləşirlər ki, gələcəkdə Azərbaycana qarşı müəyyən addımlar ata bilərlər. Zamanla Azərbaycanın nefti tükənəcək, Türkiyə İsraillə, yaxud başqa bir dövlətlə münaqişəyə cəlb olunub zəiflədilə bilər və s.

– Türkiyə ilə İsrail arasında müharibə gözləyirsiniz?

– Bəzən ölkələr istəmədiyi münaqişələrə də cəlb olunur. Türkiyəni Rusiya ilə, Yunanıstanla, Səudiyyə Ərəbistanı ilə müharibəyə cəlb etmək istəyirdilər, indi də İsraillə müharibəyə cəlb etmək istəyirlər. Türkiyənin güclənməsini istəməyən qüvvələr var. İsrail kiçik dövlət olsa da, bəzi böyük dövlətlərin malik olmadığı imkanlara sahibdir. Öz müdafiə sistemi və nüvə silahı var. Türkiyəni həqiqətən də böyük təhlükə qarşısında qoya bilərlər. Bunu çoxları ciddi qəbul etmir, amma məncə, Pakistanla Türkiyə arasında Səudiyyə Ərəbistanı ilə birlikdə hərbi əməkdaşlıq və qarşılıqlı müdafiə haqqında sazişin imzalanması məhz bu narahatlıqdan qaynaqlanır.
Yəni Pakistanın nüvə silahı çəkindirici faktor kimi çıxış edir və İsrailin nüvə silahından istifadə etməsinin qarşısını ala bilər. Amma Pakistan Türkiyədə, Səudiyyə Ərəbistanında nüvə başlığı saxlaya biləcəkmi? Türkiyənin Pakistanla birgə həmin silahdan istifadə etmək imkanı olacaqmı? Yalnız bu halda, Pakistanın nüvə silahı real çəkindirici faktor ola bilər.
Türkiyə öz nüvə silahını əldə edənə qədər daha təmkinli siyasət yürütməli, həm Yunanıstanla, həm də İsraillə hər hansı qarşıdurmadan maksimum dərəcədə yayınmalıdır. 2015-ci ildə Türkiyə ilə Rusiya arasında təyyarə insidenti baş verdi. Bundan sonra münasibətlərdə ciddi gərginlik yarandı. Həmin gərginliyin aradan qaldırılmasında Azərbaycan da böyük rol oynadı. Belə qarşıdurmalar Türkiyə üçün də, region üçün də ağır nəticələr yarada bilər. Bunu nəzərə alan Azərbaycan qardaş Türkiyə ilə dost İsrail arasındakı münasibətlərin yaxşılaşdırılmasında müəyyən rol oynamağa çalışır.

– Sülh sazişi məsələsinə qayıdaq. Belə çıxır ki, regional qüvvələr bunu istəmir, o zaman perspektivi necə görürsünüz?

