25/08/2026
Azərbaycan Özbəkistan münasibətlərində yeni tarixi mərhələ: “Prezident İlham Əliyevin Daşkənd səfəri qardaşlıq və strateji müttəfiqliyin növbəti təntənəsi”
23 avqust 2026-cı il Azərbaycan–Özbəkistan münasibətlərinin salnaməsinə mühüm siyasi hadisə kimi daxil oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasına dövlət səfəri iki qardaş ölkə arasında münasibətlərin yalnız diplomatik əlaqələr çərçivəsində deyil, strateji müttəfiqlik, qarşılıqlı etimad və gələcəyə hesablanmış çoxşaxəli əməkdaşlıq müstəvisində inkişaf etdiyini bir daha nümayiş etdirdi.
Prezident İlham Əliyev avqustun 23-də Özbəkistana dövlət səfərinə gəlib. Daşkənddə dövlətimizin başçısının rəsmi qarşılanma mərasiminin keçirilməsi səfərin yüksək siyasi əhəmiyyətini nümayiş etdirən ilk mühüm məqam oldu. Azərbaycan və Özbəkistan prezidentlərinin görüşləri, keçirdikləri müzakirələr və imzalanan sənədlər münasibətlərin yeni mərhələsinin məzmununu müəyyənləşdirdi.
Azərbaycan və Özbəkistan xalqları arasında münasibətlərin kökləri dərin tarixi, mədəni və mənəvi bağlara söykənir. Eyni dil ailəsinə, zəngin türk-mədəni irsə və ortaq tarixi yaddaşa malik iki xalq arasında dostluq münasibətləri dövlətlərarası əlaqələrin möhkəm təməlini təşkil edir.
Müasir dünyada dövlətlərarası münasibətlərin dayanıqlılığı yalnız siyasi əlaqələrlə deyil, iqtisadi qarşılıqlı asılılıq və birgə layihələrlə də ölçülür.
Bu baxımdan Prezident İlham Əliyevin Daşkənd səfəri zamanı birgə layihələrin açılış və təməlqoyma mərasimlərinin keçirilməsi xüsusi əhəmiyyət daşıyır.
Özbəkistan Prezidentinin rəsmi saytında verilən məlumata görə, iki ölkənin liderlərinin iştirakı ilə bank sektoru, müasir tikinti materiallarının istehsalı, təhsil müəssisələrinin yaradılması, yanacaqdoldurma infrastrukturu, turizm və yaşayış kompleksləri, mineral emalı və bağçılıq kimi sahələri əhatə edən birgə layihələrə start verilib. Bu layihələrin qarşılıqlı investisiyaları artıracağı, biznes əlaqələrini genişləndirəcəyi və yeni iş yerlərinin yaradılmasına imkan verəcəyi vurğulanıb.
Beləliklə, Azərbaycan–Özbəkistan əməkdaşlığının coğrafiyası və iqtisadi məzmunu getdikcə genişlənir. Bu əməkdaşlıq təkcə iki ölkənin iqtisadiyyatına deyil, bütövlükdə Mərkəzi Asiya və Cənubi Qafqaz arasında əlaqələrin möhkəmlənməsinə xidmət edir.
Azərbaycan və Özbəkistanı yaxınlaşdıran əsas amillərdən biri də ortaq türk-mədəni irsdir.
23 avqustda imzalanan sənədlər sırasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında sazişin olması təsadüfi deyil. Çünki xalqlar arasında münasibətlərin ən möhkəm dayağı siyasi qərarlardan əvvəl gələn mənəvi yaxınlıqdır.
Azərbaycanın muğamı ilə Özbəkistanın muğam ənənələri, klassik ədəbiyyat, Nizami Gəncəvi və Əlişir Nəvai irsi, ortaq türk dünyasının tarixi şəxsiyyətləri və mədəni dəyərləri iki xalqı bir-birinə bağlayan böyük mənəvi körpüdür.
Bu körpünün gələcək nəsillərə ötürülməsi isə yalnız mədəni tədbirlərlə deyil, təhsil, elm, gənclər siyasəti və humanitar layihələrlə də təmin edilməlidir.
Səfər çərçivəsində imzalanan sənədlərin diqqətçəkən istiqamətlərindən biri də şəhərlərarası qardaşlaşma münasibətləridir.
