25/08/2026
Laçın Azərbaycanın tarixi torpaqlarının, milli iradəsinin və Böyük Qayıdışın rəmzlərindən biridir. 1992-ci il mayın 18-də işğal olunan Laçın 28 ildən artıq müddətdən sonra Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə azadlığına qovuşdu. 1 dekabr 2020-ci ildə Laçın rayonu Azərbaycana təhvil verildi, 26 avqust 2022-ci ildə isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bu tarixdən etibarən Laçında yeni həyat başladı. Bu gün Laçın genişmiqyaslı quruculuq və bərpa layihələrinin həyata keçirildiyi, sakinlərinin doğma yurdlarına qayıtdığı, müasir infrastruktura malik yeni bir şəhər kimi inkişaf edir. Laçında yeni yaşayış məhəllələri, məktəblər, sosial və mədəniyyət obyektləri, sənaye müəssisələri, turizm infrastrukturu yaradılır. Rayonun zəngin su ehtiyatlarından istifadə etməklə yaşıl enerji layihələri həyata keçirilir. Yeni su elektrik stansiyaları istismara verilir, nəqliyyat infrastrukturu yenilənir. 28 may 2025-ci ildə Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi şəhərin və bütövlükdə regionun iqtisadi, turizm və nəqliyyat imkanlarını daha da genişləndirib. Böyük Qayıdış çərçivəsində laçınlı ailələr doğma şəhər və kəndlərinə qayıdır, burada onlar üçün müasir və rahat yaşayış şəraiti yaradılır. 11 iyul 2026-cı ildə Laçında “Həkəriçay” su anbarının təməlinin qoyulması isə rayonun gələcək inkişafı baxımından daha bir mühüm layihənin başlanğıcı oldu. Laçın artıq yalnız keçmişin ağrılı xatirələrini deyil, Azərbaycanın gücünü, quruculuq iradəsini və gələcəyə inamını özündə əks etdirir.Laçın yenidən qurulur, canlanır və öz sakinlərini qoynuna alır.
26 Avqust – Laçın Şəhəri Günü mübarək!