– Hesab edirəm ki, Azərbaycan və tərəfdaşları Ermənistana maksimum dərəcədə təzyiq etməlidirlər, eyni zamanda Rusiya ilə danışıqlar aparmalıyıq. Mən həmişə deyirəm: biz nə qədər ki, güclüyük, sülh sazişinin imzalanmasına çalışmalıyıq. Çalışmalıyıq ki, iqtisadi göstəricilərə görə Ermənistandan həmişə üstün olaq. İqtisadi azadlıqlar genişləndirilməli, sərhədlər açılmalıdır ki, iqtisadiyatımız daha da güclənsin.
Keçmiş sovet respublikalarının, Türkiyə və İranın iştirakı ilə Çinlə Avropa İttifaqı arasında yeni bir Avrasiya Birliyinin yaranması mümkündür. Vahid valyuta, ümumi bazar, vahid gömrük və viza sistemi və s. Hazırda sərhədlərimiz bağlıdır. Azərbaycanlılar Gürcüstandakı və İrandakı soydaşları ilə əlaqə saxlamaqda çətinlik çəkirlər. Mənəvi və milli birliyimizin qorunması baxımından sərbəst hərəkət imkanlarının olması vacibdir. Bu, həm də bizim təhlükəsizliyimiz üçün zəruridir.
Əlbəttə, sərhədlərin açılması qonşu ölkələrdə bəzi gündəlik tələbat mallarının və səhiyyə xidmətlərinin ucuz olması səbəbindən ilkin mərhələdə Azərbaycan üçün müəyyən maliyyə itkilərinə səbəb ola bilər, amma bunun çıxış yolu iqtisadi islahatlar həyata keçirməkdir. Ölkəmiz xarici investisiyalar üçün cəlbedici olmalıdır.
Mülkiyyətin toxunulmazlığını təmin etmək üçün məhkəmə islahatları genişləndirilməlidir. Biznes fəaliyyəti ilə bağlı bütün mübahisələrə, o cümlədən sahibkarla dövlət qurumu arasında yaranan mübahisələrə də inzibati məhkəmədə yox, kommersiya məhkəməsində baxılması daha məqsədəuyğun olar. Pilot layihə kimi, kommersiya məhkəmələrində işlərə andlı iclasçılar institutunun tətbiqi ilə baxılmalıdır. Məsələn, azərbaycanlı sahibkarların öz aralarında mübahisələri həll etmələri üçün xarici arbitraja müraciət etmək imkanları olmalıdır. Niyə buna imkan verilməsin? Şirkətlər hesab edirlərsə ki, mübahisəni Azərbaycanda deyil, xarici arbitrajda həll etmək istəyirlər, bunun üçün hüquqi imkan yaradılmalıdır.

ƏHD Partiyası mətbuat xidməti

ƏHD Partiyası Əbülfəz Elçibəyin məzarını ziyarət edibƏdalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının İdarə Heyətinin üzvlə...
22/08/2026

ƏHD Partiyası Əbülfəz Elçibəyin məzarını ziyarət edib

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının İdarə Heyətinin üzvləri milli-azadlıq hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin məzarını vəfatının 26-cı ildönümü ilə bağlı ziyarət ediblər.
Əbülfəz Elçibəyin məzarının önünə əklil və gül dəstələri qoyulub.
ƏHD Partiyasının Baş katibi Niyaməddin Orduxanlı Elçibəyin həyat yolu ilə bağlı fikirlərini bölüşüb.
Daha sonra Əbülfəz Elçibəyin ruhuna fatihə oxunub.

ƏHD Partiyası mətbuat xidməti

Xəzərlə bağlı İrandakı təşəbbüsə deputatdan sərt reaksiya: “Daha ciddi işlərlə məşğul olsalar...”Ədalət, Hüquq, Demokrat...
17/08/2026

Xəzərlə bağlı İrandakı təşəbbüsə deputatdan sərt reaksiya: “Daha ciddi işlərlə məşğul olsalar...”

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Moderator.az-a açıqlamasında İranda bəzi millətçi qrupların Xəzər dənizinin adının dəyişdirilməsi ilə bağlı təşəbbüslərinə münasibət bildirib.
Deputat qeyd edib ki, İran hazırda üzləşdiyi ciddi problemlərin həllinə və qonşuları ilə münasibətlərdə sülhün qorunmasına diqqət yetirməlidir.
İran sanksiyaların aradan qaldırılması, sosial ədalətin təmin edilməsi və azad bazar iqtisadiyyatına əsaslanan hüquqi dövlət qurulması istiqamətində səy göstərməlidir.
Xəzər dənizinin necə adlandırılması heç nəyi dəyişmir və İranın daha ciddi məsələlərlə məşğul olması daha məqsədəuyğundur".
Qeyd edək ki, İranda özünü “İranşəhri” ideologiyasına bağlı hesab edən bəzi fars millətçi qruplar Xəzər dənizinin adının dəyişdirilməsi ilə bağlı kampaniya başladıb. Kampaniya çərçivəsində dənizin “Kaspi” və ya “Mazandaran” adlandırılması təklif olunur.
Bu təşəbbüs tarixi-coğrafi adların siyasi və ideoloji müstəvidə müzakirəyə çıxarılmasını yenidən gündəmə gətirib. Eyni zamanda, belə yanaşmaların tarixi irsin təqdimatına və regionda qonşuluq münasibətlərinə mümkün təsirləri ilə bağlı müzakirələr aparılır.