Xankəndi ilə Ürgənc, Naxçıvan ilə Ürgənc, Laçın ilə Buxara arasında qardaşlaşma münasibətlərinin qurulmasına dair protokollar iki ölkənin şəhərləri arasında yeni əməkdaşlıq imkanları yaradır.Bu xüsusilə əlamətdardır.
Azərbaycanın işğaldan azad edilmiş şəhərlərinin beynəlxalq əməkdaşlıq xəritəsində yer alması Böyük Qayıdış prosesinin yalnız fiziki quruculuq deyil, həm də siyasi, iqtisadi və mədəni dirçəliş olduğunu göstərir.
Laçın, Xankəndi və digər şəhərlərimiz yenidən qurulduqca onların beynəlxalq əlaqələri də genişlənir. Özbəkistan kimi dost və qardaş ölkənin şəhərləri ilə qurulan münasibətlər bu prosesə xüsusi mənəvi məna verir.
Lakin son illərdə bu münasibətlər yeni siyasi məzmun qazanıb. Bakı ilə Daşkənd arasında əlaqələr sadəcə dostluq və qardaşlıq ifadələri ilə məhdudlaşmır; iqtisadiyyat, investisiya, nəqliyyat, energetika, mədəniyyət, təhsil, turizm və digər sahələr üzrə konkret layihələrlə zənginləşir.
23 avqust səfəri də məhz bu inkişaf dinamikasının növbəti göstəricisi oldu.
Prezidentlərin iştirakı ilə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şurasının III iclasının keçirilməsi münasibətlərin institusional baxımdan nə qədər yüksək səviyyəyə yüksəldiyini göstərir. Şuranın iclasında iki ölkə arasında həyata keçirilən və gələcəkdə reallaşdırılması nəzərdə tutulan layihələr, əməkdaşlığın yeni istiqamətləri və qarşılıqlı münasibətlərin daha da dərinləşdirilməsi məsələləri diqqət mərkəzində olub.
Bu, əslində, Azərbaycan–Özbəkistan münasibətlərinin təsadüfi siyasi yaxınlaşma deyil, uzunmüddətli və ardıcıl dövlət strategiyasına əsaslandığını göstərir.
“Əbədi dostluq” sənədlə təsdiqlənən münasibətlər
23 avqust tarixində Daşkənddə imzalanan sənədlər arasında xüsusi siyasi əhəmiyyət daşıyan “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə” mühüm yer tutur.
Bu sənəd iki ölkə arasındakı münasibətlərin gələcək inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Çünki dostluq, qardaşlıq və müttəfiqlik münasibətləri artıq yalnız siyasi bəyanatlarda deyil, hüquqi sənədlərdə də öz ifadəsini tapır.
Sənədlərin imzalanması ilə yanaşı, ticarət dövriyyəsinin 2030-cu ilədək 1 milyard ABŞ dollarına çatdırılması üzrə proqramın, investisiya və ticarət layihələri üzrə Yol Xəritəsinin mübadilə edilməsi də iqtisadi münasibətlərin qarşıdakı illərdə daha da genişlənəcəyinə ciddi əsas verir.
Burada diqqətçəkən məqam ondan ibarətdir ki, Azərbaycan və Özbəkistan münasibətlərində siyasi etimad iqtisadi əməkdaşlıqla tamamlanır. Siyasi iradə konkret investisiyalara, layihələrə, yeni istehsal sahələrinə və iş yerlərinə çevrilir.
23 avqust səfərinin ən mühüm siyasi və mənəvi məqamlarından biri Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin “Heydər Əliyev” ordeni ilə təltif edilməsi oldu.
Prezident İlham Əliyevin sərəncamına əsasən, Şavkat Mirziyoyev Azərbaycan ilə Özbəkistan arasında dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə bu yüksək dövlət təltifinə layiq görülüb.
Bu təltifə yalnız bir dövlət başçısının mükafatlandırılması kimi yanaşmaq doğru olmaz. Burada Azərbaycan və Özbəkistan arasında son illərdə formalaşmış xüsusi münasibətlərə verilən yüksək siyasi qiymət öz əksini tapır.
