07/09/2026
Biləsuvarda Vətən müharibəsi şəhidləri İqbal Astanlının və Babək Mahmudlunun xatirəsinə həsr olunmuş sərbəst və yunan-roma güləşi üzrə 2012-2014-cü il təvəllüdlü yeniyetmələr arasında Biləsuvar rayon açıq birinciliyi keçirilib
5-6 sentyabr 2026-cı il tarixlərində Biləsuvar Olimpiya İdman Kompleksində 2012-2014-cü il təvəllüdlü yeniyetmələr arasında Vətən müharibəsi şəhidi İqbal Astanlının xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə VI, Vətən müharibəsi şəhidi Babək Mahmudlunun xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə V Biləsuvar rayon açıq birinciliyi keçirildi.
Birincilikdə Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının müavini Vəlahəddin Yunsurov, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin rəisi Aydın Yusifov, sektor müdiri Azad Quliyev, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Biləsuvar Gömrük İdarəsinin rəisi Ramin Seyidov, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Biləsuvar KOB Dostu Elməddin Əliyev, Azərbaycan Güləş Federasiyasının nümayəndələri, beynəlxalq dərəcəli hakim Tural Əliyev, Olimpiya Kompleksinin direktoru Tofiq Şahbazov, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə, təşkilat və müəssisə rəhbərləri, şəhidlərin valideynləri və rayon sakinləri iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirin açılış mərasimində çıxış edən natiqlər bildiriblər ki, 2020-ci ilin 27 sentyabrında Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda başlanan Vətən müharibəsində Biləsuvar rayonundan yüzlərlə gənc könüllü olaraq əlinə silah alıb 30-ilə yaxın erməni işğalı altında qalan torpaqlarımızın azadlığı uğrunda döyüşə yollandı. Onların arasında hamımızın yaxşı tanıdığı sərbəst güləş üzrə Azərbaycan çempionu İqbal İlqar oğlu Astanlı və Babək Süleyman oğlu Mahmudlu Vətən yolunda döyüşərək şəhidlik zirvəsinə ucalmışlar. Bugün keçirilən yarış İqbal Astanlının və Babək Mahmudlunun timsalında bütün şəhidlərimizə həsr olunur. Çıxışlardan sonra şəhidlərimizin həyatını və döyüş yolunu əks etdirən videoçarx nümayiş olunub.
Respublikanın müxtəlif bölgələrindən 200 nəfərə yaxın idmançı arasında gərgin və maraqlı görüş keçirilib. Yaş qrupları üzrə keçirilən görüşlərin sonunda qaliblər mükafatlandırılıb.
Mükafatlandırma mərasimində qalib idmançılara diplom, medal və qiymətli hədiyyələr təqdim edilib.