ƏHD Partiyası mətbuat xidməti

Qüdrət Həsənquliyev ABŞ-İran qarşıdurmasını şərh edibƏdalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili ...
13/08/2026

Qüdrət Həsənquliyev ABŞ-İran qarşıdurmasını şərh edib

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev ARB24-ün canlı efirində ABŞ-İran münaqişəsi ilə bağlı mövcud durumu şərh edib.
Qüdrət Həsənquliyev ABŞ-nin Yaxın Şərq regionu ilə bağlı siyasətini, iki ölkə arasında danışıqlar prosesinin perspektivlərini, eyni zamanda riskləri dəyərləndirib.
Millət vəkili həmçinin İranın daxili vəziyyəti, siyasi, sosial-iqtisadi durumu, xarici siyasəti ilə bağlı problemlərə və digər məsələlərə toxunub.

ƏHD Partiyası mətbuat xidməti

Qüdrət Həsənquliyev Prezidentin Naxçıvan səfəri ilə bağlı REAL TV-nin suallarını cavablandırıbƏdalət, Hüquq, Demokratiya...
13/08/2026

Qüdrət Həsənquliyev Prezidentin Naxçıvan səfəri ilə bağlı REAL TV-nin suallarını cavablandırıb

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev REAL TV-nin canlı efirində Prezident İlham Əliyevin Naxçıvan səfəri ilə bağlı sualları cavablandırıb.
Millət vəkili dövlət başçısının səfərinin nəticələri, Naxçıvanın iqtisadi inkişaf perspektivləri, turizm və kənd təsərrüfatı istiqamətində görüləcək işlər və digər məsələlərlə bağlı fikirlərini bölüşüb. Qüdrət Həsənquliyev eyni zamanda Zəngəzur dəhlizi ilə bağlı mövcud vəziyyəti dəyərləndirib, dəhlizin açılmasının əhəmiyyəti ilə bağlı mühüm məqamlara toxunub.
Müsahibəni şərh bölümündəki link vasitəsilə izləmək mümkündür.

ƏHD Partiyası mətbuat xidməti

Qüdrət Həsənquliyev: “Azərbaycan Ermənistan qarşısında konkret tələb qoymalıdır: yeni hökumət formalaşdı, referendumu el...
05/08/2026

Qüdrət Həsənquliyev: “Azərbaycan Ermənistan qarşısında konkret tələb qoymalıdır: yeni hökumət formalaşdı, referendumu elan et!”

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Ermənistanda yeni hakimiyyət komandasının və parlamentin formalaşmasından sonra ənənəvi anti-Azərbaycan və anti-Türkiyə ritorikasının müxtəlif səviyyələrdə davam etməsi ilə bağlı Musavat.com-a mühüm açıqlamalar verib, sensasion təkliflər səsləndirib.
Müsahibəni təqdim edirik:

- Qüdrət bəy, Ermənistanda yeni hökumət, yeni parlament işə başladı. Gözləmək olardı ki, “Real Ermənistan” deyib, yeni münasibətlər sisteminə start verəcəyini anons edən, sülhə hazır olduğunu deyən Nikol Paşinyan və komandasının məsələlərə baxışı kəskin fərqlənəcək. Amma ilkin müşahidələr, yeni sp*kerin iddiaları, parlamentdəki revanşistlərə meydan verilməsi, anti-Türkiyə, anti-Azərbaycan mövqelilərin uca səslə danışmaları nikbin düşünməyə əsas vermir. Bu gedişat nə vəd edir? Xüsusilə də Azərbaycanla sülhün imzalanmasından öncə Ermənistanın icra etməli olduğu öhdəliklər var, bu mənada soruşuram.

