27/08/2026
Füzuli rayonunda "Milli dövlətçilik ənənələri və müasir dövlət siyasətinin prioritet istiqamətləri " mövzusunda dəyirmi masa keçirilib.
Füzuli Rayon İcra Hakimiyyətində keçirilən tədbirdə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamiyeva, Rayon Ağsaqqallar Şurasının sədri Zülfüqar Əliyev, Füzuli rayon Statistika İdarəsinin, Füzuli Gənclər Evinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Tədbiri giriş sözü ilə açan Füzuli Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Alıyev çıxış edərək Azərbaycan dövlətçiliyinin inkişafında Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən, onun zəngin siyasi irsinin və dövlətçilik fəlsəfəsinin müasir Azərbaycanın inkişafında oynadığı mühüm roldan bəhs edib. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası bu gün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla və ardıcıl şəkildə davam etdirildiyini diqqətə çatdıran Alı Alıyev möhkəm dövlətçilik ənənələrinin qorunması, milli maraqların müdafiəsi, ölkəmizin siyasi və iqtisadi gücünün artırılması, vətəndaş rifahının yüksəldilməsi və Azərbaycanın beynəlxalq nüfuzunun daha da möhkəmləndirilməsi dövlət siyasətinin əsas prioritet istiqamətləri olduğunu qeyd edib. Çıxışının sonunda rayon rəhbəri ölkəmizdə həyata keçirilən genişmiqyaslı quruculuq və inkişaf siyasətinin bundan sonra da uğurla davam edəcəyinə əminliyiniifadə edərək dövlətimizin daha da güclənməsi və xalqımızın rifahının yüksəldilməsi naminə hər bir vətəndaşın üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməsinin vacibliyini bildirib.
Daha sonra YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamiyeva çıxış edərək müasir Azərbaycan dövlət siyasətinin təməlinin Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayıb. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və ardıcıl siyasət nəticəsində ölkəmizin güclü, müstəqil və milli maraqlarını qətiyyətlə müdafiə edən dövlət kimi beynəlxalq mövqeyini daha da möhkəmləndirdiyini diqqətə çatdırıb. N.Şamiyeva qeyd edib ki, dövlətçilik ənənələrinin qorunması, milli-mənəvi dəyərlərin yaşadılması və gələcək nəsillərə ötürülməsi hər bir vətəndaşın üzərinə mühüm məsuliyyət qoyur. O, xüsusilə gənc nəslin dövlətçilik ideyalarına sadiq ruhda yetişdirilməsinin, ölkəmizin əldə etdiyi tarixi nailiyyətlərin və uğurların təbliğinin vacibliyini vurğulayıb.
Rayon Ağsaqqallar Şurasının sədri Zülfüqar Əliyev, Füzuli Gənclər Evinin direktoru Seyfəddin Maqsudov və Füzuli rayon Mədəniyyət Evinin bədii rəhbəri, Qarabağ qazi Elçin Əsədov çıxış edərək milli dövlətçilik ənənələrinin Azərbaycanın ictimai-siyasi həyatında mühüm əhəmiyyət daşıdığını bildiriblər. Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin dövlətçilik irsindən, ölkəmizin inkişafında həyata keçirdiyi mühüm işlərdən bəhs olunub və bu siyasi xəttin Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirildiyi vurğulanıb. Çıxış edənlər Azərbaycanın əldə etdiyi uğurların ardıcıl dövlət siyasətinin və xalq-dövlət birliyinin mühüm göstəricisi olduğunu qeyd ediblər.
Sonda iştirakçılara mövzu ilə bağlı videoçarx təqdim olunub.