21/05/2026
Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, dünya şöhrətli rəssam, SSRİ Xalq rəssamı, Azərbaycan Respublikasının Xalq rəssamı Tahir Salahovun anım günü münasibətilə Azərbaycan Rəssamlıq Akademiyasının rəhbərliyi tərəfindən Fəxri xiyabanda sənətkarın məzarı ziyarət olunub, xatirəsi dərin ehtiramla yad edilərək məzarı önünə əklil qoyulub.
XX əsr Azərbaycan rəssamlıq məktəbinin ən monumental simalarından biri olan Tahir Salahov milli təsviri sənətimizin sərhədlərini aşaraq dünya incəsənət məkanında Azərbaycan adını böyük nüfuzla təmsil edən sənətkarlardandır. Onun yaradıcılığı yalnız rəng və kompozisiyanın deyil, həm də xarakterin, iradənin və bütöv bir dövrün bədii salnaməsi kimi qiymətləndirilir.
“Təmirçilər”, “Səhər eşelonu”, “Abşeron qadınları”, “Neftçi” kimi əsərləri ilə sərt üslubun ən qüdrətli nümayəndələrindən birinə çevrilən Tahir Salahov insan əməyinin poetikasını, Azərbaycan insanının daxili gücünü və mənəvi bütövlüyünü bənzərsiz sənət dili ilə ifadə edib. Onun fırçasında Abşeronun sərt nəfəsi, Xəzərin ritmi, neftçi zəhməti və milli ruh bütöv bir estetik məktəbə çevrilib.
Tahir Salahov yalnız böyük rəssam deyil, həm də beynəlxalq nüfuza malik görkəmli sənət xadimi, pedaqoq və mədəniyyət diplomatı idi. O, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü, Sosialist Əməyi Qəhrəmanı olmuş, Azərbaycanın ali dövlət təltifi olan “İstiqlal” və “Şərəf” ordenlərinə layiq görülmüş, həmçinin dünya mədəniyyətinə verdiyi misilsiz töhfələrə görə UNESCO-nun nüfuzlu Pikasso medalı və Fransa Respublikasının İncəsənət və Ədəbiyyat Ordeni ilə təltif edilmişdir.
Böyük sənətkarın zəngin yaradıcılığı və sənət fəlsəfəsi bu gün də Azərbaycan təsviri sənətinin inkişafında mühüm məktəb, yeni nəsil rəssamlar üçün isə tükənməz ilham mənbəyi olaraq yaşayır. Azərbaycan Rəssamlıq Akademiyası Tahir Salahovun əziz xatirəsini dərin ehtiramla yad edir, onun milli və dünya incəsənətində qoyduğu silinməz iz qarşısında baş əyir.