“Heydər Əliyev” ordeninin məhz Azərbaycan–Özbəkistan münasibətlərinin inkişafında xüsusi xidmətləri olan Şavkat Mirziyoyevə təqdim edilməsi həm də Ümummilli Lider Heydər Əliyevin dövlətçilik irsinin və Azərbaycan–Özbəkistan dostluğunun davamlılığının rəmzi kimi qiymətləndirilə bilər.
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfərinin mühüm tərəflərindən biri də odur ki, bu səfər yalnız bugünkü münasibətləri deyil, gələcəyin əməkdaşlıq modelini müəyyənləşdirir.
Ticarət dövriyyəsinin artırılması, investisiya layihələrinin genişləndirilməsi, turizm və mədəniyyət əlaqələrinin inkişafı, şəhərlərarası qardaşlaşma, sosial təminat və dövlət xidmətləri sahəsində əməkdaşlıq iki ölkənin münasibətlərinin artıq çoxşaxəli xarakter aldığını göstərir.
Azərbaycan və Özbəkistanın yerləşdiyi coğrafi məkan da bu əməkdaşlığa xüsusi strateji məna verir. Azərbaycan Şərq ilə Qərb arasında mühüm nəqliyyat və logistika qovşağı kimi çıxış edir. Özbəkistan isə Mərkəzi Asiyanın aparıcı dövlətlərindən biridir. Bu iki ölkənin əməkdaşlığı Avrasiya məkanında yeni iqtisadi və nəqliyyat imkanlarının yaranmasına töhfə verə bilər.
Yeni Daşkənd – gələcəyə baxışın simvolu
Prezident İlham Əliyevin səfər çərçivəsində Özbəkistanın ən böyük şəhərsalma layihəsi olan “Yeni Daşkənd”lə tanış olması da diqqətəlayiq hadisədir.
Bu görüşü Azərbaycan və Özbəkistanın şəhərsalma və müasir urbanizasiya sahəsində təcrübə mübadiləsi baxımından da əhəmiyyətli hesab etmək olar.
Müasir şəhər artıq yalnız binalar və yollar deyil. Şəhər insan üçün rahatlıq, təhlükəsizlik, ekologiya, nəqliyyat, sosial xidmətlər və texnoloji imkanların vəhdətidir. Azərbaycan da işğaldan azad edilmiş ərazilərində yeni şəhərsalma konsepsiyalarını həyata keçirir. Özbəkistanın “Yeni Daşkənd” layihəsi ilə tanışlıq bu baxımdan qarşılıqlı təcrübə mübadiləsi üçün mühüm imkan yaradır.
23 avqust 2026-cı ildə Daşkənddə baş verən hadisələr bir daha göstərdi ki, Azərbaycan Özbəkistan münasibətləri tarixi qardaşlıqdan müasir strateji müttəfiqliyə doğru inamla inkişaf edir.
Prezident İlham Əliyevin dövlət səfəri çərçivəsində keçirilən görüşlər, Ali Dövlətlərarası Şuranın III iclası, “əbədi dostluq haqqında” müqavilənin imzalanması, ticarət və investisiya sahəsində yeni hədəflərin müəyyənləşdirilməsi, birgə layihələrin reallaşdırılması və Şavkat Mirziyoyevin “Heydər Əliyev” ordeni ilə təltif edilməsi bu münasibətlərin çoxşaxəli və davamlı xarakter daşıdığını nümayiş etdirdi.
Bu səfər bir daha təsdiqlədi ki, Bakı ilə Daşkənd arasında qurulan münasibətlər iki dövlətin diplomatik əlaqələrindən daha böyük məna daşıyır.
Bu, eyni tarixi köklərdən güc alan iki xalqın gələcəyə birlikdə baxışıdır.
Bu, Xəzər sahillərindən Mərkəzi Asiyanın ürəyinə qədər uzanan dostluq yoludur.
Bu, siyasi etimadın iqtisadi tərəfdaşlığa, iqtisadi tərəfdaşlığın isə xalqların rifahına çevrildiyi yeni əməkdaşlıq modelidir. Və ən əsası, bu, Azərbaycan–Özbəkistan qardaşlığının tarixdən gələcəyə doğru yazılan yeni səhifəsidir.
AZƏR XANKİŞİYEV
KƏLBƏCƏR SMSİİ-NİN RƏİSİ YAP ÜZVÜ