29/07/2026
“Aerokosmik Modelçilik Festivalı 2026”nın mükafatlandırma mərasimi keçirilib
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”, Milli Aviasiya Akademiyası və “Yeni Texnologiyaların İnkişafına Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Aerokosmik Modelçilik Festivalı 2026”nın mükafatlandırma mərasimi keçirilib.
Mərasimdə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov, Milli Məclisin deputatı Sadiq Qurbanov, Azərbaycan Respublikasının Gənclər və idman nazirinin müşaviri Ramil Cabbarov, Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli, Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Rüfət Zamanov, eləcə də digər dövlət qurumlarının və tərəfdaş təşkilatların nümayəndələri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Daha sonra festivalın gedişini və əsas məqamlarını əks etdirən videoçarx nümayiş olunub. Çıxışlarda bildirilib ki, artıq dördüncü dəfə təşkil olunan festival iki mərhələdən ibarət olub. Festival çərçivəsində 12 yarış növü üzrə mübarizələr, aviaşou, kvadrokopter və təyyarə modellərinin nümayişi keçirilib.
Mükafatlandırma mərasimində “S-3-B Paraşüt”, “S-3-C Paraşüt”, “S-4-D Raketaplan”, “S-6-A Streamer”, “S-6-B Streamer”, “S-6-C Streamer”, “Peyk Modelçiliyi (CubeSat)”, “Startap (Aerospace)”, FPV dron, təyyarə modelçiliyi, “Naqilsiz Rabitə” və “Səmt müəyyən etmə” yarışları üzrə I, II və III yerlərin qaliblərinə medal, kubok və diplomlar təqdim olunub. Bununla yanaşı, festivalda fəal iştirak edən iştirakçılar sertifikatlarla təltif ediliblər.
Tədbirin sonunda festivalın təşkilinə və uğurla keçirilməsinə verdikləri dəstəyə görə Gənclər və İdman Nazirliyi, “İnnovasiyalar Mərkəzi”, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Füzuli Rayon İcra Hakimiyyəti, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi, Hərbi Hava Qüvvələri, Azərbaycan Hava Yolları (AZAL), AZAD Systems, ASAN Viza, ASAN TV, ASELSAN Bakı, Hədəf Liseyi, IT Innovations Academy, AzST MMC və ORBITE MMC-nin nümayəndələrinə təşəkkürnamələr təqdim olunub.
Festivalın əsas məqsədi ölkəmizdə raket və peyk modelçiliyinin inkişafına töhfə vermək, gənclərdə innovativ düşüncə tərzini təşviq etmək, sağlam həyat tərzini təbliğ etmək və texniki yaradıcılığın kütləviləşməsini dəstəkləməkdir.
Keçirilən festivallarda iştirak etmək üçün ölkənin müxtəlif bölgələrindən ümumilikdə 1500-ə yaxın müraciət daxil olub. İntellektual fəaliyyətlə fiziki aktivliyi bir araya gətirən yarışlar iştirakçılara həm fərdi, həm də komanda formatında öz bacarıqlarını nümayiş etdirmək imkanı yaradıb. Yarışlar zamanı uçuşun hündürlüyü və müddəti, enişin dəqiqliyi, modellərin texniki göstəriciləri və uçuşun reallığa uyğunluğu əsas qiymətləndirmə meyarları kimi nəzərə alınıb.