- Təəssüf ki, hazırda Azərbaycanda çoxları belə düşünür ki, Paşinyan Rusiya ilə ciddi əlaqələri olmayan, yəni Kremlin etimad göstərmədiyi bir qərbyönümlü siyasətçidir. Bu, belə deyil. Bəli, o, üzdə qərbyönümlü siyasət yürüdür və bu açıq söyləyim ki, Rusiyaya da sərf eləyir. Rusiyaya da ona görə sərf eləyir ki, Ermənistan özünün “qərbyönümlü” siyasəti ilə Qərbdən ona qarşı ola biləcək təzyiqləri xeyli dərəcədə səngidir, konstitusiyalarını dəyişib sülh sazişini imzalamır. Azərbaycanın haqlı tələbini yerinə yetirmir. Əslində Rusiyaya lazım olan o idi ki, məsələn, Azərbaycan dəmir yolunu açsın və Rusiya öz mallarını Ermənistana göndərsin və Ermənistan daha çox iqtisadi baxımdan Rusiyadan asılı bir vəziyyətdə qalsın. Buna da müəyyən mənada nail olub. Ona görə “nə hərb, nə sülh” variantı bu dəqiqə Rusiyanı tam qane edir və Paşinyan da bunu bilir. Sonuncu seçkilər, seçkinin nəticələri də ona xidmət elədi ki, Paşinyan elə bil referendumdan yayınmaq üçün sanki əla bir bəhanə əldə etmiş oldu. Bunlar çox məharətlə oynayırlar. Siz indi baxın, balaca Ermənistanın Rusiya ilə ticarət dövriyyəsi bizdən üç dəfə artıqdır. Orda tutaq ki, Köçəryan hakimiyyətdə olsaydı, ya Samvel Karapetyan hakimiyyətə gəlsəydi, sanksiya altında olan malları Ermənistan Qərb ölkələrindən alıb necə Rusiyaya sata bilərdi? Paşinyan hələ ki, Rusiyaya sərf edir, nə vaxt sərf eləməsə, onu çox asanlıqla hakimiyyətdən kənarlaşdıracaqlar. Paşinyan da bunu bilir. Paşinyanın hakimiyyətə gəlməsində də Rusiyanın böyük rolu olub. Vaxtilə biz Serj Sarkisyanın hakimiyyətdən necə uzaqlaşdırılması , Rusiyanın o proseslərdə sərgilədiyi mövqe də gözümüzün qarşısındadır. Mən bu yaxınlarda açıqlamalarımın birində söyləmişdim ki, biz yekun sülh sazişinin imzalanması üçün Rusiya ilə danışmalıyıq. Rusiya Ermənistana icazə verməlidir ki, sülh sazişi imzalansın. Əlbəttə, bəziləri Vaşinqton bəyannaməsindən danışırlar ki, bəs Paşinyan getdi, bizim Prezidentlə görüşdü, sülh sazişi paraflandı, sonra birgə bəyannamə imzaladılar.
Avqustun 8-də bir ili tamamlanacaq...

- Bəli. Mən onu da hər zaman açıq söyləmişəm ki, o da Rusiyanın, Putinin icazəsi ilə baş verdi. Çünki Putinə lazımdır ki, Amerikada güclü mövqeyi və çox nüfuzlu Tramp hakimiyyətdə olsun. Ona görə ki, Tramp bu gün Ukraynaya silah satmır. NATO-nu, Qərb dəyərlərini gözdən salır,Çini Rusiya ilə daha da yaxınlaşdır, Ukrayna savaşından diqqəti yayındırmaq üçün İranla müharibəyə başladı. Siz gördünüz ki, axırıncı dəfə hətta o , “Patriot” raketlərinin Ukraynada istehsal olunmasına lisenziya verəcəyini bəyan etmişdi, amma yenə də yayındı.

- Polemika doğuracaq fikirlərdir, həm də maraqlıdır...

- Onsuz da o, yekun sülh sazişi deyildi. Amma Trampın Nobel mükafatı alması, onun Rusiyaya daha çox kömək etməsinə imkan verə bilərdi. Trampın nüfuzu aşağı düşdükcə, Konqresin ona təzyiqləri artır ki, Ukraynaya daha ciddi kömək göstərilsin və həm də Rusiyaya sanksiyalar tətbiq olunsun.

- Amma bu da var ki, Zəngəzur dəhlizi – TRIPP marşrutundan Rusiya heç də məmnun deyil...

- Məmnun deyil, deyəndə, Rusiya razılıq verməsə, Tramp heç vaxt gəlib Zəngəzurda o yolu çəkməyəcək. Baxın, bir il ərzində söz-söhbətdən başqa, heç bir ciddi addım atılmayıb. Bircə Ermənistanla birgə fond yaradıblar.

- Amma vəsaiti xeyli artırıblar...

- Mətbuatdan oxudum ki, guya oraya 430 milyona yaxın vəsait ödənilib. Bunlar hamısı kağız üzərində mənasız bir işlərdir. Bir il ərzində dəhlizin tikintisini başlamaq və hətta böyük hissəsini tikmək də olardı. Mən hesab edirəm ki, beləcə, bu işlər uzana-uzana gedəcək, açıq söyləyirəm sizə. O baxımdan mən hər zaman daha realist bir mövqe sərgiləyirəm bu məsələlərə münasibətdə. Zamanında da demişdim: yaxşı olar ki, regionda Türkiyə və Rusiyanın iştirakı ilə dördtərəfli sülh sazişi imzalansın, Qars Müqaviləsi kimi. O zaman sülhə həm də daha böyük təminat olar.

- Bəs ABŞ?

- ABŞ güclü dövlətdir, amma Azərbaycandan çox uzaqdadır. Mənim fikrimcə, böyük geosiyasi dəyişikliklər, tutaq ki, Rusiya daxilində hansısa böyük bir proseslər baş verməsə, regionda böyük dəyişikliklər olmasa, indiki şərtlər altında mən o TRIPP layihəsinin gerçəkləşəcəyini az güman edirəm.

- Hətta bu dərəcədə şübhəniz var?

- Bəli. Yəni Tramp Putinin icazəsi olmadan orada bir daşı daş üstünə də qoymaz. Tramp niyə İranla müharibəyə başladı? Gəlin açıq danışaq. Həm de beynəlxalq birliyin, Amerika ictimaiyyətinin diqqətini Ukrayna müharibəsindən yayındırmaq üçün. Ona görə ki, Trampa daxildən Ukrayna məsələsində böyük təzyiq var idi. İndi Tramp nə deyir? Deyir ki, o raketlər bizim özümüzə lazımdır, körfəzdə İranla vuruşuruq, biz o silahları başqasına verə bilmərik və sair. Vəziyyət belədir , İranı bombalayır, həm də buna Amerikadakı yəhudi lobbisinin ciddi dəstəyini alır. Digər tərəfdən məhz Trampın sayəsində Çin və İran Rusiya ilə daha da yaxınlaşdılar. İkincisi, bu, Amerikanın əsas müttəfiqləri ilə Amerika arasında müəyyən ziddiyyətlər yaratdı. Əslində bunu hamı görür, sadəcə, bu mövzuda danışmır, xüsusən də siyasətçilər, dövlət adamları. O baxımdan hesab edirəm ki, Rusiyanın xeyir-duası olmasa, burada o yol çəkilməyəcək, Zəngəzur dəhlizi açılmayacaq. Zəngəzur dəhlizinin açılmasında Rusiya elə də maralı deyil. Onsuz da Azərbaycan üzərindən yüklər İranla Rusiya arasında daşınır. Həmçinin Xəzər dənizi üzərindən yüklər daşınır, indi Rəşt-Astara dəmir yolu xətti də çəkiləcək, ondan sonra dəmir yolu xətti ilə də yüklər birbaşa daşınmağa başlayacaq. Ona görə də açıq deyək ki, Zəngəzur dəhlizi Rusiya üçün o dərəcədə də əhəmiyyət daşımır.

- Amma Azərbaycan üçün fövqəladə dərəcədə əhəmiyyət kəsb edir…

- Bəli, Azərbaycan üçün və Türk dünyası üçün çox əhəmiyyətlidir. Ona görə mən demişdim ki, Rusiya ilə danışmaq lazımdır. Yəni Rusiya Ermənistana təzyiq eləsə, Ermənistan referenduma gedəcək və Ermənistan Konstitusiyasında müstəqillik aktına ki, istinad olunub, onu əsas qanundan kənarlaşdıracaq.Rusiyanın Ermənistndan indiki referendum tələbi ona görədir ki,Ermənistan Qərbə desin ki, Rusiya nəsə planlaşdırır,ona görə referenduma getmək olmaz. Bizim ciddi təzyiqimiz olmasa, “nə hərb, nə sülh” vəziyyəti qalacaq. Sülh olmadıqca, region dövlətlərinin Rusiyadan müəyyən asılılığı da qalır və hər zaman regionda yenidən münaqişəni alovlandırmaq da mümkündür. Sülh olmadıqca biz silahlanmaya böyük pullar xərcləyirik. Halbuki, həmin vəsait ölkənin sosial-iqtisadi vəziyyətinin yaxşılaşmasına, iqtisadiyyatımızın inkişafına, yeni iş yerlərinin yaradılmasına sərf oluna bilər. İkincisi, bilirsiniz, sülh olmayanadək investorlar qorxurlar, ölkəyə gəlmirlər, investisiya yatırmırlar,yeni texnologiya gətirmirlər. Bunlar çox önəmli faktorlardır. Bizə sülh lazımdır.

- Qüdrət bəy, ola bilərmi ki, amerikalılar Tramp dəhlizini tiksin və o sərhəddəki rus əsgər-sərhədçilər də eləcə yerlərində qalsınlar və təhlükəsizliyə cavabdehlik Rusiyaya həvalə olunsun, yəni bir balans yaradılsın?

- ABŞ ilə Rusiya bunu öz aralarında razılaşdırmalıdır. Rusiyanın razılığı olmayana İran da etiraz edəcək və Amerika orada heç bir iş görməyəcək, mən bunu qeyd eləmək istəyirəm. Biz həmişə görmüşük ki, İran müəyyən mənada regiondakı siyasətini Rusiya ilə razılaşdırıb və həmişə Rusiyanın mövqeyini nəzərə alıb.

- Üstəlik, İranla da körpümüz olacaq, Ağbənd-Kəlalə körpüsü…

- Bəli, o da var, amma Rusiya razı olduğu halda İran buna mane olmayacaq. O baxımdan Tramp əgər doğurdan da yolun açılmasını istəyirsə, Putinlə oturub danışmalıdır, razılaşmalıdır və biz də Rusiya ilə danışmalıyıq ki, Rusiya buna razı olsun, daha doğrusu, Ermənistana da müəyyən icazə versin.

- Dövlət başçımız dəfələrlə bildirib ki, Zəngəzur dəhlizi açılacaq, yəni bunun alternativi yoxdur. Ölkə başçısı heç şübhəsiz, hamımızdan məlumatlıdır, əks təqdirdə belə əminliklə söyləməzdi, elə deyilmi?

- Hər bir azərbaycanlı inanır ki, dəhliz nə vaxtsa açılacaq. Amma bu, 10 ildən, 15 ildən, 20 ildən də sonra açıla bilər, 5 ildən sonra da. Söhbət ondan gedir ki, bu yolun tikintisinə nə vaxt başlanılacaq?

- 42 kilometrlik məsafədə tikintini icra etmək elə də uzun vaxt tələb etməyə bilər. Azərbaycan qısa müddətdə bir neçə dəfə artıq məsafədə işləri yekunlaşdırdı, Türkiyə tərəf də işlərə başlayıb…

- Türkiyə Ermənistanla yolu açsa, öz dəmir yol xəttini Ermənistanla birləşdirsə, TRİPP-ə maraq bir az da azalacaq. Onun üçün mənə elə gəlir ki, Azərbaycan öz tərəfdaşları ilə ciddi şəkildə danışmalıdır və Ermənistana da təzyiqləri artırmalıyıq. Amerika Birləşmiş Ştatları ilə də ciddi danışmalıyıq ki, sizin məqsədiniz yolun açılmasıdır, yoxsa Ermənistana təzyiqləri azaltmaq , əvvəllər olduğu kimi mövcud status-kvonu qoruyub saxlamaqdır? Ümumiyyətlə , mən hesab edirəm ki, Azərbaycan yenidən Ermənistanın üzünə bütün yolları bağlamalı,bütün əlaqələri kəsməlidir. Həmçinin, Türkiyə Ermənistanla dəmir yolu xətlərini, avtomobil yollarını açmamalıdır. Seçki öncəsi sülh prosesini aparan Paşinyana dəstək məqsədilə Ermənistana yanacaq satırdıq. Dəmir yolu xəttini açıb, Rusiyaya deyirik ki, Ermənistana nə istəyirsən, daşı. O baxımdan biz məqsədə çatmadan -sülhə nail olmadan bunu eləmişik.O zaman Türkiyəni Ermənistanla yolları açmağa çağırırdım, bizim Konstitusiya dəyişikliyi tətləbindən imtina edib Ermənistanla sülh sazişi bağlamağımızı da mümkün sayırdım ki,seçkidə Paşinyan qalib gəlsin.

- Belə çıxır ki, Ermənistan parlamentində revanşist deputatları danışdıran həm də Paşinyanın mövqeyidir?

- Paşinyanın oyun oynaması göz önündədir , görünür öz aralarında rolları bölüşüblər , qərbyönümlülər, Rusiyayönümlülər. Amma hamısı Rusiya yönümlüdür. Sadəcə investisiyanı Ermənistana kim qoya bilər? Pul kimdədir? Pul Qərb ölkələrindədir. Başqa kim investisiya qoyacaq?

- Son günlər Azərbaycanın Ermənistana xəbərdarlıqlarını da müşahidə edirik. Ağdərədəki son mina partlayışından sonra XİN-in bəyanatı, eyni zamanda Prezidentin köməkçisi Hikmət Hacıyevin Türkiyə mediasına Ermənistan Konstitutusiyasının dəyişdirilməsi zərurəti ilə bağlı İrəvanın “ev tapşırığı”nı yada salması, nazir Ceyhun Bayramovun sülh sazişiylə bağlı ATƏT sədri ilə görüşdən sonra dedikləri, bütün bunlar rəsmi Bakının artıq Ermənistana öz yerini göstərmək niyyətini də ortaya qoyur. Razılaşırsınız?
- Mən hesab edirəm ki, Azərbaycan Ermənistanın qarşısında konkret vaxt qoymalıdır ki, bu vaxta qədər referendumun keçirilməsi elan olunmasa bütün əlaqələr kəsiləcək. Türkiyədən də xahiş eləməliyik ki, Ankara da Ermənistanla Gümrü yolunu açmasın. İndi Türkiyədə artıq o yolun açılması istiqamətində tikinti başlayıb. Ya da başqa bir variant var ki, onların bütün o planlarını pozmaq üçün Azərbaycan Konstitusiyanı dəyişmək tələbindən geri çəkilir. Bu həm Rusiyanı, həm Ermənistanı, həm ABŞ-ni çətin vəziyyətdə qoyar.Amma bu bizim geosiyasi maraqlarımıza tam cavab verirmi? Bu Ermənistanda hərbi çevrilişə, regionda böyük təxribatlara yol açmazmı?

- Amma Prezident bəyan edib ki, sülh sazişi imzalansa da, Ermənistan Konstitusiyasına dəyişiklik edilməsə, bu sazişin heç bir mənası olmayacaq...

- Mən onu deyirəm ki, Rusiya və Türkiyənin razılığı və iştirakı ilə sülh imzalamlıyıq ki,bölgədə sabitlik davamlı olsun. Ermənistana nə lazımdır? Bizdən ucuz neft alır. Yükləri daşınır. Bu gedişlə Türkiyə ilə də sərhədləri açılır, sülh sazişini imzalamaya-imzalamaya. Bizim başqa təzyiq mexanizmimiz qalıbmı? Ona görə hesab eləyirəm, ya biz konstitusiya dəyişikliyi tələbimizdən geri çəkilməliyik, ya da yenidən bütün yolları bağlamalıyıq, onlara yanacaq satmağı da dayandırmalıyıq. Azərbaycan konkret müddət və tələb qoymalıdır ki, məsələn, artıq yeni hökumət formalaşdı, referendumu elan et! Vəssalam. Yoxsa bu vəziyyəti uzada-uzada gedəcəklər...

ƏHD Partiyası mətbuat xidməti

Address

Mirəli Seyidov 43
Baku
AZ1006

Alerts

Be the first to know and let us send you an email when ƏHD Partiyası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share